Dünya təhsilinə inteqrasiya milli təhsilin
elmi-nəzəri, elmi-pedaqoji əsaslarla idarə
olunmasını tarixi bir tələb kimi qarşıya qoyur.
Bu idarəolunma demokratikləşdirmə,
humanitarlaşdırma, humanistləşdirmə... kimi
prinsiplər əsasında, tarixi təcrübə və müasir
dövrün tələbləri parametrlərində aparılmalıdır.
Artıq Azərbaycan məktəblərində bu istiqamətdə
müəyyən təcrübə qazanılmış, özünü doğruldan
sistemlər formalaşmışdır.
Məktəbin idarə olunmasının bir çox aspektləri
üzrə iş təcrübəsi formalaşmış tədris
müəssisələri az deyil. Belə təlim-tərbiyə
ocaqlarından biri İmişli rayonundakı Əliqulular
kənd orta məktəbidir. Respublikanın əməkdar
müəllimi Səxavət Tağıyevin (S.Tağlar) rəhbərlik
etdiyi pedaqoji kollektivin uğurları, o cümlədən
məktəbin idarə olunmasının aspektləri üzrə iş
təcrübəsi İmişli RTŞ-ın Təhsilyanı Şurasında
2006, 2007-ci illərdə bəyənilərək rayonun
ümumtəhsil məktəbləri arasında yayılmışdır.
Əməkdar müəllim, AJB-nin üzvü S.Tağıyevin 20
illik məktəb direktoru kimi fəaliyyəti dövründə
tərtib etdiyi, zaman-zaman təkmilləşdirdiyi
müxtəlif istiqamətli, məzmunlu planlar
toplanaraq "Məktəbin fəaliyyətinin
planlaşdırılması təcrübəsi" metodik vəsaiti
şəklində nəşr olunmuşdur (Bakı: Araz, 2009, 92
s.).
Redaktoru Beynəlxalq Kadrlar Akademiyasının
akademiki Ə.Əhməd, rəyçi Yazıçılar Birliyi Aran
bölməsinin sədri S.Hüseynoğlu olan kitabda
məktəbin, pedaqoji şuranın, fənn
metodbirləşməsinin, sinif rəhbərləri
metodbirləşməsinin, istedadlı uşaqlarla
aparılacaq işlərin fəaliyyət planları
toplanmışdır. Ümumilikdə 11 bölmədən ibarət
metodik vəsait Azərbaycan Təhsil Problemləri
İnstitutunun tövsiyəsi ilə İmişli və Beyləqan
rayonları təhsil şöbələri metodkabinetlərinin
şura iclaslarının müzakirəsindən sonra nəşr
olunmuşdur.
İmişli RTŞ metodkabinetinin direktoru Sevdimalı
Hüseynov və Beyləqan RTŞ metodkabinetinin
direktoru Həsən Məmmədovun ön sözləri ilə
buraxılmış vəsaitdə plan nümunələri ilə yanaşı,
ayrı-ayrı mətbu orqanlarda verilmiş yazılar,
məktəbin istedadlı şagirdlərinin qələm
məhsulları, fənn olimpiadalarının qaliblərinin
fotoları da əksini tapmışdır.
Qabaqcıl təcrübənin pedaqoji prosesdə faktor
kimi rolu danılmazdır. Bu baxımdan metodik
vəsaitdən istifadə edən məktəblərin uğurlarına
təsiri olacağı şübhəsizdir.
Ş.ELNUR |