"Cisco" şirkəti və "Monitor Group" təşkilatının
mütəxəssisləri "The Evolving Internet" ("İnkişaf
edən İnternet") hesabatı çərçivəsində İnternetin
inkişafına dair dörd mümkün tendensiya
proqnozlaşdırmışlar.
AzərTAc
xarici KİV-lərə istinadla xəbər verir ki, "Fluid
frontiers" ("Süzgün sərhədlər") adlanan birinci
ssenaridə İnternetin daha geniş yayılacağı və
qlobal şəbəkənin rolunun son dərəcə əhəmiyyətli
olacağı bir dünya təsvir olunur. Bu halda
dünyada İnternet-sahibkarlığın artımı
gözlənilir. Bunun nəticəsində çoxlu sayda yeni
texnologiya meydana çıxacaqdır.
İkinci tendensiya "Insecure growth" ("Etibarsız
artım") adlanır. Burada istifadəçilərin və
təşkilatların kiberhücumlar fonunda
təhlükəsizliyinin zəifləməsi proqnozlaşdırılır.
Təhlilçilər hesab edirlər ki, qlobal şəbəkənin
"Etibarsız artım" ssenarisi üzrə inkişaf edəcəyi
təqdirdə İnternetin nisbətən daha təhlükəsiz,
lakin ödənişli və olduqca baha alternativləri
meydana gələcəkdir.
İnternetin təkamülünün daha bir variantı kimi
ekspertlər "Short of the promise", yəni
"Vədlərin özünü doğrultmaması" təmayülünü qeyd
etmişlər. Burada uzun sürən iqtisadi durğunluğun
bir çox ölkədə qlobal şəbəkənin də inkişafına
təsir göstərəcəyi gözlənilir. Belə vəziyyətdə
mürəkkəb iqtisadi vəziyyət və dövlətlərin
proteksionist siyasəti şəbəkənin artımını və
innovasiyaların əmələ gəlməsini xeyli
ləngidəcəkdir.
Nəhayət, ekspertlər İnternetin öz uğurlarının
qurbanı olacağı bir ssenari üzrə də inkişaf
edəcəyini istisna etmirlər. Mütəxəssislərin
"Bursting at the seams" ("Genişlənib partlamaq")
adlandırdığı həmin ssenarinin baş verəcəyi
halda, müxtəlif veb-servislərə tələbat o
dərəcədə artacaqdır ki, informasiya və rabitə
texnologiyaları sadəcə olaraq trafik axını ilə
bacarmayacaqlar.
"Evolving İnternet" hesabatının müəlliflərinin
fikrincə, gələcəkdə İnternetin idarəolunma
sistemində elə də güclü dəyişikliklər müşahidə
olunmayacaqdır. Bununla yanaşı, ödəmə
tariflərinin çoxalacağı proqnozlaşdırılır.
Əsas artımın yaxın 15 il ərzində İnternetin
istifadə səviyyəsinin bu gün o qədər də yüksək
olmadığı inkişaf edən ölkələrin payına düşəcəyi
gözlənilir. |