Bu il avqustun14-dən 26-dək Sinqapurda keçirilən
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında
Azərbaycan idmançılarının əldə etdikləri
qələbələr hər birimizin qəlbində qürur hissi
oyatdı. 204 ölkənin idmançılarının təmsil
olunduğu bu oyunlarda respublikamız fərqləndi,
sözün yaxşı mənasında seçildi. 12 Azərbaycan
idmançısından 8-i medalla (5 qızıl, 3 gümüş)
Vətənə qayıtdı. Həmin qalib idmançılarımızdan
biri də "Təhsil" Respublika İdman Mərkəzinin
Sumqayıt filialının yetirməsi Kənan Kamal oğlu
Quliyevdir. Onu oxucularımızla daha yaxından
tanış etmək, qələbə sevincini birlikdə paylaşmaq
məqsədi ilə yolumuzu "Təhsil" Respublika İdman
Mərkəzindən saldıq.
Elə Kənanla da "Təhsil" Respublika İdman
Mərkəzinin direktoru Cəfər Hümbətovun
kabinetində görüşdük. Cəfər müəllim Kənanın
ümidverici bir idmançı olduğunu deyərək, artıq
ölkəmizdə yeni nəsil idmançıların yetişdiyini və
onların parlaq gələcəyinə inandığını bildirdi.
İdmançı ailəsində doğulan Kənan Quliyev elə məhz
belə yeniyetmələrdən biridir. Hazırda Xızı Rayon
Uşaq-Gənclər İdman Məktəbində direktor müavini
kimi fəaliyyət göstərən atası Kamal Quliyev də
uzun illər idmanla məşğul olub. Oğlunun idmana
olan həvəsini görən atası 2002-ci ildə onu
"Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt
filialına aparır. Kənan həmin vaxtdan taleyini
idmanla bağlayır. Sərbəst güləşlə məşğul olan
Kənan bir neçə ildən sonra artıq tanınmağa
başlayır, əldə etdiyi nailiyyətlərin sayı
getdikcə artır. Belə ki, idmançımız 2009-cu il
16-18 yanvar tarixlərində Bakı şəhərində
keçirilən 20 Yanvar şəhidi Müşviq İsayevin
xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə I
yerə, elə həmin il 14-16 fevral tarixlərində
paytaxtımızda keçirilən yeniyetmələrin
Azərbaycan birinciliyində III yerə layiq
görülüb. 2009-cu il 15-17 mart tarixlərində
Belarusda sərbəst güləş üzrə keçirilən
beynəlxalq turnirdə uğurla iştirak edən Kənan I
yeri tutur. 2010-cu il isə Kənanın idman
karyerasında xüsusilə yaddaqalan hadisələrlə
zəngindir. Respublikamızda, eləcə də bir sıra
xarici ölkələrdə keçirilən yarışlarda,
beynəlxalq turnirlərdə yüksək nəticələr göstərən
idmançımız ən böyük qələbəsinə bu ilin
avqustunda Sinqapurda keçirilən Yeniyetmələrin I
Yay Olimpiya Oyunlarında imza atdı. Olduqca
gərgin keçən oyunlarda uğurla çıxış edərək II
yerə layiq görüldü. Vətənə gümüş medalla dönən
Kənan mötəbər yarışın qalibi olmasından sevinc
hissi keçirdiyini bildirdi. Bunu həm özünün, həm
də bütövlükdə Azərbaycanın uğuru hesab etdiyini
söyləyən Kənan əldə etdiyi idman
nailiyyətlərində respublikanın əməkdar məşqçisi
Rövşən Süleymanovun böyük zəhməti olduğunu qeyd
etdi. Ona hər zaman dəstək olan atasına,
"Təhsil" Respublika İdman Mərkəzinin direktoru
Cəfər Hümbətova, mərkəzin Sumqayıt filialının
direktoru Bilal Məmmədova bir daha təşəkkür
etdi.
Onun yaddaşında əbədi həkk olunan hadisənin ölkə
başçısı cənab İlham Əliyev tərəfindən avqustun
30-da Sinqapurda keçirilən Yeniyetmələrin I Yay
Olimpiya Oyunlarında iştirak etmiş idmançıların
və mütəxəssislərin qəbul edilməsi olduğunu
deyən Kənan bu şərəfə nail olmasından bir
yeniyetmə kimi qürur və iftixar hissi
keçirdiyini söylədi. Həmin günün onun üçün xoş
xatirəyə çevrildiyini dedi. Kənan ölkəmizdə
idmanın inkişafı üçün çox böyük işlər
görüldüyünü, yeniyetmə və gənclərimizin idmanın
demək olar ki, bütün sahələrinə meyil və maraq
göstərdiklərini qeyd etdi. Kənan Quliyev
idmançılarımızın beynəlxalq olimpiya oyunlarında
əldə etdikləri ən yüksək nəticələrə görə onların
və məşqçilərinin ölkə Prezidenti tərəfindən
mükafatlandırılmasını yeniyetmə və gənclərə olan
diqqət və qayğının daha bir bariz nümunəsi
olduğunu dedi. O, idmançılar adından ölkə
başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürünü
bildirdi.
Bütünlüklə həyatını idmanla bağlayan Kənanın ən
böyük arzusu Azərbaycanın tanınmış güləşçisi
olmaq, ölkəmizi bütün dünyada layiqincə təmsil
etməkdir.
Samirə KƏRİMOVA |