Xəbər verildiyi kimi, Təhsil Nazirliyinin
2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil
məktəblərində həvəsləndirmə tədbirləri tətbiq
ediləcək vakant yerlər haqqında elanı mətbuatda
dərc olunub. Həmin yerlərdə işləmək istəyən
pedaqoji ixtisaslı gənc mütəxəssislər sentyabrın
15-dək nazirliyə müraciət edə bilərlər.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi
təhsil müəssisələrində işə başlamış gənc
mütəxəssislər üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi
haqqında" 14 aprel 2010-cu il tarixli, 67
nömrəli qərarına əsasən əvvəlki illərdə gənc
mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri
artırılmış, onlara ipoteka kreditlərinin
verilməsi də nəzərdə tutulmuşdur. Güzəştlər
dövlət sifarişinə əsasən iş yerlərində əmək
fəaliyyətinə başlayan və 3 il müddətində bu
fəaliyyəti ümumi təhsil müəssisələrində davam
etdirən pedaqoji profilli ali və orta ixtisas
təhsili müəssisəsini bitirmiş gənc
mütəxəssislərə şamil edilir. Həmin gənclərə yol,
əmlakın daşınması üçün nəqliyyat xərcləri, ilkin
yaşayış şəraitinin yaradılması məqsədi ilə
əməkhaqqının iki misli həcmində birdəfəlik
yardım, 3 il müddətində kommunal xidmət
xərclərini ödəmək üçün ayda 40 manat məbləğində
kompensasiya veriləcəkdir. Həmçinin işə yeni
başlayanların yaşayış sahələrinə ehtiyacları
ödəniləcək, onlara torpaq sahələri ayrılacaq,
ipoteka krediti veriləcəkdir.
Rayon mərkəzlərindən 20 kilometrdən çox məsafədə
yerləşən ümumi təhsil müəssisələrində əmək
fəaliyyətinə başlayan hər bir müəllimə qeyd
edilən həvəsləndirmə tədbirləri ilə yanaşı, həm
də 3 il müddətində 70 manat məbləğində aylıq
əməkhaqqına əlavə ödəniləcəkdir. Başqa sözlə, 20
kilometrədək məsafədə yerləşən məktəblərdə
fəaliyyət göstərənlərə ayda 40, 20 kilometrdən
çox məsafədə yerləşən məktəblərdə dövlət
sifarişinə uyğun işləyənlərə ayda 110 manat
maliyyə vəsaiti ödəniləcəkdir.
Y.ƏLİYEV |