|
Ünvanı: |
Bakı
şəhəri, Rostropoviç küçəsi, 21 |
|
|
Yaranma tarixi: |
1991-ci il |
Müəllimlərin
sayı: |
80 nəfər |
Şagirdlərin
sayı: |
1038 nəfər |
Direktoru: |
Zülfiyyə Veysova |
Rəsmi saytı: |
www.evrolyceum.az |
Yaranma tarixindən
Lisey XX əsrin sonlarında - 1991-ci ildə
yaradılmışdır. BDU-nun nəzdində fəaliyyət
göstərən "Yaradıcı istedad" Elmi Praktik
Mərkəzin və QHT olan "İstedad" Assosiasiyasının
təşəbbüsü və təşkilatçılığı nəticəsində yaranan
liseyin 19 buraxılışı olub.
Assosiasiya
və elmi mərkəz xüsusi işlənib hazırlanmış
proqram üzrə respublikanın hər tərəfində
istedadlı uşaqlar axtarıb tapır, müxtəlif
olimpiadalar, yay-düşərgə məktəbləri təşkil
edirdi. Burada uşaqlarla işləmək üçün Azərbaycan
Milli Elmlər Akademiyasından, ali təhsil
ocaqlarından və xaricdən mütəxəssislər cəlb
olunurdu. Digər ölkələrin analoji təşkilatları
ilə əlaqələr yaranır,psixoloji, pedaqoji,
sosioloji tədqiqatlar aparılır, incəsənət və elm
xadimləri ilə görüşlər keçirilirdi.
Beləliklə, Avropa məktəblərinin təcrübəsini
özündə əks etdirən və Azərbaycanın mövcud
şəraitinə uyğunlaşdırılmış "Avropa məktəbi"
pedaqoji modeli yaradılır. Yüksək yaradıcı və
intellektual potensiala malik olan uşaqlar aşkar
edilir və sonrakı tədrisin unikal sistemi
qurulur. Böyük hazırlıq işləri görüldükdən sonra
1991-ci il sentyabr ayından yalnız üç - VIII, IX
və X siniflərdən ibarət lisey fəaliyyətə
başlayır.
1994-cü ildə rəsmi status alan Bakı Avropa
Liseyi 1993-1994-cü tədris ilindən öz
şagirdlərini I sinifdən formalaşdırmağa başlayır
və bir tədris müəssisəsi kimi uğurla addımlayır.
Şəxsiyyətin azad inkişafı, düşüncəli, yaradıcı,
hazır və bacarıqlı şəxsiyyətin yaranması üçün
şərait yaradan təhsil ocağına çevrilir.
Məqsədi və vəzifələri
Liseyin
əsas məqsədi Avropa və Şimali Amerikanın təhsil
sistemi və təlim prosesinə inteqrasiya olmaqdır.
Liseydə təlim-tərbiyə yeni və səmərəli təhsil
yanaşmaları, müasir tələbləri ödəyən metod və
texnologiyalar üzərində qurulur. Bakı Avropa
Liseyinin əsas vəzifəsi istedadlı uşaqların
intellektual və yaradıcı potensialını üzə
çıxarmaq və onların şəxsiyyətini inkişaf
etdirməkdir. Xüsusi vəzifələrdən biri isə XXI
əsrdə gənc nəslə vacib olan bacarıq və
kompetensiyaların formalaşdırılmasıdır. Liseydə
şagirdlərin həyat boyu öyrənmək və cəmiyyət üçün
məhsuldar üzv olması vacib olan metakoqnitiv
(öyrənməyi öyrənmək) qabiliyyətinin inkişafına
müvafiq şərait yaradılır. Liseyin təlim mühiti
yaradıcılığa və axtarışa həvəsləndirir, onların
istedadını müxtəlif yollarla üzə çıxarır,
nümayiş etdirir və dərsdənkənar təlim
imkanlarını genişləndirir. Lisey kollektivi
çalışır ki, şagirdləri gələcəkdə yaxşı
mütəxəssis olmaq üçün erkən yaşlarından müasir
peşəkar bacarıqlarla yaxından tanış etsin.
Vətənpərvərlik və xalqa məhəbbət duyğuları ön
plana çəkilərək hər bir şagirdin dövlətçilik
prinsiplərini qoruması aşılanır.
Maddi-texniki bazası
Lisey iki korpusdan ibarət beşmərtəbəli binada
yerləşir. Yüksək maddi-texniki bazaya malik olan
lisey 88 tədris otağı, fizika, kimya, biologiya
laboratoriyaları, 3 kompüter otağı, geniş
kitabxana, bufet və müasir idman zalından
ibarətdir. Lisey müasir İKT avadanlıqları ilə
təchiz edilib. Belə ki, burada kompüter,
noutbuk, netbuk, multimedia və interaktiv
lövhələr mövcuddur. Son illərdə inşa olunan və
müasir standartlara cavab verən idman zalı
şagirdlərin fiziki cəhətdən inkişafına şərait
yaradır. Liseydə elektron müəllimlər otağı da
mövcuddur ki, bu da elektron jurnalların
aparılmasını və elektron tədris resurslarının
hazırlanmasını asanlaşdırır. Zəngin kitabxana və
Elektron Resurs Mərkəzi şagirdlərin və
müəllimlərin ixtiyarına verilib.
Tədrisin təşkili
Bakı
Avropa Liseyinin tədris proqramı ibtidai (I-IV),
əsas (V-IX) və orta təhsil (X-XI) pillələri
üzərində qurulub. Liseydə tədris iki dildə -
Azərbaycan və rus dillərində aparılır.
Azərbaycan bölməsinin şagirdləri rus dilini
birinci sinifdən başlayaraq öyrənirlər. Xarici
dil hesab edilən ingilis dili də şagirdlərə
birinci sinifdən tədris olunur. Eyni zamanda
onların VII sinifdən fransız dilini öyrənmələri
üçün də şərait yaradılır.
Tədris ili 2 semestrə ayrılır və təhsil həftəsi
5 gündən ibarətdir. Şənbə günləri liseydə
inkişafetdirici proqramlar həyata keçirilir.
Liseydə fəal interaktiv təlim metodlarından
geniş istifadə olunur. Təlim-tədris prosesində
informasiya-kommunikasiya texnologiyaları
mərhələlərlə tətbiq olunur. 2007 -ci ildən
etibarən Bakı Avropa Liseyi Təhsil Nazirliyi
tərəfindən həyata keçirilən "Elektron məktəb"
pilot layihəsinə qoşulub və İKT-ni sınaqdan
keçirərək yeni inkişaf yoluna qədəm qoyub.
Hazırda "Elektron məktəb" və "Bir şagird-bir
kompüter" layihələri çərçivəsində həyata
keçirilən islahatlar nəticəsində liseydə
elektron jurnallar, multimedia, netbuklar və
"Mimio" interaktiv qurğuları ilə keçilən
dərslər, İKT əsaslı tədris resursları, "Elektron
sinif" modeli tətbiq olunur.
Liseyin tədris planı ixtisaslaşmanı deyil,
akademik (holistik) tədrisi nəzərdə tutur. Əksər
kurslar tədris ili ərzində mütləq və
fasiləsizdir.
İnnovativ təlim modeli
Liseyin innovativ təlim modeli BDU-nun
nəzdindəki "İnkişaf" (keçmiş "Yaradıcı istedad")
Elmi Praktik Mərkəzinin əməkdaşları -
psixologiya elmləri namizədi Rəna İbrahimbəyova,
pedaqoji elmlər namizədi Rəhim Hüseynov,
psixologiya elmləri namizədi Zülfiyyə Veysova
tərəfindən işlənib hazırlanmışdır. Liseyin
əsasnaməsinə görə, təlim-tərbiyə prosesinin
elmi-metodiki rəhbərliyinin elmi mərkəz
tərəfindən həyata keçirilməsi tədrisin sırf elmi
əsaslar üzərində qurulmasına imkan yaradır. Bakı
Avropa Liseyinin təlim modeli yeni və daha
səmərəli təhsil yanaşmalarının tətbiqi və müasir
tələbləri özündə əks etdirən texnologiyalara
əsaslanır və yönəlir.
Bakı
Avropa Liseyinin təlim modeli Təhsil Nazirliyi
tərəfindən öyrənilmiş, respublikada təhsil
islahatı çərçivəsində istifadəsi üçün layiqincə
qiymətləndirilmiş və ölkə ərazisində yayılması
tövsiyə edilmişdir.
Bu təlim modelinin əsasında qurulan təhsili
Azərbaycandakı başqa təhsil müəssisələrindən
fərqləndirən bir sıra səciyyəvi xüsusiyyətləri
var.
Təlim modelinə daxil olan və Azərbaycanda ilk
dəfə tətbiq olunan innovasiya sahələrinə
aşağıdakılar daxildir:
* Təlimdə şəxsiyyətyönümlü yanaşma;
* Fəal (interaktiv) təlim metodlarının tətbiqi;
* Liseyə şagird və müəllimlərin psixoloji
testlər əsasında qəbulu;
* İnkişafetdirici Fənlərarası Təlim proqramının
(FAT) tətbiqi;
* Tədris proqramlarının diferensial prinsip
əsasında qurulması və inkişafetdirici fənlərin
("Kainatın əsasları", "Dünya mədəniyyətinin
tarixi", ikinci Avropa dili) tədrisi;
* Tədris prosesinin semestr üzrə
bölünməsi;
* Qiymətləndirməyə yeni yanaşmaların
tətbiqi (diaqnostik, formativ və summativ
qiymətləndirmə, təfəkkürün inkişafına yönəlmiş
cari və əsas testlər əsasında qiymətləndirmə,
diferensial 100 ballıq qiymətləndirmə və
mükafatlandırıcı bonus sistemi);
*
İdarəetmədə demokratik üsulların tətbiqi və
özünəməxsus rəmzlər və adət-ənənələrin
yaradılması;
* Xüsusi məktəb icmalarının yaradılması
(Valideyn-Müəllim Assosiasiyaları, Birləşmiş
Liseylər Təşkilatı);
* Cari ehtiyaclara yönəlmiş mütəmadi məktəb
əsaslı diferensial müəllimlərin
təkmilləşdirilməsi strategiyası (təlim
yenilikləri üzrə treninqlərin keçirilməsi,
təcrübə əsaslı pedaqoji tədqiqatların
aparılması, dərsin dəstəkləyici "kliniki
müşahidə" üsulu ilə təhlili və "mentorluq"
yanaşmaları);
* İnkişafetdirici təlim mühitinin, təşkilat və
layihələrin yaradılması (Kiçik Elmlər
Akademiyası, Meqa-layihələr, intellektual və
idman yarışları, incəsənət klubları, ekologiya,
incəsənət və İKT istiqamətli layihələr, xeyriyyə
ənənələri və s.).
Liseydə tətbiq olunan ən mühüm innovasiyalar
olan təlimdə şəxsiyyətyönümlü yanaşma və fəal
(interaktiv) təlim uşaqlara daim dəyişən,
inkişaf edən dünyada uğur qazanmağa imkan
yaradır. Liseyin bu unikal təlim modelində iki
müasir ("Avropa məktəbi" və "İstedadlı uşaq"),
yerli şəraitə uyğunlaşan və inkişaf edən modelin
sintezi durur. Lisey tərəfindən təqdim olunan ən
mühüm yenilik dünyanın məşhur psixoloqları
Sandra Kaplan (ABŞ) və Natalya Şumakova (Rusiya)
tərəfindən yaradılmış istedadlı uşaqlar üçün
inkişafetdirici Fənlərarası Təlim Proqramıdır
(FAT). Bu proqram vasitəsilə şagirdlərdə
məntiqi, tənqidi və qlobal təfəkkürün,
yaradıcılığın, elmi-tədqiqat və problemi
həlletmə, əməkdaşlıq və ünsiyyət
qabiliyyətlərinin və metakoqnitiv (öyrənməyi
öyrənmək) bacarıqlarının sistemli inkişafının
həyata keçirilməsinə imkanlar yaradılır və bu
da, öz növbəsində, şəxsiyyətin inkişafına, eləcə
də öyrənmək həvəsinin yaranmasına səbəb olur. Bu
proqram dünyanın yalnız 4 ölkəsində həyata
keçirilir.
FAT proqramı psixologiya elmləri namizədi
Zülfiyyə Veysova tərəfindən Azərbaycan şəraitinə
uyğunlaşdırılmışdır, onun tətbiqi üçün lisey
lazımi elmi-metodiki təchizata malikdir. FAT
proqramına "Kainatın əsasları" və
"FAT-texnologiya" daxil edilir, onlar I-IX
siniflərdə tədris edilir. Fənlərarası Təlim
proqramında hər il üzrə xüsusi fəlsəfi mövzuları
və onlara aid ümumiləşdirmələri əhatə edən (I -
"Mənşə" və "Struktur", II - "Dəyişmə", III -
"Təsir", IV - "Xaos və qayda", V - "Varislik",
VI - "Sistem", VII - "Qüvvə", VIII -
"Adaptasiya" və IX - "Qarşılıqlı təsir") unikal
inteqrativ təlim yanaşması tətbiq edilir.
Qəbul və qiymətləndirmə sistemi
İstedadlı
uşaqların aşkara çıxarılması üçün liseyə qəbul
müsabiqə yolu ilə həyata keçirilir. Qəbul xüsusi
psixoloji test və müsahibənin nəticəsinə
əsaslanır. Qəbul psixoloji yoxlama yolu ilə
uşağın təfəkkürünün və yaradıcılıq
potensialının, ümumi dünyagörüşünün müəyyən
edilməsi əsasında aparılır. Qəbul yalnız ibtidai
siniflərə və X sinfə aparılır.
* Qiymətləndirmə 100 ballıq sistemlə aparılır.
* Təlimin nəticələrinin tam və obyektiv şəklini
təmin etmək üçün summativ qiymətin bir hissəsini
təşkil edən mükafatlandırıcı bal - "bonus"dan
istifadə olunur.
* Fənlər üzrə bütün tədris materialı bölmələrə
ayrılır. Hər bölmənin sonunda cari testlər
keçirilir. Hər semestrin sonunda bütün fənlər
üzrə əsas testlər və ya xüsusi yoxlama işləri
aparılır. Əsas və xüsusi testlərə əlavə olaraq
şagirdlərin şifahi cavabları, eləcə də praktiki
və yaradıcı işləri nəzərə alınır və
qiymətləndirilir.
* Məktəb daxilində irəliləyiş hər bir semestrin
sonunda əsas testlərə və ya xüsusi
yekunlaşdırıcı yoxlamalara əsaslanır. Orta
sinifdən yuxarı sinfə keçid Təhsil Nazirliyi
tərəfindən ilin sonunda təşkil edilən standart
mərkəzləşdirilmiş imtahanların verilməsinə
əsaslanır.
* Semestr ərzində formativ qiymətləndirməyə
uyğun olaraq şagirdlərin təlim nailiyyətlərinin
yaxşılaşdırılması və qarşıya yeni təlim
məqsədlərinin qoyulması üçün imkanları var.
* Şagirdlərin sinif daxilində reytinqi müəyyən
olunur. Reytinq qiymətləndirilməsində şagirdin
bütün fənlərdən orta balı əsas götürülür.
* Liseyin müvafiq qaydalarına uyğun olaraq
şagirdlərin "qeyri-kafi" aldıqları yoxlamanı
təkrarən vermək hüququ var, lakin əgər bu
yenidən uğursuzluqla nəticələnərsə və şagirdin 3
və daha çox "qeyri-kafi" qiyməti olarsa o,
liseydən xaric olunmalıdır.
Nailiyyətləri
Liseyin
əsas nailiyyətləri Azərbaycan təhsilində ilk
dəfə tətbiq olunan müasir təlim yanaşmaları,
məzmun, metod və texnologiyaları,
qiymətləndirmənin metod və vasitələri,
demokratik idarəetmə üsullarıdır. Bütün bu
prinsiplər qəbul prosesində öz əksini tapır.
Eyni zamanda liseydə inkişafetdirici təlim
mühitinin və məktəb icmalarının yaradılması,
mütəmadi olaraq müəllimlərin peşəkarlıq
səviyyəsinin artırılması sisteminin qurulması,
təhsilə marağı olan şəxslərlə sıx əməkdaşlıq
strategiyasının həyata keçirilməsi uğurların
sayını artırır. Lisey Azərbaycanda ali
məktəblərə daxil olanların sayına görə ən yüksək
reytinqə malikdir. Əksər illərdə liseyin
məzunları 100%-lik nəticə göstərərək yüksək
ballarla nüfuzlu universitetlərə daxil olublar.
Məzunlardan ABŞ, Kanada, İngiltərə, Fransa,
Almaniya, Avstriya, Türkiyə və digər ölkələrdə
təhsil alanlar var. Liseyin bir çox məzunu
reytinqlərinə görə dünyanın ilk onluğunda olan
universitetlərində bakalavr və magistr pillələri
üzrə təhsillərini davam etdirirlər. Ən böyük
nailiyyətlərdən biri də Azərbaycanda ilk dəfə
olaraq Mikayıl Qasımovun 2005-ci ildə ABŞ-ın
Harvard Universitetinə, Leyla Əliyevanın isə
Prinston Universitetinə qəbul olmaları və tam
təqaüdə layiq görülmələridir. 2009-cu ildə
Miçiqan Universitetinə daxil olan Ceyhun Qafarov
isə SAT imtahanlarında 2000 bal toplamış və
göstərdiyi yüksək nəticəyə görə ABŞ-da yerləşən
Nobellər ailəsi tərəfindən təsis edilmiş "The
National Soceity of High School Scholars"
cəmiyyətinə üzv seçilmişdir.
Liseyin şagirdləri müxtəlif ölkədaxili və
beynəlxalq yarışlarda uğurla çıxış edirlər.
Onlar beynəlxalq tədris layihələrində, idman və
idrak yarışlarında liseyin adını şərəflə
qoruyurlar. Liseyin şagirdlərindən Aydan
Höccatova şahmat üzrə Avropa və dünya çempionu
titulunu, Ramiz Zeynalov karate üzrə ikiqat
dünya çempionu, Sabina Alxasova, Nuranə və
Mehparə Mənsurova bacıları isə gimnastika üzrə
beynəlxalq yarışların qalibləri olmuşlar.
Liseyin şagirdi Aydan Xələfova 2010-cu ildə
Meksikada keçirilən beynəlxalq "Minilliyin
qlobal prizi" müsabiqəsinin qalibi olmuşdur.
Lisey 2007-ci ildə Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən
"Elektron məktəb" layihəsində müvəffəqiyyətlə
iştirak etmiş, 2008-ci ildə isə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə
keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin, 12 müəllimi "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuş, 4 müəllimi isə
"Əməkdar müəllim" adına layiq görülmüşdür.
Liseyin müəllimləri Azərbaycanda fəal təlim
sahəsində aparıcı məşqçilər və kurikulum üzrə
dərslik müəllifləridir.
Təhsil sisteminə töhfələri
Ölkədə ilk dəfə olaraq 1993-cü ildə liseyin elmi
rəhbəri və direktoru, psixologiya elmləri
namizədi Zülfiyyə Veysova fəal təlim metodunu
tətbiq etmişdir. Təhsil Nazirliyinin dəstəyilə
liseyin aparıcı məşqçiləri və müəllimlərinin
səyləri nəticəsində bu metodologiyanın
Azərbaycanda geniş yayılması mümkün olmuş və
fəal təlimin tətbiqi üzrə dövlət proqramının
işlənib hazırlanması ilə nəticələnmişdir.
1994-cü ildə Valideyn-Müəllim Assosiasiyası
(VMA) yaradılmış və bu təcrübə sonradan
respublikada yayılmışdır. 2000 -ci ildə liseydə
"Kiçik Elmlər Akademiyası" layihəsi həyata
keçirilməyə başlamış və hazırda bütün olkə üzrə
tətbiqi üçün Təhsil Nazirliyi tərəfindən tövsiyə
edilmişdir. 2006-cı ildə liseyin təşəbbüsü ilə
aparıcı İKT mütəxəssisi Ramin Mahmudzadənin
rəhbərliyi altında respublikada tanınmış İKT
şirkətləri ilə birlikdə Bakı şəhəri üzrə "İKT
sahəsində Azərbaycanın istedadlı gəncləri" adlı
kompüter layihələri yarışması başlamış və bu
layihə Təhsil Nazirliyi tərəfindən respublika
səviyyəsində keçirilməsi təsdiq edilmişdir.
Lisey tərəfindən tətbiq olunan ən mühüm yenilik
istedadlı uşaqlar üçün yaradılan Fənlərarası
Təlim Proqramıdır (FAT). Bu proqram şagirdlərdə
məntiqi, tənqidi və qlobal təfəkkürün,
yaradıcılığın, elmi-tədqiqat və problemi
həlletmə, əməkdaşlıq və ünsiyyət
qabiliyyətlərinin və digər metakoqnitiv
bacarıqların sistemli inkişafının həyata
keçirilməsinə imkan yaradır. Bu proqram
şəxsiyyətin inkişafına, öyrənmək həvəsinin
yaranmasına səbəb olur.
Məzun və şagirdlərin uğurları
* Mikayıl Qasımov 2005-ci ildə
Azərbaycanda ilk dəfə olaraq ABŞ-ın Harvard
Universitetinə qəbul olunub və tam təqaüdə layiq
görülüb.
* Azərbaycanda ilk dəfə Leyla Əliyeva
2008-ci ildə Prinston Universitetinin tələbəsi
adını qazanıb və tam təqaüdə layiq görülüb.
* Ceyhun Qafarov 2009-cu ildə Miçiqan
Universitetinə daxil olub və göstərdiyi yüksək
nəticələrə görə ABŞ-da yerləşən Nobellər ailəsi
tərəfindən təsis edilmiş "The National Soceity
of High School Scholars" cəmiyyətinə üzv
seçilmişdir.
* Aydan Höccatova şahmat üzrə Avropa və
dünya kubokunu qazanıb.
* Ramiz Zeynalov karate üzrə ikiqat dünya
çempionudur.
* Aydan Xələfova Meksikada keçirilən
beynəlxalq "Minilliyin qlobal prizi"
müsabiqəsinin qalibidir.
* Əksər illərdə liseyin məzunları ali
məktəblərə keçirilən qəbul imtahanlarında
100%-lik nəticə göstərir.
Niyazi RƏHİMOV |