Dünyada elə insanlar var ki, İlahi tərəfindən
ona bəxş edilmiş ömür yolunda yaşadığı zamanın
hökmünə görə çoxlu əzab-əziyyətlərlə rastlaşır,
bəzən dözülməz işgəncəli anlardan keçməli olur.
Gələcək arzularına çatmaq üçün qorxmadan
sinəsini çətinliklərə sipər edərək mübarizə
aparanlar qalib gəlir. Belə insanlar nisgilli,
qəlbi yaralı yaşasalar da xalqının tərəqqisi,
Vətəninin inkişafı üçün əllərindən gələni
əsirgəmir, dövlətinə misilsiz xeyir verirlər.
Həmin insanlardan biri, Bakı Dövlət
Universitetinin dosenti, "Şöhrət" ordenli,
İnformatika üzrə Respublika Olimpiadasının
münsiflər heyətinin sədri Ramin Mahmudzadənin
kəşməkəşli, çətin və mənalı ömür yolunun bəzi
məqamları haqqında oxuculara məlumat vermək
niyyətindəyik.
Mahmudzadə
Ramin Əli Nazim oğlu 1935-ci il avqustun 31-də
Bakı şəhərində ziyalı ailəsində anadan olub. I
sinfi Bakıda, II sinfi Ağstafada, III sinfi isə
Kirovabad (indiki Gəncə) şəhərlərində oxuyub. IV
sinfə isə Ukraynanın İvanovo-Frankovsk şəhərində
gedib. 1953-cü ildə orta məktəbi başa vurduqdan
sonra Dnepropetrovsk Dağ-Mədən İnstitutunun
fizika fakültəsinə qəbul olub. 1955-ci ildə
həmin ali məktəbdə təhsilini yarımçıq qoyaraq
doğma vətəni Azərbaycana gəlib və Azərbaycan
Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil olub. 1958-ci ildə göndəriş
yolu ilə təhsilini Leninqrad Dövlət
Universitetində davam etdirib. 1961-ci ildə
həmin təhsil ocağını müvəffəqiyyətlə başa
vurduqdan sonra Bakıya qayıdıb və ADU-da
ixtisası üzrə müəllim kimi ilk əmək fəaliyyətinə
başlayıb. Səmərəli fəaliyyətinə görə 1968-ci
ildə elmi-tədqiqat institutuna şöbə müdiri təyin
edilib. 1973-cü ildə yenidən doğma ADU-ya dəvət
alıb və orada yenicə yaradılmış Riyazi hesablama
kafedrasına baş müəllim təyin olunub. Üzərində
işlədiyi elmi işi 1981-ci ildə müdafiə edərək
fizika-riyaziyyat elmlər namizədi elmi
dərəcəsinə layiq görülüb. İki il sonra ona
dosent elmi adı verilib və işlədiyi kafedraya
müdir seçilib. 1997-ci ildə könüllü olaraq
kafedra müdirliyindən imtina edərək öz yerini
yetirməsinə verib. Hazırda BDU-da dərs deməklə
yanaşı, respublikada informatika elminin
inkişafına böyük töhfələr verir. Belə ki,
müxtəlif illərdə ölkə üzrə keçirilmiş bir sıra
kompüter layihələri və müsabiqələrində münsiflər
heyətinin sədri olub. Beynəlxalq informatika
olimpiadalarında iştirak edən Azərbaycan
nümayəndələrinə rəhbərlik edib...
...75 yaşının tamam olması münasibətilə haqqında
qəzetə yazmaq istədiyimi telefon vasitəsi ilə
Ramin müəllimə bildirəndə əvvəlcə təvazökarlıq
etdi. Sonra razılaşdı. Ertəsi gün onunla
görüşmək üçün BDU-ya yollandım. Builki yayın
anomal qızmarlığı səngisə də hava hələ də isti
və bürkü idi. Yaşının müdrik çağını yaşayan
Ramin müəllimlə səviyyəsinə münasib söz demək,
müsahibə aparmaq üçün yolboyu ona verəcəyim
sualları götür-qoy edir, ipə-sapa düzüb
sıralayırdım.
Onunla köhnə dostlar kimi mehriban görüşdük.
Yaşından xeyli cavan görünən, bəstəboy,
dolubədən, həyat eşqi ilə qaynayıb daşan bu
gülərüz, səmimi və mehriban insanla ilk
tanışlıqdan sonra nigarançılığım çəkilib getdi.
Yolboyu düzənlədiyim və indi ona verəcəyim
suallara ehtiyac qalmadı. Sadəliyi və ünsiyyəti
ilə diqqəti cəlb edən Ramin müəllimlə söhbətimiz
şirin alındı. Yaşayaraq arxada qoyduğu illərin
acılı-şirinli xatirələrini çözələməsini, tarixə
dönmüş ötən həsrətli, vüsallı günlərinin
saralmış səhifələrini vərəqləməsini ondan xahiş
etdim. Dərin xəyala dalaraq gözlərini məchul bir
nöqtəyə dikdi. Sanki uzun illərin arxasından
boylanıb uşaqlıq, yeniyetməlik, gənclik illərinə
nəzər salmağa çalışırdı. Nurlu çöhrəsində
keçmişin əzablı, ağır günlərini yenidən yaşayan
qara kölgələr dolaşdı. Və ömür səhifələrini belə
vərəqlədi...
"Uşaqlığım çox ağır keçib"
1937-ci
ildə məlum tarixi hadisələrə görə atam Əli
Nazimi və anam Stefanidanı xalq düşməni kimi
Sibirə sürgün edirlər. O zaman mənim iki yaşım
vardı. Heç nə başa düşmədiyim belə bir vaxtda
əmim Əli Əsgər məni öz himayəsinə götürür.
Əmimin həyat yoldaşı Antanina mənə doğma övladı
kimi baxırdı. Mən onları özümə doğma ata və ana
bilirdim. Amma görəcəkli günlərim qabaqdaymış.
1941-ci ildə əmim Əli Əsgəri II Dünya
müharibəsinə apardılar. Mən "anam" Antanina ilə
tək və kimsəsiz qaldıq. O vaxt əmimin həyat
yoldaşı Antanina Bakıda hansısa zavodda mühasib
işləyirdi. Müharibənin qurtarmasına az qalmış
onu işləmək üçün əvvəlcə Ağstafaya, sonra isə
Kirovabada göndərirlər. O hara gedirdisə, məni
də özü ilə aparırdı. Məni tək qoymur, sözün əsl
mənasında, mənə analıq edirdi. Elə buna görə də
I sinfi Bakıda, II sinfi Ağstafada, III sinfi
isə Kirovabadda oxumuşam. O, doğma atam və anam
haqqında mənə heç nə deməmişdi.
1946-cı ildə Əli Əsgər əmim müharibədən qayıdır.
Və on gündən sonra müharibə illərində əsir
düşdüyü və əsirlikdən qaçdığı üçün yenidən həbs
edilir. Ona 10 il iş verib yatab göndərirlər.
Anam Stefanida da 1946-cı ildə sürgündən
qayıdır. Bunu eşidən əmimin həyat yoldaşı
Antanina məni doğma anama verməmək üçün Bakıdan
köçməyi qərara alır. Əri həbsdə olduğuna görə
onun məndən başqa heç kimi yox idi. Beləliklə,
1946-cı ildə məni də götürüb Ukraynanın paytaxtı
Kiyev ətrafındakı Barişevka kəndinə köçür.
"Qarğıdalı unu tapanda sevinirdik"
Barişevkada heç kimi tanımırdım. Ukrayna dilini
bilmədiyim üçün yaşıdlarımla ünsiyyət qurmaqda
çətinlik çəkirdim. Başqa uşaqlarla birlikdə
kəndin mal-qarasını otarmaq üçün örüşə aparır,
məhsulu toplanmış sahələrdən günlərlə qarğıdalı
qalıqlarını yığır, dənələyib bir kisə olandan
sonra dəyirmana aparır, üyütdürüb hazır un kimi
evimizə gətirirdim. O zaman müharibədən təzəcə
çıxan insanlar bir qarın çörək üçün gecə-gündüz
çalışırdılar.
Sonra biz Ukraynanın İvanovo-Frankovsk şəhərinə
köçmüşük və orada IV sinfə gedib təhsilimi davam
etdirmişəm. 1953-cü ildə orta məktəbi
bitirdikdən sonra Dnepropetrovsk Dağ-Mədən
İnstitutunun fizika fakültəsinə qəbul olmuşam.
Ali məktəbdə oxumağıma, güzəranımın zamanına
görə nisbətən yaxşı olmasına baxmayaraq, hansısa
bir qüvvə məni doğma yurdum Azərbaycana - Bakıya
çəkirdi. Daxilimdə sanki qəribə, anlaşılmaz bir
hiss vardı. Bəlkə də bu hiss doğma ata
nəvazişinin, ana məhəbbətinin nisgilli
həsrətindən yaranmışdı. Bilmirəm. Ancaq onu
bilirəm ki, hər an Bakıda olmaq, Bakını görmək
arzusu baş qaldırırdı qəlbimdə. Beləliklə,
1955-ci ildə burada hər şeyi atıb Bakıya
qayıtdım.
"Doğma ata və ana üzünə həsrət qaldım"
Bakıya gələn gündən anam və atam haqqında
məlumat toplamağa başladım. 1946-cı ildə anam
sürgündən qayıdandan sonra məni çox axtarıb.
Xalq düşməninin ailəsi olduğu üçün ona Bakıda
yaşamağa icazə verməyiblər. Hər an təqib olunub.
Yaxınlardan və dostlardan heç bir kömək
istəməyib, çünki onlar da təqib oluna
bilərdilər. Buna görə də o rayonlarda gizli
yaşamağa məcbur olub. Məni tapa bilmədiyi üçün
sarsılıb və nəhayət, təzyiqlərə dözməyib, özünü
asaraq intihar edib. Atam Əli Nazim Cənubi
Azərbaycanda, Təbriz şəhərində anadan olub.
1916-cı ildə Batumidə yaşayan əmisi Həsən
Həsənzadənin yanına gəlib. 1921-ci ildə 15
yaşında ikən ədəbi yaradıcılığa başlayan atam
1922-ci ildə Bakıya gəlib və burada məskunlaşıb.
Leninqradda və Moskvada məşhur ədiblərdən dərs
alan Əli Nazim 1934-cü ildə Moskvada keçirilən
SSRİ Yazıçılarının I qurultayında çıxış edib.
Tanınmış ədəbi-tənqidçi və şair olan Əli Nazimə
o zamankı mənfur qüvvələr qısqanmağa başlayıb.
Beləliklə, 1937-ci ildə onu anamla birgə sürgün
ediblər. Anam 10 ildən sonra qayıtsa da, atam
sürgündəcə məhv olub. Ondan heç bir soraq
gəlməyib. Atam haqqında geniş məlumatı mənə
Mirzə İbrahimov, Cəlal Məmmədov və onun həyat
yoldaşı Tahirə Hüseynzadə veriblər. Sən demə,
atamın əmisi qızı Tahirə xanım bizimlə bir evdə,
atamın himayəsində yaşayıbmış. Atamla anam
sürgün ediləndən sonra məni yetimlər evinə
veriblər (sonra əmimin həyat yoldaşı Antanina
əmimlə birlikdə məni oradan oğulluğa
götürüblər). Tahirəni bayıra ataraq evin
qapısını möhürləyiblər. Tahirə təsadüfən bir gün
Mirzə İbrahimovla üz-üzə gəlib, xalq düşməni
ailəsindən olduğu üçün özünü görməməzliyə
vuraraq oradan uzaqlaşmaq istəyib. Çünki onunla
kəlmə kəsməsi Mirzə İbrahimov üçün də yaxşı
olmazdı. Bunu duyan M.İbrahimov onun yolunu
kəsib, hal-əhval tutub. "Mən Əli Nazimin yaxın
dostu olmuşam, səninlə görüşməkdən də
qorxmuram", - deyib və onun ünvanını öyrənib.
Sonralar ona dayaq durmaqdan da çəkinməyib. Bir
müddətdən sonra Tahirə xanım yazıçı Cəlal
Məmmədova ərə gedib. Mirzə İbrahimov mənə də çox
köməklik edib, xüsusilə Bakı şəhərində evlə
təmin olunmağımda onun böyük rolu olub.
1957-ci ildə atamla anam bəraət qazansalar da,
həyat artıq öz işini görmüş, məni ata və ana
üzünə həsrət qoymuşdu...
"Xüsusi olimpiada hazırlıq mərkəzi
yaradılmalıdır"
Hələ orta məktəbdə oxuyarkən riyaziyyat, fizika,
kimya fənlərinə daha çox maraq göstərmiş, həmişə
bu fənlərdən əla qiymətlər almışam.
Respublikamızda Heydər Əliyevin təşəbbüsü ilə
ilk dəfə olaraq 1973-cü ildə Azərbaycan Dövlət
Universitetində tətbiqi riyaziyyat kafedrası
yaradılıb. Və həmin kafedrada informatika
elminin tədrisi və inkişafı üçün şərait yaranıb.
O zaman bu sahəni yaxşı bilən alim
müəllimlərimizdən Yəhya Məmmədov, Qoşqar
Əhmədov, Mirabbas Qasımov, Arif Babayev və
başqaları informatika elminin inkişafına səy
göstərsələr də bu sahədə geri qalmış, inkişaf
etmiş ölkələrə hələ çata bilməmişik.
1996, 1998 və 2003-cü illərdə informatika üzrə
dünya ölkələrində keçirilən beynəlxalq
olimpiadalarda iştirak edən Azərbaycan gəncləri
yalnız II və III yerlərlə kifayətləniblər. Bunun
səbəbi orta məktəblərimizdə informatika elmini
lazımi səviyyədə tədris edən müəllimlərimizin
olmamasıdır. Məktəblərimizdə səviyyəli
riyaziyyat, kimya, fizika müəllimləri olsa da
informatika fənni üzrə xüsusi olimpiada hazırlıq
mərkəzi yaradılmalıdır. Sevindirici haldır ki,
bu gün məktəblərimizdə informatika fənni tədris
edilir. Yalnız bu yolla biz bu elmin inkişafına
nail ola biləcəyik.
"İnformatika elminin inkişafı üçün əlimdən
gələni etməyi özümə borc bilirəm"
1962-ci ildə 164 nömrəli məktəbdə ilk dəfə
olaraq sinif proqramını yaratmışam. 134 nömrəli
məktəbdə bu işi bir neçə il davam etdirmişəm.
BDU-da məktəblərin proqramlaşdırılmasına
rəhbərlik etmişəm. Hazırda akademik Zərifə
Əliyeva adına məktəbdə informatika üzrə
proqramlaşdırmaya rəhbərlik edirəm.
İsmayıl Sadıqovla birlikdə V-XI siniflər üçün
ayrı-ayrılıqda informatika dərslikləri yazmış və
şagirdlərin istifadəsinə vermişik. Bu il XI
sinif üçün də dərslik çap edilib və məktəblərə
paylanıb. İnformatika fənninin belə tədrisi
bizə ümid verir ki, gələn il beynəlxalq
olimpiadada iştirak edən Azərbaycan gənclərindən
qızıl medal alanı olacaq. Mən buna əminəm. Və
bunu çox arzu edirəm.
"Yetirmələrimlə fəxr edirəm"
Bugünkü tələbələrimizin arasında tam, hərtərəfli
inkişaf etmiş, yüksək intellektual səviyyəli
gənclərə rast gəlmək olur. Bu isə azdır.
Ümumiyyətlə, gənclərimizin hərtərəfli inkişafına
mane olan amilləri bilirik. Və bu qüsurların
aradan qaldırılması üçün hamılıqla mübarizə
aparmalıyıq. Biz çalışmalıyıq ki, gənclərimiz
intellektual səviyyələrinə görə inkişaf etmiş
dünya ölkələri gənclərinə çatsın və onları ötüb
keçsin. Bax, o zaman ölkəmiz daha sürətlə
inkişaf edər. Mənim tələbələrimdən bəziləri
hazırda respublikamızda və dünyanın inkişaf
etmiş ölkələrində tanınmış alim kimi fəaliyyət
göstərirlər. Bu il avqustun 13-22-də İsmayıl
Sadıqovla informatika üzrə Kanadada keçirilən
olimpiadada azərbaycanlı nümayəndələrin rəhbəri
kimi iştirak etmişik. Orada məni görmək üçün
20-25 il bundan qabaq dərs dediyim
tələbələrimdən biri Amerikadan, ikisi isə
Kanadadan yanıma gəlmişdi. Onların mənə olan bu
münasibətləri mənim üçün ən böyük hədiyyədir.
Hazırda tələbələrimdən biri London bankının
vitse-prezidentidir. Başqa biri elmlər doktoru
kimi Amerika Universitetində fəaliyyət göstərir.
Elə bir informatika firması yoxdur ki, mənim
yetirmələrimdən orada olmamış olsun. Bağban
ərsəyə gətirdiyi barıyla sevindiyi kimi, mən də
yetirmələrimlə fəxr edirəm.
"Ən çox sevindiyim gün"
Uşaqlığımda və gəncliyimdə dünyanın amansız
ağrı-acısını yaşasam da sonrakı həyatımdan çox
razıyam. Ailəmin, oğlanlarımın mənə olan
münasibəti məni yaşamağa sövq edir. Yəqin ki,
belə gümrah və sağlam qalmağıma elə bu amillər
səbəb olub. İki oğlum var, onlardan biri
müəllimdir, digəri isə bizneslə məşğul olur.
Nəslin davamçıları ağıllı və işgüzar olanda
valideynlər rahatlıq tapır. Həyatımda ən çox
sevindiyim gün nəvələrim Aysel və Cavid dünyaya
göz açanda olub. Axı onlar mənim ideyalarımın
davamçısı olacaqlar. Cavid artıq davamçım kimi
informatika elmi ilə məşğul olur. Bir sözlə, o
mənim ümidimdir.
"Müstəqilliyimizi göz bəbəyimiz kimi
qorumalıyıq"
75 il ömür sürmüşəm. Həyatın hər üzünü görmüşəm.
Sovet birliyi ağrı-acıdan başqa bizə heç nə
verməyib. Uzaqgörən ziyalılarımızı "vətən
xaini", "xalq düşməni" damğasıyla qəddarlıqla
məhv edib, neftimizi əlimizdən alaraq bizə
qəpik-quruş verib, bizi xarici imperialist
qüvvələrdən qoruyur adıyla borclu çıxarıb:
əl-qolumuzu buxov və qandalla "bağlayan" mənfur
sovet rejimindən qurtulmuşuq. Ümummilli
liderimiz Heydər Əliyevin uzaqgörən və ağıllı
siyasəti, gərgin əməyi nəticəsində respublikamız
müstəqillik əldə edib. Müstəqilliyimizi göz
bəbəyimiz kimi qorumaq hamımızın, xüsusilə
gənclərin borcudur. Bunun üçün hər bir gənc
atdığı addımın istiqamətini, gördüyü işin
nəticəsini qabaqcadan düşünməli, öz-özünə - "mən
nə edirəm" - deyə sual verməlidir.
Mən həmişə özüm-özümlə yazılı olaraq müsahibə
aparıram. İnsan özü ilə müsahibə aparanda
yalana, riyaya yol vermir. Çünki özünü yaxşı
tanıdığı, xislətinə bələd olduğu üçün buna imkan
yaranmır.
Hər bir gəncə vaxtlı-vaxtında özünə hesabat
verməsini və gələcək işlərinə elmi
nöqteyi-nəzərdən yanaşmasını, müstəqil
Azərbaycan Respublikasına layiq vətəndaş kimi
yetişməsini arzu edirəm.
Qələmə aldı:
Nizami MİRZƏ |