Bakıdakı Ə.Eyvazov adına 275 nömrəli orta məktəb
yeni dərs ilinə diqqətəlayiq uğurlar və
mütəşəkkil hazırlıqla gəlir. Tədris ocağının
pedaqoji kollektivinin ötən dərs ilində əldə
etdiyi ən böyük uğur möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə ölkədə artıq üçüncü
ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibləri sırasında
olması və 10000 manat pulla
mükafatlandırılmasıdır. Məktəbin direktoru
Elmira İsmayılovanın bildirdiyinə görə, həmin
vəsaitin çox hissəsinin məktəbin İKT vasitələri
və elektron tədris avadanlıqları ilə
zənginləşdirilməsi, fəal, yaradıcı müəllimlərin
stimullaşdırılması və b. məqsədlərlə
xərclənməsi nəzərdə tutulub.
Məktəbin digər mühüm bir uğuru builki qəbul
imtahanlarında məzunlarının xeyli hissəsinin
dərin bilik və bacarıq nümayiş etdirərək yüksək
ballarla ali məktəblərə daxil olmasıdır. Belə
ki, məktəbin ali məktəblərə ərizə vermiş 154
məzunundan 91-i tələbə adını qazanıb. Onlardan
11 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən yuxarı
bal toplayıb. Məktəbin məzunu Səbuhi
Əbilhəsənlinin topladığı 690 balı isə ölkə üzrə
ən yüksək göstəricilərdən biri saymaq olar.
Tədris ocağının şagirdləri fənn olimpiadalarında
da uğurla çıxış edirlər. Ötən dərs ilində 5
nəfər şagird fənn olimpiadalarının şəhər və
respublika turlarında ayrı-ayrı fənlər üzrə I-IV
yerləri tutub.
2009-2010-cu dərs ilini uğurla başa vuran 275
nömrəli məktəbdə yeni dərs ilinə də hərtərəfli
hazırlıq işləri görülüb. Belə ki, kollektivin
köməyi və daxili imkanlar hesabına məktəbdə cari
təmir işləri aparılaraq hər tərəfdə
səliqə-sahman yaradılıb. Xeyli avadanlıq, şagird
və müəllim stolları, stulları, yazı taxtası,
şkaf və s. alınaraq ehtiyac duyulan siniflərdə
yerləşdirilib. Yeni dərsliklərin alınması üçün
BŞTİ-yə sifariş verilib və onların yaxın
günlərdə məktəbə çatdırılması təmin olunacaq.
Müəllimlərin təkmilləşdirilməsi və ixtisasının
artırılması da diqqət mərkəzində saxlanılıb. Yay
müddətində məktəbin 8 müəllimi kurikulumun və
İKT-nin tətbiqi ilə bağlı öyrədici kurslardan
keçib.
Yeni dərs ilində 275 nömrəli məktəbdə 1700-ə
yaxın şagird oxuyacaq, onların təlim-tərbiyəsi
244 müəllimə etibar edilib. İndi məktəbdə yeni
dərs ilinə son hazırlıq işləri görülür: sinif
otaqları, laboratoriyalar tədris prosesinə
hazırlanır. Tərtibatlar təzələnir. Kollektiv
ötən dərs ilində əldə etdiyi uğurları bu il daha
da artırmaq və möhkəmləndirmək əzmindədir.
***
Bakı şəhərindəki 62 nömrəli məktəb-liseydə yeni
dərs ilinə hazırlıq işləri yüksək səviyyədə
təşkil olunub. Bütün sinif otaqlarında,
dəhlizlərdə cari təmir işləri aparılıb. Sanitar
qovşağı, su və elektrik xətləri təmir olunub,
sıradan çıxmış avadanlıqlar yenisi ilə
əvəzlənib. Məktəbin həyətində abadlıq və
ağartma işləri görülüb. Yeni su xətti çəkilib,
qazanxana tikilib, beləliklə, məktəbin istiliklə
daim təmin olunmasına şərait yaranıb. Təhsil
ocağı yeni müasir avadanlıqlarla təmin olunub.
Məktəbin 2 kompüter otağı, akt, idman zalları,
zəngin kitabxanası, fənn kabinetləri və müasir
avadanlıqlarla təchiz olunmuş laboratoriyası
var.
Məktəb-liseyin ötən dərs ilində 61 məzunu olub.
Onlardan 53-ü ali məktəblərə sənəd verib və 25
nəfər qəbul olub. 3 nəfər 600-dən çox, 4 nəfər
isə 500-600 arasında bal toplayaraq ölkənin ən
nüfuzlu ali məktəblərinə qəbul olub.
***
Bakıdakı 111 nömrəli orta məktəbdə də cari təmir
işləri aparılıb. Təhsil ocağının dəhlizləri və
bütün otaqlarında təmizlik və təmir işləri
görülüb, köhnəlmiş elektrik avadanlıqları yenisi
ilə əvəz olunub. Sanitar qovşağı, su xətləri
yenilənib, təmir olunub. Məktəbin həyətində
abadlıq işləri görülüb, binanın çöl divarları
rənglənib. Məktəb yeni dərs ilinə hazırdır.
***
Bakının 284 nömrəli orta məktəbin sinif
otaqları, dəhlizləri, sanitar qovşağı, idman
zalı, kitabxanası təmir olunub. Dam örtüyünün
əsaslı şəkildə təmir olunması Təhsil Nazirliyi
tərəfindən plana salınıb. Kitabxana və akt
zalının avadanlıqları yeniləri ilə əvəz olunub.
Müəllimlər arasında dərs bölgüsü aparılıb, dərs
cədvəlləri hazırlanıb.
***
Quba rayonunda təsdiq edilmiş tədbirlər planı
əsasında məktəblərin yeni dərs ilinə hazırlığı
ilə əlaqədar xeyli iş görülmüşdür. Rayonda
2010-2011-ci dərs ili üçün təxmini şagird
kontingenti şəbəkəsi hazırlanmış və Təhsil
Nazirliyinə təqdim edilmişdir. 2010-2011-ci dərs
ilində rayonda 141 ümumtəhsil məktəbi, o
cümlədən 31 ibtidai, 44 ümumi orta, 66 tam orta
pillə məktəbinin, 13 məktəbəqədər, 5
məktəbdənkənar uşaq tərbiyə müəssisəsinin
fəaliyyət göstərəcəyi planlaşdırılmışdır. Təhsil
Nazirliyinin əmri ilə 2010-2011-ci dərs ilindən
Quba şəhəri 2 nömrəli tam orta məktəbi xüsusi
istedada malik şagirdlər üçün lisey kimi
fəaliyyət göstərəcəkdir. Bununla bağlı ilkin
hazırlıq işləri aparılmışdır. Yeni dərs ili üçün
məktəblərin müəllimə olan ehtiyaclarının təmin
edilməsinə xüsusi diqqət yetirilmişdir.
Peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə
425 müəllim ixtisasartırma kurslarından
keçirilmişdir. 2010-2011-ci dərs ilində I
siniflərdə dərs deyəcək 180 müəllim yeni
kurikulum üzrə kurslara cəlb olunmuşdur.
Həmçinin dərs ili başlananadək belə kurslar III
siniflərdə dərs deyəcək müəllimlər üçün də
təşkil olunmuşdur.
Məktəblərin maddi-tədris bazasının
möhkəmləndirilməsi və yeniləşdirilməsi
istiqamətində də Təhsil Nazirliyinin, rayon icra
hakimiyyətinin köməkliyi ilə xeyli iş
görülmüşdür. Belə ki, məktəblərə 45 adda 37 min
906 dərslik verilmiş və rayon məktəblərində 422
min160 nüsxədən ibarət dərslik fondu
yaradılmışdır. Təhsil ocaqlarında 650-dən çox
kompüter vardır. Hazırda kompüterlərin İnternetə
qoşulması işi davam etdirilir. İndiyədək 10
məktəb İnternetə qoşulub. 20 məktəbin
kompüterlərində təmir-bərpa işləri aparılmışdır.
Məktəblərə 200 parta, 52 yazı lövhəsi, 80
oturacaq stulu, 70 asılqan verilmişdir.
Quba Rayon İcra Hakimiyyəti tərəfindən Quba
Şahmat məktəbi üçün müasir tipli, 2 mərtəbəli,
300 şagird yeri olan yeni bina inşa edilir və
dərs ili başlanana qədər tamamlanacaqdır.
Yaponiya səfirliyinin, RİH-in və RTŞ-ın
köməkliyi ilə II Nügədi kənd 1 nömrəli orta
məktəbi əsaslı təmir olunub. Məktəbin dam örtüyü
təzələnmiş, bina ön tərəfdən suvanmış, qapı və
pəncərələr yenisi ilə əvəz edilmiş, tavanlar
təmir olunmuş, döşəmənin 80 faizi
dəyişdirilmişdir. Məktəb üçün istilik sistemi
quraşdırılmışdır.
Ümumilikdə 17 məktəbdə Təhsil Nazirliyi
tərəfindən cari təmir işləri aparılır.
Quba şəhər 1, 2, 10 nömrəli Amsar, I Nügədi 3
nömrəli, II Nügədi 12 nömrəli uşaq bağçalarında
da cari təmir işləri aparılmışdır.
Təhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı
işində onların qızdırılması əsas
məsələlərdəndir. Rayon məktəblərinin yalnız
16-sı istilik sistemi ilə qızdırılır ki,
bunların da 2-də elektrik, 5-də qaz, 9-da isə
maye yanacaqdan istifadə edilir. 125 məktəb, 13
uşaq bağçası, 5 məktəbdənkənar müəssisə odun
yanacağı ilə qızdırılır. Buna görə bölgü
aparılmış, müvafiq siyahılar rayon icra
hakimiyyətinə və rayon meşələrin mühafizəsi və
bərpası müəssisəsinə təqdim olunmuşdu. Bir neçə
məktəbə artıq odun yanacağı verilmişdir, digər
məktəblər də yaxın vaxtlarda odunla təmin
olunacaqlar.
"Azərbaycan müəllimi" |