Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Müəllimlər İnstitutunun bazasında
"Təhsilin əsasları" fənnindən dərs deyən ali
məktəb müəllimləri üçün 2010-cu il avqustun
23-dən kurs təşkil edib. Dərsləri Təhsil
Nazirliyinin aparıcı məsləhətçisi Afət
Süleymanova aparır. Kursun dinləyiciləri
Azərbaycan Müəllimlər İnstitutunun və onun
filiallarının, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin və Gəncə Dövlət Universitetinin
müəllimləridir.
Kursun gündəliyində təhsil üzrə kadr
hazırlığının bakalavr pilləsinin V semestrində
tədris ediləcək "Kurikulum və təlimin əsasları"
fəsli durur. Bu fəsildə təhsil proqramlarının
(kurikulumlarının) strukturu və məzmunu; fənn
proqramlarının (kurikulumlarının) tətbiqində
yeni təlim strategiyaları və təlimin təşkilində
onlardan səmərəli istifadə yolları; təlimin
təşkilində İKT-dən istifadənin imkanları; ümumi
təhsil sistemində yeni qiymətləndirmə
mexanizmlərinin tətbiqi; yeni dərsliklər və
onlarla işin xüsusiyyəti kimi məsələlər öz
əksini tapır.
Kursda həmçinin müəllimin dərs prosesində
istifadə etdiyi yeni təlim metodları və üsulları
haqqında məlumatlar verilir, dərsin
iştirakçıları müəyyən mövzuları hansı üsullarla
tədris edəcəklərini nümayiş etdirirlər. Dərs
prosesində dinləyicilər qruplara bölünür, fikir
mübadiləsi aparılır, qruplar arasında
mübahisələr və onların həlli yolları
müəyyənləşdirilir. Ənənəvi tədris üsullarından
fərqli olaraq dinləyicilər müəyyən mövzuları öz
həmkarlarına təqdim etməklə müəllim rolunu ifa
edirlər.
"Təhsilin əsasları" fənninin ali pedaqoji təhsil
müəssisələrinin ikinci kursunda tədrisi
prosesində daha çox təhsil fəlsəfəsi, təhsildə
dövlət siyasəti, təhsilin hüquqi əsasları
müzakirə edilib öyrədilirdisə, hazırkı kursda
əsasən orta təhsil kurikulumu, tədris prosesinin
şəxsiyyətyönümlülüyü, nəticəyönümlülüyü,
şagirdyönümlülüyü, tələbəyönümlülüyü,
inteqrativlik və subyektlər münasibəti
açıqlanır.
Dinləyicilərlə aparılan söhbətlərdən aydın olur
ki, institutumuzda bu il təşkil olunmuş seminar
keçən illə müqayisədə daha maraqlı keçirilir.
Bunun da əsas səbəblərindən biri dinləyicilərin
birinci mərhələnin materiallarını bilməsi və
müəllim hazırlığında II kursda onlardan istifadə
edilməsidir.
Tədrisin bu şəkildə qurulması Azərbaycan təhsil
sisteminin Avropa təhsil sisteminə
inteqrasiyasına kömək edir, təhsil prosesinin
təşkilinə və onun idarə edilməsinə öz müsbət
təsirini göstərir.
Məleykə MƏMMƏDOVA,
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı |