|
Yerləşir: |
İrlandiya,
Dublin şəhəri |
|
|
Yaranma tarixi: |
1592-ci il |
Tipi: |
Dövlət |
İşçi heyətinin sayı: |
2494 nəfər |
Ümumi
sayı: |
16 215 nəfər |
İllik gəlirləri: |
304640000 avro |
İllik xərcləri: |
294892000 avro |
Rəsmi saytı: |
www.tcd.ie |
Dublin Triniti Kolleci (Trinity
College Dublin) İrlandiyanın paytaxtı Dublin
şəhərində yerləşir və Böyük Britaniyadan kənarda
yerləşən ingilisdilli ölkələrin yeddi ən qədim
universitetindən biridir. Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə
əsasən, Dublin Triniti Kolleci 100 ən yaxşı ali
məktəb arasında Osaka Universiteti ilə birgə
43-cü yerdə sıralanıb.
Tarixi
1592-ci
ildə Dublin şəhərinin bir qrup əhalisi kraliça
Yelizavetadan məktub aldıqdan sonra şəhər
divarlarından cənub-şərqdə yerləşən baxımsız
qalmış Bütün Müqəddəslər kilsəsində kollec
yaradır. Ali məktəbin ilk rektoru Dublin
şəhərinin arxiyepiskopu Adam Loftus olur. Ona
iki köməkçi (Ceyms Hamilton və Ceyms Fullerton)
təyin edilir. İki ildən sonra burada müəllim və
tələbələrin sayı artmağa başlayır. 50 il
müddətində kollecə yardımlar edilir, torpaq
sahələri bağışlanır, təqaüdlər təşkil olunur,
tədris proqramları, nizamnamələr qəbul edilir,
kitabxanalar yaradılır və s.
XIX əsr Dublin Triniti Kollecində bir çox
hadisələrlə yadda qalır. 1711-ci ildən kollecdə
tibb elminin öyrədilməsinə baxmayaraq, burada bu
sahəni geniş əhatə edən məktəb 1800-cü ildən
fəaliyyətə başlayır. 1842-ci ildə kollecdə
Britaniya adalarında ilk olan Mühəndislik
Məktəbi, əsrin ortasında isə hüquq fakültəsi
yaradılır. 1873-cü ildə kollecdə bütün dini
ayinlər ləğv edilir, yalnız İlahiyyat Məktəbinə
fəaliyyət göstərməyə və tələbə qəbul etməyə
icazə verilir.
Qız tələbələrin kollecə qəbuluna 1904-cü ildən
başlanılır, ilk qadın professor isə 1934-cü ildə
təyin edilir. 1962-ci ildə Kommersiya və Sosial
Tədqiqatlar məktəbləri birləşdirilərək Biznes və
Sosial Tədqiqatlar Məktəbi adlanır. 1969-cu ildə
bir sıra bölmə və departament humanitar elmlər,
biznes, iqtisadi və sosial tədqiqatlar,
mühəndislik və sistemlər elmləri, tibbi elmlər
fakültələrinə bölünür. 1977-ci ildə ali təhsil
ocağında Əczaçılıq Məktəbi yaradılır, eləcə də
baytarlıq fakültəsi açılır.
Dublin Triniti Kolleci bu gün Dublinin
mərkəzində yerləşir və böyüyüb, inkişaf
etməkdədir.
Büdcə və təhsil haqqı
Dublin
Triniti Kollecinə Avropa İttifaqı üzvü olan
ölkələri təmsil edən tələbələrin qəbulu kollecin
özü tərəfindən deyil, Mərkəzi Ərizələr Ofisi
(Central Applications Office) tərəfindən
aparılır. Abituriyentlər ali məktəbə qəbul olmaq
üçün buraxılış imtahanlarında əldə etdikləri
nəticələri təqdim etməlidirlər. Ofis kollecdə
ayrılan yerlərlə abituriyentlərin nəticələrini
uyğunlaşdırdıqdan sonra avqustun ortalarında
yerlər açıqlanır. Avropa İttifaqı üzvü olmayan
ölkələri təmsil edən abituriyentlər kollecə
qəbul olmaq üçün bir sıra prosedurlardan
keçməlidirlər. Əlillər, yaşlı və ya maddi durumu
çətin olan tələbələr ayrıca proqramlar əsasında
bu ali məktəbə qəbul edilirlər. Doktoranturaya
qəbul Dublin Triniti Kolleci tərəfindən
aparılır.
2009-2010-cu tədris ilində Dublin Triniti
Kollecində Avropa İttifaqı ölkələrindən olan
bakalavr pilləsində oxuyan tələbələrin təhsil
haqqı 4181 avro, magistratura və doktorantura
pilləsində isə 3675-29500 avro, qeyri-avropalı
gənclərin bakalavr pilləsində təhsili isə 15923
avro, magistratura və doktorantura pilləsində
isə 6000-29500 avro təşkil edib. 2010-2011-ci
tədris ilində bu ali məktəbdə Avropa İttifaqına
daxil olmayan ölkələri təmsil edən tələbələrin
təhsil haqqı bakalavr pilləsində 15950 avro
(tələbənin qəbul olduğu məktəbdən asılı olaraq
bu rəqəm dəyişə bilər) təşkil edəcək.
Magistratura və doktorantura pilləsində fakültə
və məktəblərdə ixtisaslara uyğun olaraq müxtəlif
qiymətlər mövcuddur (5000-43000
(Stomatologiya)).
Dünyanın əksər universitetlərində olduğu kimi,
Dublin Triniti Kollecində də dərslərdə yaxşı
nəticələr əldə edən, istedadlı, eləcə də maddi
vəziyyəti çətin olan tələbələrə müxtəlif
təqaüdlər (schols) təklif olunur. Kollecin
məktəblərindən asılı olaraq təqaüdün məbləği də
fərqlənir. 2009-2010-cu tədris ilində yuxarıda
sadalanan göstəricilərə malik tələbələr orta
hesabla 5000 avro təqaüd alıblar. Adətən təqaüd
tələbəyə birinci kursu əlaçı bitirərsə kursun
sonunda və ya ikinci kursda verilir.
Dublin Triniti Kollecinin gəlirləri 2009-2010-cu
ildə 304640000 avro təşkil edib. Həmin vəsaitin
105392000 dövlət qrantları, 88636000 tələbələrin
təhsil haqqı, qalanlarını isə digər gəlirlər
təşkil edib.
Kollecin xərcləri isə həmin il 294892000 avro
olub. Bu məbləğin 214727000 avrosunu akademik və
inzibati xidmətlər, 80165000 avrosunu isə
tədqiqat və layihə xərcləri təşkil edib.
Universitet bu gün
Dublin
Triniti Kolleci Dublin şəhərinin mərkəzində
190000 m2 ərazidə yerləşir. Ali məktəbin
kampusunda inşa edilmiş binalar zəngin memarlıq
nümunələrindən hesab olunur. Burada xüsusi ilə
XVIII-XIX əsrin memarlıq üslublarında inşa
edilmiş tikililər çoxluq təşkil edir. Kollecin
kilsəsi və İmtahan Zalı adlanan binası memar
Uilyam Çembers, muzeyi isə memarlar Tomas
Nyuenhem Din və Benjamin Vudvord tərəfindən inşa
edilib. Binalar və binaların həyəti dördbucaq
formasında olduğundan kampus böyük kvadratlar
şəklindədir (sguares).
Kollecin tibb fakültəsinin yaxınlığında Müqəddəs
Ceyms və Adelaida xəstəxanaları, Milli Uşaq
Xəstəxanası, Molekulyar Tibb İnstitutu, Con
Durkan Leykemiya İnstitutu yerləşir.
Hazırda Dublin Triniti Kollecində 3 fakültə
fəaliyyət göstərir. Hər fakültə bir neçə
məktəbdən ibarətdir. Məktəblər isə öz növbəsində
departament və mərkəzlərə bölünüb.
İncəsənət, humanitar və sosial elmlər
fakültəsinə Biznes, Teatr İncəsənəti, Kino və
Musiqi (Dram və teatr tədqiqatları, Musiqi
departamentləri), Təhsil, İngilis dili, Tarix və
Humanitar Elmlər (Gender və Qadın Problemləri
Mərkəzi, Klassika, İncəsənət tarixi, Tarix
departamentləri), Dillər, Ədəbiyyatlar və
Mədəniyyətlər (Avropa Tədqiqatları Mərkəzi,
Fransız, Alman, İspan, İrland və kelt, İtalyan,
Rus və slavyan tədqiqatları departamentləri),
Hüquq, Linqvistika, Nitq və Əlaqəli Elmlər
(Karlar Mərkəzi, Dil və kommunikasiya
tədqiqatları, Kliniki nitq və dil tədqiqatları
departamentləri), Psixologiya, Sosial Elmlər və
Fəlsəfə (İqtisadiyyat, Fəlsəfə, Siyasi elmlər,
Sosiologiya departamentləri), İctimai Fəaliyyət
və Siyasət, Din, Teologiya və Ecumeniks
məktəbləri daxildir.
Mühəndislik,
riyaziyyat və dəqiq elmlər fakültəsi Biokimya və
İmmunologiya (Biokimya, İmmunologiya
departamentləri), Kimya, Kompüter Elmləri və
Statistika (Kompüter Elmləri, Statistika
departamentləri), Mühəndislik (Vətəndaş,
struktur və ekologiya mühəndisliyi, Elektronika
və elektrotexnika, Mexanika və maşınqayırma
texnologiyası departamentləri), Genetika və
Mikrobiologiya (Genetika, Mikrobiologiya
departamentləri), Riyaziyyat, Təbiət Elmləri
(Ətraf mühitin mühafizəsi, Botanika, Coğrafiya,
Geologiya, Zoologiya departamentləri)
məktəblərindən ibarətdir.
Sağlamlıq haqqında elmlər fakültəsinə
Stomatologiya (Çənə-üz cərrahiyyəsi, ağız
patologiyası və müalicəsi, İctimai və uşaq
stomatoloji sağlamlıq, Möhkəmləndirici
stomatologiya və paradontologiya
departamentləri), Tibb (Qlobal səhiyyə, Səhiyyə
siyasəti və idarəetməsi, Anatomiya, Kliniki
təbabət, Kliniki mikrobiologiya, Gematologiya,
Histopatologiya və patoloji anatomiya,
İmmunologiya, Tibbi gerontologiya, mamalıq və
ginekologiya, Əmək terapiyası, Pediatriya,
Farmakologiya və terapiya, Fiziologiya,
Fizioterapiya, Psixiatriya, İctimai səhiyyə və
ilk yardım, Şüa terapiyası, Cərrahiyyə, Qida və
pəhriz tədqiqatları departamentləri), Tibb
Bacısı və Mamalıq, Əczaçılıq və Farmaseptik
Elmlər məktəbləri daxildir.
Tədqiqatlar aparmaq üçün kollecdə Adaptiv
Nanostruktur və Nanoquruluş (Krann) Mərkəzi,
Beynəlxalq İnteqrasiya Problemləri Tədqiqatları,
Triniti Nevrologiya, Molekulyar Tibb, Ürək-Damar
Elmləri, Triniti Siyasət institutları, Milli
Rəqəmsal Elmi-Tədqiqat, Hərbi Tədqiqatlar,
Platonik Ənənələr Tədqiqatları və s. mərkəzlər
fəaliyyət göstərir.
Dublin
Triniti Kolleci Kitabxanası İrlandiyanın ən
böyük tədqiqat kitabxanasıdır. Bu kitabxanada
4,5 milyon cild kitab, çoxlu sayda xəritə,
tarixi əlyazmalar (ən məşhuru Kell kitabıdır) və
musiqi əsərləri, 30000 elektron jurnal və s.
var. Kitabxananın İnternet səhifəsində 300000
kitab yerləşdirilib. Kolleksiyaların əksəriyyəti
əsasən XVI əsrin sonlarından başlayaraq
toplanıb. 2003-cü ildən Dublin Triniti Kolleci
Kitabxanası hüquqi depozit əldə edib. Həmin
depozitə əsasən kitabxana Böyük Britaniya və
İrlandiyada nəşr edilən istənilən kitabın
nüsxəsini çıxarıb öz kolleksiyasına əlavə etmək
hüququna malikdir. Beləcə, hər il kitabxanaya
100000 yeni nəşr daxil olur. Sentri kitab
anbarında 3 milyondan çox kitab saxlanır. Oxu
zalı 3200 oxucu yerləşdirmək imkanına malikdir.
Zaldakı oxucu yerlərinin hamısı İnternet
şəbəkəsinə qoşulub. Kollecin Qədim
Kitabxanasında kitabların sərgisi təşkil olunur
və buraya hər il yarım milyondan çox insan
gəlir. Bu kitabxana İrlandiyanın əsas
diqqətəlayiq yerlərindən hesab edilir. Dublin
Triniti Kolleci Kitabxanasına ən son əlavə
2003-cü ildə İrlandiyanın prezidenti tərəfindən
açılmış Ceyms Uşer kitabxanasıdır.
Hazırda Dublin Triniti Kollecinin rektoru
ixtisasca fizik olan doktor Con Heqartidir. O bu
vəzifəyə 2001-ci ildə seçilib. Dublin Triniti
Kollecində rektor müəllimlərin və az sayda
tələbələrin səsverməsi nəticəsində seçilir.
Rektorun müavini isə professor Patrik
Prenderqastdır. Qeyd etmək lazımdır ki, Dublin
Triniti Kollecinin birinci rəhbəri nominal
olaraq kansler hesab edilir. Kollecin kansleri
İrlandiyanın sabiq prezidenti və BMT-nin insan
hüquqları üzrə sabiq komissarı xanım Meri
Robinsondur. Bu ali məktəbdə ümumilikdə 2494
nəfər işçi çalışır. Onların 1843 nəfərini
akademik heyət və tədqiqatçı, 651 nəfərini isə
inzibati (kitabxana, xidmət və texniki) heyət
təşkil edir. Uğurlu fəaliyyət göstərən, önəmli
tədqiqatlar aparan işçilər müxtəlif təqaüdlərə
layiq görülürlər. Müəllim və tələbələrə təqaüd
səsvermədən sonra verilə bilər. Təqaüdə layiq
görülən alimlər geniş imtiyazlar əldə edirlər.
Onlara illik əməkhaqqı daxil olmaqla kampus
ərazisində ödənişsiz yaşamaq, qidalanmaq imkanı
yaradılır, alış-veriş edərkən endirimlər olunur.
Dublin
Triniti Kollecində 2009-2010-cu tədris ilində
16215 nəfərdən çox tələbə təhsil alıb. Onların
11009 nəfərini bakalavr, qalanlarını isə magistr
və doktorantlar təşkil edib. Tələbələrin 80%-i
irlandiyalı, 11%-i Avropa İttifaqı üzvü
ölkələrinin nümayəndələri, 1%-i Avropa
İttifaqına daxil olmayan Avropa dövlətlərinin
təmsilçiləri, 8%-i isə dünyanın başqa
qitələrindən olan gənclər olub. Burada
ümumilikdə dünyanın 90 müxtəlif ölkəsindən 2300
əcnəbi tələbə oxuyub.
Dublin Triniti Kollecində tələbə və əməkdaşların
qalmaları üçün yüksək şəraitə malik yataqxanalar
mövcuddur. Kampusda təxminən 700 otaqlıq tələbə
yataqxanaları var. Ən böyük yataqxanalardan
Triniti Holl, Qoldsmit Holl, Botani Bey,
Memorial Building və s. qeyd etmək olar.
Tələbələrin əksəriyyəti Triniti Holl
yataqxanasına üstünlük verir. Otaqların
verilməsində əcnəbi tələbələrin
yerləşdirilməsinə xüsusi diqqət yetirilir.
Yataqxanalarda bir otağın qiyməti 1 semestr
ərzində 1695 avro təşkil edir. Bundan əlavə,
tələbələr kampusdan kənarda kirayə mənzillər
tuta bilərlər, lakin bu onlara bir qədər baha
başa gəlir.
Dublin Triniti Kollecində tələbələrin
həyatlarını maraqlı və rəngarəng keçirmələri
üçün lazımi şərait yaradılıb. Hər hansı bir
gənclər təşkilatının, klubun, cəmiyyətin,
könüllülər dəstəsinin üzvü olmaq kollec
tələbələrinin vaxtlarını səmərəli keçirmələrinə
yardımçı olur. Bu təşkilatlara qoşulmaqla tələbə
özünə iş yeri də tapa bilər.
Bu ali təhsil ocağında zəngin tələbə nəşriyyatı
fəaliyyət göstərir. Ciddi nəşrlərdən başlayaraq
satirik yazılara qədər burada hər şey tapmaq
mümkündür. "Trinity News" 1953-cü ildən çap
edilir və İrlandiyada çıxan ilk tələbə
qəzetlərindən biridir. Həftədə 4 dəfə nəşr
edilən qəzet bütün tədris ili fəaliyyət
göstərir. Bununla yanaşı kollecdə "Piranha"
satirik qəzeti və jurnalı, "TCD Məcmuəsi"
(1895-ci ildən çıxır), "Tibb", "Çardaq"
jurnalları və s. dərc olunur.
Dublin Triniti Kolleci 400 illik təqaüd
ənənəsinə malik dünyanın ən qədim tədris
ocaqlarından biridir. Bu ali məktəb liberal
mühiti təmin edərək fikir azadlığını yüksək
qiymətləndirir, tələbə və müəllimlərə öz
potensiallarını bütünlüklə reallaşdırmağa
imkanlar yaradır. Kollec tədris və tədqiqatları
mükəmməlləşdirmək, hər kəs üçün bərabər inklüziv
təhsil vermək, tələbələrə zəngin təcrübə bəxş
etmək, bəşəriyyətə rifah və fayda gətirmək
məqsədi ilə səylə çalışır.
Universitetin məşhur məzunları
|
Duqlas Hayd |
İrlandiyanın ilk prezidenti |
|
|
Meri Robinson |
İrlandiyanın sabiq 7-ci prezidenti |
|
|
Meri McAlis |
İrlandiyanın hazırkı 8-ci prezidenti |
|
|
Teobald Vulf Ton |
İrlandiya respublikaçılarının atası |
|
|
Eyr Kut |
Yamaykanın general-qubernatoru |
|
|
Edvard Stafford |
Yeni Zellandiyanın sabiq Baş naziri |
|
|
Jaja Uaçuku |
Nigeriyanın ilk xarici işlər naziri |
|
|
Ernest Uolton |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Samuel Bekkett |
yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Conatan Svift |
məşhur yazıçılar |
|
|
Oskar Uayld |
məşhur yazıçılar |
|
|
Bram Stoker |
məşhur yazıçılar |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |