Bakının Nizami rayonundakı Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin istedadlı və bacarıqlı
dərnək üzvləri Ukraynanın Krım vilayətində
yerləşən "Artek" Beynəlxalq Uşaq Mərkəzində IX
Beynəlxalq Uşaq Festivalında iştirak ediblər.
Mərkəzin direktoru Lalə Qətinin bildirdiyinə
görə, kollektiv "Ümid və xeyirxahlıq"
Ümumukrayna fondunun təşkilatçılığı, Ukrayna
Gənclər Nazirliyinin dəstəyi ilə "Dünyanı
yaxşılığa doğru dəyişək" devizi altında 55
ölkənin uşaq kollektivlərinin iştirak etdiyi
festivalda Azərbaycanı təmsil edib. Festivalın
təşkilində əsas məqsəd dünyanı sülhə səsləmək və
müharibə törədilən ölkələrdə əzab çəkən
uşaqların harayına səs verib, bu müharibələrin
qarşısını almaq, uşaq hüquqlarını müdafiə etmək,
bütün dünyada ekologiyanı qorumaq və s.
olmuşdur. Mərkəzin dərnək üzvləri festivalın
proqram çərçivəsindəki bədii proqramlarda,
konsertlərdə və yarışmalarda xüsusi fəallıq
göstəriblər. "Ölkə günü" başlığı altında
keçirilən tədbirdə uşaqlar ölkəmiz, onun
mədəniyyəti və incəsənəti, folkloru və
s.haqqında məlumatları, Təhsil Nazirliyi və
Heydər Əliyev Fondu tərəfindən verilmiş
materialları - Azərbaycan haqqında albom,
buklet və diskləri festival iştirakçılarına
çatdırıblar. Mərkəzin yetirmələrinin əl
işlərindən ibarət sərgi böyük maraqla
qarşılanıb.
Festivalın "Sülh günü" tədbirində isə müxtəlif
ölkələrdən olan uşaqlar sülh və əmin-amanlıq
barədə arzularını ifadə edib, 55 dövləti təmsil
edən sülh elçiləri dünya ölkələrinin
rəhbərlərinə müraciət qəbul ediblər. Dərnək
üzvlərinin göstərdikləri uğurlar festival
təşkilatçıları tərəfindən fəxri fərmanlar və
diplomlarla qiymətləndirilib. Mərkəzin
direktoru Lalə Qətiyə isə ən yaxşı qrup
liderliyinə görə sertifikat təqdim olunub.
Vətənimizi təmsil edən festival iştirakçıları
xoş təəssüratla Azərbaycana qayıdıblar.
Sifai SƏFƏROVA |