Avqustun 30-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Sinqapurda keçirilən
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında
iştirak etmiş idmançıları və mütəxəssisləri
qəbul etmişdir.
Dövlətimizin
başçısı İlham ƏLİYEV Sinqapurda qazanılmış böyük
və inamlı qələbə münasibətilə idmançıları,
məşqçiləri və mütəxəssisləri təbrik edərək dedi:
- Əziz dostlar, mən sizi ürəkdən salamlayıram.
Sinqapurda keçirilmiş yeniyetmələrin birinci
Olimpiya Oyunlarında qazanılmış böyük və inamlı
qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm.
Bu, həqiqətən, böyük qələbədir, Azərbaycan
idmanının təntənəsidir. Bildiyiniz kimi, bu
oyunlarda 204 ölkə öz idmançıları ilə təmsil
olunmuşdur və Azərbaycan idmançıları bu gərgin
yarışda komanda hesabında 11-ci yeri tuta
bilmişlər. Bu, həqiqətən, böyük və tarixi
nailiyyətdir. Azərbaycan artıq dünyanın aparıcı
idman ölkələrinin sırasındadır. Bu qələbə onu
göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün
çox böyük işlər görülmüşdür. İdman hərtərəfli
inkişaf edir. Həm kütləvilik artır, həm də
idmanla məşğul olmaq üçün bütün imkanlar
yaradılmışdır. Gənclərimiz, yeniyetmələrimiz
idmana böyük həvəslə yanaşırlar. İdman
bölmələrinə axın çox güclüdür. Bu, Azərbaycanda
idman sahəsində aparılmış köklü islahatların
nəticəsidir. Mən çox şadam və çox sevinirəm ki,
idmançılarımız bu böyük qələbəni qazandılar.
Bu oyunlar tarixdə qalacaqdır. Hər bir Olimpiya
oyunları idman sahəsində tarixi bir mərhələdir.
Bu oyunlar isə yeniyetmələrin birinci
oyunlarıdır. Siz artıq öz adlarınızı bu şanlı
tarixə yazdırmışsınız. Siz birinci oyunlarda
qələbələr qazanmışsınız. Komandamız oyunlarda
cəmi 12 idmançı ilə iştirak edirdi. On iki
idmançıdan səkkizi medal qazanmışdır. Beş qızıl,
üç gümüş medal böyük və tarixi qələbədir. Mən
sizi bu böyük nailiyyət münasibətilə ürəkdən
təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də,
artıq böyüklər arasında keçiriləcək Olimpiya
oyunlarında, ölkəmizi ləyaqətlə təmsil
edəcəksiniz.
Azərbaycanın Dövlət himni Sinqapurda beş dəfə
səslənmişdir, səkkiz dəfə bayrağımız orada
ucalmışdır. Bu, böyük iftixar hissi oyadan bir
hadisədir. Azərbaycan sürətlə, çox dinamik
inkişaf edən ölkədir. Azərbaycanda bütün
sahələrdə quruculuq işləri aparılır, islahatlar
keçirilir, ölkəmiz dünyadakı mövqelərini
möhkəmləndirir, dünyada böyük və müsbət imicə
malikdir. İdman elə bir sahədir ki, ölkələri
dünya miqyasında təqdim edir. İndi o yekun
nəticələr dərc olunandan sonra hər kəs görəcək
ki, aparıcı ölkələrin sırasına öz gəncləri, öz
idmançıları ilə Azərbaycan da daxildir.
Azərbaycanın çox şanlı və gözəl idman tarixi
vardır. İdmançılarımız Olimpiya oyunlarında
böyük qələbələr qazanmışlar. Hər dəfə medalların
sayı artır. Birinci dəfə biz Atlanta Olimpiya
Oyunlarında müstəqil ölkə kimi iştirak etmişdik.
Orada bir medal qazanıldı. Ondan sonra Sidneydə
3, Afinada 5, Pekində 7 medal qazanıldı. Əminəm
ki, iki ildən sonra keçiriləcək London Olimpiya
Oyunlarında da idmançılarımız Vətənimizi
ləyaqətlə təmsil edəcəklər.
Sizin qələbəniz onu göstərir ki, Azərbaycanda
idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü
şəkildə təmin edilir. Çünki gənc nəslin
yetişməsi idman qələbələrinin əsas şərtidir.
Əgər gənc nəsil idmançılar yetişmirsə, onda
gələcək idman uğurlarından söhbət aparıla
bilməz. Siz idmanımızın ümidlərisiniz. Bir daha
demək istəyirəm ki, siz artıq adlarınızı idman
tarixinə yazdırmışsınız. Ancaq bununla bərabər,
sizin böyük gələcəyiniz vardır və elə
etməlisiniz ki, bu qələbələr sizin üçün bir
mərhələ olsun. Sizin üçün elə bir stimul olsun
ki, əldə edilmiş bu gözəl nailiyyətlə
kifayətlənməyəsiniz. Yəni bu, sizi arxayın
etməməlidir. Siz daim peşəkarlığınızı
artırmalısınız, daim məşq etməlisiniz,
nizam-intizama tabe olmalısınız, məşqçilərin
sözlərinə qulaq asmalısınız ki, gələcəkdə,
bundan sonra uzun illər Azərbaycanı ləyaqətlə
təmsil edəsiniz.
Mən, eyni zamanda bu qələbənin əldə olunmasında
iştirak etmiş bütün insanları da - idmançıların
məşqçilərini, idman mütəxəssislərini təbrik
etmək, onlara minnətdarlığımı bildirmək
istəyirəm. Azərbaycanda idmanla məşğul olan
bütün qurumlar vahid mexanizm, vahid komanda
kimi fəaliyyət göstərir. Milli Olimpiya
Komitəsi, Gənclər və İdman Nazirliyi,
federasiyalar, idman cəmiyyətləri, klublar -
idmana cavabdehlik daşıyan bütün bu qurumlar
məqsədyönlü və əlaqəli şəkildə təşkil olunmuş
fəaliyyətlə uğurlarımızı təmin edirlər.
Azərbaycan nadir ölkələrdəndir ki, burada bütün
idman qurumları bir-biri ilə sıx əlaqədədir. Heç
bir qarşıdurma, heç bir qısqanclıq yoxdur, ola
da bilməz. Çünki hamımız bir məqsədə qulluq
edirik ki, o da Azərbaycanın idman şöhrətini
ucaltmaq və daim beynəlxalq yarışlarda qələbə
qazanmaqdır.
Sizin fəaliyyətiniz Azərbaycan dövləti
tərəfindən yüksək qiymətləndirilir və bu qələbə
layiqincə qiymətləndiriləcəkdir. Bu gün bu
qələbənin təşkilində və əldə olunmasında iştirak
etmiş bütün insanlar - həm idmançılar, həm
onların məşqçiləri mükafatlandırılacaqlar. Bu da
Azərbaycan dövlətinin sizə olan münasibətidir.
Əlbəttə, bu münasibət ancaq mükafatlarla, maddi
amillərlə ölçülmür. Baxmayaraq ki, bu da çox
vacibdir. Bilməlisiniz ki, Azərbaycan dövləti
sizi daim dəstəkləyəcəkdir. Azərbaycan dövləti
ölkədə idmanın inkişafı üçün bütün lazımi
tədbirləri görür və gələcəkdə də görəcəkdir.
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə
yeni-yeni qələbələr və uğurlar arzulayıram.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının
ağırlıqqaldırma üzrə qızıl mükafatçısı Nicat
RƏHİMOV göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına idmançıların
minnətdarlığını çatdıraraq dedi:
- Möhtərəm cənab Prezident!
Bu gün biz çox əlamətdar və tarixi anlar
yaşayırıq. Sizinlə görüş biz idmançılar üçün əsl
bayrama çevrilir. Sizin qarşınızda çıxış
etdiyimə görə böyük qürur hissi keçirirəm.
Bizimlə görüşünüz idmançılara Sizin ən dəyərli
hədiyyənizdir.
Ölkəmizdə idmanın inkişafı, idmanda qazandığımız
nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin adı
ilə bağlıdır. Məhz ulu öndərimizin əvəzsiz
qayğıkeş münasibəti sayəsində Azərbaycanda
idmanın bütün sahələrində güclü inkişaf
başlamışdır. Həmin inkişaf Sizin diqqətiniz və
qayğınız sayəsində bu gün davam etməkdədir.
Hörmətli cənab Prezident! Olimpiya idman
komplekslərinin, stadion və məşq zallarının qısa
bir müddət ərzində tikilib istifadəyə verilməsi
biz idmançılara Sizin tərəfinizdən ən böyük
hədiyyədir. Bunların nəticəsidir ki, biz
idmançılar Yeniyetmələrin I Yay Olimpiya
Oyunlarında yüksək nailiyyətlər qazanaraq,
Vətənimizi beynəlxalq arenada idman ölkəsi kimi
bir daha tanıtdıq. Bu yarışda çox böyük
dövlətləri geridə qoyaraq, 5 qızıl və 3 gümüş
medal qazandıq. Bu yarışda yüksək çıxışlarımız
Azərbaycanda idmanın çox böyük sürətlə inkişaf
etdiyini bir daha sübut etdi.
Hörmətli cənab Prezident! Bu gün qazandığımız
uğurlara görə Sizə minnətdarlığımızı bildiririk.
Mən bir daha hər birimiz adından Sizə böyük
təşəkkürümü bildirirəm və Azərbaycan idmanının
adını ucaltmaq üçün əlimdən gələni edəcəyimə söz
verirəm.
Diqqətinizə görə sağ olun.
Sinqapurda qazanılan böyük qələbə ilə bağlı
sevincini bölüşən yunan-Roma güləşi üzrə məşqçi
İlqar ABDULOV dedi:
- Möhtərəm cənab Prezident!
Bu gün bu görüşdə iştirak etdiyim üçün qürur
hissi keçirirəm. İdmançılarımız Yeniyetmələrin I
Yay Olimpiya Oyunlarında uğurla çıxış etmiş,
Azərbaycan bayrağını yüksəklərə qaldırmış,
Vətənə qələbə ilə qayıtmışlar.
Sizi əmin edirəm ki, yetişdirdiyim idmançıların
zəfər soraqları dünyanın bütün ölkələrindən
gələcəkdir. Bu gün Azərbaycanda, digər sahələrdə
olduğu kimi, gənclərin möhkəm və sağlam inkişafı
Sizin bizə göstərdiyiniz qayğı və diqqət
sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycan
gənclərinin, gələcəyin Olimpiya çempionlarının
yetişdirilməsi üçün bütün lazımi şərait
yaradılmışdır. Beynəlxalq tələblərə cavab verən
olimpiya idman komplekslərinin, stadion və idman
zallarının sayı artmaqdadır. Bunun üçün hər
birimiz - bütün gənclər, bütün idmançılar Sizə
dərin minnətdarlığımızı, səmimi təşəkkürümüzü
çatdırırıq.
Cənab Prezident, bizi qarşıda daha böyük sınaq -
Londonda keçiriləcək XXX Olimpiya Oyunları
gözləyir. Biz idmançılar və məşqçilər adından
Sizi əmin etmək istəyirik ki, inşallah,
idmançılarımız bu yarışdan da, həmişə olduğu
kimi, Vətənə üzüağ dönəcəklər.
Diqqətinizə görə çox sağ olun.
İdmançılara yeni qələbələr arzulayan Prezident
İlham ƏLİYEV görüş iştirakçılarını bir daha
təbrik etdi və tövsiyələrini verərək dedi:
- Sağ olun. Doğrudan da, Azərbaycanda son illər
tikilmiş, istifadəyə verilmiş olimpiya
kompleksləri həm idmanın inkişafı, həm də
kütləviliyin artırılması üçün böyük rol
oynamışdır. Artıq bütün bölgələrdə gözəl, müasir
olimpiya kompleksləri tikilibdir, bəzi
rayonlarda tikinti davam etdirilir, bəzi
rayonlarda isə növbəti illərdə olimpiya
kompleksləri tikiləcəkdir. Çünki Azərbaycanın
bölgələrində çox böyük idman istedadları vardır.
Sadəcə olaraq onları idman bölmələrinə cəlb
etmək və yaxşı şərait yaratmaq lazımdır.
Bildiyimə görə, qaliblərin sırasında bölgələrdən
olan idmançılar da vardır. Bu da çox gözəl
göstəricidir və onu göstərir ki, təkcə paytaxtda
deyil, bölgələrdə də artıq gözəl idmançılar,
gənc idmançılar yetişir. Əminəm ki, gələcəkdə bu
meyillər daha da güclənəcəkdir.
İdman komplekslərinin tikintisi Azərbaycanda
2000-ci ildən başlanmışdır. On il ərzində artıq
30-a yaxın olimpiya kompleksi vardır və 10
kompleks tikilir. Şübhəsiz ki, bu təşəbbüs artıq
öz gözəl nəticələrini göstərmişdir.
Bir məsələni də vurğulamaq istəyirəm.
Sevindirici haldır ki, idmançılarımız bu
medalları müxtəlif idman növlərində qazanmışlar.
Bu medallar həm sərbəst güləş, yunan-Roma
güləşi, həm də ağırlıqqaldırma və boks üzrə
yarışlarda qazanıldı. Yəni bu da gözəl
göstəricidir. Onu göstərir ki, Azərbaycanda
bütün idman növləri inkişafdadır. Bizim üçün
ənənəvi olan güləş idman növü ilə bərabər, digər
idman növləri də inkişafdadır. Bunu həm
yeniyetmələrin bu Olimpiya Oyunları
göstərmişdir, eyni zamanda son illər ərzində
müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa
çempionatlarında Azərbaycan idmançılarının
uğurlu çıxışları da təsdiq edir. Bu, onu bir
daha göstərir ki, Azərbaycanda hər bir sahədə
olduğu kimi, idman sahəsində də inkişaf
çoxşaxəlidir. Həm bölgələrdə inkişaf görünür,
eyni zamanda müxtəlif olimpiya və qeyri-olimpiya
növlərində gözəl idmançılar yetişir.
Mən sizi bir daha ürəkdən təbrik edirəm. Bu
qələbəni Azərbaycan xalqına bəxş etdiyinizə görə
sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir
daha demək istəyirəm ki, biz sizdən yeni
qələbələr gözləyirik. Sizin adlarınız artıq
tarixdədir. Azərbaycan xalqı da artıq sizi yaxşı
tanıyır. Siz elə etməlisiniz ki, daim ölkəmizi
bütün yarışlarda ləyaqətlə təmsil edəsiniz. Bir
daha sizi təbrik edirəm.
Görüşdən sonra xatirə şəkli çəkdirilmişdir.
AzərTAc |