Moskva Dövlət Açıq Universitetinin Bakı
filialının fəaliyyətinə verilmiş 19.11.2007-ci
il tarixli, 031973 N-li xüsusi razılığın
(lisenziya) ləğv olunması barədə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 27.04.2010-cu
il tarixli, 479 N-li əmrinin icrası ilə bağlı
ƏMR EDİRƏM:
1. Akkreditasiya şöbəsi (H.Zərbəliyev) və Hüquq
sektoru (E.Həsənov) "Azərbaycan Respublikasında
bəzi fəaliyyət növlərinə xüsusi razılıq
(lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.5
bəndinə uyğun olaraq 3 gün müddətində Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən Moskva
Dövlət Açıq Universitetinin Bakı filialının
fəaliyyətinə verilən 19.11.2007-ci il tarixli,
031973 N-li lisenziyanın ləğv olunması barədə
onun sahibinə, dövlət vergi xidməti orqanlarına
və Ədliyyə Nazirliyinə məlumat hazırlasınlar.
2. Təhsil Nazirliyinin məlumat bankında adları
olan, Moskva Dövlət Açıq Universitetinin Bakı
filialında təhsil alan və təhsilini Azərbaycanda
davam etdirmək istəyən tələbələrin aşağıda
göstərilən ali təhsil müəssisələrində
təhsillərini davam etdirmələri təmin edilsin:
- "tərcümə və tərcüməşünaslıq", "müəssisənin
iqtisadiyyatı və idarəedilməsi" və
"hüquqşünaslıq" ixtisaslarında təhsil alan
tələbələr - "Odlar Yurdu" Universitetində;
- "idarəetmənin menecmenti" ixtisasında təhsil
alan tələbələr - Bakı Biznes Universitetində;
- "dünya iqtisadiyyatı" ixtisasında təhsil alan
tələbələr - Azərbaycan İctimai-Siyasi
Universitetində;
- "avtomobil və avtomobil təsərrüfatı" və
"ibtidai sinif müəllimliyi" ixtisaslarında
təhsil alan tələbələr isə - Elm və Təhsil
Mərkəzi "Təfəkkür" Universitetində.
3. Aparata (İ.Pirməmmədov) tapşırılsın:
3.1. Təhsil Nazirliyinin məlumat bankına uyğun
olaraq filialda təhsil alan tələbələrin
ixtisaslar və kurslar üzrə adlı siyahısını
müvafiq ali məktəblərə təqdim etsin;
3.2. Aidiyyəti özəl ali məktəb rəhbərləri ilə
birlikdə tələbələrin köçürülməsi ilə bağlı
əmrdən irəli gələn digər tədbirləri həyata
keçirsin.
4. Moskva Dövlət Açıq Universitetinin Bakı
filialının rəhbərliyi:
4.1. Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət
Açıq Universitetinin Bakı filialının
fəaliyyətinə verilən 19.11.2007-ci il tarixli,
031973 N-li lisenziyanın əslini Azərbaycan
Respublikası Təhsil Nazirliyinə təqdim etsin;
4.2. 01.09.2010-cu il tarixə qədər filialda
təhsil alan, təhsili başa çatan, hazırda
müxtəlif səbəblərdən təhsilində fasilə yaranan
şəxslər barədə məlumatı Təhsil Nazirliyinə
təqdim etsin;
4.3. Tələbələrin şəxsi işlərini və qiymət
kitabçasından çıxarışlarını rəsmi olaraq onların
köçürüldükləri ali məktəblərə təqdim etsin.
5. Tələbələrin köçürüldüyü ali təhsil
müəssisələrinin rəhbərlərinə tapşırılsın:
5.1. 2010-2011-ci tədris ili başlanana qədər
tələbələrin şəxsi işlərini və qiymət
kitabçasından çıxarışlarını qəbul etsinlər və
onların tədrisə başlamasını təmin etsinlər;
5.2. Fəaliyyəti dayandırılan filialın pedaqoji
kadrlarını imkan daxilində işlə təmin etsinlər.
6. Nazirliyin müvafiq idarə və şöbələri bu
əmrdən irəli gələn digər tədbirləri həyata
keçirsinlər.
7. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 avqust 2010-cu il |