|
Yerləşir: |
Çin Xalq Respublikası, Pekin şəhəri
|
|
|
Yaranma tarixi: |
1898-ci il |
Tipi: |
Dövlət |
İşçi heyətinin ümumi sayı: |
8000 nəfər |
Tələbələrin ümumi sayı: |
30167 nəfər |
Rəsmi saytı: |
www.pku.edu.cn |
Pekin
Universiteti (Peking University) Çin Xalq
Respublikasının paytaxtı Pekin şəhərində
yerləşir və ölkənin ən aparıcı ali təhsil
ocaqlarından biridir. Pekin Universiteti xalq
arasında "Beyda" adlandırılır.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Pekin
Universiteti 100 ən yaxşı ali məktəb arasında
Nyu-York Universiteti ilə birgə 52-ci yerdə
sıralanıb. 2010-cu ildə dünyanın ən nüfuzlu
universitetləri arasında "Times Higher
Education" jurnalının açıqlamasına əsasən Pekin
Universiteti 37-ci, "QS World University
Rankings"-in açıqlamasına əsasən isə 47-ci yerdə
qərarlaşıb. Çin Xalq Respublikasının özündə
təşkil edilən reytinqlərə görə Pekin
Universiteti ölkədə Tsinxua Universitetindən
sonra ikinci yerdə durur.
Pekin Universiteti Çin universitetlərini
birləşdirən "C9 Liqası"na daxildir. Ali məktəb
Çikaqo Universiteti ilə birgə Şərqi Asiya
İncəsənət Mərkəzi, YUNESKO ilə birgə "Pekin
Universiteti, kompüter qrafikası və dizayn", Çin
mədəniyyəti, tarixi, dili və s. sahələri
yaxından öyrənmək istəyənlər üçün Stenford
Universiteti ilə "Pekində Stenford proqramları"
və "Stenford-Pekin universitetləri yay
proqramları", Kornell Universiteti ilə Çin və
Asiya-Sakit Okean Tədqiqatları, Yel, Vaseda
universitetləri və London İqtisadiyyat Məktəbi
ilə, Miçiqan Ştatı Universiteti ilə birgə
akademik proqramlar və digər bir çox
elmi-tədqiqat layihələrində iştirak edir.
Tarixi
Pekin
Universiteti 1898-ci ilin dekabrında Yüz Gün
İslahatları dövründə yaradılıb və ilkin olaraq
İmperiya Paytaxt Universiteti adı ilə fəaliyyət
göstərib. 1902-ci ildə universitetin hazırda
Pekin Pedaqoji Universiteti kimi tanınan
pedaqogika fakültəsi açılıb.
1912-ci il Sinxay inqilabından sonra İmperiya
Paytaxt Universiteti Pekin Milli Universiteti
adlandırılır. 1917-ci il yanvarın 4-də tanınmış
alim Tsay Yuanpey bu ali təhsil ocağının rəhbəri
təyin edilir. Onun təşəbbüsü ilə Pekin Milli
Universiteti 14 departament və 2000-dən artıq
tələbəsi ilə ölkənin ən böyük ali təhsil ocağına
çevrilir. Alman akademik təhsil modelindən
ilhamlanmış Tsay universitetə Hu Şi, Çen Duxui
və Lu Sin kimi şəxsləri dəvət edir. 1919-cu ilin
mayında Dördüncü May Hərəkatı iştirakçılarının
əsas hissəsini Pekin Milli Universitetinin
tələbələri təşkil edirlər. Beiyanq hökuməti bu
cür hadisələrə son qoymaq məqsədi ilə Tsayı
vəzifəsindən azad edir.
1920-ci ildən başlayaraq Pekin Milli
Universitetinə qızlar qəbul edilirlər. Pekin
Milli Universiteti Nankin Universitetindən sonra
Çində qızların qəbul edildiyi ikinci ali məktəb
olur. 1937-ci il İkinci Çin-Yapon müharibəsi
dövründə Pekin Universiteti Çanşa əyalətinə
köçür və Tsinxua, Nankin universitetləri ilə
birləşdirilərək Çanşa Müvəqqəti Universiteti
adlandırılır. 1938-ci ildə isə ali məktəb Kunmin
şəhərinə köçürülür və burada Milli Cənub-Qərb
Birləşmiş Universiteti adı altında fəaliyyət
göstərir. İkinci Dünya müharibəsi bitdikdən
sonra Pekin Milli Universiteti Pekin şəhərinə
köçürülür. Həmin dövrdə universitetin tərkibində
İncəsənət, Elm, Tibb, Mühəndislik və Kənd
Təsərrüfatı məktəbləri, Humanitar Elmlər
İnstitutu fəaliyyət göstərirdi, tələbələrin sayı
3000-ə qədər artmışdı.
1952-ci
ildə Çin Xalq Respublikası yaradıldıqdan sonra
Yençinq Universiteti Pekin Milli Universiteti
ilə birləşdirilir, Pekin Universitetinin adından
"milli" sözü götürülür. Həmin il universitet
Pekin şəhərinin mərkəzindən Yençinq kampusuna
köçürülür. 1966-cı ildə ali məktəbdə Mədəni
İnqilab baş verir, 1966-1970-ci illər arasında
burada dərslər dayandırılır.
2000-ci ildə Pekin Tibb Universiteti Pekin
Universitetinə birləşdirilərək Pekin
Universitetinin Həyat Elmləri Kampusu
adlandırılır. Həmin kampusda hazırda 8
birləşdirilmiş xəstəxana və 12 klinika fəaliyyət
göstərir. 2001-ci ildə Şençjendə universitetin
peyk şəhərciyi açılır. 2004-cü ildə ali məktəbin
ikinci Biznes Məktəbi yaradılır və bir müddət
sonra həmin məktəbə Beyda HSBC Biznes Məktəbi
adı verilir.
Universitet bu gün
Hazırda Pekin Universitetinin yerləşdiyi Yan
Yuan və Yençinq kampusu Pekin şəhərinin
şimal-qərbində, bir çox kollec və universitetin
cəmləşdiyi Haidian ərazisində fəaliyyət göstərir
və 274 hektar sahəni əhatə edir. Kampusun
yaxınlığında Pekinin tanınmış qədim bağları,
sarayları (Yay Sarayı, Qədim Yay Sarayı)
yerləşir.
Tsin sülaləsinə aid qədim, ənənəvi Çin üslubunda
yaşıllaşdırılmış bağda yerləşən Pekin
Universitetinin ərazisində qədim tikililər,
paqodalar (Budda məbədi) mövcuddur. Kampusa
giriş Şərq, Qərb, Cənub darvazalarından
mümkündür, lakin onların arasında ən məşhuru
divar naxışları ilə işlənmiş Qərb darvazasıdır.
Kampus Veymin gölü ilə əhatə olunub. Pekin
Universitetinin kampusu qonşuluqda yerləşən
Tsinxua Universitetinin kampusu ilə birgə
dünyanın ən gözəl kampuslarından hesab olunur.
Əsas
kampusdan əlavə, Süe Yuan ərazisində
universitetin Sağlamlıq Elmi Mərkəzi yerləşir.
Elmi tədqiqatlar üçün nəzərdə tutulmuş bu
şəhərcik əsas kampusdan fərqli olaraq o qədər də
estetik görünüşə malik deyil. 2001-ci ildə
istifadəyə verilmiş Şençjen kampusu Şençjen
şəhərinin şimal-qərb hissəsində yerləşir.
Şençjen Ali Məktəbi Pekin Universitetinin bu
kampusda fəaliyyət göstərən əsas obyektlərindən
biridir.
Pekin Universiteti bakalavr pilləsində 95,
magistratura pilləsində 199, doktorantura
pilləsində isə 173 sahə üzrə ixtisaslaşmış 30
kollec (Riyaziyyat elmləri, Fizika, Kimya, Həyat
elmləri, Şəhər və Ətraf Mühit elmləri, Yer və
Kosmos, Elektronika və Kompüter elmləri,
Mühəndislik, Proqram Təminatı və
Mikroelektronika, Ekologiya elmləri və Texnika,
Arxeologiya və Muzeyşünaslıq, Xarici dillər,
İncəsənət, Çin dili xarici dil kimi, Beynəlxalq
tədqiqatlar, İqtisadiyyat, Quanqhua İdarəetmə,
Hüquq, Dövlətin idarəolunması, Marksizm,
Jurnalistika və Kommunikasiya, Yuanpey, Qabaqcıl
fənlərarası tədqiqatlar, Təhsil Ali, Şençjen Ali
və s.) və 12 departamentdən (Psixologiya, Çin
dili və ədəbiyyatı, Tarix, Fəlsəfə, Sosiologiya,
İnformasiya idarəetməsi, Bədən tərbiyəsi və s.)
ibarətdir. Burada fundamental elmlərin tədqiqat
və tədrisinin daha yüksək səviyyədə olmasına
baxmayaraq, tətbiqi elmlər də müvəffəqiyyətlə
inkişaf etməkdədir. Hazırda universitetdə 216
institut (Kompüter elmləri və Texnologiyaları,
Genişləndirilmiş Texnologiya, Demoqrafik
Tədqiqatlar, İqtisadi Tədqiqatlar, Sosiologiya
Tədqiqi, Molekulyar Tibb, Kavli Astronomiya və
Astrofizika və s.), 2 Milli Elmi Tədqiqat
Mərkəzi, 12 milli laboratoriya fəaliyyət
göstərir.
Pekin Universitetinin kitabxanası 4,5 milyon
cild kitab və digər materiallara malikdir.
Universitet kitabxanası Asiyanın ən zəngin
kitabxanalarından hesab olunur. Universitetin
ərazisində Universitet tarixi, Artur Sakler
adına İncəsənət və Arxeologiya muzeyləri
mövcuddur. Muzeylərdə Çinin ən qədim
dövrlərindən başlayaraq müxtəlif inkişaf
mərhələlərini əhatə edən dəfn abidələri,
qəbirlər, sərdabələr, insan qalıqları və digər
tapıntılar, olkənin tarixinə aid zəngin
kolleksiya qorunur.
Pekin
Universitetinin administrasiyasına (idarə
olunmasına) Prezident ofisi, Universitet Şurası,
İnkişaf və Planlaşdırma, Tələbə İşləri,
Təhlükəsizlik, Pedaqoji Administrasiya, Elmi
Tədqiqatlar, Sosial Elmlər, Ali Təhsil
(magistratura və doktorantura, diplomdansonrakı
təhsil), Fasiləsiz təhsil, İnsan resursları,
Maliyyə, Beynəlxalq münasibətlər, Laboratoriya
və Təchizatın İdarəolunması, İnformatizasiya,
Logistika Xidməti, Daşınmaz Əmlakın
İdarəolunması, Tikinti, Elm və Texnologiyanın
İnkişafı idarələri, Universitetə Sərmayə Qoyan
Müəssisələrlə İcra Komitəsi, Həmkarlar İttifaqı
daxildir.
Pekin Universitetinin prezidenti 2008-ci ilin
noyabr ayında bu vəzifəyə təyin edilmiş
professor Çjou Qifenqdir. O, həmçinin Çin Elmlər
Akademiyasının akademiki, bir çox mükafatların
laureatıdır. Pekin Universiteti Şurasının sədri,
professor Min Veyfanqdır. Hazırda universitetdə
8000 nəfərdən çox işçi çalışır. İşçilərin 2900
nəfərini professor-müəllim heyəti, 5100 nəfərini
isə inzibati heyət təşkil edir. Ali məktəbin
əməkdaşları arasında 53 nəfər Çin Elmlər
Akademiyasının, 7 nəfər Çin Mühəndislik Elmləri
Akademiyasının və 14 nəfər Üçüncü Dünya Elmlər
Akademiyasının üzvü var. Universitetdə hər bir
əməkdaş üçün kompleks xidmət resursları təklif
olunur, insan resursları proqramları nəticəsində
işçilərin cəlb edilməsi, inkişafı, yüksək
əməkhaqqı, müxtəlif mükafatlarla onların
həvəsləndirilməsi, iş təyinatları və s.
tədbirlər həyata keçirilir. Ali məktəbin əlaçı
tələbələri üçün nəzərdə tutulmuş "Gəns
İstedadlar Planı", "Çeunq Konq Alimlər Proqramı"
və s. proqramlar mövcuddur.
2009-2010-cu
tədris ilində Pekin Universitetində ümumilikdə
30167 nəfər tələbə qeydə alınıb. Onların 15128
nəfərini bakalavr, qalanlarını isə magistr və
doktorantlar təşkil edib. Hər il Pekin
Universitetinə 2000-dən çox əcnəbi tələbə daxil
olur. Onlar əsasən Qərbi Avropa, Avstraliya,
Afrika, Şimali və Cənubi Amerika, Asiyanın bütün
hissələrindən olan gənclərdir. Əcnəbi
tələbələrin məskunlaşdıqları yataqxanalar Şao
Yuan ərazisində yerləşir.
Pekin Universitetində gənclərin həyatı
rəngarəngliyi və zənginliyi ilə seçilir. Burada
200-dən çox tələbə təşkilatı, idman komandaları
və digər birliklər fəaliyyət göstərir. İl
ərzində universitetdə müxtəlif festivallar,
yarışlar, ekskursiyalar, iməciliklər,
konsertlər, ədəbi, mədəni gecələr, müsabiqələr
və s. tədbirlər təşkil olunur. Əcnəbi tələbələr
ölkələrinin mədəniyyətini təcəssüm etdirən sərgi
və digər məclislər hazırlayır. Bu cür tədbirlər
tələbələr arasında dostluq hisslərini, liderlik
bacarığını inkişaf etdirir, gənclərin
dünyagörüşünü artırır, onlara zəngin həyat
təcrübəsi bəxş edir.
Dünya üzrə tanınmış Pekin Universiteti müasir
Çin ədəbiyyatı, poeziyası və incəsənətinə böyük
töhfələr bəxş edib. Fəaliyyəti dövründə
universitet özünü intellektual azadlıq məkanı
kimi tanıdıb. Bu ali təhsil ocağını Lu Sin, Mao
Tzedun, Hu Honqminq, Hu Şi, Li Da-Çjao, Çen
Duxiu kimi dahi şəxslər, eləcə də Nobel
mükafatçıları Yuan Tseh Li, Tzun-Dao Li və Yan
Çen Nin bitirib. Çinin Yeni Mədəni, Dördüncü May
hərəkatları, 1989-cu il Tanyanmen Meydanı yürüşü
və digər əhəmiyyətli hadisələrinin yaranma
nöqtəsi Pekin Universiteti olub. Son yüz il
ərzində universitetin 400-dən çox məzunu Çinin
müxtəlif nüfuzlu ali məktəblərinin prezidenti
vəzifəsində çalışıb (Tsinxua Universitetinin
prezidenti Luo Cialun, Jenmin Universitetinin
prezidenti Yuan Baohua, Jecianq Universitetinin
prezidenti Tsyan Sanqianq, Fudan Universitetinin
prezidenti Çjan Jiranq, Nankin Universitetinin
prezidenti Den Ueizao, Çin Elm və
Texnologiya Universitetinin prezidenti Quan
Ueiyan və s.).
Pekin Universiteti bütün elm və tədris
sahələrinin cəmləşdiyi tədqiqat və təhsil
mərkəzidir. Universitetin məqsədi XXI əsrdə
dünyanın bir nömrəli ali məktəbinə çevrilmək,
Çinin müasirləşdirilməsinə, dünyanın iqtisadi,
sosial və texnoloji inkişafına öz töhfəsini
vermək, yeni-yeni gənc istedadları aşkarlayıb
dünyaya təqdim etməkdən ibarətdir.
Universitetin məşhur məzunları
|
Kai Vu |
Çinin mədəniyyət naziri |
|
|
Bo Silay |
Çinin sabiq ticarət naziri |
|
|
Hu Şi |
Çin Yeni Mədəni hərəkatının lideri
|
|
|
Çen Duxiu |
Çin Kommunist Partiyasının
yaradıcılarından biri |
|
|
Li Da-Çjao |
Çin Kommunist Partiyasının
yaradıcılarından biri |
|
|
Çjan Qotao |
Çin Kommunist Partiyasının
yaradıcılarından biri |
|
|
Luo Cialun |
Dördüncü May Hərəkatının lideri |
|
|
Tzun-Dao Li |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Yan Çen Nin |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Yuan Tseh Li |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Den Jiaxian |
Çində nüvə silahları proqramının aparıcı
təşkilatçısı |
|
|
Lin Yutanq |
yazıçı, ilk Çin yazı maşınının
ixtiraçısı |
|
|
Lu Sin |
tanınmış Çin yazıçısı |
|
|
Şeh Konqven |
yazıçı |
|
|
Syu Beyhonq |
məşhur rəssam, universitetin İncəsənət
Kollecinin dekanı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |