| 
								
								Bu gün biz artıq  İnformasiya Cəmiyyətinin (İC) 
								üzvüyük desək, yəqin  ki, səhv  etmərik.  İC-nin 
								xarakterik xüsusiyyəti informasiya 
								texnologiyalarının (İT) insan həyatının bütün 
								sahələrinə  nüfuzu, informasiya sənayesi və 
								biliklərin intensiv  inkişaf etməsidir.  İC 
								İKT-nin  inkişafı nəticəsində formalaşan yeni 
								tip cəmiyyətdir,  buna  biliklər cəmiyyəti  də  
								deyilir.  Burada insanın rifahının əsas şərti 
								bilik, informasiya və onların səmərəli 
								tətbiqidir.  İC zaman, məkan və siyasi 
								sərhədləri aşaraq  informasiya mübadiləsinə 
								imkan verir. Bu cəmiyyətdə həyat keyfiyyətinin 
								bütün parametrlər üzrə  yüksəlməsi üçün elmə 
								əsaslanan  mühüm  ictimai qərarlar qəbul edilir. 
								İnformasiya Cəmiyyəti müxtəlif mədəniyyətlərin 
								qarşılıqlı inikasına,  hər bir toplumun 
								özünütəsdiqinə də imkan verir. İC-də kapital  və 
								işçi qüvvəsindən  əlavə,  bilik də  istehsalın 
								əsas amilinə çevrilir.  Müasir  şəbəkə 
								texnologiyaları iqtisadiyyatın strukturunu 
								dəyişməklə bərabər, zaman və məkan anlayışlarına 
								yeni məna verir. 
								
								İC şəraitində təhsilin statusu  daha  da 
								yüksəlir. Təhsil sisteminin  vəzifəsi  
								iqtisadiyyatın inkişafını stimullaşdırmaq,  
								cəmiyyətin və əmək bazarının sürətlə dəyişən 
								tələblərinə uyğun olaraq mütəxəssis hazırlığını 
								təmin etməkdir. Məlum olduğu kimi, qlobal təhsil 
								sistemi  sənayeləşmə dövründə  xeyli inkişaf 
								etmiş, həmən  dövrün  sosial sifarişini əsasən 
								yerinə yetirə bilmişdir. Lakin  bu təcrübə və 
								yaradılmış elmi-pedaqoji  baza  İC-də az 
								yararlıdır, köhnə təcrübəyə və problemlərə yeni 
								yanaşma gərəkdir.  Digər tərəfdən, təhsilin  
								sənayeləşmə dövründən yığılıb qalan  bir  xeyli  
								problemləri  də var ki, İC  şəraitində yeni 
								formada təzahür edir.   Ümumiyyətlə, müasir  
								təhsildə xeyli mürəkkəb ziddiyyətlər,  
								paradokslar və həlli çətin  məsələlər var. 
								Görünür, bu səbəbdən  təhsil problemləri 
								bəşəriyyətin bir çox dühalarının daim diqqət 
								mərkəzində olmuşdur. Albert Eynşteyn  Jan 
								Piajeyə göndərdiyi  məktubunda yazırdı: "Sizin, 
								uşaqlarda təfəkkürün formalaşması proseslərini 
								öyrənməyiniz  çox təqdirəlayiqdir.  Bir  alim 
								kimi Sizin cəsarətinizə heyranam. Bizim həll 
								etdiyimiz mürəkkəb fiziki problemlər,  Sizin  
								tədqiq etdiyiniz uşaqlarin təhtəlşüur və şüur 
								sirləri ilə müqayisədə oyun-oyuncağı 
								xatırladir".  
								
								Elmin bir çox sahələrində son əsrdə ciddi 
								inkişaf olsa da,  insan şüuru, təfəkkürü və 
								təlimi sahəsinin  tədqiqində ciddi irəliləyişlər 
								nəzərə çarpmır. Bu gün texnologiyaların sürətli 
								inkişafı  fonunda insan şüurunun dəyişmə tempi 
								çox zəifdir. Görünür, bu səbəbdən müasir təhsil 
								sistemi yeni texnologiyaların inkişaf tempi ilə 
								heç cür ayaqlaşa, İT-nin yaratdığı böyük 
								imkanlardan  səmərə ilə istifadə edə bilmir. 
								 
								
								Klassik pedaqogikanın, tədris metodikalarının 
								yaxın keçmişdəki elmi  tövsiyələri müasir 
								informasiya - təhsil məkanında, dəftər-kitaba  
								az  meyilli olan,  rəqəmsal düşüncəli yeni nəsl 
								"indiqo" uşaqların  təliminin təşkilində az 
								səmərə verir. Belə vəziyyətdə  müəllimlərin 
								peşə  fəaliyyəti  xeyli mürəkkəbləşir.  Başqa 
								sözlə,  köhnə təcrübə yeni şəraitdə faydasız 
								olur, bəzən maneçilik də  törədir. Yeni şərait 
								yeni problemlər  yaradır, yeni vəzifələr müəyyən 
								edir,  yeni yanaşmalar tələb edir. Bu amillər  
								təhsilin bütün  pillələrində innovasiyaların 
								yaradılması və tətbiqini  zəruri edir. Ona görə 
								də  hər bir ölkənin təhsil islahatları 
								innovasiyalara əsaslanmalı, gələcəyə yönəlməli 
								və qabaqlayıcı  xarakter daşımalıdır. 
								 
								
								Bu gün İKT-nin inkişafı inqilabi xarakter 
								daşıyır. BMT-nin  qəbul  etdiyi   "Qlobal  
								İnformasiya Cəmiyyətinin Okinava Xartiyasi"  
								sənədində  qeyd edilir: "İKT XXI əsrdə  
								cəmiyyətin formalaşmasına  təsir edən mühüm 
								amillərdəndir.  İKT  insanların  həyat tərzinə,  
								təhsilinə,  peşə fəaliyyətinə, hökumət və 
								vətəndaş  cəmiyyətinin qarşılıqlı 
								münasibətlərinə ciddi təsir edir.  İKT dünya 
								iqtisadi inkişafının mühüm  stimuluna çevrilir.  
								İKT  hamının  qarşısında  inkişaf  üçün böyük  
								imkanlar açır".  
								
								İC  qloballaşma  prosesləri  ilə də  sıx 
								əlaqəlidir.   Bu gün bir çox dəyişikliklər 
								qloballaşma fonunda baş verir.  İqtisadi 
								fəaliyyətin yeni mühiti -  qlobal şəbəkə 
								iqtisadiyyatı və elektron  kommersiya 
								xidmətləri  sürətlə inkişaf edir. Distant əmək 
								münasibətləri inkişaf edir.  Belə şəraitdə bir 
								çox ölkələr texnoloji inkişafı hədəf seçərək, 
								az  zaman  kəsiyində intensiv sosial-iqtisadi 
								inkişafa  nail ola bilmişlər. Hələ 1997-ci ildə 
								Dünya Bankının proqnoz  ssenarisində qeyd 
								edilirdi: "Təhsil islahatları, təhsil 
								investisiyaları,  yeni texnologiyalar yaxın 
								gələcəkdə  inkişaf  etməkdə olan ölkələrin 
								iqtisadi inkişafına güclü təkan verəcək. Rusiya, 
								Çin, Hindistan, İndoneziya, Braziliya kimi 
								ölkələr  2010-2015-ci  illərdə  dünya  qlobal 
								iqtisadiyyatında  söz  sahiblərinə  
								çevriləcəklər". Bu  proqnozun  həyata  
								keçməsinin artıq  biz şahidiyik.  
								
								İC tələblərinə uyğun olaraq  Azərbaycan  
								Respublikasının iqtisadi inkişaf strategiyası  
								xammala əsaslanan iqtisadiyyatdan yüksək 
								texnologiyalara, innovasiyalara əsaslanan 
								iqtisadiyyata keçidi nəzərdə tutur. Enerji 
								resurslarının ixracından əldə edilən vəsaitlər 
								qeyri-neft sektorunun formalaşmasına, insan 
								kapitalının inkişafına yönəlir. Ölkəmizdə 
								reallaşan "qara qızılı insan kapitalına 
								çevirmək" siyasəti  dünyanın müasir inkişafı  
								meyillərinə uyğundur, çünki bu gün hər  hansı 
								ölkənin zənginliyi onun insanlarının təhsil 
								səviyyəsi ilə ölçülür. Azərbaycan 
								Respublikasının Prezidenti cənab  İlham Əliyevin 
								qeyd  etdiyi kimi: "İnsan kapitalı inkişaf etmiş 
								ölkələrin indiki durumunu müəyyən edən amildir. 
								Həmin ölkələr təbii resurslar hesabına yox, 
								intellektual potensiala, yeni texnologiyaların 
								icad olması, tətbiqinə görə inkişaf edirlər. Biz 
								də bu yolu seçməliyik".   
								
								Cəmiyyətin innovativ inkişaf ideyası bir çox 
								ölkələrin inkişaf strategiyasının əsasını təşkil 
								edir. Ölkənin innovativ inkişafı sənaye əsaslı 
								iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata 
								keçidini təmin edir.  İnkişaf etmiş ölkələrdə 
								ÜDM artımının 80%-ni  yeni texnologiya, 
								avadanlıq və istehsalatın təşkili prosesində 
								istifadə edilən innovasiyalar təşkil  edir.  Bu 
								səbəblərdən müasir dünyada elm, təhsil, 
								innovasiyalar və bunların  əsasında  yaradılan 
								elmtutumlu məhsullar iqtisadi inkişafın əsas 
								amilləridir. XXI əsrdə elmi-texniki ideyalar, 
								elmtutumlu məhsullar, yüksək texnologiyalar, 
								kadrların intellektual və təhsil potensialı 
								millətin, dövlətin rəqabətədavamlılığını, onun 
								innovasiya qabiliyyətini, dayanıqlı iqtisadi 
								inkişafın əsasını  təşkil edir.  
								
								İnnovasiya amili İC-ə keçidin maraqlı bir 
								xüsusiyyətini aşkar edir: bu gün daha çox elmi 
								informasiya istehsal edən ölkələrlə yanaşı, bu 
								informasiyadan səmərəli istifadə, praktikada 
								operativ tətbiq edən ölkələr də intensiv inkişaf 
								edir.  Çin, Yaponiya, Cənubi Koreya və s.  
								ölkələrin innovativ inkişafında bu amil aydın  
								sezilir. Sənaye və biznes üçün innovativ 
								biliklərin, informasiyaların hansı regionda 
								yaranmasının əhəmiyyəti yoxdur (elmin vətəni 
								olmaz), əsas bu ideyalardan tez və səmərəli 
								istifadə bacarığıdır.  İnnovasiya  yeni  
								informasiyadan,  elmi nailiyyətdən, ixtiradan 
								pul qazanmaq, əqli əməyin məhsulunu bazarda 
								sərfəli şəkildə sata bilmək qabiliyyətidir. Bu 
								gün  innovasiyalar İnternet vasitəsilə 
								informasiyanın, intellektual tutumlu məhsulun 
								elektron ticarəti olaraq, İC-də  intellektual  
								sahibkarlığın  mühüm  növü kimi qlobal fəaliyyət 
								meydanına çevrilməkdədir.  
								
								İnkişaf etmiş ölkələrdən  fərqli olaraq  keçid  
								dövrünü  yaşayan ölkələrdə innovativ fəaliyyəti  
								əngəlləyən bir sıra problemlər var: müvafiq 
								qanunverici bazanın olmaması,  sənayedə texniki 
								və texnoloji  yeniliklərə tələbatın zəif olması, 
								təbii sərvətlərə əsaslanan iqtisadiyyatın mühüm 
								rol oynaması, elm və təhsilin qlobal inkişaf 
								tempindən geridə qalması, "əyalət xarakterli 
								olması" və s. Bu problemlərin həllinə  isə 
								xeyli  vaxt lazımdır, lakin biliklərə əsaslanan 
								iqtisadiyyatın yaradılması üçün  bu  zəruridir. 
								 
								
								Məlum olduğu  kimi, ölkəmizdə iqtisadiyyat 
								sahəsində keçid dövrü artıq başa çatmışdır. 
								Deməli, bundan  sonrakı mərhələdə  elm və  
								təhsilin inkişafı üçün daha  əlverişli maliyyə  
								imkanları  yaranır.  "Azərbaycan Respublikasında 
								2009-2015-ci illərdə elmin inkişafı üzrə  Milli 
								Strategiya"  qəbul edilmişdir. Bu sənəddə qeyd 
								edilir ki, elm və texnologiyanın inkişafı, 
								qabaqcıl innovasiya sisteminin yaradılması  və 
								tətbiqi dövlət siyasətinin strateji 
								məqsədlərindəndir.  Strategiyanın məqsədləri 
								kimi  elmi tədqiqatların və innovasiya 
								siyasətinin səmərəsini artırmaq, ölkəni 
								texnoloji cəhətdən modernləşdirmək, insanın bu 
								və ya digər sahədəki fəaliyyət səmərəsinin  
								yüksəldilməsinə yönələn innovasiyalardan  geniş 
								istifadə   məsələləri xüsusi  qeyd edilmişdir. 
								Strategiyanın mühüm bölmələrindən biri  elm, 
								təhsil və istehsalın inteqrasiyası məsələlərinə 
								həsr edilmişdir. Bu bölmədə qeyd edilir ki, 
								İC-də mükəmməl bir sistemin tərkib hissələri 
								kimi elm, təhsil və istehsalatın inteqrasiyası  
								biliyə əsaslanmalıdır.    
								
								İqtisadi   inkişaf  ölkədə insan  potensialının 
								formalaşmasını  təmin  edən ali təhsilin və 
								öyrənmənin  fasiləsizliyini təmin edən əlavə 
								təhsilin innovativ inkişaf sistemi olmadan 
								mümkün deyil.  Biliklərə əsaslanan iqtisadiyyata 
								keçidin təmin edilməsində universitetlərin mühüm 
								rolu var.  Milli  innovasiya sisteminin 
								formalaşmasında, inkişafında,  cəmiyyətin 
								innovativ səviyyəsinin yüksəldilməsində, 
								innovasion mədəniyyətin formalaşmasında  
								universitetlər  lider olmalıdırlar. Bilik, 
								informasiya dünya təhsil sisteminin 
								inkişafında   həlledici   amilə çevrilir. 
								 
								
								İC  insan fəaliyyətinin bütün sahələrini 
								transformasiya etdiyi kimi,  dünya təhsil 
								sisteminə,  xüsusən də  ali təhsil sisteminə 
								ciddi təsir göstərməkdədir.  İnformasiya 
								məkanında universitetlər  elm və innovativ 
								inkişaf mərkəzlərinə çevrilirlər, bu zaman əsas 
								məqsəd təhsil innovasiyalarının yaradılması və 
								yayılmasıdır.  Təhsil   innovasiyası - 
								universitet   fəaliyyətinin  keyfiyyəti  və 
								rəqabətədavamlılığının  yüksəldilməsi məqsədi 
								ilə yeni  yaradılmış  və  ya təkmilləşdirilmiş 
								pedaqoji  təyinatlı son məhsuldan istifadədir.  
								Universitetdə  innovativ proses yeniliklərin  
								yaradılması, tətbiqi, yayılması istiqamətində 
								kompleks fəaliyyət olub,  elmi tədqiqatların,  
								idarəetmə qərarlarının,  maddi-texniki 
								infrastrukturun  yaradılması və inkişafını 
								nəzərdə tutur.  Universitetin innovativ 
								fəaliyyəti təhsil mühitinə yeni və səmərəli 
								elementlərin  daxil edilməsinə imkan verən 
								məqsədyönlü dəyişiklikdir.  Bu tip fəaliyyət 
								təhsildə  məzmunun,  formanın,  metodların, 
								texnologiyaların,  vasitələrin,  idarəetmə 
								sistemlərinin inkişafı və səmərəsinin 
								yüksəldilməsinə xidmət edir.  Universitetin 
								innovativ fəaliyyəti  nəticəsində 
								rəqabətqabiliyyətli  kadrlar  hazırlamaq mümkün 
								olur.  
								
								Universitetin  rəqabətqabiliyyətli  müasir 
								təhsil müəssisəsi kimi  formalaşması üçün  onun 
								fəaliyyəti  təlim-tərbiyə və elmi-tədqiqatla 
								yanaşı  innovativ fəaliyyət  istiqamətini də 
								əhatə etməlidir.   İnnovasiyalar  universitetin 
								bütün struktur bölmələrinin  fəaliyyətində mühüm 
								amil olmalıdır.  Bunun  üçün  zəruri  hallarda  
								universitetin  tərkibində  innovasiya yönümlü 
								əlavə infrastruktur bölmələrinin yaradılması 
								məqsədəuyğundur.  Bu infrastruktur bölmələrin 
								əsas məqsədi innovativ məhsulların yaradılması 
								və tətbiqindən ibarət olmalıdır.  
								
								Universitetlərin təkamülü cəmiyyətin inkişafı 
								ilə sıx  bağlıdır.  Əgər  50 il əvvəl 
								universitet  təhsilinin  əsasını  klassik 
								universitetlər  təşkil  edirdisə,  bu gün təhsil 
								bazarında Biznes-Universitetlər  üstünlük təşkil 
								edir.  Biznes-Universitetlərin   "istehsal 
								etdiyi  məhsullar"   klassik  ali peşə təhsili 
								ilə yanaşı,  həm  də genış spektrdə elm-təhsil 
								xidmətlərini   əhatə  edir. 
								Biznes-Universitetlər   dövlət və özəl sektordan 
								aldığı sifarişlər əsasında layihələr  icra  
								edirlər. Universitet  əməkdaşlarının yerinə 
								yetirdikləri belə layihələrin   nəticələri 
								elmtutumlu  yeni məhsul kimi bazara təqdim 
								edilir. Bu məhsullar sırasında "elmi-tədqiqat 
								təcrübi konstruktor işləri"nin nəticələri,  
								"tətbiqi elmi-tədqiqat işləri"nin nəticələri  və 
								s.  qeyd edilə bilər.   
								
								Müasir universitetin inkişaf strategiyası   
								innovasiyalara əsaslanmalıdır. Universitetin 
								yeniliklərə, innovasiyalara açıq olması, 
								innovativ inkişaf yolunu tutması onun sürətlə 
								inkişaf edən  qlobal tələblərə uyğunlaşması, 
								rəqabətədavamlı olması üçün mühüm şərtdir.   
								Belə universitetlər davamlı olaraq  elm-təhsil 
								prosesinin məzmununu,  texnologiyasını 
								təkmilləşdirərək  inkişaf  edirlər.  Müasir 
								universitetlərə xas olan geniş muxtariyyət,  elm 
								və təhsil proseslərinin vəhdəti, məhsuldar 
								innovativ fəaliyyət,  sənaye və bizneslə möhkəm 
								əlaqələrin qurulması   XX əsrin sonuna yaxın 
								sürətli elmi-texniki inkişafı təmin etmişdir. 
								 
								
								Universitetin innovativ inkişafı innovasiyaların 
								və innovativ fəaliyyətin universitet 
								fəaliyyətinin bütün sferalarına sistemli tətbiqi 
								prosesidir. Universitetin  inkişafının innovativ 
								xarakteri onun fəaliyyət nəticələrinin 
								innovasiyalar hesabına təmin edilməsidir. 
								İnnovativ inkişaf informasiya cəmiyyətində 
								universitetin rəqabətədavamlı olması, dinamik 
								inkişafı üçün əsas şərtdir.  Burada  ənənə və 
								yeniliyin mübarizəsi, vəhdəti, sinergetik  
								inkişafı məsələləri  özünü göstərir.    
								 
								
								İnnovativ  təhsilin mahiyyəti belə ifadə edilir: 
								"Keçmişin  arxasınca qaçmamalı, gələcəyi 
								yaratmalı". İnnovativ  təhsil tədrisdə 
								innovasiyaların yaradılması, inkişafı, 
								yayılmasına istiqamətlənmiş proses kimi 
								xarakterizə edilir.  İnnovativ təhsil  ənənəvi 
								təhsilin informasiya cəmiyyəti  tələbləri  
								səviyyəsinə transformasiya  edilməsi 
								("layihələnməsi"),  onun  İC texnologiyaları ilə 
								reallaşması  deməkdir. Bu  zaman təhsildə  
								müəllimin rolu və statusunun dəyişməsi, onun 
								məsləhətçi tyutor funksiyası daşıması, təhsil  
								vasitəsi ilə cəmiyyətin texnoloji,  
								sosial-iqtisadi  sifarişinin  reallaşması 
								müşahidə  edilir.   
								
								İstənilən universitet innovativ inkişaf yolunu 
								seçə bilməz,  bunun üçün universitetin müvafiq 
								kadr potensialı olmalıdır. Universitetlərin 
								inkişafının yeni strategiyasının 
								formalaşmasında  innovasiyaların   
								sistemyaradıcı  funksiyası  var. Universitetin 
								innovativ fəaliyyəti onun struktur bölmələrinin 
								innovativ fəaliyyətinin təşkili və 
								əlaqələndirilməsi mexanizminin yaradılnmasını 
								tələb edir.   
								
								Universitetin innovativ fəaliyyəti aşağıdakı üç 
								istiqamətdə reallaşa bilər. 
								
								1. Universitetdə innovasiyaların yaradılması  
								onun  fəaliyyətinin  innovativ inkişaf amili 
								kimi. 
								
								2. Universitetdə innovasiya fəaliyyətinin 
								tədrisi innovasiya üzrə kadr hazırlığı amili 
								kimi. 
								
								3. Universitetin  təhsil fəaliyyəti 
								innovasiyaların dəstəklənməsi və inkişafı amili 
								kimi.      
								
								İnkişaf etmiş ölkələrin iqtisadiyyatında  bu  
								gün tədqiqat universitetləri aparıcı mövqeyə 
								malikdirlər. Onların gəlirlərinin mühüm hissəsi 
								təhsil xidmətləri hesabına deyil, innovativ 
								fəaliyyət hesabına formalaşır. Qabaqcıl 
								universitetlərdə  aparılan tədqiqatlar 
								nəticəsində Akademik İnnovasion Universitet 
								(AİU) konsepsiyası hazırlanmış, ənənəvi 
								universitetlərin  innovasion universitetlərə 
								transformasiya texnologiyası yaradılmışdır.  
								Bunun üçün müəyyən mühit və resurslar lazımdır. 
								 
								
								Akademik İnnovasion Universitetlərin  mühüm 
								xüsusiyyətləri aşağıdakı kimidir: 
								
								1. Problemyönümlü, layihəyönümlü, fənlərarası 
								təhsil texnologiyalarının tətbiqi ilə elm və 
								tədris prosesinin vəhdəti əsasında innovativ 
								təhsilin yaranması. 
								
								2. Elmi məktəblər bazasında mütəxəssislərin 
								keyfiyyətli hazırlanma sisteminin formalaşması. 
								
								3. Elm, təhsil və innovasiya  fəaliyyətinin 
								inteqrasiyası. 
								
								4. Universitetdaxili   korporativ mədəniyyət və 
								rəqabət mühitinin formalaşması. 
								
								5. Dövlət idarəetməsi, dövlət-ictimai idarəetmə 
								və özünüidarənin səmərəli əlaqələndirilməsi  
								əsasında universitetin müasir menecmentinin  
								formalaşması, yeni vəzifələrə uyğun təşkilati 
								strukturların yaradılması. 
								
								6. Universitetlərin müxtəlif maliyyələşmə 
								mənbələrinin müəyyənləşməsi, universitetin 
								elm-təhsil xidmətləri  sektorunda  sahibkarlıq 
								subyekti kimi formalaşması. 
								
								7. Universitetin ölkədaxili və xarici mühitlə 
								qarşılıqlı əlaqələrini təmin edən mükəmməl  
								infrastrukturunun  formalaşması.  
								
								İC-də   innovativ universitetlər sürətlə inkişaf 
								edirlər.  İC-də   universitetlərin təşkilati 
								strukturu bu gün  istehsalat müəssisələri 
								strukturlarını  xatırladır. İnnovativ  
								universitetlər  elm,  təhsil və  istehsalat 
								kompleksi  kimi fəaliyyət göstərərək  təhsil, 
								istehsalat  və biznes strukturlarını  özündə 
								üzvi  şəkildə  birləşdirir. Yüksək elmi 
								potensiala malik belə universitetlər  müxtəlif 
								elmi və biznes ideyalar irəli sürür,  öz 
								tərkibində  olan texnoparklarda  və  
								biznes-inkubatorlarda  bu  ideyaları  praktik 
								olaraq reallaşdırırlar.  Tanınmış  şirkətlər  
								bu  universitetlərdə  öz  elm və istehsalat 
								şöbələrini yaradırlar.  Bu  universitetlərin 
								mənfəətinin  mühüm hissəsi elm və innovasiyalar 
								hesabına formalaşır,  bu  dövriyyə yüz milyon  
								dollarlarla hesablanan bir  məbləğdir. 
								 
								
								İC-nin  inkişafı  universitetlərin  fəaliyyət 
								xarakterini,  inkişaf strategiyasını, idarəetmə 
								sistemini də dəyişdirir. Universitetlərin 
								təşkilati strukturunda yeni bölmələr yaranır: 
								"Texnopark"lar, "Təhsil keyfiyyətinin 
								menecmenti"  departamenti,  "Marketinq" 
								departamenti, "Elektron təhsil" departamenti, 
								"İnformasiya sistemləri və proqram təminatının  
								yaradılması və istismarı"  departamenti kimi 
								yeni bölmələrin yaradılması nəticəsində  
								universitetlərin fəaliyyəti  və  idarə edilməsi 
								daha çox   istehsalat müəssisəsini  xatırladır. 
								Universitet rəhbərliyi  tərəfindən səmərəli 
								idarəetmə qərarlarının qəbulu və dəstəklənməsi 
								"Təhsilin avtomatlaşdırılmış idarəetmə 
								informasiya sistemləri" proqram kompleksi 
								olmadan mümkün deyil.  Belə sistemlər əvvəllər 
								əsasən istehsal və xidmət müəssisələrində 
								tətbiq  edildiyi halda, bu gün "Elektron 
								Universitet" sistemi kimi  inkişaf etmiş bütün 
								universitetlərdə  uğurla  tətbiq edilir.  
								Təhsildə innovasiyaların yaradılması və tətbiqi 
								universitetin bazar iqtisadiyyatı şəraitində 
								maliyyə imkanlarını artırmaqla  yanaşı, 
								innovativ universitet modeli qurmağa imkan 
								verir.  
								
								
								İlham ƏHMƏDOV, ADPU-nun dosenti
 |