Noyabrın 9-10-da Bakıda "XXI əsrdə Müstəqil
Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT) ölkələrində mədəniyyətlərin və
dillərin dialoqu" mövzusunda VI Beynəlxalq forum
keçirilib. Forum MDB Dövlətlərarası Humanitar
Əməkdaşlıq Fondunun dəstəyi ilə Moskva Dövlət
Linqvistik Universiteti (MDLU) və Bakı Slavyan
Universiteti (BSU) tərəfindən təşkil olunmuşdur.
Müstəqil
Dövlətlər Birliyinin 20 illik yubileyinə və MDB
ölkələrinin dil və mədəniyyətlər üzrə Baza
Təşkilatının yaradılmasının 10 illiyinə həsr
olunmuş tədbir plenar və sessiya iclasları
şəraitində keçib.
Bu forum MDB və ŞƏT ölkələri humanitar mühitinin
siyasi, hüquqi, iqtisadi, sosial və mədəni
aspektləri, çoxdilli humanitar mühitində
dillərin və mədəniyyətlərin dialoqu; rus dili
millətlərarası ünsiyyət vasitəsi kimi; ədəbi
tərcümələr - mədəniyyətlər və dillər arasında
qarşılıqlı təsir vasitəsi kimi; dini təhsil -
MDB və ŞƏT ölkələrinin dünyəvi və dini tədris
müəssisələri arasında dialoq vasitəsi kimi
məsələlərin müzakirəsinə həsr olunub.
Noyabrın 9-da BSU-da forumun açılışı olub.
Mərasimdə MDLU-nun rektoru, professor
İ.İ.Xalayeva, MDB-nin İcra Komitəsinin sədri
S.N.Lebedev, MDB Parlamentlərarası
Assambleyasının Mədəniyyət və İnformasiya Daimi
Komissiyasının katibi K.A.Pşenko, Nəsimi Rayon
İcra Hakimiyyətinin başçısı N.Məhəməliyev,
Azərbaycan Respublikası təhsil nazirinin müavini
İ.Hüseynova, Minsk Dövlət Linqvistik
Universitetinin rektoru, professor N.P.Baranova,
Kiyev Milli Linqvistik Universitetinin rektoru,
professor R.V.Vasko və başqaları çıxış ediblər.
Çıxışlarda xalqlar arasında dostluq və
əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
məqsədilə keçirilən forumun əhəmiyyətindən söz
açılıb.
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın
müxbir üzvü, professor K.Abdullayev çıxış edərək
BSU-nun belə bir möhtəşəm tədbirə ev sahibliyi
etdiyindən məmnunluğunu bildirib. Qeyd edib ki,
Bakı Slavyan Universiteti Azərbaycanda rus,
slavyan və Avropa mədəniyyəti ocağı kimi
Rusiyanın və digər MDB ölkələrinin elmi-mədəni
mərkəzləri ilə dostluq və əməkdaşlıq
əlaqələrinin inkişafında və genişlənməsində
böyük xidmət göstərir. Biz bu görüşə çox şadıq
və əminik ki, bu forum MDB məkanında humanitar
əlaqələrin möhkəmlənməsinə, təhsil ocaqlarımız,
tələbə və müəllimlərimiz arasında birbaşa
münasibətlərin qurulmasına yardım edəcəkdir.
Forumda xüsusi əhəmiyyət kəsb edən məqamlardan
biri də Rusiya, Ukrayna, Belarus, Moldova,
Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan
və Azərbaycanın tədbirdə iştirak edən
universitetləri arasında MDB-nin iştirakçı
dövlətlərinin humanitar təhsil sahəsində
əməkdaşlığın gələcək inkişafı barədə
memorandumun imzalanması olub. Eyni zamanda Bakı
Slavyan Universiteti ilə Kiyev Milli Linqvistik
Universiteti, Minsk Dövlət Linqvistik
Universiteti və Rusiya-Tacikistan (Slavyan)
universitetləri arasında əməkdaşlıq haqqında
müqavilə imzalanıb. Müqaviləyə əsasən, adları
çəkilən universitetlərdə Azərbaycan dili və
mədəniyyəti mərkəzlərinin açılması nəzərdə
tutulur.
Forumun gedişi zamanı Birlik ölkələrində dil və
mədəniyyətlərə dair MDLU tərəfindən hazırlanmış
tədris materiallarının sərgisi təşkil olunub.
Noyabrın 10-da Moskva Dövlət Linqvistik
Universiteti mütəxəssisləri tərəfindən BSU-da
videokonfrans formatında ustad dərsləri keçilib.
Dil və mədəniyyətlərin öyrənilməsində yeni
maarifləndirici texnologiyaların səmərəli
istifadəsinə dair elmi-metodoloji seminarlar
aparılıb. Regionşünaslıq, dilçilik, tərcümə və
mədəniyyətlərarası ünsiyyət mövzusunda
mühazirələr oxunub.
Şakir CƏFƏROV |