Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva noyabrın 11-də Ağdam rayonunda məcburi
köçkün ailələri üçün yeni qəsəbədə 440 şagird
yeri olan 18 nömrəli Ağdam rayon orta məktəbinin
açılışında iştirak etmişlər.
Dövlətimizin
başçısı açılışı bildirən lenti kəsdi, burada
yaradılmış şəraitlə tanış oldu.
Prezident İlham Əliyevə qəsəbənin baş planı
nümayiş etdirildi.
Məlumat verildi ki, ikimərtəbəli məktəb binası
müasir üslubda inşa olunmuşdur. Birinci
mərtəbədə Ağdam rayonu ərazisində tapılmış
tarixi arxeoloji eksponatlardan ibarət sərgi
vardır. Məktəbin birinci mərtəbəsində sinif
otaqları ilə yanaşı, yeməkxana, fizika və
riyaziyyat kabinetləri yerləşir. Kitabxanada isə
klassik və müasir Azərbaycan, habelə dünya
ədəbiyyatı nümunələri toplanmışdır.
Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər
Əliyev və Prezident İlham Əliyevin təhsilə
diqqət və qayğısını əks etdirən fotoguşələr
yaradılmışdır. Burada akt zalı, fizika və
biologiya kabinetləri təşkil olunmuşdur.
Məktəbdə Heydər Əliyev Fondunun təhsillə bağlı
həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs
edən guşə də vardır. Tarix, Azərbaycan dili və
gənclərin çağırışqabağı hazırlığı, kompüter
otaqları, fənn kabinetləri və laboratoriya ən
müasir tədris avadanlığı ilə təchiz edilmişdir.
İdman zalında isə basketbol, güləş və voleybol
məşğələləri keçiriləcəkdir. Prezident İlham
Əliyev burada gənc idmançıların nümunəvi
çıxışlarını izlədi.
Dövlətimizin başçısına məlumat verildi ki,
qəsəbənin ərazisində inşa olunmuş 50 yerlik uşaq
bağçasında geniş və işıqlı otaqlar, müxtəlif
oyun zalları, məktəbəqədər hazırlıq şöbəsi
vardır.
Qəsəbənin mərkəzində ayrıca inzibati bina da
vardır və müxtəlif yığıncaqların keçirilməsi
üçün 152 yerlik iclas zalı olan klub-icma
mərkəzi inşa edilmişdir.
Məktəblə tanışlıqdan sonra xatirə şəkilləri
çəkdirildi.
AzərTAc |