| 
								
								Müstəqil bir ölkə kimi özünün inkişaf 
								istiqamətlərini qloballaşan dünyanın qəbul 
								etdiyi prinsiplər üzərində quran Azərbaycanda 
								təhsilimizin həm məzmun, həm də formaca 
								dəyişməsi uğurla həyata keçirilir. Zamanın 
								tələbini nəzərə alaraq dərslərimdə təlimin 
								inkişafetdirici üsullarından, müasir 
								texnologiyalardan, interaktiv metoddan istifadə 
								etməyə çalışıram. Bu sahədə gördüyüm işdən 
								S.S.Axundovun "Qaraca qız" hekayəsinin təhlili 
								əsasında bəhs etmək, fikir mübadiləsi etmək 
								istərdim. 
								
								 Mövzunun 
								tədrisinə hazırlaşarkən, ilk növbədə, dərsin 
								məqsədini müəyyənləşdirirəm: şagirdlərdə məntiqi 
								mühakimə yürütmək, təhlil etmə, əqli nəticə 
								çıxarma bacarıqları və ümumiləşdirmə 
								vərdişlərini formalaşdırmaq; məktəblilərdə dosta 
								sədaqət, iradəlilik, insanpərvərlik hisslərini 
								inkişaf etdirmək; şagirdlərin obrazlı və tənqidi 
								təfəkkürünü inkişaf etdirmək. 
								
								Müəyyənləşdirdiyim məqsədə nail olmaq üçün 
								karusel, Venn dairələri, rollu oyunlar, söz 
								assosiasiyaları, diskussiya kimi üsulları seçir, 
								işçi kağızları, kartoçkalar, sənətkarın şəkli, 
								əsərdən şəkillər (bədii filmdən), proyektor 
								hazırlayıram. 
								
								Dərsi diskussiya ilə başlayır, sinfə - 
								"S.S.Axundov kimdir" - sualı ilə müraciət 
								edirəm. 
								
								- Süleyman Sani Axundov Azərbaycanın görkəmli 
								yazıçısıdır. O, Qori Seminariyasını bitirmiş, 
								Bakıda məktəb direktoru işləmişdir. Məktəb və 
								qiraətxanaların açılmasında fəal iştirak 
								etmişdir. Axundov gözəl əsərlər yazmışdır. 
								
								- Biz sənətkarın hansı hekayəsini öyrəndik? 
								
								- "Qaraca qız" hekayəsini. 
								
								- "Qaraca qız" əsərində nədən danışılır? 
								
								- Bu hekayədə bütün insanlara məhəbbətlə yanaşan 
								bir qızın dostu uğrunda fədakar ölümü təsvir 
								edilib. 
								
								- Əsərdə hansı obrazlar var? 
								
								- Hekayədə Qaraca qız, Ağca xanım, Yasəmən, 
								Yusif, Hüseynqulu ağa, Rəhim bəy, Pəricahan 
								xanım, Piri baba kimi surətlər var. 
								
								- Surətləri neçə yerə bölə bilərsiniz? Niyə? 
								
								- Surətləri müsbət və mənfi olaraq 2 qismə 
								bölərik. Qaraca qız, Ağca xanım, Yasəmən, Piri 
								baba müsbət surətlərdir. Onlar sadəqəlbli, 
								xeyirxah, əməksevərdirlər. Pəricahan xanım, 
								Hüseynqulu ağa, Yusif kimi surətləri mənfi hesab 
								edirik. 
								
								Bu obrazlar kobud, özlərindən razı, xəbis və 
								lovğadırlar.  
								
								Obrazların təhlilində karusel üsulundan istifadə 
								edirəm. Şagirdlər 5 qrupa bölünür. Hər qrupa bir 
								işçi kağızı təqdim edilir. İşçi kağızında 
								obrazın adı yazılır. Kağız iki yerə bölünür. 
								Şagirdlər birinci tərəfə müsbət keyfiyyətləri, 
								digər tərəfə mənfi cəhətləri qeyd edirlər. 
								Birinci qrup bir cəhəti qeyd edir, işçi vərəqini 
								digər qrupa ötürür. Nəticələr lövhəyə vurulur. 
								Məlumatlar oxunduqca qruplara imkan yaradılır 
								ki, bir-birinin fikrinə etiraz və ya əlavə 
								etsinlər. 
								
								Şagirdlərin obrazlara münasibətini tam açmaq 
								üçün "Kimdir günahkar" adlı kiçik bir məhkəmə 
								təşkil olunur. 
								
								Lövhəyə beş şagird çağırıram. Birinci şagird 
								Ağca xanım, II şagird Pəricahan xanım, III 
								şagird Hüseynqulu ağa, IV şagird Piri baba, V 
								şagird Yusif, qalan şagirdlər isə ittihamçı 
								rolunda çıxış edir, onları Qaraca qızın ölümündə 
								ittiham edirlər. Mühakimə olunanlar özlərini 
								müdafiə etməyə çalışırlar. Təşkil olunan bu 
								məhkəmə şagirdlərin tənqidi təfəkkürünü inkişaf 
								etdirir, özünü müdafiə etmə bacarığını 
								formalaşdırır, "məhkəmə" yekunlaşdırılır. 
								
								"Əsərdəki uşaqların hansı hüquqları pozulur" - 
								sualı ilə sinfə müraciət edirəm, müzakirə 
								başlanır. Şagirdlər uşaqların istirahət, ailədə 
								yaşamaq, tibbi yardım almaq, azad söz demək və 
								s. hüquqlarının pozulduğunu müəyyən edirlər. 
								
								Sonra 3 nəfər yazı taxtasında işləyir. Birinci 
								şagird məntiqi ardıcıllıqlar üzərində iş aparır. 
								
								İkinci şagird Venn dairələri üzərində iş aparır. 
								Venn dairələrində öz dostu ilə Qaraca qızı 
								müqayisə edir.  
								
								Üçüncü şagird ağ və qara sözləri ilə 
								assosiasiyalar yaradır: ağ günlər, ağ yalan, ağ 
								qızıl, qara bəxt, qara günlər, qara fikirlər, 
								qara niyyət və s. 
								
								Lövhədə iş gedən zaman yerdəki şagirdlərdən 
								istedadlı olanlar Qaraca qız və Ağca xanımın 
								şəklini çəkirlər. Digər şagirdlər "Əsər mənə 
								nəyi öyrətdi" adlı kiçik inşa yazırlar. 
								
								Lövhədəki iş yoxlanılır və qiymətləndirmə 
								aparılır. Şagirdlərin şəkilləri nümayiş 
								etdirilir. Sənətkarın təsviri ilə şəkillər 
								müqayisə edilir. Proyektor vasitəsilə portretlər 
								nümayiş olunur.  
								
								İnşalar oxunur, əsərin tərbiyəvi əhəmiyyəti 
								araşdırılır.  
								
								
								Nazlı İSMAYILOVA,Qax şəhər N.Allahverdiyev adına
 2 nömrəli orta məktəb-liseyin müəllimi
 |