"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanunu insan kapitalına yüksək dəyər verilən
ölkəmizdə təhsilin keyfiyyətini yüksəltməyi,
onun məzmununa və təşkilinə qloballaşma,
informasiyalaşdırma tələbləri baxımından
yanaşılmasını zəruriləşdirir. Qanunun 11-ci
maddəsində əksini tapmış tələblərə görə,
təhsilalanlar dövrün tələblərinə və şəraitinə
uyğunlaşmalı, rəqabətqabiliyyətli olmalı,
informasiya cəmiyyətində yaşayıb fəaliyyət
göstərməyə, ünsiyyət yaratmaq bacarığına
yiyələnməli, fasiləsiz təhsil almalı, müasir
standartlara uyğun gələn biliklərə və
dünyagörüşünə, yüksək intellektual səviyyəyə və
praktik iş qabiliyyətinə, yeni texnologiyaya
yiyələnməlidirlər...
Bu mühüm dövlət sənədinin təhsil pillələri
qarşısında qoyduğu vəzifələr bütövlükdə
cəmiyyətin gələcək inkişafına istiqamətlənmiş
təlim, tərbiyə problemlərinin həlli ilə
bilavasitə bağlıdır. Son nəticə olaraq
yüksəkixtisaslı, milli-bəşəri mənəvi-əxlaqi
dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların
hazırlanıb həyatda səmərəli fəaliyyət
göstərmələri bir sıra məsələlərin həllini, özü
də əlaqəli, kompleks həllini tələb edir:
1. "Təhsil haqqında" Qanunun qarşıya qoyduğu
tələblər dərindən öyrənilməli, təhsilin
sosial-tarixi məqsədi aydın təsəvvür olunub
konkretləşdirilməlidir.
2. Təhsil fasiləsiz olduğu kimi, təhsil
pillələri arasında fəaliyyət məqsədi sabit
olmalı, bu məqsədə çatma yolunda axtarışlar
intensiv, sistemli şəkildə aparılmalıdır.
3. İnsan həyatının bütün sahələri ilə bağlı
bütün ictimai, iqtisadi, xidmət və mədəniyyət
sferaları üçün hazırlanacaq kadrların
ixtisaslaşma məkanı olan təhsil pillələrində -
orta ixtisas və ali təhsil müəssisələrində
pedaqoji kadrların təhsili dünya standartlarına
müvafiq qurulmalıdır.
Deməli, təhsilin bütün pillələrində təlim və
tərbiyə prosesinin səmərəliliyi pedaqoji
kadrların elmi səviyyəsindən, pedaqoji
ustalığından, pedaqoji etikaya bələdliyindən, ən
əsası, pedaqoji sahədə işə praktik hazırlığından
asılıdır.
Buradan da pedaqoji təcrübənin ali məktəblərdə
müəllim hazırlığında əhəmiyyəti və rolu bir daha
bütün parametrlərdə aşkara çıxır.
Pedaqoji təcrübə ali (orta ixtisas) məktəbin
tədris planında xüsusi yeri olan bir prosesdir.
İlk üç semestr ərzində ixtisas fənlərinin,
pedaqogika və psixologiyanın əsaslarına
yiyələnən bakalavr və subbakalavrlar
qazandıqları nəzəri bilik, metodik məlumatlar,
pedaqoji və psixoloji dəyərlərlə praktik
fəaliyyət meydanına qədəm basırlar. Özü də bu
təhsil mərhələsinə başlama ali (orta ixtisas)
məktəb rəhbərliyinin, elmi (pedaqoji) şura
üzvlərinin bir növ şahidliyi, metodik
tövsiyələri ilə başlayır. Əslində pedaqoji
təcrübə bütövlükdə təhsil müəssisəsi
professor-müəllim (orta ixtisas məktəblərində
pedaqoji kollektiv) heyətinin müəyyən mərhələ
üzrə elmi-pedaqoji əməyinin nəticələrini
aşkarlayacaq bir vasitədir. Üstəlik, pedaqoji
təcrübə sabahın müəllim kadrlarının bu peşəyə
layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq
bir fəaliyyət sahəsidir, müəllim hazırlığı
formalarından biridir.
Əslində təcrübə sosial sərvətdir və pedaqoq
olacaq gənclərin pedaqoji təcrübə prosesi iki
mahiyyətlidir:
1. Tələbələr bu prosesdə məktəb müəllimlərinin
tədris sistemini müşahidə etməklə, dərslərində
iştirak etməklə bu sosial-pedaqoji dəyərlərə
yiyələnirlər.
2. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq
və vərdişləri tətbiq etməklə özlərini bu
prosesdə sınayır, uğurlu sınaq və zaçot dərsləri
ilə bir sinif məkanında, kiçik qrup miqyasında
həmin sosial sərvətin zənginləşməsinə öz
töhfələrini verirlər.
Pedaqoji təcrübə çox genişmiqyaslı təlim və
təhsil prosesinin imtahan və zaçotlarda yoxlamaq
və qiymətləndirmək mümkün olmayan tərəf və
məqamlarının nəticələrini öyrənməkdə, müşahidə
etməkdə, həyat-məktəb meydanında aşkara çıxarıb
qiymətləndirmədə, təhsilin qalan sonrakı
mərhələlərində boşluqları doldurub problemləri
korrektə etməkdə çox faydalı, etibarlı, sınanmış
bir forma, vasitə və amil kimi əhəmiyyət
daşıyır.
Pedaqoji təcrübənin səmərəli təşkilində müxtəlif
amillər əhəmiyyət daşıyır. Bunlardan biri
pedaqoji təcrübənin təşkilinə və keçirilməsinə
məktəb rəhbərliyinin nəzarətidir.
Mövcud pedaqoji ədəbiyyatda məktəbdaxili
nəzarətin məqsədi məktəb strukturuna aid olan
sahələrin işinin məzmunu ilə bağlanır, hər bir
konkret şərait üçün müəyyənləşdirildiyi qeyd
olunur.
Təhsilin humanistləşdirilməsi,
demokratikləşdirilməsi, dünyəviləşdirilməsi
istiqamətlərində axtarışların genişləndirildiyi
bir zamanda məktəbə nəzarətin sisteminə daxil
olan tərəflərin də dəyişdirilməsinə ehtiyac
duyulur. Belə ki, pedaqoji ədəbiyyatda nəzarət
ediləcək sahələrə icbari təhsil; ayrı-ayrı
fənlərin tədrisi; dövlət proqramlarının yerinə
yetirilməsi; şagirdlərin bilik, bacarıq və
vərdişlərinin səviyyəsi; sinifdənxaric və
məktəbdənkənar tədbirlər; ailə və ictimaiyyətlə
iş; məktəbin maliyyə-təsərrüfat fəaliyyəti və s.
daxil edilir. Həmin mənbədə sahələrdən biri
"metodik iş, qabaqcıl təcrübənin öyrənilməsi və
ümumiləşdirilib yayılması" kimi formula
edilmişdir. İllik nəzarət məsələləri
planlaşdırılarkən məhz pedaqoji təcrübənin
başlanılmasından başa çatdırılana qədərki
dövrünün nəzarəti də nəzərə alınmalıdır.
Məktəb işlərinə nəzarətin bir sıra tələbləri
vardır. Professor N.Əhmədovun "Məktəbdaxili
nəzarətin forma və metodları" (Bakı, 1988)
kitabında nəzarətə verilən tələblər kimi
aşağıdakılar qeyd və şərh olunmuşdur:
səmərəlilik, işin keyfiyyət və səmərəsinin
yüksəldilməsi üçün stimul olması, təsirlilik,
elmilik, faktların doğruluğu və mötəbərliliyi,
planauyğunluq, məqsədyönümlülük, sistematiklik,
əhatəlilik, perspektivlik, prinsipiallıq,
aşkarlıq və s.
Müşahidələrimizdən aydın olur ki, heç də bütün
məktəblərdə məktəbdaxili nəzarətin sistemi dərs
ilinin lap əvvəlindən planlaşdırılmır. Bu
problemin bir tərəfidirsə, başqa bir tərəf
pedaqoji təcrübəyə gələnlərin fəaliyyəti ilə
bağlı məsələlərin məcmusudur.
Metodist müəllim, pedaqoji rəhbər və
təcrübəçilərin məktəbə gəlişi, əslində, tədris
müəssisəsində məsuliyyət və yaradıcılıq
əhvali-ruhiyyəsi doğurmalıdır. Məktəb
rəhbərliyi, pedaqoji kollektiv bunu ali məktəb
(orta ixtisas) rektorluğunun (direktorluğunun),
tədris hissəsinin, fakültə dekanlığının orta
məktəb kollektivinə inamı, etibarı kimi qəbul
etməlidirlər. Deməli, orta və ali (orta ixtisas)
məktəbi arasında birgə fəaliyyət imkanı yaranır.
Bu imkandan istifadə etməklə ümumilikdə təhsil
sistemi qarşısında duran vəzifələrdən bir
neçəsini reallaşdırmaq olar. Əsasnamə və
nizamnaməyə görə, direktor təcrübəyə gələnləri
şəxsən qarşılamalı, pedaqoji rəhbər və metodist
müəllimi dinləyib təcrübə vaxtını
dəqiqləşdirməli, sınaq və zaçot dərslərinin
təşkilini bilavasitə direktor müavininə həvalə
etməklə özü nəzarət etməlidir.
Məktəb direktorluğu təcrübəçi tələbələrin normal
çalışmaları, müşahidə aparmaları üçün, ilk
növbədə, sinif üçün əlverişli şərait
yaratmalıdır.
Məktəb rəhbərliyinin məktəbdaxili nəzarət
formaları pedaqoji ədəbiyyatda
ümumiləşdirilmişdir. Buraya tematik, frontal,
xəbərdarlıqlı, şəxsi, ardıcıl, icmal,
sinif-ümumiləşdirici, iki-üç müəllimin eyni
ixtisas üzrə eyni mövzuda dərsini öyrənmək,
qarşılıqlı dərs dinləmə kimi formalar daxildir.
Bu nəzarət formaları ümumilikdə məktəb üçün,
pedaqoji kollektiv üçün xarakterik olub, tətbiq
edilə bilər. Pedaqoji praktika zamanı məktəb
rəhbərliyi (direktor, tədris işləri üzrə müavin)
ümumilikdə pedaqoji təcrübənin gedişinə
pedaqoji-psixoloji baxımdan müsbət təsir
göstərmək üçün frontal nəzarətdən istifadə edə
bilər. Bunun üçün direktor pedaqoji rəhbər və
metodist müəllimlə məsləhətləşib təhsildə
seçilən iki-üç tələbə - təcrübəçinin dərslərini
frontal nəzarətə götürmək istəyini bildirə
bilər. Ümumi razılıqdan sonra frontal nəzarət
planı tərtib edilir. Təcrübəçinin gündəliyi,
icmalı ilə rəhbərlik tanış olur; onun iki-üç
sinifdə dərslərini dinləyir; müəllimin yeni
təlim texnologiyalarından, interaktiv və
inteqrativ metodlardan istifadə bacarığını
aşkara çıxarır; sonrakı dərslərdə iştirak edərək
təcrübəçinin keçdiyi mövzuların mənimsənilmə
səviyyəsini aşkara çıxarır; ayrı-ayrı
şagirdlərin ev tapşırığı dəftərlərini yoxlayır;
tələbənin məktəbin ictimai həyatında
fəaliyyətini öyrənir; onun şagirdlərlə apardığı
işlərlə maraqlanıb şagirdlərlə söhbət edir;
tələbə-təcrübəçinin pedaqoji və elmi
ədəbiyyatları mütaliə səviyyəsi ilə maraqlanır;
özünütəhsili və peşəyə marağını aşkarlayır.
Təbii ki, bu proses seçmə yolu ilə
reallaşdırılır. Məktəb rəhbərliyi, pedaqoji
rəhbər və metodist müəllim birliyinin həyata
keçirdiyi bu cür iş:
- pedaqoji təcrübə iştirakçılarının məsuliyyət
hissini artırır;
- təcrübəçi tələbələrin təhkim olunmuş
müəllimlərlə - gələcək həmkarları ilə sistemli
şəkildə iş aparmaq hissini dərinləşdirir;
- şagirdlərdə pedaqoji təcrübəyə gələnlərin
işinə ciddi münasibət aşılayır;
- ümumilikdə pedaqoji təcrübənin daha səmərəli,
effektli, yaradıcı təşkilinə güclü təsir
göstərir.
Təbii ki, bu işin ən dəyərli məqamlarından biri
tələbənin yaxşı işinin ümumməktəb üzrə qabaqcıl
təcrübənin bir faktı kimi dəyərləndirilib
sənədləşdirilməsi, "Təcrübəçi tələbələrin
dərsləri" adlı stend tərtib olunması, təcrübənin
sonunda belə gənclərə yazılı təşəkkürnamələrin
təqdim olunmasıdır.
Qabaqcıl məktəblərin bu sahədəki müsbət
təcrübəsi ilə tanışlıq, ayrı-ayrı fənn
müəllimlərinin dərslərini müşahidə, keçirilmiş
təcrübələrlə bağlı ali məktəblərin sənədlərinin
öyrənilməsi göstərir ki, pedaqoji təcrübə də
məktəbdaxili nəzarətdən kənarda qalmamalıdır.
Deməli:
- pedaqoji təcrübənin səmərəliliyi onun təşkili
və keçirilməsi üçün əlverişli şərait yaradılması
ilə bağlıdır;
- pedaqoji təcrübənin effektivliliyi müəllim
olmağı peşə seçmiş gənclərin hazırlığı
mərhələsində bacarıqlı, yaradıcı müəllimlərin
iştirakı təsirli və əhəmiyyətlidir;
- təcrübəçi tələbələrə məktəb rəhbərliyi və fənn
müəllimlərinin müsbət münasibəti onların sınaq
və zaçot dərslərinin normal və qaydasında
keçilməsi üçün mühüm amillərdəndir;
- müəllimlərin dərslərində fəal iştirak edən, öz
dərslərini müasir tələblər səviyyəsində keçən,
şagirdlərlə maraqlı tədbirlər təşkilinə nail
olan tələbələrin pedaqoji təcrübəsinin məktəb
rəhbərliyi tərəfindən qabaqcıl təcrübə faktı
kimi dəyərləndirilib məktəb foyesində stend kimi
sənədləşdirilməsi sonrakı illərdə pedaqoji
təcrübəyə gələnlərin səmərəli çalışmaları üçün
mənəvi stimuldur;
- pedaqoji təcrübəni uğurla başa vuran
tələbələrlə bağlı məktəb kollektivinin ali
məktəb rəhbərliyinə, fakültə dekanlığına razılıq
məktubları gələcək müəllimlərdə peşəyə maraq və
meyili dərinləşdirən psixoloji faktora
çevrilir.
Azad ABDULLAÜEV,
Astara Pedaqoji Kollecinin direktor müavini |