Ölkə Prezidentinin "Azərbaycan Respublikasında
təhsil sisteminin təkmilləşməsi haqqında" 13
iyun 2000-ci il tarixli 349 saylı Fərmanı
müstəqil dövlətin bütün sahələri üzrə təhsil
sisteminin təkmilləşməsi, yenidən qurulması üçün
hərtərəfli imkanlar yaratmışdır. Bu imkanlardan
istifadə etmək, Fərmandan irəli gələn vəzifələri
yaradıcılıqla həyata keçirməkdən ötrü təhsil
işçilərindən yüksək dərəcədə məsuliyyət və
bacarıq tələb olunur.
Respublika Təhsil Nazirliyi tərəfindən
ixtisasartırma təhsilinin yenidən qurulması,
onun forma və məzmununun təkmilləşdirilməsinə
aid bir neçə əmr verilmişdir. Təhsil naziri
"Pedaqoji kadrların ixtisasının artırılması
prosesinin təkmilləşdirilməsi barədə" 2000-ci il
tarixli 163 saylı və "Dayaq məntəqələri
mexanizminin tətbiqi" ilə bağlı 17 oktyabr
2000-ci il tarixli 953 saylı əmrlər
imzalamışdır.
Pedaqoji işçilərin təkmilləşməsi prosesinin
məzmunlu təşkili üçün dayaq məntəqələrinin
düzgün seçilməsi lazımdır. Dayaq məntəqələri
təşkil olunduğu məktəblərin müasir binası,
zəngin fənn kabinetləri, laboratoriyaları,
tədris emalatxanaları, idman qurğuları, kompüter
texnologiyası, zəngin kitabxanası olmalıdır.
Tədris bazası (proqram, dərslik, dərs
vəsaitləri), təhsil göstəriciləri yüksək
olmalıdır. Dayaq məntəqələri respublika
miqyasında təhsildə yüksək göstəricilərə malik,
şagirdlərinin müvəffəqiyyəti ən azı 70-75 faiz
olan təhsil müəssisələrində yaradıla bilər.
Dayaq məntəqələrində təkmilləşən
müəllim-pedaqoji işçi yenilikləri mənimsəyir və
onu öz fəaliyyətində yaradıcılıqla tətbiq
etməklə şagirdlərinə yüksək keyfiyyətli bilik
vermək bacarığını inkişaf etdirir.
"Öyrədənlərin öyrədilməsi" üçün seçilən qabaqcıl
müəllimlərdən başqa yerlərdə gənc, təcrübəsi az
olan, təlimdə zəif nəticələrlə işləyən
müəllimlərlə iş aparmaq, onların ehtiyaclarını
öyrənmək kimi nisbətən mürəkkəb məsələlərin
həllində dayaq məntəqələrinin imkanları
yetərincədir. Bu sahəni öyrənmək üçün AMİ və
onun filiallarının rayon təhsil şöbələri
metodmərkəzlərinin işçilərinin üzərinə böyük
vəzifələr düşür.
Respublikamızda uğurla həyata keçirilən təhsil
islahatı şəraitində digər ümumtəhsil məktəbləri
ilə yanaşı, Təhsil Nazirliyinin bilavasitə
tabeliyində olan məktəblərdə də fəaliyyət
göstərən dayaq məntəqələrində diqqəti cəlb edən
maraqlı işlər az deyildir. Dayaq məntəqələrinin
fəaliyyətinə diqqətin artırılması təsadüfi
deyildir. Şübhəsiz, məktəbdə təlim-tərbiyə
prosesinin keyfiyyəti, ilk növbədə, müəllimlərin
metodik hazırlıq səviyyəsindən, yəni bu və ya
digər səmərəli üsul və metodları düzgün seçmək
və onlardan istifadə etmək qabiliyyəti və
bacarığından daha çox asılıdır.
Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan
məktəblərdə pedaqoji kadrların
ixtisasartırılması və təkmilləşdirilməsi
istiqamətində aparılan fəaliyyətləri
istiqamətləndirmək, ixtisasartırma təhsilində
yeni mexanizmlərin tətbiqi ilə əlaqədar olaraq
2006-2007-ci tədris ilindən etibarən "Gözdən
əlil və zəifgörən uşaqlar üçün Respublika
internat-məktəbdə tərbiyəçilərin dayaq məntəqəsi
fəaliyyət göstərir. Azərbaycan Müəllimlər
İnstitutunun rektorunun əmrinə müvafiq olaraq
məktəbdə "Fəal və interaktiv təlim-tədris
üsulları"na dair seminar-treninqlər keçirilmiş,
"Fəal və interaktiv təlim-tədris üsulları"
başlığı altında xüsusi guşələr yaradılmış,
məktəb üzrə əlaqələndiricilər
müəyyənləşdirilmiş, "açıq dərs"lərin
keçirilməsinə diqqət artırılmışdır. Müəllimlərin
ixtisasartırma təhsili sistemində yeni
mexanizmlərə keçidlə əlaqədar məktəbdaxili
ixtisasartırma təhsilinin təşkilinə diqqət
yetirilir.
Yenidən qurulmuş və müasir tələblər baxımından
zəngin fənn kabinetləri, maddi-texniki bazaya
malik olan yeni tipli təhsil müəssisələrində, o
cümlədən internat-məktəblərdə tədrisin
keyfiyyətinin artırılması istiqamətində də
məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycan Müəllimlər İnstitutu ilə Gözdən əlil
və zəifgörən uşaqlar üçün Respublika
internat-məktəbin rəhbərlikləri arasında (dayaq
məntəqəsi üzrə koordinator Xalidə Sadıqovadır)
yaranmış əməkdaşlığa əsasən məktəbin pedaqoji
kollektivinə əməli metodik köməkliyin
göstərilməsi, müəllimlərin ixtisasartırma
təhsilinə və təkmilləşmə prosesinə cəlb
edilməsi, müasir təlim metodları və
texnologiyaların tətbiqi ilə bağlı seminar və
treninqlərin keçirilməsi, qabaqcıl pedaqoji
təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə
"açıq dərs"lərin təşkilinə köməklik
göstərilməsi, respublika tabeliyində olan
internat-məktəblərin tərbiyəçiləri üçün dayaq
məntəqəsinin imkanlarından yetərincə istifadə
olunur.
Görülmüş işlər öz bəhrəsini verməkdədir. İlk
dəfə olaraq məktəbdə "açıq dərs"lərin
keçirilməsinə başlanılmış və bu iş uğurla davam
etdirilir. Məktəbin biologiya müəllimi Səbirə
Sadıqovanın X sinifdə, riyaziyyat müəllimləri
Leyla Abdullayevanın V sinifdə, Kifayət
Seyidovanın III sinifdə, Azərbaycan dili və
ədəbiyyat müəllimləri Firəngiz Hüseynovanın IX
sinifdə, Sübhiyyə Musayevanın IV sinifdə, Bülbül
Süleymanovanın VI sinifdə, Famil Hacıyevin, Əsəd
Hümbətovun VII siniflərdə "açıq dərs"ləri təşkil
olunmuş və onlara lazımi metodik köməklik
göstərilmişdir.
Dayaq məntəqələrində təkmilləşmə işini səmərəli
təşkil etmək üçün AMİ və onun filiallarının
nəzdində yaradılmış yüksəkixtisaslı
mütəxəssislərdən ibarət ekspert məsləhətçi
qrupların fəaliyyəti əsas məsələlərdən biridir.
Bu qruplar texniki vəsaitlərin köməkliyi ilə
yaradılmış informasiya bankında olan məlumatları
zənginləşdirir və müəssisələrə sifarişlər verir.
Dayaq məntəqələrində aparılan işləri bu və ya
digər mövzuların müəllimlərə çatdırılması ilə
məhdudlaşdırmaq olmaz. Bura gələn müəllimlərin
şəxsi təhsilinə kömək edilməli, üzərində
işlədiyi problem mövzulara aid məsləhət
verilməli, ədəbiyyat göstərilməlidir.
Dayaq məntəqələrində ən faydalı tədbirlərdən
biri kollektiv halda dərs dinlənilməsi və onun
təhlilinin təşkilidir. Burada müəllimlər geniş
fikir mübadiləsi apararaq ümumi bir nəticəyə
gəlmək imkanı əldə edirlər.
İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə dayaq
məntəqəsi ilk dəfə olaraq ədəbiyyat müəllimi
Arifə Ağayevanın təşəbbüsü ilə təşkil
edilmişdir. Dayaq məntəqəsinin lazımi
avadanlıqlar, əyaniliklər, iş planları və digər
sənədlərlə tam təchiz edilməsi Arifə müəllimin
böyük zəhmətinin nəticəsidir. Dayaq məntəqəsində
Cülyan, Qalınçaq, Diyallı, şəhər 5 nömrəli orta
məktəbin dil - ədəbiyyat müəllimləri iştirak
edirdilər. Burada vaxtaşırı onların qabaqcıl iş
təcrübələrindən danışılır, pedaqoji iş təcrübəsi
ilə bağlı məruzələr dinlənilir, "açıq dərs"lər
təşkil edilir, dərslər təhlil olunur.
Məntəqədə müəllimlərin təkmilləşdirilməsi
prosesi ilə yanaşı, onların ehtiyaclarının
müəyyənləşdirilməsi, ixtisasartırma təhsilinə
cəlbi, müxtəlif seminar və treninqlərdə iştirakı
kimi çox vacib məsələlərin həllinə köməklik
göstərilir.
"Öyrədənlərin öyrədəni" statusu almış Arifə
Ağayevanın vaxtaşırı olaraq AMİ-nin
ixtisasartırma təhsili dinləyiciləri qarşısında
"Dayaq məntəqəsinin iş mexanizmi haqqında" və
praktik olaraq rəhbərlik etdiyi məntəqənin
fəaliyyəti ilə bağlı cıxışı dinlənilmişdir.
Dayaq məntəqələrində aparılan pedaqoji işin
əlaqələndirilməsi, onlara əməli köməkliyin
göstərilməsi üçün AMİ-nin filiallarında və
metodmərkəzlərdə xüsusi koordinator qrupunun
fəaliyyəti gücləndirilməlidir.
İradə HƏSƏNOVA,
Azərbaycan Müəllimlər
İnstitutu "Təhsildə innovasiya" kabinetinin
metodisti |