| 
								
								Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə 
								tədqiqat - TIMSS, PIRLS  beynəlxalq proqramı 
								orta məktəblərdə aparılan ən perspektivli 
								araşdırmalardan biridir. Beynəlxalq proqramın 
								əsası 2008-ci ildə 50 yaşı tamam olan Beynəlxalq 
								Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi 
								Mərkəzində hazırlanıb. 
								
								 Hazırda 
								60-dan çox ölkə TIMSS, PIRLS, PISA və s. 
								müxtəlif  beynəlxalq müqayisəli tədqiqatlarda 
								iştirak edir. Belə ki, artıq ölkə idarəçiliyi bu 
								tədqiqatların təhsilin inkişafı üçün 
								strategiyanın müəyyənləşdirilməsində mühüm rol 
								oynadığını anlayır. 
								
								Dünya təcrübəsində beynəlxalq tədqiqatların 
								üstünlük qazanmasının əsas səbəbləri 
								aşağıdakılardır: 
								
								1.Beynəlxalq tədqiqatların nəticələrindən 
								ölkələrin təhsil sisteminin 
								təkmilləşdirilməsində istifadə edilir. 
								 
								
								2. Araşdırmaların nəticəsi ölkənin təhsil 
								sistemində baş verən prosesləri başqa ölkələrlə 
								müqayisəli şəkildə təhlil etməyə imkan verir.
								 
								
								3. Beynəlxalq tədqiqatlar təhsil sahəsində 
								aparılan milli araşdırmaların təmin olunmasına 
								da kömək edir. 
								
								4. Beynəlxalq tədqiqatlar sayəsində təhsilin 
								keyfiyyətinin qiymətləndirilməsində effektli 
								metod və texnologiyalar əldə olunur. 
								
								TIMSS, PIRLS beynəlxalq qiymətləndirilməsi hər 
								dörd ildən bir keçirilir. Tədqiqatda ibtidai 
								təhsilin IV və orta təhsilin VIII sinif 
								şagirdlərinin təhsil nailiyyətləri 
								qiymətləndirilir,  riyaziyyat və təbiətşünaslıq 
								fənlərinin tədrisi, oxuyub təhliletmə bacarığı, 
								təhsil müəssisələri, müəllimlər, şagird və 
								valideynlər, onların əhatə olunduğu mühit və 
								digər faktorlar öyrənilir. Tədqiqatın bu şəkildə 
								aparılması aşağıdakılara imkan verir: 
								
								- müxtəlif ölkələrdə şagird nailiyyətlərinin 
								müqayisəli şəkildə qiymətləndirilməsinin həyata 
								keçirilməsinə; 
								
								- riyaziyyat və təbiətşünaslıq fənlərinin 
								tədrisində keyfiyyət dəyişmələrinin 
								tendensiyasının üzə çıxarılmasına; 
								
								- ibtidai təhsildən sonrakı səviyyədə riyaziyyat 
								və təbiətşünaslıq fənlərinin tədrisində baş 
								verən dəyişikliklərin, oxuma-təhliletmə 
								bacarığının inkişafının izlənilməsinə (4 ildən 
								sonra IV sinif şagirdləri VIII sinifdə 
								oxuyacaqlar, bu səbəbdən  şagirdlərin sonrakı 
								göstəriciləri də tədqiq olunur); 
								
								- riyaziyyat və təbiətşünaslıq fənn 
								proqramlarının, eyni zamanda müxtəlif ölkələrin 
								təhsil prosesinin təşkilinin əsasları haqqında 
								məlumatların toplanılmasına. 
								
								TIMSS, PIRLS testləri əksər iştirakçı ölkələr 
								üçün tədrisin keyfiyyətinin qiymətləndirilməsi 
								baxımından müasir dövrün standartlarına cavab 
								verən suallardır. Bununla yanaşı, araşdırmalarda 
								bir çox ölkələrin təhsil proqramlarının 
								çərçivəsindən kənara çıxan, lakin 
								mütəxəssislərin fikrincə, çağdaş zamanda həyat 
								üçün önəmli sayılan suallara da rast gəlinir. 
								
								Məlum məsələdir ki, belə vəziyyətdə çalışmaların 
								tərkibi iştirakçı ölkələrin proqram tərkibinə 
								tam şəkildə uyğun gəlmir.  Bu, eyni zamanda 
								Azərbaycan Respublikasının orta məktəblərində 
								tədris olunan riyaziyyat və təbiətşünaslıq 
								fənlərinin proqramları üçün də qanunauyğundur.
								 
								
								Bununla belə, Azərbaycan məktəblərinin 
								nəticələrinin digər ölkələrin nəticələri ilə 
								müqayisəli təhlili riyaziyyat və təbiətşünaslıq 
								fənlərinin tədrisinin mükəmməlləşdirilməsində 
								istiqamətlərin müəyyənləşdirilməsinə, oxu 
								bacarığının inkişaf etdirilməsinə, eyni zamanda 
								milli mütəxəssislərin araşdırmasını tələb edən 
								problemlərin üzə çıxarılmasına imkan verir. 
								
								TIMSS-2007 tədqiqatında 59 ölkə iştirak edib. 
								Onlardan 28-i (Əlcəzair, Ermənistan, Avstraliya, 
								Tayvan, Kolumbiya, Çex Respublikası, Salvador, 
								İngiltərə, Gürcüstan, Honkonq, Macarıstan, İran, 
								İtaliya, Yaponiya, Küveyt, Litva, Monqolustan, 
								Mərakeş, Norveç, Qətər, Rusiya, Şotlandiya, 
								Sinqapur, Sloveniya, İsveç, Tunis, Ukrayna, ABŞ) 
								tədqiqatın IV və VIII siniflərdə riyaziyyat və 
								təbiətşünaslıq fənlərinin tədrisinin 
								keyfiyyətinin qiymətləndirilməsi 
								istiqamətlərində iştirak edib, 22 ölkə (Bəhreyn, 
								Bosniya və Herseqovina, Botsvana, Bolqarıstan, 
								Kipr, Misir, Qana, İndoneziya, İsrail, 
								İordaniya, Koreya Respublikası, Livan, 
								Malayziya, Türkiyə) təkcə VIII siniflərin, 9 
								ölkə (Avstriya, Danimarka, Almaniya, Qazaxıstan, 
								Latviya, Hollandiya, Yeni Zelandiya, Slovakiya 
								Respublikası, Yəmən) isə yalnız IV siniflərin 
								təhsil nailiyyətlərinin qiymətləndirilməsi 
								tədqiqatında iştirak edib. 
								
								Beləliklə, 2007-ci ildə təhsil nailiyyətlərinin 
								qiymətləndirilməsi tədqiqatında 50 ölkə VIII, 37 
								ölkə isə IV siniflərlə iştirak edib. Qeyd edək 
								ki, tədqiqat iştirakçılarının tərkibi 2003-cü 
								illə müqayisədə artıb. Həmin ildə 46 ölkə VIII, 
								25 ölkə isə IV siniflərlə nailiyyətlərin 
								qiymətləndirilməsi tədqiqatında iştirak edib.
								 
								
								TIMSS, PIRLS layihəsinin həyata keçirilməsində 
								dünyanın bir çox elmi-tədqiqat mərkəzləri və 
								peşəkar təşkilatları iştirak edib: Təhsil 
								Sahəsində Testləşdirmə Xidməti (ETS - 
								Educational Testing Servise, ABŞ), Kanada 
								Statistika Mərkəzi (Statistics Canada), Təhsil 
								Nailiyyətlərinin Qiymətləndirilməsi Beynəlxalq 
								Birliyinin katibliyi (İEA, Hollandiya), Təhsil 
								Nailiyyətlərinin Qiymətləndirilməsi Beynəlxalq 
								Birliyinin Məlumatların Emal olunması Mərkəzi 
								(DPC İEA-DATA Processing Center İEA, Almaniya) 
								və s. adıçəkilən mərkəzlərlə yanaşı, 50 ölkənin 
								aparıcı mütəxəssisləri də həmin prosesdə iştirak 
								edib. Bu, nəinki aparılan tədqiqatı yüksək 
								keyfiyyətlə təmin etdi, eyni zamanda təhsil 
								nailiyyətlərinin qiymətləndirilməsində istifadə 
								olunan, təcrübədə beynəlxalq standartların 
								əsasında yoxlanılmış yeni yanaşmaların 
								formalaşmasına da yardım etdi. Dünyanın aparıcı 
								mütəxəssislərini səfərbər etmək üçün Müşavirə 
								Komitələri yaradılmışdı. Bütün tədqiqatın 
								koordinasiyası Boston kollecində Beynəlxalq 
								Koordinasiya Mərkəzində həyata keçirilirdi (İSC 
								- International Study Center, Boston College, 
								ABŞ).  
								
								TIMSS, PIRLS-2007 beynəlxalq qiymətləndirmə 
								proqramının aparılma qaydalarının 
								hazırlanmasında TIMSS 1995-2003 araşdırmasında 
								istifadə olunan yanaşmalardan yararlanmışlar.
								 
								
								TIMSS, PIRLS beynəlxalq qiymətləndirmə 
								proqramının aparılma qaydaları özündə 
								aşağıdakıları ehtiva edir: 
								
								- test kitabçaları; 
								
								- sorğu vərəqələri (şagirdlər, müəllimlər, 
								valideynlər, məktəb rəhbərləri, ekspert və 
								tədqiqatın keyfiyyətinə nəzarət edən 
								müşahidəçilər üçün); 
								
								- metodik təminatlar (tədqiqatın təşkili və 
								aparılmasını icra edən milli koordinatorlar, 
								məktəb rəhbərləri, müstəqil cavablı tapşırıqları 
								yoxlayanlar, məlumatlar hazırlayanlar üçün); 
								
								- proqram təminatı (verilənlərə əsasən sinif və 
								şagirdlərin seçimi). 
								
								İştirakçı ölkələrin təhsil nailiyyətlərinin 
								müqayisəsi üçün beynəlxalq testləri 
								hazırlayarkən müxtəlif iştirakçı ölkələrin 
								riyaziyyat və təbiətşünaslıq fənlərinin 
								tədrisindəki xüsusiyyətləri  mütləq  nəzərə  
								almaq  lazımdır.  
								
								Beynəlxalq testlər aşağıdakı prinsiplər əsasında 
								hazırlanır: 
								
								- beynəlxalq test tapşırıqlarının əksər 
								iştirakçı ölkələrin tədris proqramı ilə maksimum 
								uyğun olması; 
								
								- 1995, 1999, 2003 və 2007-ci illərdə istifadə 
								olunan qiymətləndirmə vasitələri arasındakı 
								əlaqənin təminatı; 
								
								- iştirakçıların yaş xüsusiyyətlərinin 
								uyğunluğu; 
								
								- beynəlxalq tədqiqat tələblərinə cavab vermək. 
								
								TIMSS  beynəlxalq qiymətləndirməsində hər bir 
								şagirdin sual kitabçasında riyaziyyat və 
								təbiətşünaslığa dair tapşırıqlar, PIRLS 
								beynəlxalq qiymətləndirməsi üçün ayrılan ikinci 
								kitabçada isə oxu üzrə mətnlər yer alır. 
								Cavablandırmaq üçün müxtəlif növlərdən istifadə 
								edilir: düzgün variantı seçmək, qısa və tam 
								cavab yazmaq. Qeyd etməliyik ki, 2007-ci ildə 
								tədqiqatın əvvəlki dövrləri ilə müqayisədə 
								yazılı müstəqil cavab tələb edən tapşırıqların 
								sayı ikiqat artmışdır. Belə tapşırıqların 
								həllinə ümumi vaxtın tam yarısı ayrılır. 
								
								 İbtidai məktəbin buraxılış siniflərinin 
								riyaziyyat və təbiətşünaslıq fənlərindən 
								hazırlığını yoxlamaq üçün 353 tapşırıqdan 
								istifadə olunub (riyaziyyatdan 179, 
								təbiətşünaslıqdan 174 tapşırıq). Hərəsi 14 
								variantda iki dəfə təkrarlanmaqla 28 tapşırıq 
								bloku yaradılır (14 riyaziyyat, 14 
								təbiətşünaslıq). Bu prinsiplə VIII siniflər üçün 
								14 variant yaradılır. Lakin çalışmaların sayı 
								çoxdur -427 tapşırıq (215 riyaziyyat, 212 
								təbiətşünaslıq). Oxu materiallarında isə mətnin 
								tutumundan asılı olaraq sualların sayı dəyişir. 
								
								TIMSS və PIRLS-2007 layihələrində nəticələrin 
								ötən illərlə müqayisəsini təmin etmək üçün 14 
								blokdan 6-da keçən illərin tapşırıqları, 8-də 
								isə iştirakçı ölkələrin mütəxəssisləri 
								tərəfindən hazırlanmış yeni çalışmalar verildi. 
								Beləliklə, hər variantda müxtəlif illərin 
								tapşırıqlarının verilməsi  ilə  nəticələrin  
								müqayisəli  şkalasını  yaratmaq  mümkün oldu.
								 
								
								TIMSS, PIRLS tədqiqatında əsas tələb müxtəlif 
								vaxtlarda əldə edilmiş nəticələrin müqayisəsini 
								təmin etməkdir.  
								
								Daha çox diqqət iştirakçı ölkələrdə aparılan 
								tədqiqatların standartlaşdırılmasına yönəlir. 
								TIMSS, PIRLS - 2007 tədqiqatı beynəlxalq 
								koordinasiya mərkəzində hazırlanmış təlimat və 
								qaydalara uyğun şəkildə aparılıb. Tədqiqatın hər 
								mərhələsi beynəlxalq ekspertlər tərəfindən idarə 
								olunur. Məsələn, testlərin tərcüməsi və 
								anketlərin yenidən yoxlanılması beynəlxalq 
								dərəcəli ekspertlər tərəfindən həyata keçirilir, 
								ayrı-ayrı təhsil müəssisələrindəki test 
								imtahanlarında müşahidəçilər iştirak edir, 
								müstəqil cavablı tapşırıqlar təcrübəli 
								müəllimlər tərəfindən yoxlanılsa da, hər 
								dördüncü iş yenidən yoxlanılır. Bütün bunlardan 
								sonra iştirakçıların cavablarının elektron 
								variantından ibarət beynəlxalq məlumatlar bazası 
								yaradılır. Bununla da beynəlxalq ekspertlər 
								tərəfindən yenidən yoxlanmış cavablar müxtəlif 
								ölkə ekspertlərinin işləri ilə müqayisə edilir.
								 
								
								Beynəlxalq qiymətləndirmənin mövcud nəzəriyyəsi 
								şagirdlərin 40-60 tapşırığı yerinə yetirməsinə, 
								şagirdi, müəllim və təhsil müəssisələrinin 
								xarakteristikasını öyrənməyə, təhlil etməyə 
								(sorğu vərəqələrini cavablandırmaqla) imkan 
								verir.  
								
								IV və VIII sinif şagirdlərinin riyaziyyat, 
								təbiətşünaslıq və oxu üzrə nəticələri ayrıca 
								emal və təhlil olunur. Tədqiqatın nəticələrinin 
								statistik emalı nəticəsində riyaziyyat və 
								təbiətşünaslıq fənlərinə dair testləri həll edən 
								hər bir iştirakçıya 1995-ci ildə yaradılmış 
								beynəlxalq 1000 ballıq şkala ilə bal verilir.  
								
								Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə 
								şöbəsi |