| 
								
								Bu günlərdə Biləsuvar rayonunun Əliabad kəndinə, 
								Milli Qəhrəman Mübariz İbrahimovun iyirmi iki il 
								yaşadığı evə, təhsil aldığı orta məktəbə 
								ziyarətə gələnlərin ardı-arası kəsilmir. 
								
								Azərbaycanın vətənpərvər oğlu Mübariz 
								İbrahimovun əfsanəvi qəhrəmanlığından bəhs edən 
								"Mübariz dastanı" adlı kitabın müəllifi, şair 
								Mübariz  Məmişoğlu, Ağcabədi Rayon Təhsil 
								Şöbəsinin məsul işçısi Məhəbbət Əliyeva, ikinci 
								qrup Qarabağ müharibəsi əlili, "Faziloğulları" 
								MMC-nin sədri, nəşriyyat direktoru Rəfayıl 
								Faziloğlu və başqaları Milli Qəhrəmanın ailə 
								üzvləri ilə görüşərək belə vətənpərvər oğul  
								tərbiyə  etdiklərinə görə onlara minnətdarlıq 
								ediblər. "Mübariz dastanı" kitabı Milli 
								Qəhrəmanın valideynlərinə təqdim edilib. 
								
								Qonaqlar sonra Azərbaycanın Milli Qəhrəmanı 
								Mübariz İbrahimovun təhsil aldığı şəhid 
								M.Piriyev adına Əliabad kənd orta məktəbinə 
								gedərək, burada yaradılmış "Mübarizlik məktəbi" 
								adlı muzeylə tanış olublar. 
								
								Təhsil ocağının müəllim və şagirdləri ilə 
								keçirilən görüşdə məktəbin direktoru Bəsirə 
								Rüstəmova çıxış edərək şagirdi, Milli Qəhrəman 
								Mübariz İbrahimovun təhsil aldığı illərdən, 
								keçdiyi şərəfli ömür yolundan  söhbət açıb. 
								
								Görüşdə məktəbin şagirdləri Şərqi İsayeva, 
								Gülnisə Bədirova, Şəbnəm Kərimova, Günel 
								Quliyeva, dil-ədəbiyyat müəllimi Ülviyyə 
								Qurbanova "Mübariz dastanı" kitabından şeir 
								nümunələri söyləyiblər. Mübarizin sinif rəhbəri 
								olmuş coğrafiya müəllimi Əhliman Quliyev və 
								riyaziyyat müəllimi İlqar İsayev sevimli 
								şagirdləri barədə şirin xatirələrini danışıblar. 
								
								Sonda çıxış edən qonaqlar Milli Qəhrəman Mübariz 
								İbrahimova dərs demiş müəllimlərə və məktəb 
								kollektivinə Mübariz kimi Vətənini, torpağını, 
								xalqını, millətini sevən, onun təəssübünü çəkən 
								oğul yetişdirdikləri üçün minnətdarlıq ediblər. 
								  
								
								
								Ə.DAŞDƏMİRLİ,B.HƏBİBLİ
 |