Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 22 iyun tarixli 115 nömrəli qərarı
ilə təsdiq edilmişdir.
1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən hazırlanmışdır
və dövlət standartlarına uyğun olaraq ümumi
təhsilin təhsil səviyyələri üzrə müddətini və
bir səviyyədən digər səviyyəyə keçid qaydalarını
müəyyən edir.
2. Ümumi təhsil pilləsi aşağıdakı təhsil
səviyyələrindən ibarətdir:
- ibtidai təhsil (I-IV siniflər);
- ümumi orta təhsil (V-IX siniflər);
- tam orta təhsil (X-XI siniflər).
3. İbtidai təhsil səviyyəsində təhsilin müddəti
4 ildir.
4. İbtidai təhsili müvəffəqiyyətlə başa vuran
təhsilalanlar ümumi təhsil müəssisəsinin
pedaqoji şurasının qərarı ilə ümumi orta təhsil
səviyyəsinə keçirilirlər. Pedaqoji şuranın
qərarı ümumi təhsil müəssisəsi direktorunun əmri
ilə rəsmiləşdirilir. Pedaqoji şuranın qərarında
və direktorun əmrində ibtidai təhsil səviyyəsini
bitirən təhsilalanların ümumi orta təhsil
səviyyəsinin ilk sinfinə - V sinfinə qəbulu qeyd
edilir.
5. Ümumi orta təhsil səviyyəsinə keçid
prosesində təhsilalanların paralel siniflərdə
komplektləşdirilməsi onların meyil və marağı,
potensial imkanları nəzərə alınmaqla həyata
keçirilir.
6. Ümumi orta təhsil səviyyəsində təhsilin
müddəti 5 ildir.
7. Ümumi orta təhsil səviyyəsində yekun
qiymətləndirmə aparılır və təhsili başa vuran
təhsilalanlara müvafiq dövlət sənədi verilir.
Ümumi orta təhsil haqqında dövlət sənədi
təhsilin növbəti səviyyədə və ya pillədə davam
etdirilməsi üçün əsas sayılır.
8. Müxtəlif səbəblərdən ümumi orta təhsilini
başa vurmayan təhsilalanlara Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada arayış verilir.
9. Tam orta təhsil ümumi təhsilin hər üç
səviyyəsini əhatə edən təhsil proqramlarının tam
mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil
səviyyəsində təhsilin təmayülləşməsi müsabiqə
yolu ilə təmin olunur. Müsabiqənin nəticələrinə
görə tam orta təhsil səviyyəsinə qəbul edilmiş
təhsilalanların təmayül sinifləri üzrə
komplektləşdirilməsi həyata keçirilir.
10. Tam orta təhsil səviyyəsində təhsilin
müddəti 2 ildir. |