Haqqında söhbət açacağım müəllim, məktəbşünas,
bacarıqlı təşkilatçı Soltanağa Cəfərovun
peşəkarlıq və insanlıq cəhətlərini önə çəkərək
onu tanıyanların mühakiməsinə verirəm.
Soltanağa
müəllim Masallının Xoşçobanlı kəndində anadan
olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin
coğrafiya fakültəsini bitirib. Orta məktəbdə
coğrafiya müəllimi, 23 il məktəb direktoru
işləyib, ordu sıralarında zabit kimi xidmət
edib. Soltanağa müəllimin ilk müəllimlik
illərini xatırlayanlar deyirlər ki, o, məktəbə
əsl müəllimlik "ab-havası" gətirmişdi.
Şagirdlərinə qarşı dərin sevgi və böyük
tələbkarlıq münasibətində olan, fənninin
tədrisinə istedadlı pedaqoq, yaradıcı və
tədqiqatçı müəllim kimi yanaşan Soltanağa
müəllim hələ o vaxtlar bu günün nəbzini tuta
bilmişdi: - "Şagirdlərimizə yalnız
bərabərhüquqlu yoldaş, əsl mənada şəxsiyyət kimi
baxmaqla onları istədiyimiz səviyyədə tərbiyə
edə bilərik". Məhz bu yanaşmanın nəticəsi idi
ki, Soltanağa müəllimin şagirdlərindən çoxu ali
məktəblərə qəbul olurdu, onlarca yetirməsi isə
bilavasitə onun yolunu seçirdi. Müxtəlif
səviyyəli bilik yarışlarında, olimpiadalarda
S.Cəfərovun yetirmələrinin qazandığı uğurlar
rayon təhsili üçün mənəvi örnəkdir. Sığıncaq
kənd orta məktəbinin direktoru olarkən Soltanağa
müəllimin yorulmaz fəaliyyəti nəticəsində
yararsız vəziyyətdə olan məktəb binası yay
tətili ərzində yenidən tikilib istifadəyə
verildi. Kənd ictimaiyyəti həmin hadisəni indi
də yaxşı xatırlayır.
1993-cü ildə S.Cəfərov Masallı RTŞ-a dəvət
olunur. O, coğrafiya fənni üzrə metodist
vəzifəsində işə başlayır. Rayonun coğrafiya
müəllimlərinin əlaqəli işini qurmaqla çox şeyə
nail olur, tədrisin səviyyəsi yüksəlir.
Rayondakı istedadlı şagirdlərin bir
mərkəzdə birləşmələri, daha yüksək təhsil
göstəriciləri qazanmaq məqsədi ilə o,
1997-ci ildə bir qrup məsləkdaşı ilə birlikdə
"Dəfinə" məktəb-liseyin yaradılmasına nail olur
və həmin liseydə coğrafiya fənnini tədris edir.
2007-ci ildə Masallı RTŞ-da Soltanağa müəllim
böyük məsləhətçi vəzifəsinə təyin olundu.
Məktəbşünaslığı əla bilən S.Cəfərov mövcud
problemlərin aradan qaldırılması, təhsil
prosesinin düzgün məcraya yönəldilməsi üçün
peşəkarlığını əsirgəmədi. Bunu rayonun pedaqoji
ictimaiyyətinin Soltanağa müəllimə olan hörmət
və sevgisi də sübut edir.
S.Cəfərov yaradıcı müəllimdir. Respublika
pedaqoji mühazirələrində, "İlin müəllimi"
müsabiqələrinin respublika turunda qazandığı
diplomlar müəllimin metodiki ustalığının
sübutudur. Onun müxtəlif illərdə "Coğrafiyadan
testlər", "Coğrafiyadan riyazi hesablamalar",
"Azərbaycan Respublikasının coğrafiyasından
testlər" adlı kitabları coğrafiya
müəllimlərinin, abituriyentlərin, bu elmə marağı
olanların stolüstü kitablarına çevrilmişdir.
Mehriban ailə başçısı olan Soltanağa Cəfərovun
övladlarının dördü də müəllimlik sənətini seçib.
Oğlanları Famil və Fərəc isə bilavasitə
atalarının davamçısıdır.
Əlinaz TALIBOV,
Masallı rayonunun Yeddioymaq kənd
1 nömrəli orta məktəbinin riyaziyyat müəllimi,
əməkdar müəllim |