Avropa Təhsil Siyasəti Şəbəkəsi Mərkəzi (NEPC)
iyunun 27-dən iyulun 2-dək Gürcüstanda "Müasir
dövrdə liderlik: keçid dövrünü yaşayan
cəmiyyətlərdə təhsil liderliyi" mövzusunda yay
məktəbi təşkil etmişdir. Məktəbə 12 ölkənin -
Azərbaycan, Gürcüstan, Rumıniya, Xorvatiya,
Slovakiya, Estoniya, Türkiyə, Nepal,
Monqolustan, ABŞ, İrlandiya və Braziliyanın
nümayəndələri dəvət olunmuşdu.
Bazaleti
gölü sahilində keçirilən məktəbin iştirakçıları
həm təbiətin gözəlliyindən, həm də məktəbin
səmərəli təşkilindən çox məmnun qaldılar.
Zaqrebdə yerləşən NEPC təşkilatının icraçı
direktoru Lana Jiriko, proqram meneceri Asya
Korbar, amerikalı mühazirəçilər Katrin Maqno,
Lystra Riçardson, Azərbaycandan Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə
direktoru Elmina Kazımzadə iştirakçıları çox
səmərəli müzakirələrə və təqdimatlara cəlb
etdilər.
Yay məktəbində müasir dövrdə yeni təhsil
siyasətində kurikulumun inkişafı, məktəb
liderliyi və onun idarəolunması, təlimin
demokratik şəkildə təşkili, məktəb-valideyn
birliyi və onun prinsipləri, məktəb liderlərinin
yaradılması və məktəbin sistemli, müasir
standartlarla idarə olunması və digər mövzularda
maraqlı müzakirələr və təqdimatlar oldu.
Keçirilən təqdimatlar sorğu və diskussiya
xarakteri daşımaqla iştirakçıları maraqlandıran
problemləri əhatə etdi. Katrin Maqno və Lystra
Riçardsonun sırf liderlik mövzularına aid
təqdimatlarında liderliyin tipləri, yaradılması
yolları, prinsipləri, təhsildə oynadığı mühüm
rol qeyd olundu və təcrübi xarakterli
videofilmlər nümayiş etdirildi.
İştirakçılar liderlik tipləri və bacarıqları
üzrə müəyyən inventorları nəzərdən keçirərək öz
liderlik tiplərini müəyyən etdilər, öz fəaliyyət
və bacarıqları sayəsində hansı dəyərlərin
qazanılması və yüksək nəticələr əldə edilməsi
yollarını müəyyənləşdirdilər.
Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsinin aparıcı məsləhətçiləri Vüqar
Əbdülrəhimov və Natiq Əliyev müzakirələrdə fəal
iştirak edərək təhsilin idarə olunması sahəsində
qarşıya çıxan problemlər və liderlik siyasəti
ətrafında keçirilən suallara dolğun cavablar
verdilər. Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzinin proqramlar üzrə direktoru Elmina
Kazımzadə Azərbaycan təhsilində əldə olunan
uğurları, aparılan təhsil islahatının müsbət
cəhətləri və həll olunacaq problemlər haqqında
məlumat verərək, "Təhsildə liderlik mövzusunda
ölkələr üzrə araşdırmalar" mövzusunda çox
mükəmməl və maraqlı bir təqdimat keçirərək
iştirakçıları ətraflı müzakirəyə cəlb etdi. Elə
həmin mərkəzin beynəlxalq dərəcəli təlimçisi və
Liderlik-Administrasiya üzrə Amerika
Universitetinin məzunu Raziyə İsayeva özünün
fərqli fikirləri ilə çıxışlar edərək təhsildə
uğurlu nəticələrin qazanılması yolunda
liderliyin və idarəolunmanın müasir
modellərindən nümunələr gətirdi.
Təhsil Problemləri İnstitutunun Kurikulum
Mərkəzinin böyük elmi işçisi, Amerika Volden
Universitetinin "Təhsildə Liderlik və
Administrasiya Proqramı üzrə məktəb
direktorlarının hazırlanması" proqramının məzunu
kimi mən də Təhsil Sektorunun İnkişafı layihəsi
olan Milli Kurikulum və onun tətbiqi sahəsində
ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs
edərək məktəblərin idarə olunmasında kurikulum
standartlarının tətbiqinin vacib olduğunu
vurğuladım və məktəb liderliyində,
idarəolunmasında məktəb direktorları üçün
standartların hazırlanmasının zəruri olduğunu
qeyd etdim.
Bakı şəhər 238 nömrəli məktəbin ingilis dili
müəllimi Təranə Böyükzadə bu layihə çərçivəsində
Amerikanın Konnektikut ştatına səfəri ilə
əlaqədar məktəb təcrübələrini iştirakçılarla
bölüşdü.
Yay məktəbi çərçivəsində Amerika Viskonsin
Universitetinin Təhsil Siyasəti və Kurikulumun
inkişafı üzrə professoru Maykl Applinlə görüş
maraqlı oldu.
Yay məktəbinin iştirakçıları Gürcüstanın tarixi
yerlərinə - Msxeta qədim şəhərinə səyahət edərək
ölkənin keçmişi ilə yaxından tanış oldular.
Tiflis şəhərinin mərkəzində ulu öndərimiz Heydər
Əliyevin şərəfinə salınmış parkla tanışlıq və
ümummilli liderimizin abidəsini ziyarət etmək
daha yaddaqalan oldu. Tədbirdə yay məktəbinin
növbəti il üçün mövzuları müəyyən edildi.
Fəridə HÜSEYNOVA,
Təhsil Problemləri İnstitutu Kurikulum
Mərkəzinin böyük elmi işçisi |