Təhsil Nazirliyinin 16.06.2010-cu il tarixli,
796 nömrəli əmri ilə təsdiq edilmişdir.
1. Bu "Qaydalar" "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununa uyğun hazırlanmışdır və
məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl
I sinfə qəbulu ilə bağlı prosedurları müəyyən
edir.
2. Ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda
olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam
olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar
qəbul edilirlər.
3. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən
oktyabrın sonunadək olan müddətdə tamam olmuş
istedadlı uşaqlar məktəbdə yaradılmış
komissiyanın rəyi əsasında vaxtından əvvəl I
sinfə qəbul edilə bilərlər.
4. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi
istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl
I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın
10-dək Təhsil Nazirliyində yaradılmış komissiya
tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.
5. Komissiyanın rəyi əsas tutulmaqla vaxtından
əvvəl I sinfə qəbuluna razılıq verilmiş uşaqlar
haqqında yerli təhsil orqanlarına məlumat
göndərilir. Həmin uşaqların müvafiq məktəblərin
I sinfinə qəbulu mövcud qaydalar üzrə
rəsmiləşdirilir.
6. Naxçıvan MR ərazisində uşaqların vaxtından
əvvəl I sinfə qəbulu bu "Qaydalar" əsasında
Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir. |