| 
								
								 İstedadlar xalqa, dahilər bəşəriyyətə 
								məxsusdurlar. Təfəkkür və təxəyyül qaynaqları 
								kainat mənşəli olan istedadları aşkara çıxarmaq 
								insan oğlunun ən müqəddəs vəzifəsi, savab 
								işidir. Bunlar ailələrdə böyüyür, məktəbdə üzə 
								çıxarılıb inkişaf etdirilirlər. Beləcə ümumxalq 
								üçün maarif məbədi olan məktəb istedadlar üçün 
								zənginləşmə, kamilləşmə, milli dəyərlərə 
								çevrilmə məkanıdır. 
								
								Tarixi dövlətçilik, milli maarifləndirmə, 
								əxlaqi-xəlqi ənənə və milli mənəvi və maddi 
								dəyərlərə söykənməklə qloballaşan problemlərin 
								həllinə insan kapitalını başlıca zəmanət və 
								vasitə sayan Azərbaycan Respublikasında 
								məsələlərin ictimai-iqtisadi, sosial-tarixi 
								inkişaf parametrlərində müsbət yöndə 
								reallaşdırılması çoxsaylı Dövlət Proqramları 
								çərçivəsində həyata keçirilir. Belə Dövlət 
								Proqramının biri Vətənimizdə istedadlı uşaqların 
								(gənclərin) aşkara çıxarılması, onlara qayğı 
								göstərilməsi ilə bilavasitə bağlı sənəddir. 
								Dövlət səviyyəsində görülən bu istiqamətdə işlər 
								Azərbaycanın sabahı üçün istedadların 
								aşkarlanması, təhsili və milli-bəşəri  dəyərlər 
								əsasında tərbiyəsidir. Belə pedaqoji-sosial 
								fəaliyyət həyata keçirilən ümumtəhsil 
								ocaqlarından biri Bakı Dövlət Universiteti 
								nəzdindəki "Gənc istedadlar" liseyidir. 3 illik 
								salnaməsi kifayət qədər ilkin uğurlarla 
								əriş-arğac olan liseyin məzunları öz təhsil 
								uğurları ilə tədris müəssisəsinin tarixinə ilk 
								sətirləri yazıblar. 
								
								Daha bir dərs ili başa çatıb. Daha bir 
								buraxılışın məzunları qəbul imtahanları verirlər 
								və inanmaq olar ki, xoş soraq bu müəssisənin 
								yaradıcı pedaqoji kollektivinə yeni dərs ili 
								qabağı xoş ovqat bəxş edəcək. İndi liseyin 
								müəllimləri V siniflərə test yolu ilə şagird 
								qəbulunun təəssüratları ilə yaşayırlar. 
								
								Liseyin direktoru, kimya elmləri doktoru, 
								professor Qasım Hüseynov yeni dərs ili ilə bağlı 
								söhbət zamanı bildirdi: - Bu il liseyin 
								Azərbaycan və rus bölmələrinin V siniflərinə 
								qəbul olunmaq üçün xeyli sənəd verilmişdi. 
								Azərbaycan bölməsinə 548 sənəd götürülmüşdü. 
								Əslində qəbul 50-60 nəfər arasında nəzərdə 
								tutulmuşdu. Artıq 60 nəfər seçilib 
								götürülmüşdür. Rus bölməsinə 88 nəfər ərizə 
								vermişdi, onlardan maksimum 20 nəfər topladığı 
								bala görə liseyə qəbul edildi. 
								
								Seçim test yolu ilə aparıldı. Əsas fənn 
								riyaziyyat olur. Şagirdlər riyaziyyatdan 35, ana 
								dilindən 25, ingilis dilindən 10 suala cavab 
								tapmalı idilər. 
								
								İmtahanlar çox mütəşəkkil keçirildi. Seçim-qəbul 
								prosesinə ciddi nəzarət vardı; belə ki, BDU-dan 
								25, pedaqoji kollektivin qeyri-ixtisas 
								müəllimlərindən 25 nəfər imtahanlarda iştirak 
								etdi. Obyektivlik naminə valideynlərə də 
								imtahanları müşahidə etmək imkanı verildi. 
								
								Xatırladım ki, test cavablarının şifrələnməsi 
								bilavasitə ali məktəb - Bakı Dövlət Universiteti 
								tərəfindən aparılır. Bu il də belə oldu. Bir 
								həftə ərzində cavablar məlum oldu. Bir faktı 
								qeyd edim ki, keçən illə müqayisədə keçid balı 
								aşağı oldu. Səbəb bu idi ki, riyaziyyatdan 
								testləri BDU-nun müəllimləri hazırlamışdılar. 
								548 nəfərdən cəmi 60 nəfər qəbul etmək 
								planlaşdırılmışdı. Odur ki, proqramdan kənara 
								çıxmamaq şərti ilə məntiqi düşüncə tələb edən 
								suallara üstünlük verildi. Nəticədə uşaqların 
								bir qismi riyaziyyatdan zəif nəticələr qazandı. 
								Doğrudur, daha yüksək göstəriciləri ilə 
								seçilənlər də oldular. Məsələn, Azərbaycan 
								bölməsində 51, rus bölməsində 47 bal toplayan 
								var. Keçid bal Azərbaycan bölməsində 30,25, rus 
								bölməsində 30,5 oldu.  
								
								İyunun 21-də məlumat xüsusi lövhələrdən asıldı. 
								Bir həftə ərzində apelyasiya komissiyası 
								fəaliyyət göstərdi. Seçimdən narazı qalan 
								olmadı. Seçim və nəticələr ilə bağlı kütləvi 
								informasiya vasitələrində məlumat verildi. 
								
								*** 
								
								Söhbət zamanı aydın oldu ki, elə məktəb var bir 
								neçə şagirdi seçimdə iştirak edib. Bu baxımdan 
								Şəhriyar adına 193 nömrəli məktəbin 
								şagirdlərinin göstəriciləri daha ürəkaçan olub. 
								Tədris ocağının şagirdi Lamiyə Mahmudova daha 
								yüksək bal toplayıb. 
								
								Belə istedadlı uşaqların tələb və istəklərinə 
								cavab verəcək müəllimlərin seçilməsi - indi 
								lisey rəhbərliyini düşündürən başlıca məsələ 
								budur. 
								
								BDU-nun rektoru, millət vəkili, akademik Abel 
								Məhərrəmovun lisey kollektivi qarşısında qoyduğu 
								tələb budur: Buranı bitirən gənclər gələcəkdə 
								Azərbaycanda aparıcı mövqelərdə olsunlar! 
								
								Təbii ki, bunun üçün səmərəli, məqsədyönlü, 
								sistemli elmi-pedaqoji fəaliyyət 
								genişləndirilməlidir. 
								
								Yeni dərs ilində liseydə təxminən 450-yə yaxın 
								şagird təhsil alacaq. Qarşıdakı dərs ilinə 
								hazırlıq istiqamətində cari təmir işləri 
								görülür; kabinet və laboratoriyalar 
								zənginləşdiriləcək... 
								
								
								Şamxəlil MƏMMƏDOV |