| 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								Hörmətli oxucular, ötən məqalədə cəmiyyətin 
								inkişafında müəllimin rolu, müəllim nüfuzu 
								barədə fikirlərimi sizinlə bölüşmüşdüm. Bu 
								məqalədə müəllim nüfuzunun bərpası istiqamətində 
								atacağımız addımlar barədə mülahizələrimi 
								diqqətinizə təqdim edirəm.  
								
								Hazırda müəllimlərlə bağlı ciddi problemlərdən 
								biri ümumtəhsil məktəblərində fəaliyyət 
								göstərən, təxminən, 25 min müəllimin, yəni bütün 
								müəllimlərin 15 faizinin pensiya yaşında 
								olmasıdır. Əlbəttə, birmənalı şəkildə iddia 
								etmək olmaz ki, onlar tədrisi yüksək səviyyədə 
								qura bilmir. Lakin aparılan təhlillər göstərir 
								ki, həmin müəllimlərin əksəriyyəti öz 
								fəaliyyətini müasir tələblər səviyyəsində qura 
								bilmirlər, yenilikləri və innovasiyaları 
								mənimsəməkdə çətinlik çəkirlər. Belə olan halda 
								keyfiyyətli tədrisdən danışmağa dəyməz. Bununla 
								əlaqədar, düşünürəm ki, onların fəaliyyəti 
								məktəb rəhbərləri, RTŞ-lər tərəfindən fərdi 
								şəkildə öyrənilməli və nəticəsindən asılı olaraq 
								müvafiq qərarlar qəbul edilməlidir. 
								
								Hazırda məktəblərdə işləyən müəllimlərin 
								keyfiyyət tərkibinin yaxşılaşdırılması, onların 
								fəaliyyətinin qiymətləndirilməsi yollarından 
								biri də attestasiyanın keçirilməsidir. Diqqətə 
								çatdırım ki, müəllimlərin son attestasiyası 
								1994-cü ildə keçirilmişdir. Müxtəlif səbəblərdən 
								həmin dövrdən sonra attestasiya keçirilməmişdir. 
								Onu da qeyd edim ki, mövcud qaydalara görə, hər 
								5 ildən bir belə attestasiya keçirilməlidir. 
								Düşünürəm ki, hökumətin qərarı ilə müəllimlərin 
								attestasiyasının keçirilməsi onların 
								məsuliyyətini artırmaqla yanaşı, kadr tərkibinin 
								yaxşılaşdırılmasına da zəmin yarada bilər.
								 
								
								Bununla əlaqədar dünya təcrübəsində olan bir 
								məqama toxunmaq istərdim. Bir sıra ölkələrdə 
								müəllim vəzifəsinin statusu 
								müəyyənləşdirilmişdir, hətta onlar üçün dövlət 
								qulluqçusu statusu müəyyənləşdirən ölkələr də 
								mövcuddur. Yaponiya təcrübəsi ilə tanışlıq 
								göstərir ki, bu ölkədə müəllimlər dövlət 
								qulluqçusu statusu alıblar. Həmin ölkədə belə 
								bir qayda da mövcuddur ki, müəllimlər 6 ildən 
								çox eyni bir məktəbdə işlədikdən sonra rotasiya 
								qaydasında digər məktəblərə göndəriş alırlar. 
								Dövlət qulluqçusu statusu müəllimlərin hüquq və 
								vəzifələrinin dəqiq müəyyənləşdirilməsi ilə 
								yanaşı, onların sosial müdafiəsi üçün də 
								əlverişli zəmin yaradır. Hesab edirəm ki, 
								ölkəmizdə də müəllimlər üçün xüsusi statusun 
								müəyyənləşdirilməsi barədə düşünməyin vaxtı 
								gəlib çatmışdır. 
								
								Daha vacib məqamlardan biri müəllimlərin öz 
								peşələrinə bağlılığı, müəllimlik 
								keyfiyyətləridir. Müəllim öz ixtisasını dərindən 
								bilməklə, pedaqoji, psixoloji, metodik hazırlığa 
								malik olmaqla yanaşı, peşəsinin vurğunu olmalı, 
								onu sevməli, uşaqlara qayğı ilə yanaşmalı, 
								onları başa düşməli, hər birinə fərdi yanaşmağı 
								bacarmalı, problemlərini, qayğılarını öyrənməli, 
								münasibətləri əməkdaşlıq səviyyəsində qurmalı, 
								davranışı, geyimi, yerişi, duruşu ilə nümunə 
								olmalıdır. 
								
								Yeri gəlmişkən, peşəkar müəllim şagirdlərlə 
								münasibətləri necə qurmalıdır? Qeyd etməliyəm 
								ki, müasir dövrdə pedaqoji prosesə yanaşmada 
								əsas paradiqmalar dəyişdiyindən müəllim-şagird 
								münasibətləri də buna uyğunlaşdırılmalıdır. 
								Şagirdin obyektdən subyektə doğru inkişafı, ona 
								şəxsiyyət kimi yanaşılmasını, bütün təlim 
								prosesinin şagirdin maraqları, qabiliyyəti 
								üzərində qurulmasını, onun fərdi-psixoloji 
								xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. 
								Bu gün müəllim qarşısında dərsdə susan, yalnız 
								sual verdikdə cavab verən, heç bir 
								təşəbbüskarlıq göstərməyən dünənki müti 
								şagirddən tamamilə fərqli bir insan dayanmışdır. 
								İndi şagird müəllimlə əməkdaşlıq edir, öz fikir 
								və mülahizələrini sərbəst bildirir, rəy 
								söyləyir, fərqli yanaşma nümayiş etdirə bilir, 
								hətta müəyyən məsələlərdə müəllimlə razılaşmaya 
								da bilir. Müəllim-şagird münasibətləri 
								qurularkən nəzərə alınmalıdır ki, müasir dövrdə 
								müəllim yeganə bilik, informasiya mənbəyi 
								deyildir, şagirdlərin əlində İnternet, kifayət 
								qədər elektron resurslar, digər vasitələr 
								mövcuddur. Şagird hər an yeni informasiya əldə 
								etmək imkanına malikdir.  
								
								Təəssüflə qeyd etməliyəm ki, heç də müəllimlərin 
								hamısı bu keyfiyyətlərə malik deyildirlər və 
								müəllim-şagird münasibətlərini də yuxarıda qeyd 
								edilən tələblər əsasında qura bilmirlər. Bu gün 
								təsadüfən müəllimlik peşəsinə gələn, yalnız 
								diplomuna görə müəllim sayılan, şagirdi 
								şəxsiyyət kimi qəbul etməyən, onlarla münasibəti 
								təzyiqlər, avtoritarlıq üzərində quran, 
								davranışı ilə nümunə olmayan müəllimlər də 
								vardır.  
								
								Cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də 
								cəmiyyət qarşısında öz məsuliyyətini hiss 
								etməlidir. Biz vətənpərvərlikdən daim danışırıq, 
								uşaqları bu ruhda tərbiyə etməyə çalışırıq. 
								Fikrimcə, əsl müəllim üçün vətənpərvərlik meyarı 
								millətin gələcəyi olan savadlı, müasir 
								dünyagörüşünə malik, milli mənəvi dəyərlərə 
								sadiq vətəndaşların yetişdirilməsi işinə bütün 
								imkan və bacarığını sərf etməsidir. Nahaq yerə 
								demirlər ki, hər öyrədən müəllim deyil, o kəs 
								müəllimdir ki, ondan öyrənirlər, onun yanına 
								sevə-sevə öyrənməyə gedirlər. Həm də o müəllim 
								yaxşı öyrədə bilər ki, onu yaxşı öyrədiblər. 
								
								Niyə müəllim peşəsi ilə məşğul olanların hamısı 
								yuxarıda sadalanan keyfiyyətlərə malik deyil? 
								Düşünürəm ki, bunun əsas səbəblərindən biri 
								müəllim olmaq istəyənlərin seçim mexanizminin 
								təkmil olmamasıdır. Hazırda ali məktəblərə sənəd 
								verənlərin bir çoxu ixtisas seçimi zamanı 
								pedaqoji ixtisasları siyahının sonunda 
								göstərməyə çalışırlar. Digər ixtisaslar üzrə 
								kifayət qədər bal toplamadıqda pedaqoji 
								ixtisaslara qəbul edilirlər. Digər tərəfdən də 
								müəllimlik ixtisaslarını seçənlərə heç bir başqa 
								meyar tətbiq olunmur, yalnız imtahanda əldə 
								etdiyi nəticə əsas meyar hesab olunur. Etiraf 
								edək ki, ali məktəblərin pedaqoji ixtisaslarına 
								sənəd verənlərin heç də hamısı müəllim üçün 
								zəruri olan keyfiyyətlərə malik deyildirlər. 
								Təəssüf ki, pedaqoji sahəni təsadüfən seçən, 
								qəlbən, ruhən deyil, yalnız diplomuna görə 
								müəllim olanlar da az deyildir. Hesab edirəm ki, 
								bu amillər nəzərə alınaraq, pedaqoji profilli 
								ixtisaslara qəbul qaydaları 
								təkmilləşdirilməlidir. 
								
								Uzun illər ali məktəblərin pedaqoji 
								fakültələrinin məzunları sırasından zəif 
								oxuyanların təyinatla məktəblərə göndərilməsi 
								ümumi orta təhsilin inkişafına mənfi təsir edən 
								amillərdəndir.  
								
								Dünyada belə bir qayda da mövcuddur ki, ali 
								məktəbləri bitirən və müəllimlik diplomu alan 
								şəxslər məktəblərdə işləmək üçün imtahan verərək 
								xüsusi lisenziya alırlar. Yəni təsdiq olunur ki, 
								pedaqoji ixtisasa yiyələnmiş şəxs müəllimlik 
								keyfiyyətlərinə malikdir, yoxsa yox. Bu məsələ 
								müzakirə olunarkən bəziləri ali məktəbləri 
								bitirərək diplom almış şəxslərin yenidən 
								sınaqdan keçirilməsini qəbul etmək istəmirlər. 
								Lakin tam məsuliyyətlə demək olar ki, ali 
								məktəbi bitirib müəllim diplomu almış hər bir 
								şəxs müəllim ola bilmir. Elə bu səbəbdəndir ki, 
								pedaqoji profilli ixtisasları bitirmiş 
								məzunların yalnız 30 faizi məktəblərdə fəaliyyət 
								göstərmək üçün müraciət edirlər. Hesab edirəm 
								ki, müəllim fəaliyyətinin reqlamentləşdirilməsi 
								ilə əlaqədar dünya təcrübəsində istifadə edilən 
								müasir yanaşmalar ölkəmizdə də tətbiq 
								edilməlidir.  
								
								Məni düşündürən ən ciddi problemlərdən biri də 
								məhz müəllimlərin ilkin hazırlığı ilə bağlıdır. 
								Hazırda Azərbaycanda müəllim hazırlığı 22 ali 
								(10 dövlət, 12 özəl) və 23 orta ixtisas təhsili 
								müəssisəsində aparılır. Əvvəlcə ali təhsil 
								müəssisələrində müəllim hazırlığı barədə. Son 
								illər aparılan təhlillər göstərir ki, yenicə ali 
								məktəbi bitirib ümumtəhsil məktəblərində 
								fəaliyyətə başlayan müəllimlərin hazırlıq 
								səviyyəsi nə şagirdləri, nə valideynləri, nə də 
								məktəb rəhbərlərini qane etmir. Düşünürəm ki, 
								ali məktəbi bitirən məzun məktəbə müəllim kimi 
								gəlməli, ilk gündən pedaqoji prosesi idarə 
								etməyi bacarmalıdır. Təəssüf ki, ali məktəblərin 
								pedaqoji ixtisaslarını bitirən bir çox məzunlar 
								müəllimliyi məktəbdə öyrənməyi düşünürlər. Hesab 
								edirəm ki, ilkin müəllim bacarıqları ali 
								məktəblərdə mənimsənilməli, təcrübə və 
								kamilləşmə isə orta məktəblərdə qazanılmalıdır.
								 
								
								Şübhəsiz, hər bir müəllim ixtisası üzrə kifayət 
								qədər bilik və bacarıqlara malik olmalıdır. 
								Təhlil göstərir ki, bu sahədə də narahatedici 
								məqamlar mövcuddur. 2009-2010-cu dərs ili 
								ərəfəsində Bakı şəhərinin ümumtəhsil 
								məktəblərində vakant müəllim yerlərinə işə qəbul 
								zamanı rastlaşdığımız bir məsələni diqqətə 
								çatdırmaq istəyirəm. Məlumat üçün qeyd edim ki, 
								işə qəbul elektron vasitələr tətbiq edilməklə 
								təşkil edilmiş, sənəd vermiş müəllimlərlə 
								imtahan keçirilmişdir. 500 vakant yerə sənəd 
								vermiş 4 min müəllimin əksəriyyəti ali və orta 
								ixtisas məktəblərini yeni bitirmiş məzunlar 
								olmuşdur. Nəticələrin təhlili göstərmişdir ki, 
								həmin məzunların böyük əksəriyyəti sualların 30 
								faizinə belə cavab verə bilmirlər. Sual olunur, 
								belə biliklə müəllim işləmək olarmı? 
								
								Bu problemin həlli istiqamətində Təhsil 
								Nazirliyi tərəfindən yeni konsepsiya və 
								strategiya sənədi hazırlanmış və hökumət 
								tərəfindən təsdiq olunmuşdur. Artıq yeni 
								kurikulum əsasında ibtidai sinif müəllimlərinin 
								ilkin hazırlığına başlanılmışdır. Müəllim 
								hazırlığı sahəsində xüsusi əhəmiyyət kəsb edən 
								"Təhsilin əsasları" adlı yeni fənn tədris 
								edilməkdədir. Fikrimcə, yalnız ibtidai təhsil 
								üzrə deyil, bütün fənlər üzrə müəllim 
								hazırlığının təkmilləşdirilməsi sahəsində ciddi 
								addımlar atılmalıdır. Ona görə ki, ümumi 
								təhsildə genişmiqyaslı islahatlar aparılır, 
								məzmun, dərslik, qiymətləndirmə sistemi 
								yeniləşir, təlim strategiyaları dəyişir. Buna 
								müvafiq müəllim də hazırlanmalıdır. Artıq 
								ənənəvi müəllim hazırlığından imtina edilməli, 
								müasir tələbləri ödəyən müəllimlər 
								hazırlanmalıdır. 
								
								Orta ixtisas təhsili müəssisələrində müəllim 
								hazırlığında da bir sıra ciddi nöqsanlar 
								mövcuddur. Təhlil göstərir ki, postsovet 
								ölkələri istisna olmaqla, digər ölkələrin 
								məktəblərində yalnız ali təhsilli müəllimlər 
								fəaliyyət göstərirlər, ümumiyyətlə orta ixtisas 
								təhsilli pedaqoji kadrlar hazırlanmır. Əlbəttə, 
								Azərbaycanda müəyyən obyektiv səbəblərdən 
								pedaqoji profilli orta ixtisas təhsili 
								müəssisələri yaranmışdır. Qazax Müəllimlər 
								Seminariyası, Azərbaycan Dövlət Pedaqoji Kolleci 
								müəllim hazırlığı sahəsində müstəsna xidmətlər 
								göstərmişdir.  
								
								Lakin hazırda kifayət qədər kadr potensialı və 
								ənənələri olmayan orta ixtisas təhsili 
								müəssisələrində də kütləvi şəkildə müəllim 
								kadrları hazırlanır. Belə bir tendensiya da 
								mövcuddur ki, həmin təhsil müəssisələrinin 
								fəaliyyət göstərdiyi regionlarda ümumtəhsil 
								məktəblərində orta ixtisas təhsilli 
								mütəxəssislər az qala müəllimlərin 80-90 faizini 
								təşkil edir, həmin məktəblərə ali təhsilli 
								müəllimlərin işə qəbul olunması müşkül məsələyə 
								çevrilir. Digər tərəfdən isə bəzi istisnalarla 
								bu müəssisələrdə hazırlanan müəllim kadrlarının 
								səviyyəsi daha aşağı olur. Bununla əlaqədar 
								Təhsil Nazirliyi növbəti illərdə yalnız 
								ənənələri, təcrübəsi və kifayət qədər kadr 
								potensialı olan orta ixtisas təhsili 
								müəssisələrində müəllim hazırlığının 
								aparılmasını, digərlərində isə bu işin maksimum 
								dərəcədə məhdudlaşdırılmasını planlaşdırır. Eyni 
								zamanda müəllimlərin işə qəbulu zamanı ali 
								təhsilli müəllimlərə üstünlük veriləcəkdir. Bakı 
								şəhərində isə imkan daxilində orta ixtisas 
								təhsilli müəllimlərin işə qəbulu aparılmayacaq. 
								
								Xüsusi vurğulamaq istəyirəm ki, müəllimlərin işə 
								qəbulu sahəsində yeni mexanizmin tətbiqini 
								zəruri edən bir sıra ciddi amillər olmuşdur. 
								Belə ki, aparılmış təhlillər aşkara çıxarmışdır 
								ki, bir sıra hallarda yerli təhsil orqanlarının 
								laqeyd münasibəti, məsuliyyətsizliyi üzündən 
								uzun illər kadr siyasətində ciddi nöqsanlara yol 
								verilmiş, yerlərə göndərilən gənc 
								mütəxəssislərin əksəriyyəti ehtiyac duyulan 
								məktəblərə təyin olunmaqdansa, rayon 
								mərkəzlərində yerləşdirilmiş, nəticədə həmin 
								məktəblərdə sıxlıq, ucqar məktəblərdə isə böyük 
								tələbat əmələ gəlməsinə suni şərait 
								yaradılmışdır. 
								
								Bir sıra hallarda süni müəllim sıxlığı 
								yaradıldığından məktəblərdə az dərs yükü ilə 
								işləyən müəllimlərin sayı xeyli artmışdır. Belə 
								ki, ölkə üzrə müəllimlərin 21 faizinin dərs yükü 
								bir stavkadan aşağıdır. Ayrı-ayrı rayonlar üzrə 
								bu göstərici daha narahatedicidir. Ağdaş, 
								Balakən rayonlarında müəllimlərin 80 faizinin, 
								Naftalanda 60, Zaqatalada 43, Bərdədə 41 
								faizinin dərs yükü bir stavkayadəkdir. 
								
								Təcrübə göstərir ki, müəllimlərin dərs yükünün 
								aşağı olması keyfiyyətə bilavasitə təsir edən 
								amilə çevrilir. Bir qayda olaraq, az dərs yükünə 
								malik olan müəllimlər məktəbə bağlı olmur, 
								pedaqoji prosesə xüsusi həvəs göstərmirlər, 
								hətta dərslərinə də ciddi hazırlaşmırlar. 
								Beləliklə, onların fəaliyyətinin səmərə və 
								keyfiyyəti də istənilən səviyyədə olmur. 
								Təsəvvür edin, həftədə 5-7 saat dərsi olan 
								müəllim tədris mühitinə uyğunlaşa bilərmi? 
								
								Digər tərəfdən isə tədris yükünün çox sayda 
								müəllimlər arasında bölüşdürülməsi müəllimlərin 
								əməkhaqqının aşağı olmasına, sosial problemlər 
								yaşamasına gətirib çıxarır. Eyni zamanda 
								məktəblərdə müəllimlərin sayının optimal 
								olmaması ixtisasartırma tədbirlərinin səmərəli 
								təşkilinə də imkan vermir.  
								
								Təhlil göstərir ki, həm sovet dövründə, həm də 
								müstəqillik illərində müəllimlərin sayı 
								artmışdır. Belə ki, 1941-1942-ci tədris ilində 
								ümumtəhsil məktəblərində müəllimlərin sayı 20 
								min, 1978-1979-cu tədris ilində 94 min, 
								1981-1982-ci tədris ilində 101,4 min nəfər 
								olmuşdur. Qeyd etmək lazımdır ki, həmin 
								dövrlərdə müəllim artımının əsas səbəblərindən 
								biri məktəb şəbəkəsinin genişlənməsi və 
								mərhələlərlə icbari ümumi orta təhsilə keçidlə 
								bağlı olmuşdur. Məlumdur ki, 1927-ci ildən 
								icbari ibtidai təhsilə, 1930-1931-ci tədris 
								ilində icbari yeddiillik təhsilə, 1966-1967-ci 
								dərs ilində isə icbari orta təhsilə keçilmişdir.
								 
								
								Onu da qeyd edək ki, 1992-ci ildə qəbul edilmiş 
								Təhsil Qanununa müvafiq olaraq ümumtəhsil 
								məktəblərində pedaqoji işçilərin həftəlik tarif 
								stavkasının 18 saatdan 12 saata endirilməsi, 
								əslində, mütərəqqi addım idi və müəllimlərin 
								dərs yükünün optimallaşdırılmasına, tədris 
								prosesinə daha yaxşı hazırlaşmasına, öz 
								peşəkarlıq səviyyəsinin artırılması imkanlarının 
								genişləndirilməsinə, eyni zamanda mövcud 
								qanunvericilik çərçivəsində dərs yükünün 
								artırılması vasitəsilə onların sosial 
								müdafiəsinə yönəlmişdi.  
								
								Lakin bu mütərəqqi addım bir sıra yeni 
								problemlərin yaranmasına gətirib çıxardı. Belə 
								ki, məktəblərə kütləvi surətdə yeni müəllimlərin 
								işə qəbuluna şərait yaradıldı. Əksər hallarda 
								ixtisaslı kadrlar olmadığı üçün qeyri-ixtisaslı, 
								hətta qeyri-pedaqoji təhsillilər də məktəblərdə 
								müəllim işləməyə başladılar. Ölkədə müəllimlərin 
								sayı kəskin şəkildə artdı, müəllim-şagird 
								nisbəti aşağı endi. Əgər 1991-1992-ci dərs 
								ilində ümumtəhsil məktəblərində 130 min müəllim 
								fəaliyyət göstərirdisə, 1995-1996-cı dərs ilində 
								onların sayı 20 mindən çox artaraq 158 mini 
								ötmüşdü. Sonrakı illərdə də artma tendensiyası 
								davam etmişdi. 
								
								Ölkədə müəllim-şagird nisbətinin ildən ilə aşağı 
								düşməsinin əsas səbəbi tədris yükünün düzgün 
								bölüşdürülməməsi, ehtiyac olmadan müəllimlərin 
								işə qəbul edilməsi ilə bağlıdır. Hansı 
								arqumentlə izah etmək olar ki, son iki ilədək 
								şagirdlərin sayının kəskin azalması fonunda 
								müəllimlərin sayının artma tendensiyası müşahidə 
								edilirdi. 2008-ci ildən başlayaraq Təhsil 
								Nazirliyi bu prosesi nəzarətə götürərək 
								tənzimləməyə başlamışdır, ölkənin ümumi təhsil 
								sistemində süni müəllim artımının qarşısının 
								alınması istiqamətində daha ciddi tədbirlərin 
								görülməsi nəzərdə tutulub. 
								
								Bir məsələni də qeyd edim ki, paradoks olsa da, 
								ölkəmizdə bir tərəfdən müəllim artıqlığı 
								müşahidə olunursa, digər tərəfdən peşəkar, 
								səriştəli, əsl müəllimlərə ehtiyac hiss olunur. 
								Bu gün cəmiyyətə elə müəllimlər lazımdır ki, 
								şagirdləri inkişafa doğru apara bilsin, 
								bütövlükdə cəmiyyətin aparıcı qüvvəsinə 
								çevrilsin. Elə müəllimlərə ehtiyac var ki, onlar 
								hər bir şagirdin qəlbində elm, bilik, savad 
								məşəli yandırmaqla yanaşı, vətənə, torpağa, 
								millətə sevgi hissləri ilə alışıb yanan, onu 
								düşmən tapdağından azad etməyə, qorumağa hazır 
								və qadir olan vətənpərvər şəxsiyyətlər yetişdirə 
								bilsin. 
								
								Məni narahat edən daha bir məsələyə toxunmaya 
								bilmərəm. Belə ki, son illərdə kütləvi 
								informasiya vasitələrində təhsillə bağlı 
								yazıların təhlili göstərir ki, bu yazılar daha 
								çox müəllim əməyinin əhəmiyyətinin aşağı 
								salınmasına, müəllim adının müxtəlif neqativ 
								məsələlərlə bağlı hallandırılmasına, 
								təhsilalanın, valideynin müəllimlə konfliktə 
								çəkilməsinə yönəlmişdir. Etiraf edim ki, kiçik 
								istisnalar olmaqla, son illərdə KİV-lərdə 
								müəllim haqqında sanballı yazılara, radio və 
								televiziya verilişlərinə rast gəlməmişəm. 
								Halbuki, müəllim nüfuzunun yüksəldilməsində, 
								cəmiyyətdə müəllimin təbliğ olunmasında 
								KİV-lərin rolu əvəzedilməzdir.  
								
								Müəllim nüfuzunu necə yüksəltməyin yolları 
								barədə ciddi düşünməliyik. Lakin, ilk növbədə, 
								müəllimlər özləri bu məsuliyyəti dərindən hiss 
								etməli, daxilən saflaşmalı, müəllimlik peşəsinin 
								müqəddəsliyini dərk etməlidirlər. Düşünürəm ki, 
								hər hansı bir peşə sahibi səhv edə bilər və onun 
								səhvindən ziyan çəkənlər də olar, lakin bu səhvi 
								aradan qaldırmaq olar. Amma müəllimin səhvi 
								çoxlu sayda insanların həyatını və gələcəyini 
								təhlükədə qoyar. Bu mənada, nüfuz və hörmətin 
								qazanılması, hər şeydən əvvəl müəllimin özündən 
								asılıdır.  
								
								Onu da qeyd edim ki, son illərdə Təhsil 
								Nazirliyi tərəfindən müəllim nüfuzunun bərpasına 
								xidmət edən müəyyən addımlar atılmış, 
								məktəblərin infrastrukturunun yeniləşdirilməsi, 
								əlverişli təlim mühitinin yaradılması, təhsil 
								işçilərinin ən yüksək dövlət təltiflərinə, fəxri 
								adlara layiq görülməsi sahəsində əhəmiyyətli 
								tədbirlər həyata keçirilmişdir.  
								
								Ölkənin təhsil tarixində ilk dəfə olaraq dövlət 
								səviyyəsində "Ən yaxşı ümumtəhsil məktəbi" və 
								"Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi 
								də müəllim nüfuzunun yüksəldilməsinə ciddi təsir 
								etmiş, onları daha əzmlə işləməyə 
								ruhlandırmışdır. Müsabiqədə iştirak 
								statistikasına diqqət yetirsək, görərik ki, 
								2008-ci ildə 393, 2009-cu ildə 450, 2010-cu ildə 
								460 müəllim "Ən yaxşı müəllim" adına iddialı 
								olmaqla, iştirakçıların sayının artması 
								tendensiyası müşahidə edilib. 2008 və 2009-cu 
								illərdə qalib adını qazanmış 100 məktəbin və 200 
								müəllimin yüksək məbləğdə pul mükafatı ilə 
								mükafatlandırılması cəmiyyətdə çox böyük və 
								əlamətdar hadisə kimi qiymətləndirilməklə, 
								məktəblər və müəllimlər arasında sağlam 
								rəqabəti, innovativ fəaliyyətə istiqamətlənmiş 
								yaradıcılıq və təşəbbüskarlıq meyillərini 
								gücləndirməklə nəticə etibarı ilə təhsilin 
								keyfiyyətinin yüksəlməsinə müstəsna dərəcədə 
								müsbət təsir göstərmişdir. 
								
								Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyi bu 
								müsabiqənin təşkili və keçirilməsinə böyük 
								məsuliyyətlə yanaşır, müsabiqəyə sənəd vermiş 
								hər bir müəllimin obyektiv qiymətləndirilməsinə 
								səy göstərir. Tərkibi 23 nəfərdən ibarət olan 
								Təşkilat Komitəsi son mərhələdə hər bir 
								müəllimin təqdimatını diqqətlə dinləyərək 
								ədalətlə qiymətləndirir. Xüsusi vurğulamaq 
								istərdim ki, son 3 ildə keçirilən müsabiqələrdə 
								həqiqətən öz peşəsinin ustası olan, yüksək 
								səviyyəli, müasir tələblərə cavab verən 
								müəllimlər aşkar olunmuşdur. Belə müəllimlər 
								təhsil tariximizin qızıl fonduna daxil olmağa 
								layiqdirlər. 
								
								Eyni zamanda müəllim nüfuzunun artırılmasına 
								yönəlmiş tədbirlərdən biri də müəllimlərin 
								ixtisasının artırılması sahəsində yeni 
								mexanizmin hazırlanması və növbəti dərs ilindən 
								yeni kurikulumu tətbiq edəcək ibtidai sinif 
								müəllimlərinin ixtisasartırması sahəsində tətbiq 
								edilməsidir. Yen model keyfiyyətli 
								ixtisasartırma tədbirləri ilə yanaşı, 
								müəllimlərin karyera inkişafını, əməyinin 
								stimullaşdırılması məsələlərini də əhatə edir. 
								
								Hesab edirəm ki, uzun illərdən sonra "Təhsil 
								haqqında" Azərbaycan Respublikası Qanununun 
								qəbul edilməsi də müəllim nüfuzu və statusunun 
								yüksəldilməsinə öz töhfəsini verəcəkdir. Belə 
								ki, Qanunda təhsilverənlərin sosial müdafiəsi 
								sahəsində geniş tədbirlərlə yanaşı, onların 
								vəzifələri daha dəqiq ifadə edilmişdir: 
								
								-təhsil sahəsində dövlət siyasətinin həyata 
								keçirilməsində iştirak etmək; 
								
								-təhsil proqramlarının mənimsənilməsini təmin 
								etmək;  
								
								-təhsilalanlarda fəal vətəndaş mövqeyi 
								formalaşdırmaq, onları vətənpərvərlik və 
								azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil 
								həyata və əmək fəaliyyətinə hazırlamaq; 
								 
								
								-şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan 
								Respublikasının müstəqilliyinə, Konstitusiyasına 
								və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan 
								xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət 
								və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, 
								cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri 
								aşılamaq;  
								
								-pedaqoji etika və əxlaq normalarına riayət 
								etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq 
								nümunəsi göstərmək;  
								
								-təhsilalanların şərəf və ləyaqətinə hörmət 
								etmək;  
								
								-uşaq və gəncləri fiziki və psixi zorakılığın 
								bütün formalarından qorumaq, onları zərərli 
								vərdişlərdən çəkindirmək;  
								
								-ixtisas və elmi-pedaqoji səviyyəsini 
								yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə 
								məşğələlər, sinifdənxaric və məktəbdənkənar 
								tədbirlər keçirmək;  
								
								-qanunvericiliklə müəyyən edilmiş qaydada 
								attestasiyadan keçmək; 
								
								-qanunvericilikdə nəzərdə tutulmuş digər 
								vəzifələri yerinə yetirmək. 
								
								Onu da qeyd etmək lazımdır ki, ölkəmiz 
								müstəqillik əldə etdikdən sonra əksər müəllimlər 
								öz fəaliyyətinə yenidən nəzər salmış, müstəqil 
								Azərbaycanın tərəqqisi naminə daha əzmlə işləmək 
								üçün səylərini artırmışlar. Dərk etmişlər ki, 
								ölkəmizin gələcək perspektivləri onların bu gün 
								necə fəaliyyət göstərmələrindən birbaşa 
								asılıdır.  
								
								Bunlarla yanaşı, müəllimdən asılı olan və 
								olmayan aşağıdakı məsələlərə də diqqət 
								yetirilməsini vacib hesab edirik: 
								
								1.İlk növbədə, müəllim öz peşəkar fəaliyyəti, 
								qüsursuz davranışı, düzgün münasibəti, yüksək 
								mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənməlidir. 
								Bu, müəllimin daxili aləmindən gələn bir 
								təşəbbüs olmalıdır. 
								
								2.Müəllim öz ixtisasını dərindən bilməlidir, 
								şagirdlərinin nəzərində ucalığını qoruyub 
								saxlamalıdır. 
								
								3.Müəllimin sosial müdafiəsi təmin edilməli, 
								onun üçün layiqli yaşayış şəraiti yaradılmalıdır 
								ki, ailəsi və cəmiyyət qarşısında qürurunu 
								sındırmasın. 
								
								4.Müəllimin statusu müəyyənləşdirilməlidir. 
								Status müəllimin cəmiyyət tərəfindən adekvat 
								qəbul edilməsinə zəmin yarada bilər. 
								
								5.Məktəblər müəllim adını doğrultmayan, bu 
								yüksək ada ləkə gətirən təsadüfi müəllimlərdən 
								təmizlənməlidir. Bunun üçün qanunvericilik 
								bazası təkmilləşdirilməlidir. 
								
								6.Müəllim peşəsinə qəbul prosesində ciddi seçim 
								aparılmalıdır. Yalnız bu peşənin ağırlıqlarını 
								çiyinlərində daşıya biləcək, müəllimlik 
								xüsusiyyətlərini özündə cəmləşdirəcək şəxslərin 
								müəllim kimi yetişməsinə imkan yaradılmalıdır. 
								
								7.Müəllim fəaliyyəti lisenziyalaşdırılmalıdır. 
								Hətta müəyyən səbəblərdən qəbul zamanı seçim 
								aparılması mümkün deyilsə və ali məktəbi bitirib 
								müəllimlik diplomu almışsa belə, məzun müəllim 
								işləmək üçün xüsusi lisenziya almalıdır. 
								
								8.Müəllim hazırlığı yalnız ali təhsil 
								müəssisələrində aparılmalıdır. 
								
								9.Ali məktəblərdə müəllim hazırlığının 
								keyfiyyəti yüksəldilməlidir, buraxılış ciddi 
								nəzarətə götürülməlidir ki, peşəyə yiyələnə 
								bilməyən və müvafiq keyfiyyətlərə malik 
								olmayanlar müəllimlik diplomu ala bilməsinlər. 
								
								10.Məktəblərdə işləyən müəllimlərin fəaliyyəti 
								müntəzəm olaraq qiymətləndirilməlidir, 
								şagirdlər, valideynlər arasında rəy sorğuları 
								keçirilməlidir. 
								
								Hörmətli oxucular, kiçik bir yazıda müəllim 
								haqqında, onun çətin və şərəfli fəaliyyəti, 
								insanın formalaşmasında və cəmiyyətin 
								inkişafında rolu barədə hər şeyi demək, təbii 
								ki, mümkün deyildir. Təəssüf ki, müəllimin 
								fəaliyyəti tarixdə yazılı şəkildə qalmır, 
								insanların qəlbində, yaddaşlarında həkk olunur, 
								əməllərində öz təzahürünü tapır. Bu mənada 
								şərəfli peşə sahibi olan müəllimlər haqqında 
								daha çox yazılmalıdır ki, onların adı və 
								fəaliyyəti tarixdə qalsın.  
								
								
								(Ardı var)  
								
								
								Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri,
 fizika-riyaziyyat elmləri doktoru, professor
 |