| 
								
								
								 Cəfərov 
								Faiq Əliqulu oğlu 
								
								1974-cü il mayın 1-də Cəlilabad rayonunun 
								Şiləvəngə kəndində anadan olmuşdu. 1991-ci ildə 
								doğma kəndlərindəki orta məktəbi bitirərək Bakı 
								Maşınqayırma Texnikumunda təhsilini davam 
								etdirmişdi. O, 1992-ci il oktyabrın 18-də vətənə 
								sədaqət andı içərək Milli Ordu sıralarında hərbi 
								xidmətə başlamışdı. Naxçıvanın ilk sərhəd 
								dəstəsinin üzvlərindən biri olmuşdu. 
								
								F.Cəfərov Şərur rayonundakı 3-cü zastavada 
								xidmət edərək sərhədlərimizin erməni 
								təcavüzkarlarından qorunmasında xüsusi cəsurluq 
								göstərmişdi. 
								
								Faiq 1995-ci il 13-17 mart dövlət çevrilişinə 
								cəhdin qarşısının alınması məqsədilə Baki 
								şəhərinə göndərilmişdi. Qanunsuz silahlıların 
								tərksilah edilməsi üçün hərbi hissənin əsgərləri 
								ilə birlikdə qəhrəmanlıq göstərmişdi. O, 1995-ci 
								il iyunun 22-də sərhəd qoşunlarından ehtiyata 
								buraxılmışdı. 
								
								Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 
								27 dekabr tarixli 427 nömrəli Fərmanı ilə 
								Cəfərov Faiq Əliqulu oğlu Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb.     
								
								1999-cu il avqustun 19-da avtomobil qəzası 
								nəticəsində həlak olub. 
								
								Ailəli idi. İki övladı var. 
								
								Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn 
								olunub.   
								
								
								 Çobanov 
								Şamoy Məhyəddin oğlu 
								
								1965-ci il yanvarın 19-da Qazax rayonunun 
								Ağköynək kəndində anadan olmuşdu. 1982-ci ildə 
								Qazax şəhər 1 nömrəli orta məktəbini bitirdikdən 
								sonra avtonəqliyyat müəssisəsində əmək 
								fəaliyyətinə başlamışdı. Şamoy 1983-cü ildə 
								sovet ordusu sıralarına çağırılmış, 1985-ci ildə 
								ordudan tərxis olunaraq doğma  rayonlarına 
								qayıtmışdı. 1989-cu ildə Qazax  Rayon  Polis 
								Şöbəsində işə qəbul olunmuşdu. Erməni 
								təcavüzkarları Xeyrimli, Yuxarı Əskipara, 
								Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman 
								Ş.Çobanov xüsusi qəhrəmanlıq nümayiş etdirmişdi. 
								O, Vətənini canından çox sevən bir polis işçisi 
								kimi xalqına xidmət etməkdən böyük qürur və 
								şərəf duyurdu. 
								
								Şamoy 1990-cı il avqustun 19-da Yuxarı Əskipara 
								kəndində gedən döyüşdə, "Qanlı dərə" deyilən 
								ərazidə erməni silahlı qüvvələrinə qarşı 
								rəşadətlə vuruşaraq qəhrəmancasına həlak olub. 
								
								Subay idi. 
								
								Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə 
								Çobanov Şamoy Məhyəddin oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								Qazax rayonunun Ağköynək kəndində dəfn olunub. 
								Ağköynək kənd məktəbi onun adını daşıyır.  
								
								
								 Çirinqov 
								RamazanHeybullah oğlu 
								
								1969-cu il fevralın 15-də Balakən rayonunun 
								Meşəşambul kəndində anadan olmuşdu. O, 1986-cı 
								ildə Meşəşambul kənd orta məktəbini bitirdikdən 
								sonra Balakən Rayon Hərbi Komissarlığı 
								tərəfindən ordu sıralarında xidmətə 
								çağırılmışdı.Əfqanıstanda hərbi xidmətdə olan 
								Ramazan göstərdiyi şücaətə görə SSRİ Ali Soveti 
								Rəyasət Heyətinin Fəxri Fərmanı və "Beynəlmiləl 
								döyüşçü" döş nişanı ilə təltif edilmişdi. 
								1989-cu ildə ordudan tərxis olunaraq Balakən 
								Rayon Polis Şöbəsində polis nəfəri kimi əmək 
								fəaliyyətinə başlamışdı. Elə ilk gündən də öz 
								davranışı və nümunəvi xidməti ilə polis 
								dostlarının və komandir heyətinin rəğbətini 
								qazanmışdı. R.Çirinqov 1995-ci il sentyabrın 
								3-də Balakən rayonunda cinayətkar dəstəni 
								zərərsizləşdirərkən qəhrəmancasına həlak olub. 
								
								Subay idi. 
								
								Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 
								1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə 
								Çirinqov Ramazan Heybullah oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb.  
								
								Meşəşambul kəndində dəfn olunub. Balakən 
								şəhərindəki küçələrdən biri onun adını daşıyır.  
								
								
								 Davidoviç 
								Anatoli Nikolayeviç 
								
								1965-ci il martın 28-də Belarus Respublikasının 
								Siutet şəhərində dünyaya gəlmişdi. O, 1992-ci 
								ilin iyununadək  Rusiya ordusunda xidmət 
								etmişdi. Mayor rütbəsinə kimi yüksələn Anatoli 
								sonrakı həyatını Azərbaycan ordusu ilə 
								bağlamışdı. "N" saylı hərbi hissədə artilleriya 
								qərargahının rəisi təyin edilmişdi. Bu zaman 
								Qarabağda ölüm-dirim mübarizəsi davam etməkdə 
								idi. Hər gün yüzlərlə insan həlak olur, kəndlər 
								xarabazara çevrilirdi. 1992-ci il iyunun 9-da 
								Ağdam rayonunda gedən gərgin döyüşlərdə Anatoli 
								əsl qəhrəmanlıq göstərmişdi. O, elə həmin qızğın 
								döyüşlər zamanı ağır yaralanmışdı. Xeyli qan 
								itirdiyindən həkimlər onu ölümün pəncəsindən 
								xilas edə bilməmişlər. 
								
								A. Davidoviç 1992-ci il iyunun 13-də Bakı şəhər 
								Mərkəzi Hospitalında vəfat edib. 
								
								Ailəli idi. 
								
								Azərbaycan Respublikası Prezidentinin 3 iyul 
								1992-ci il tarixli 24 nömrəli Fərmanı ilə mayor 
								Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								Belarus Respublikasının Siutet şəhərində dəfn 
								olunub.  
								
								
								 Edilov 
								Yelmar Şahmar oğlu 
								
								1946-cı il aprelin 10-da Ağdam rayonunun 
								Əlimədədli kəndində anadan olmuşdu. 1954-1964-cü 
								illərdə Əlimədədli kənd orta məktəbində təhsil 
								almış, sonra isə Ağdam Kənd Təsərrüfatı 
								Texnikumuna daxil olmuşdu. 1964-cü ildə Minsk 
								şəhərində hərbi xidmətə başlamışdı. O, hərbi 
								xidmətdən ikinci qrup əlil kimi tərxis olunmuş 
								və texnikumda yarımçıq qalmış təhsilini başa 
								çatdırmışdı. 
								
								1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın 
								bir çox kəndləri erməni işğalçıları tərəfindən 
								gecə-gündüz atəşə tutulurdu. Elə o ərəfədə 
								Yelmarın rəhbərliyi ilə Kolanı kəndində 
								özünümüdafiə batalyonu yaradılmışdı. Həmin dəstə 
								Ağdamda böyük hünərlər göstərmiş, dəfələrlə 
								erməni işğalçılarını döyüşlər zamanı itkiyə 
								məruz qoymuşdu. Y.Edilov 1994-cü il aprelin 
								11-də "Çərik" kökəltmə məntəqəsi uğrunda gedən 
								döyüşdə qəhrəmancasına həlak olub. 
								
								Ailəli idi. Yeddi övladı var. 
								
								Azərbaycan Respublikası Prezidentinin 16 
								sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı 
								ilə Edilov Yelmar Şahmar oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb.Bakıda ikinci Şəhidlər xiyabanında dəfn 
								olunub.  
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya 
								Mərkəzinin materialları əsasında
 hazırladı: Ədalət DAŞDƏMİRLİ
 |