Azərbaycan
milli mətbuatının 135 illiyi ilə əlaqədar
Azərbaycan Respublikası Təhsil Nazirliyinin,
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat
Şurasının birlikdə "Təhsil və media:
peşəkarlığın artırılmasına dəstək" mövzusunda
jurnalistlər arasında keçirdikləri müsabiqə başa
çatıb. İyulun 6-da Təhsil Nazirliyində
müsabiqənin nəticələrinin açıqlanmasına və
qaliblərin mükafatlandırılmasına həsr olunmuş
mərasim keçirilib.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri
Misir Mərdanov Təhsil Nazirliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə
əməkdaşlığından söz açıb, bu əməkdaşlıq
çərçivəsində dəfələrlə birgə tədbirlər
keçirildiyini, bu silsilədən növbəti tədbirə
yığışdıqlarını qeyd edib. İlk dəfə keçirilən
müsabiqədə əsas məqsədin Azərbaycan təhsilində
gedən proseslərin geniş ictimaiyyətə daha
yaxından çatdırılmasında peşəkar jurnalist
yaradıcılığını stimullaşdırmaq, təhsil
sahəsindən yazan ixtisaslaşmış jurnalistlər
qrupunun formalaşmasına dəstək göstərmək,
kütləvi informasiya vasitələrinin təhsil
orqanları ilə səmərəli əməkdaşlıq prinsiplərini
təbliğ etməkdən, təhsil mövzusunun mediada geniş
şəkildə işıqlandırılmasına şərait yaratmaqdan
ibarət olduğunu deyən təhsil naziri müsabiqənin
nəticələrini açıqlayıb. Bildirib ki, sənədlərin
qəbulu üçün nəzərdə tutulmuş vaxt ərzində -
iyunun 10-dan iyulun 1-dək müsabiqəyə 45 yazı
təqdim edilib. Təqdim olunmuş yazıların
təcrübəli ekspertlər tərəfindən
qiymətləndirildiyini söyləyən Misir Mərdanov
nəticədə 1 nəfərin I yerə, 2 nəfərin II yerə, 3
nəfərin III yerə, 10 nəfərin isə həvəsləndirici
yerə layiq görüldüyünü qeyd edib. Nazir diqqətə
çatdırıb ki, qalib gəlmiş 16 jurnalist
müsabiqənin şərtlərinə uyğun olaraq müxtəlif
məbləğdə pul mükafatlarına layiq görülüb, onlar
həmçinin Azərbaycan Respublikası Təhsil
Nazirliyinin, Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
və Azərbaycan Mətbuat Şurasının xüsusi
diplomları ilə təltif olunublar.
Təhsil
naziri çıxışının sonunda müsabiqənin uğurla başa
çatdırılmasında əməyi olanlara təşəkkürünü
bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli və Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov təbrik
çıxışlarında müsabiqənin əhəmiyyətini qeyd
edərək onun yüksək səviyyədə keçirildiyini
vurğulayıb, belə tədbirlərin gələcəkdə də təşkil
ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən
müsabiqəyə qatılmış jurnalistlərin tutduqları
yerlərdən asılı olmayaraq, hər birinin qalib
olduğunu nəzərə çatdıran qurum rəhbərləri
qazandıqları böyük uğurlara görə jurnalistləri
təbrik ediblər.
Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə
diplomlar və pul mükafatları təqdim edilib,
onlara yeni-yeni yaradıcılıq uğurları arzu
olunub.
Yeri gəlmişkən qeyd edək ki, müsabiqədə iştirak
edən qəzetimizin şöbə redaktoru Yusif Əliyev II
yerə layiq görülüb. Əməkdaşımızı bu uğuru
münasibətilə təbrik edir, ona daha böyük
qələbələr arzulayırıq.
"Azərbaycan müəllimi" |