| 
								
								Azərbaycanın təhsil sferasında aparılan 
								islahatlar artıq 10 ildən çox bir müddəti əhatə 
								edir. Belə ki, ümummilli lider, Prezident Heydər 
								Əliyevin 1998-ci ildəki müvafiq sərəncamı ilə 
								təhsil sahəsində İslahat Proqramı hazırlanmış, 
								bu islahatlar dövlətimizin və Dünya Bankının 
								maliyyə və texniki dəstəyi ilə həyata 
								keçirilməyə başlanmışdır. Beləliklə, əsası ulu 
								öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil 
								islahatları artıq uzun müddətdir ki, uğurla 
								davam etdirilir. Qeyd etməliyik ki, ölkəmizdə 
								aparılan təhsil islahatları təhsilin bütün 
								sahələrini əhatə etdiyi kimi, təhsilin 
								maliyyələşdirilməsi də bu islahatların əsas 
								komponentlərindən biri olmuşdur. 
								
								 Azərbaycanda 
								təhsilin maliyyələşdirilməsi sahəsində mütərəqqi 
								metodların tətbiq edilməsi ilk əvvəl ümumi 
								təhsildə sınanmışdır. 
								
								Belə ki, Dünya Bankının texniki və maliyyə 
								dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata 
								keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi 
								üzrə 3 pilot rayonunda - İsmayıllıda, Ucarda və 
								Şirvan şəhərində adambaşına maliyyələşdirmə 
								mexanizminin tətbiqinin sınaqdan keçirilməsi və 
								islahatların ikinci mərhələsində bu mexanizmin 
								bütün ölkəyə tətbiq  edilməsi nəzərdə 
								tutulmuşdur. Bu maliyyə islahatlarının əsas 
								hədəfləri  aşağıdakı məqsədlər olmuşdur: 
									
									
									 məktəblərə 
									ayrılan vəsait bölgüsünü daha ədalətli və 
									şəffaf qaydada həyata keçirmək;
									
									 məktəblərin 
									öz vəsaitlərindən daha səmərəli şəkildə 
									istifadə edə bilməsinə şərait yaratmaq;
									
									 məktəb 
									şurası vasitəsi ilə məktəblərin daha yaxşı 
									idarə olunmasına nail olmaq.
									
									
									Qeyd olunan bu məqsədlər Azərbaycan üçün 
									ümumi təhsil məktəblərində adambaşına 
									maliyyələşdirmənin tətbiqinin aşağıdakı əsas 
									üstünlükləri ilə səciyyələnir:
									
									 Yeni 
									mexanizmin tətbiqi zamanı məktəbin ayrıca 
									xəzinə hesab-kitabı açılır, müstəqil 
									mühasibatlığı yaradılır və məktəb mövcud 
									qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə 
									özü maliyyə-təsərrüfat fəaliyyətini həyata 
									keçirir;    
									
									 Məktəblərin 
									büdcəsinin tərtibi və maliyyələşdirilməsi 
									ilə bağlı subyektivizm halları aradan 
									qaldırılır və şəffaflıq, ədalətlilik təmin 
									olunur. Belə ki, yeni mexanizmin tətbiqi 
									zamanı maliyyələşdirmə adambaşına 
									normativlər əsasında vahid düsturla 
									müəyyənləşdirilir; 
									
									 Məktəb 
									büdcəsinin planlaşdırılmasında və idarə 
									olunmasında məktəbin birbaşa iştirakı təmin 
									edilir. Beləliklə, nəzərdə tutulan maliyyə 
									vəsaitinin məktəblərin ehtiyaclarına daha 
									səmərəli yönəldilməsi imkanı yaranır. Belə 
									ki, təhsilin keyfiyyətinə bilavasitə təsir 
									edən müəllimlərin ixtisasartırma 
									tədbirlərinin daha səmərəli təşkilinə, o 
									cümlədən, xaricdə treninq və seminarlara 
									cəlbinə, məktəbin təlim materialları ilə 
									təmin edilməsi və digər inkişafetdirici 
									tədbirlərə vəsaitin yönəldilməsi imkanları 
									genişlənir;
									
									 Məktəbdə 
									təhsilin keyfiyyəti artır və idarəetmə 
									təkmilləşir. Belə ki, məktəb 
									maliyyələşdirmənin həcminin və maliyyə 
									imkanlarının  artırılmasını təmin etmək üçün 
									əlavə şagird qəbuluna stimullaşır. Bu isə, 
									öz növbəsində, məktəblər arasında rəqabəti 
									gücləndirir və təhsilin keyfiyyətinin 
									yüksəlməsinə zəmin yaradır;
									
									 Büdcədənkənar 
									vəsaitlərin məktəbə cəlbinə və şəffaf 
									istifadə edilməsinə şərait yaranır. Belə ki, 
									məktəb hüquqi şəxs statusu əldə etdiyi üçün 
									büdcədənkənar vəsaitlər üçün də xəzinədə 
									hesab açmaq imkanı əldə edir; 
									
									 Məktəb 
									müstəqil olaraq strateji sosial və iqtisadi 
									planlar hazırlamaq imkanı əldə edir;
									
									 Məktəb 
									şəbəkəsi optimallaşır. Belə ki, yeni 
									mexanizmin tətbiqi məktəbə maliyyə 
									vəsaitlərinin mövcud sinif komplektlərinin 
									sayına görə deyil, şagirdlərin sayına görə 
									verilməsinə səbəb olduğundan əlavə maliyyə 
									vəsaiti cəlb etmək məqsədilə az şagird sayı 
									ilə siniflərin açılması və əlavə 
									müəllimlərin işə qəbulu üçün süni 
									ehtiyacların yaradılması   halları aradan 
									qalxır. 
								
								Sadalanan bu məqsədləri və üstünlükləri nəzərə 
								alaraq layihənin icra planına əsasən 3 pilot 
								rayonunun 59 ümumi təhsil məktəbində adambaşına 
								maliyyələşdirmənin həyata keçirilməsi ilə bağlı  
								həmin məktəblərin hər biri üçün ayrıca xəzinə 
								hesabları açılmış, müstəqil mühasibatlıqları 
								yaradılmış və seçilmiş beynəlxalq və milli 
								məsləhətçilərin dəstəyi ilə şagirdbaşına 
								maliyyələşdirmə düsturu hazırlanmışdır. Bundan 
								əlavə, tətbiq olunacaq yeniliklərlə əlaqədar 
								pilot rayonların məktəblərinin direktorları, 
								mühasibləri ilə mütəmadi öyrədici seminarlar, 
								məşğələlər keçirilmiş, onlarla yeni mexanizmin 
								tətbiqi və istifadə qaydaları ilə əlaqədar 
								müvafiq işlər aparılmışdır.  
								
								Müvafiq hazırlıq və sınaq işləri aparıldıqdan 
								sonra pilot məktəblərində şagirdbaşına 
								maliyyələşdirmənin icrasına başlanılması və bu 
								mexanizmin  hüquqi əsasını təmin etmək məqsədilə 
								Təhsil Sektorunun İnkişafı Layihəsinin 
								"Maliyyələşdirmə və büdcə islahatları" 
								alt-komponentinin icrası haqqında Azərbaycan 
								Respublikası Nazirlər Kabinetinin 22 fevral 
								2007-ci il tarixli 36 nömrəli qərarı qüvvəyə 
								minmişdir. Bu qərara əsasən islahat layihəsi 
								çərçivəsində pilot rayonları kimi seçilmiş 
								Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının 
								maliyyə müstəqilliyi verilmiş 59 ümumi təhsil 
								məktəbinin maliyyələşdirilməsinin 2007-ci il 
								yanvarın 1-dən şagirdbaşına maliyyələşdirmə 
								prinsipi əsasında həyata keçirilməsinə 
								başlanılmışdır. Lakin qeyd olunan qərara əsasən 
								pilot məktəblərin büdcələrinin tərtibi müvafiq 
								qaydada şagirdbaşına maliyyələşdirmə düsturu ilə 
								həyata keçirilsə də, məktəblər tam maliyyə 
								müstəqilliklərini təmin edən bir sıra 
								səlahiyyətləri əldə edə bilmədilər.  
								
								Belə ki, ayrılmış büdcə vəsaitinin iqtisadi 
								təsnifatın xərc yarımmaddələri arasında 
								bölüşdürülməsi və il ərzində zərurət yarandığı, 
								həmçinin ilin sonunda qənaət olunduğu hallarda 
								xərc yarımmaddələri arasında müvafiq 
								yerdəyişmələrin aparılması kimi səlahiyyətlərin 
								məktəblərə verilməsi məsələsi  ciddi 
								müzakirələrə səbəb oldu. "Büdcə sistemi" 
								haqqında Azərbaycan Respublikasının Qanunu ilə 
								yuxarıda adıçəkilən qərar arasında ziddiyyət 
								olduğundan məktəblərə tam maliyyə 
								müstəqilliyinin verilməsi hüquqi cəhətdən mümkün 
								olmadı. Bundan əlavə, pilot rayonlarda 
								yaradılmış məktəb şuralarının fəaliyyətinin 
								istənilən səviyyədə olmaması, onların məktəb 
								büdcəsi və xərcləri barədə sərbəst şəkildə və 
								düzgün qərar verə bilmək iqtidarında olmamaları 
								da narahatedici amillərdən biri hesab 
								olunmalıdır. Qeyd etməliyik ki, məktəb şuraları 
								yaradılsa da, onların fəaliyyəti hələ də formal 
								xarakter daşıyır və məktəbin idarə olunmasında 
								onların fəallığı hiss olunmur. Buna görə də 
								məktəb şuralarının fəaliyyəti daim 
								gücləndirilməlidir. Bu məqsədlə ictimai həyatda 
								böyük nüfuza və müstəqil qərar vermək 
								qabiliyyətinə malik olan  şəxslərin məktəb 
								şuralarının fəaliyyətində iştirakı vacib 
								amildir.    
								
								Bu səbəblərdən islahat layihəsi çərçivəsində 
								pilot rayonları kimi seçilmiş Şirvan şəhəri, 
								İsmayıllı və Ucar rayonlarının məktəblərində 
								maliyyə islahatları nəzərdə tutulan şəkildə tam 
								deyil, qismən həyata keçirildi və yalnız 3 pilot 
								rayonla məhdudlaşdı. 
								
								Lakin bu islahatların miqyasının 
								genişləndirilməsi və  qeyd olunan problemlərin 
								aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi 
								tərəfindən Təhsil Sektorunun  İnkişafı üzrə 
								İkinci Layihə (2009-2014) çərçivəsində əvvəlki 
								layihədə başlanılmış maliyyə islahatlarının 
								qiymətləndirilməsi və  bununla əlaqədar hökumətə 
								tövsiyələrin hazırlanması qərara alınmışdır. 
								Hazırda bu istiqamətdə ciddi işlər aparılır. 
								Belə ki, Təhsil Nazirliyi maliyyə islahatlarının 
								respublikanın bütün ümumi təhsil məktəblərində 
								həyata keçirilməsini zəruri hesab edir və bu 
								istiqamətdə işlərin davam etdirilməsi 
								niyyətindədir.     
								
								Qeyd etmək lazımdır ki, ümumi təhsildə 
								adambaşına maliyyələşdirməyə keçid bir sıra 
								problemlərlə üzləşsə də, ali təhsildə yeni 
								maliyyələşdirmə mexanizminin tətbiqi 
								istiqamətində ölkəmizdə hazırda çox əhəmiyyətli 
								işlər görülməkdədir. 
								
								Belə ki, ölkə Prezidentinin "Ali təhsil 
								müəssisələrində yeni maliyyələşmə mexanizminin 
								tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il 
								tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris 
								ilindən başlayaraq Azərbaycan Respublikası 
								ərazisində fəaliyyət göstərən ali təhsil 
								müəssisələrində dövlət büdcəsinin vəsaiti 
								hesabına maliyyələşdirmə dövlət sifarişi 
								əsasında adambaşına maliyyələşdirmə prinsipi 
								əsasında həyata keçiriləcəkdir. 
								
								Qeyd olunan Fərmanın mahiyyəti və icrası barədə 
								danışmazdan əvvəl bu yeni mexanizmin tətbiqinin 
								zəruriliyinə və əhəmiyyətinə nəzər salaq. 
								 
								
								Müasir dövrdə ali təhsilin inkişafı yaxın 
								perspektiv üçün ölkəmizin sosial-iqtisadi 
								inkişafının əsas prioritet istiqamətlərindən 
								biridir. Belə ki, indiki dövrdə ölkənin 
								inkişafının əsas amili təhsilin səviyyəsi və 
								keyfiyyətindən çox asılıdır. Bu baxımdan 
								ölkəmizdə təhsil sahəsində, eləcə də ali 
								təhsildə aparılan nəticəyönümlü islahatlar mühüm 
								əhəmiyyət kəsb edir. Ali təhsildə hazırda 
								aparılan islahatların əsas ana xəttini 
								Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 
								22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq 
								olunmuş "2009-2013-cü illərdə Azərbaycan 
								Respublikasının ali təhsil sistemində islahatlar 
								üzrə Dövlət Proqramı"nın icrası  təşkil edir. 
								Proqramın əsas məqsədi ölkənin ali təhsilinin 
								dünya təhsil sisteminə inteqrasiyası, onun 
								məzmununun Boloniya prosesinin prinsiplərinə 
								uyğun qurulması, ali təhsilin 
								rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə 
								iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali 
								təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin 
								ali təhsil almaq imkanlarının təmin edilməsi 
								üçün iqtisadi və sosial baxımdan səmərəli ali 
								təhsil sisteminin formalaşdırılmasıdır. 
								
								Artıq bu gün Azərbaycanın ali təhsil sistemi 
								Avropa ali təhsil məkanına inteqrasiya 
								istiqamətində inkişaf etməkdədir.Ali təhsildə 
								keyfiyyətin əldə olunması, effektiv idarəetmənin 
								və ayrılan vəsaitlərdən səmərəli istifadənin 
								təmin edilməsi üçün əsas amillərdən biri də ali 
								təhsilin maliyyələşdirilməsində yeni və 
								mütərəqqi mexanizmlərin tətbiq olunmasıdır. Bu 
								baxımdan ümummilli liderimiz Heydər Əliyev 
								siyasətinin layiqli davamçısı möhtərəm Prezident 
								cənab İlham Əliyevin bu ilin əvvəlində 
								imzaladığı "Ali təhsil müəssisələrində yeni 
								maliyyələşmə mexanizminin tətbiq edilməsi 
								barədə" Fərman mühüm əhəmiyyət kəsb edir. Belə 
								ki, ali təhsilin dövlət maliyyələşdirməsinin 
								bugünkü mexanizmi müasir qloballaşma və bazar 
								iqtisadiyyatı şəraitində rəqabətin gücləndiyi 
								bir dövrdə tələb olunan standartlara cavab 
								vermir. Hazırda dövlət ali təhsil 
								müəssisələrinin büdcəsi əsasən büdcə və 
								büdcədənkənar vəsaitlər (ödənişli təhsil) 
								hesabına formalaşır. Dövlət ali məktəblərinin 
								illik büdcəsi əvvəlki illərin xərcləri nəzərə 
								alınmaqla onların təqdim etdikləri xərclər 
								smetasının proqnozu əsasında müəyyənləşdirilir 
								və bu büdcə vəsaitləri mövcud qanunvericiliyə 
								uyğun olaraq  xərclərin istiqamətindən və 
								təyinatından asılı olaraq 40-dan çox xərc 
								maddələri çərçivəsində icra olunur. Qeyd 
								etməliyik ki, ali məktəblərin 
								maliyyələşdirilməsinin mövcud mexanizmi təhsil 
								sahəsində beynəlxalq və milli səviyyədə 
								rəqabətin gücləndiyi, nəticələrə əsaslanan 
								strateji planlaşdırmanın və maliyyələşdirmənin 
								rolunun yüksəldiyi bir dövrdə müasir tələblərə 
								cavab vermir. Bu mexanizm ali məktəblərdə 
								cavabdehliyin, rəqabətin, təhsildə keyfiyyətin 
								yüksəldilməsini tam təmin etmir və son nəticədə 
								büdcədən ayrılan vəsaitlərin ali məktəblərdə 
								müəyyən dərəcədə səmərəsiz istifadəsinə səbəb 
								olur. Ali məktəblər onlara ayrılan dövlət 
								vəsaitlərindən mövcud ehtiyaclar üzrə sərbəst 
								istifadə edə bilmir, vəsaitlərin bölgüsündə 
								bəzən subyektivlik hallarına rast gəlinir. 
								Bundan əlavə, ali təhsil  müəssisələri  tələbə 
								qəbulunun və dövlət maliyyələşdirilməsinin həmin 
								ali təhsil ocaqlarının fəaliyyətinin 
								nəticələrindən və keyfiyyət göstəricilərinin 
								səviyyəsindən asılı olmayaraq planlı qaydada 
								həyata keçirildiyi üçün bir növ arxayınlaşır, 
								keyfiyyətin, cavabdehliyin artırılmasına ciddi 
								səy göstərmir və nəticədə sağlam rəqabət mühiti 
								təmin olunmur.  
								
								Bu baxımdan deyə bilərik ki, ölkə Prezidentinin 
								"Ali təhsil müəssisələrində yeni maliyyələşmə 
								mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 
								2010-cu il tarixli Fərmanından irəli gələn 
								tələblərə əsasən ali təhsildə yeni 
								maliyyələşdirmə mexanizminin tətbiqi bu 
								problemlərin köklü şəkildə tədricən aradan 
								qaldırılmasına yönəlmişdir.  
								
								Belə ki, Fərmana əsasən 2010-2011-ci tədris 
								ilindən başlayaraq Azərbaycan Respublikası 
								ərazisində fəaliyyət göstərən ali təhsil 
								müəssisələrində dövlət büdcəsinin vəsaiti 
								hesabına maliyyələşdirmə dövlət sifarişi 
								əsasında adambaşına maliyyələşdirmə prinsipi 
								əsasında həyata keçiriləcəkdir. Bundan əlavə, 
								Fərmana əsasən bundan sonra dövlət sifarişinin 
								formalaşdırılmasında ölkənin milli, mədəni, 
								humanitar və tarixi dəyərləri, mövcud əmək 
								bazarının xüsusiyyətləri və dövlətin perspektiv 
								inkişafı amilləri nəzərə alınacaq.  
								
								Nəzərə almaq lazımdır ki, təhsildə adambaşına 
								maliyyələşdirmə mexanizmi dünyanın inkişaf etmiş 
								ölkələrində tətbiq olunan ən mütərəqqi 
								metodlardandır. Bu mexanizm dövlət büdcəsindən 
								ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin 
								bir tələbə üçün müəyyənləşdirilmiş xərc 
								normativinə əsasən maliyyələşdirməni  nəzərdə 
								tutur. Yəni bu o deməkdir ki, müvafiq kadr 
								hazırlığı üzrə dövlət sifarişini yerinə yetirən 
								təhsil müəssisələrinə maliyyə vəsaitləri 
								tələbələrin sayından asılı olaraq veriləcəkdir.
								 
								
								Qeyd olunan Fərmanın əsas məqsədlərindən biri də 
								ali təhsil müəssisələri arasında dövlət 
								maliyyəsinin, daha doğrusu, dövlət sifarişi 
								əsasında təhsil alacaq tələbə uğrunda 
								mübarizəni, başqa sözlə, yarışmanı təmin etməklə 
								rəqabətin yaradılmasıdır. Belə ki, yeni 
								qaydalara əsasən ali təhsil müəssisələrinə qəbul 
								üzrə aparılan müsabiqədə dövlət sifarişi ilə 
								təhsil almaq hüququnu qazanan abituriyentlər 
								mülkiyyət formasından asılı olmayaraq təhsil 
								alacaqları ali təhsil müəssisəsinin seçimində 
								sərbəstdirlər. Həmçinin mülkiyyət formasından 
								asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət 
								göstərən bütün ali təhsil müəssisələri dövlət 
								sifarişinin yerinə yetirilməsində iştirak edə 
								bilərlər. Yəni  dövlət sifarişi ilə təhsil almaq 
								hüququnu qazanan abituriyentlər artıq əvvəlki 
								qəbullardan fərqli olaraq özəl ali təhsil 
								müəssisələrini də seçə bilərlər. Bu zaman 
								tələbənin təhsili üçün nəzərdə tutulan dövlət 
								vəsaiti tələbənin ardınca həmin özəl ali məktəbə 
								gedəcəkdir. Bu bir növ dövlət sifarişinin yerinə 
								yetirilməsində dövlət ali məktəblərinin 
								inhisarçılığına son qoymaqla təhsil almaq üçün 
								bərabər imkanları və ədalət prinsipini təmin 
								edir. Belə ki, ali təhsil müəssisələrinə qəbul 
								üçün tətbiq olunacaq yeni qaydalardan fərqli 
								olaraq əvvəlki qaydalarda tələbə yüksək bal 
								toplasa da, dövlət hesabına oxumaq üçün yalnız 
								dövlət ali təhsil müəssisələrini seçmək 
								məcburiyyətində qalırdı. Bu isə tələbələrin 
								bərabər seçim imkanlarını təmin etmirdi. Əlbəttə 
								ki, tətbiq olunacaq yeni qaydalar təhsil 
								müəssisələrinin qarşısında böyük məsuliyyət və 
								yeni tələblər qoyur. Belə ki, təhsil 
								müəssisələri keyfiyyətli təhsil xidmətləri 
								təqdim etmədikləri halda tələbələr həmin ali 
								məktəblərdə oxumağa həvəs göstərməyəcəklər və 
								nəticədə dövlət sifarişi əsasında tələbəyə 
								ayrılan dövlət maliyyəsi tələbənin ardınca digər 
								ali təhsil müəssisəsinə gedəcəkdir. Bu, bir 
								tərəfdən ali təhsil müəssisələrinin bu sahədə 
								cavabdehliyini də artıracaqdır. Beləliklə, ən 
								yaxşı tələbələr, öz növbəsində, daha keyfiyyətli 
								təhsil verən ali təhsil müəssisələrinə üz 
								tutacaqlar. Nəticədə aşağı keyfiyyətli təhsil 
								müəssisələri dövlət sifarişindən və sonda dövlət 
								maliyyəsindən məhrum olacaqlar. Qeyd olunan yeni 
								qaydaların tətbiqi üçün əlbəttə ki, çevikliyi 
								təmin edəcək yeni və daha sadə mexanizmlərin və 
								normativ-hüquqi aktların işlənib hazırlanması 
								vacibdir. 
								
								Nəzərə almaq lazımdır ki, Təhsil Nazirliyi 
								ölkəmizin təhsil sistemi üçün yeni olan bu 
								mexanizmin tətbiqinə başlanılan yeni tədris 
								ilində daha çox radikal addımların atılmasının 
								tərəfdarı deyil. Belə ki, əldə olunan dünya 
								təcrübəsi də göstərir ki, ölkə üçün tamamilə 
								yeni və fərqli olan bu mexanizmin tətbiqi zamanı 
								qarşıya çıxa biləcək problemləri və riskləri 
								həll etmək üçün bu işdə daha tədbirli olmaq və 
								yeni qaydaları əsaslandırılmış şəkildə olmaqla 
								tədricən həyata keçirmək lazımdır. Təhsil naziri 
								cənab Misir Mərdanov müvafiq kütləvi informasiya 
								vasitələrində ali  təhsildə yeni maliyyələşdirmə 
								mexanizminin tətbiqi ilə bağlı çıxışlarında da 
								bu məsələni xüsusilə vurğulamış və yeni 
								mexanizmin tətbiqinin son nəticədə ali təhsildə 
								keyfiyyətin təmin olunmasına xidmət etməli 
								olduğunu ön plana çəkmişdir. Belə ki, ali 
								təhsildə dövlət sifarişinin yerinə yetirilməsi 
								ilə bağlı tətbiq ediləcək yeni maliyyələşdirmə 
								mexanizmi elə qurulmalıdır ki, ali təhsil 
								müəssisələri arasında dövlət sifarişi uğrunda 
								sağlam rəqabət və stimul yaransın. Bu mexanizmin 
								tətbiqi zamanı əsas fikir dövlət sifarişi üzrə 
								və ödənişli əsaslarla tələbə qəbulunun sayı 
								arasında mütənasibliyin gözlənilməsinə  
								verilməlidir. Belə ki, bu mütənasiblik 
								gözlənilmədiyi halda, aşağı keyfiyyətli ali 
								məktəblər dövlət sifarişinin yerinə 
								yetirilməsində iştirak etməsə də,  ödənişli 
								təhsil üzrə daha çox tələbə əldə edərək iqtisadi 
								cəhətdən üstün vəziyyətə nail ola bilər və 
								dövlət sifarişinin yerinə yetirilməsində iştirak 
								etməyə can atmaz, nəticədə keyfiyyəti təmin 
								edəcək sağlam rəqabət mühiti yaranmaz. Buna görə 
								də tətbiq olunacaq yeni mexanizm ali məktəbi 
								tələbə, son nəticədə maliyyə vəsaiti əldə etmək 
								üçün daim təhsilin keyfiyyətini artırmağa vadar 
								etməlidir. Bu səbəbdən Təhsil Nazirliyi təklif 
								edir ki, ali məktəblərin müvafiq ixtisaslarına 
								tələbələrin yerləşdirilməsi dövlət sifarişi ilə 
								qəbul olunmuş tələbələrin sayına görə 
								müəyyənləşdirilməlidir.Yəni bu və ya digər ali 
								məktəbin müvafiq ixtisasına dövlət sifarişi üzrə 
								tələbə qəbulu nə qədər çox olarsa, ödənişli 
								qəbulun sayı da bu saya mütənasib olaraq çox 
								olmalıdır.  
								
								Məlum olduğu kimi, ölkə Prezidentinin  "Ali 
								təhsil müəssisələrində yeni maliyyələşmə 
								mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 
								2010-cu il tarixli Fərmanına əsasən aidiyyəti 
								dövlət orqanlarına bir sıra sənədlərin 
								hazırlanması tapşırılmışdır. Qeyd olunan 
								Fərmanın icrasından irəli gələn tapşırıqlara 
								əsasən müvafiq dövlət qurumları tərəfindən artıq 
								bir sıra sənədlər hazırlanmışdır. Belə ki, 
								sözügedən Fərmanın 4.2-ci bəndinə əsasən hər il 
								üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil 
								müəssisələrinin bakalavriat və magistratura 
								səviyyələrinə dövlət sifarişi Azərbaycan 
								Respublikası İqtisadi İnkişaf Nazirliyinin 
								aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış 
								təklifləri əsasında müəyyənləşdirilir. Bununla 
								əlaqədar olaraq aidiyyəti sahə nazirlikləri ilə 
								razılaşdırılmaqla  2010-2011-ci tədris ili üçün 
								ali təhsil müəssisələrinin bakalavriat və 
								magistratura səviyyələrinə ölkənin milli, 
								mədəni, humanitar və tarixi dəyərləri, mövcud 
								əmək bazarının xüsusiyyətləri və dövlətin 
								perspektiv inkişafı amilləri nəzərə alınmaqla 
								dövlət sifarişinə dair təkliflər Azərbaycan 
								Respublikasının Nazirlər Kabinetinə təqdim 
								olunmuşdur. 
								
								Eyni zamanda ölkə Prezidentinin qeyd olunan 10 
								fevral 2010-cu il tarixli Fərmanının 4.3-cü və 
								5.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinə dövlət sifarişinə uyğun 
								olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi 
								təkliflər əsasında ali təhsil müəssisələrinin 
								2010-2011-ci tədris ili üçün ayrı-ayrı 
								ixtisaslar üzrə dövlət sifarişi ilə bakalavriat 
								və magistratura səviyyələrinə tələbə qəbulunun 
								proqnozunun təsdiq edilməsi tapşırılmışdır. Qeyd 
								olunan bəndlərin icrası ilə əlaqədar olaraq 
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								müvafiq 132s və 133s nömrəli 06 may 2010-cu il 
								tarixli sərəncamlarına əsasən  2010-2011-ci 
								tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət 
								sifarişi ilə bakalavriat və magistratura 
								səviyyələrinə tələbə qəbulunun proqnozları 
								təsdiq olunmuşdur.  
								
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								qeyd olunan sərəncamlarına əsasən ali təhsil 
								müəssisələrinin bakalavriat və magistratura 
								səviyyələrinə tələbə qəbulu planının sayı  ümumi 
								şəkildə (dövlət sifarişi və ödənişli əsaslarla 
								birlikdə) hər bir ali təhsil müəssisəsi üzrə 
								ayrı-ayrılıqda da təsdiq olunmuşdur. Belə ki, 
								hər bir ali məktəb üzrə dövlət sifarişi üzrə və 
								ödənişli əsaslarla tələbə qəbulunun sayı ali 
								məktəblərə qəbul prosesinin nəticələrindən və ən 
								əsası tələbənin seçimindən asılı olacaqdır. 
								
								Tələbə qəbulunun təsdiq olunmuş proqnozlarına 
								əsasən 2010-2011-ci tədris ili üçün ali təhsil 
								müəssisələrinin bakalavr səviyyəsinə dövlət 
								sifarişi ilə tələbə qəbulunun ümumi proqnozu 
								26249, o cümlədən dövlət sifarişi üzrə tələbə 
								qəbulunun proqnozu 10529 təşkil edir. Məlumat 
								üçün qeyd edək ki, 2009-2010-cu tədris ilində 
								dövlət sifarişi ilə tələbə qəbulu  planı 10942 
								və ümumi qəbul planı isə 25331 olmuşdur. 
								 
								
								2010-2011-ci tədris ili üçün ali təhsil 
								müəssisələrinin magistratura səviyyəsinə isə 
								dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu 
								2070, ümumi qəbul planı isə 4023 təşkil edir. 
								2009-2010-cu tədris ilində dövlət sifarişi ilə 
								tələbə qəbulu planı 2021, ümumi qəbul planı isə 
								4063 təşkil etmişdir.  2010-2011-ci tədris ili 
								üçün dövlət sifarişinin yerinə yetirilməsində 
								ölkədə fəaliyyət göstərən 52 ali təhsil 
								müəssisəsindən 37-si (o cümlədən 29-u dövlət, 
								8-i isə özəl olmaqla) iştirak edəcəkdir. 
								
								Qeyd etmək lazımdır ki, dövlət sifarişinin 
								yerinə yetirilməsi üzrə ali  təhsildə yeni 
								maliyyələşdirmə mexanizminin tətbiqi 
								2010-2011-ci tədris ilindən başlayaraq birinci 
								kurs tələbələrini, növbəti illərdən ardıcıllıqla 
								digər kursları da əhatə edəcək.           
								 
								
								Onu da qeyd edək ki,  Fərmanın  6-cı bəndinin 
								icrası ilə əlaqədar "Ali təhsil müəssisələrində 
								yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi 
								haqqında" Azərbaycan Respublikası Nazirlər 
								Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120 
								nömrəli Qərarı qüvvəyə minmişdir. Bu qərar 
								əsasən aşağıdakıları əhatə edir: 
								
								- "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə 
								ali təhsil müəssisələrinin bakalavriat 
								səviyyəsində hər bir təhsilalana düşən təhsil 
								xərclərinin miqdarı"; 
								
								- "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə 
								ali təhsil müəssisələrinin magistratura 
								səviyyəsində hər bir təhsilalana düşən təhsil 
								xərclərinin miqdarı";  
								
								- "Azərbaycan Respublikasında ali təhsil 
								müəssisələrində yeni maliyyələşmə mexanizminin 
								tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil 
								müəssisələrinin bakalavriat və magistratura 
								səviyyələrində kadr hazırlığının 
								maliyyələşdirilməsi Qaydaları"; 
								
								- Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
								ilə ali təhsil müəssisəsi arasında nümunəvi 
								çərçivə müqaviləsi; 
								
								- Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə 
								təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi 
								müqavilə. 
								
								Göründüyü kimi, ali təhsilin bakalavr və 
								magistratura səviyyələri üzrə ayrı-ayrı 
								ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil 
								xərclərinin miqdarı hökumətin müvafiq qərarı ilə 
								təsdiq edilmişdir. Belə ki, Təhsil, Maliyyə və 
								İqtisadi İnkişaf nazirliklərinin apardıqları 
								hesablamalar, təhlillər və müzakirələr əsasında 
								ayrı-ayrı ixtisaslar və ixtisas qrupları üzrə 
								ali təhsildə dövlət sifarişinin yerinə 
								yetirilməsi üzrə hər bir təhsilalana düşən 
								təhsil xərclərinin miqdarı 
								müəyyənləşdirilmişdir. Bundan əlavə, sözügedən 
								qərarın əsas tərkib hissələrindən biri də 
								"Azərbaycan Respublikasında ali təhsil 
								müəssisələrində yeni maliyyələşmə mexanizminin 
								tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil 
								müəssisələrinin bakalavriat və magistratura 
								səviyyələrində kadr hazırlığının 
								maliyyələşdirilməsi Qaydaları"dır. Bu sənəd 
								əsasən Azərbaycan Respublikasında ali təhsil 
								müəssisələrinin bakalavriat və magistratura 
								səviyyələrində kadr hazırlığının dövlət sifarişi 
								əsasında maliyyələşdirilməsi ilə bağlı ümumi 
								müddəaları, əsas anlayışları, adambaşına 
								maliyyələşmənin həcminin müəyyənləşdirilməsini, 
								dövlət sifarişi çərçivəsində təhsilalanların 
								müəyyənləşdirilməsini, dövlət sifarişi əsasında 
								maliyyələşmənin şərtlərini, dövlət sifarişi 
								əsasında maliyyələşmənin səmərəliliyinə nəzarəti 
								və digər aidiyyəti məsələləri özündə əks 
								etdirir.  
								
								Yeni qaydalara əsasən Azərbaycan Respublikası 
								ərazisində fəaliyyət göstərən ali təhsil 
								müəssisələrində kadr hazırlığının adambaşına 
								maliyyələşdirmə prinsipi əsasında dövlət 
								büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə 
								həyata keçirilməsi zamanı tərəflər arasında 
								yaranan münasibətlərin tənzimlənməsi məqsədilə 
								Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə 
								ali təhsil müəssisəsi arasında çərçivə 
								müqavilələrinin və həmçinin ali təhsil 
								müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq 
								təhsilalan arasında fərdi müqavilələrin 
								bağlanılması da nəzərdə tutulur. 
								
								Yuxarıda qeyd olunduğu kimi, növbəti tədris 
								ilindən ali təhsildə yeni maliyyələşdirmə 
								mexanizminin  tətbiqi ölkəmizin ali məktəbləri 
								qarşısında böyük vəzifələr qoyur. Belə ki, yeni 
								maliyyələşdirmə mexanizminə əsasən  dövlət ali 
								təhsil müəssisələrimiz fəaliyyətlərini tam təmin 
								etmək üçün dövlət büdcəsindən vəsaiti əvvəlki 
								kimi cari tələbata uyğun olaraq deyil, əldə 
								etdikləri müvafiq tələbələrin sayına və ixtisas 
								üzrə bir tələbə üçün nəzərdə tutulmuş xərc 
								məbləğinə uyğun olaraq alacaqlar.  
								
								Məhz buna görə də ali məktəblərimiz tədrisin 
								keyfiyyətinin artırılması, ayrılan vəsaitlərdən 
								səmərəli istifadənin təmin edilməsi, bir sıra 
								lüzumsuz xərclərin aradan qaldırılması, bir 
								sözlə, ali təhsil müəssisəsinin fəaliyyətinin 
								optimal və keyfiyyətli şəkildə təşkil olunması 
								üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.
								 
								
								Onu da qeyd etmək lazımdır ki,  maliyyələşdirmə 
								mexanizminin tətbiqi ilə bağlı ölkə başçısının 
								müvafiq Fərmanının icrası vəziyyəti, bununla 
								əlaqədar  qüvvəyə minəcək yeni qaydalar, mövcud 
								problemlər, qarşıya çıxa biləcək risklər, 
								həmçinin bu problemlərin həlli və risklərin 
								aradan qaldırılması yolları barədə təkliflər 
								cari ilin iyunun 17-də Azərbaycan 
								Respublikasının Prezidenti yanında Təhsil üzrə 
								Komissiyanın sədri, Prezident 
								Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 
								iştirakı ilə ali təhsil müəssisələrinin yeni 
								maliyyələşmə mexanizminə dair keçirilən 
								müşavirədə Təhsil, Maliyyə və İqtisadi İnkişaf 
								nazirliklərinin, həmçinin əksər ali məktəblərin 
								rəhbərləri səviyyəsində geniş şəkildə müzakirə 
								olunmuş və yuxarıda adıçəkilən bir çox 
								məsələlərə aydınlıq gətirilmişdir. Qeyd olunan 
								müşavirədə Prezident Administrasiyasının rəhbəri 
								Ramiz Mehdiyev, təhsil naziri Misir Mərdanov, 
								maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf 
								naziri Şahin Mustafayev və bir sıra ali 
								məktəblərin rektorları çıxış edərək ali təhsildə 
								tətbiq olunacaq yeni maliyyələşdirmə 
								mexanizminin əhəmiyyətindən, bu yeniliklərin 
								müvafiq dövlət qurumları, həmçinin ali məktəblər 
								qarşısında qoyduğu vəzifələrdən söz açmış, 
								bundan sonra aidiyyəti qurumlar tərəfindən 
								görüləcək işlər barədə əlavə müzakirələr də 
								aparılmışdır. 
								
								Sözügedən müşavirənin dövlət sifarişinin yerinə 
								yetirilməsində iştirak edəcək ali məktəb 
								rəhbərlərinin növbəti tədris ilindən tətbiq 
								olunacaq yeni qaydalar barədə maarifləndirilməsi 
								nöqteyi-nəzərindən böyük əhəmiyyəti olmuşdur. Bu 
								baxımdan "Ali təhsil müəssisələrində yeni 
								maliyyələşmə mexanizminin tətbiq edilməsi 
								barədə" 10 fevral 2010-cu il tarixli Prezident 
								Fərmanının icrasından irəli gələn yeniliklər, bu 
								yeniliklərin üstünlükləri və mahiyyəti barədə 
								mütəmadi olaraq ölkə ictimaiyyətinin 
								maarifləndirilməsini də bu istiqamətdə qarşıda 
								duran ən vacib vəzifələrdən biri hesab edirik.  
								  
								
								
								Şahrza ƏLİYEV,Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri,
 iqtisad elmləri namizədi
 |