|
Yerləşir: |
İsveçrə, Lozanna şəhəri, Ekublens
qəsəbəsi |
|
|
Yaranma tarixi: |
1853-cü il |
Tipi: |
Dövlət |
İşçi heyətinin ümumi sayı: |
4000 nəfər |
Tələbələrin sayı: |
7000 nəfər |
İllik büdcəsi: |
753000000 İsveçrə frankı |
Rəsmi saytı: |
www.epfl.ch |
Lozanna Federal Politexnik Məktəbi (Federal
Polytechnic School of Lausanne) İsveçrənin Vaud
kantonunun (bəzi ölkələrdə inzibati ərazi
bölgüsü) Lozanna şəhərinin ətraf qəsəbəsi olan
Ekublensdə yerləşir. Böyük Britaniyanın "Times
Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə
əsasən, Lozanna Federal Politexnik Məktəbi 100
ən yaxşı ali məktəb arasında 42-ci, Avropa ali
təhsil ocaqları arasında isə 12-ci yerdə
sıralanıb.
Lozanna Federal Politexnik Məktəbi İsveçrənin
fransızdilli hissəsində yerləşir. Ölkənin
almandilli vətəndaşları üçün Sürixdə İsveçrə
Federal Texnologiya İnstitutu fəaliyyət
göstərir.
Tarixi
1853-cü ildə yaradılan özəl Lozanna İxtisas
Məktəbi 1869-cu ildə Lozanna Dövlət
Akademiyasının texniki şöbəsinə çevrilir.
1890-cı ildə Lozanna Akademiyası universitet
statusu qazanır və Lozanna Universiteti
adlandırılır, texniki şöbəyə isə Lozanna
Universitetinin Mühəndislik Məktəbi (Ecole
d'Ingenieurs de l'Universite de Lausanne) adı
verilir. 1946-cı ildən məktəbin adı
dəyişdirilərək Lozanna Universitetinin
Politexnik Məktəbi (Ecole Polytechnique de
l'Universite de Lausanne (EPUL)) olur.
1969-cu ildə Lozanna Universitetinin Politexnik
Məktəbi Lozanna Universitetinin tərkibindən
çıxır və İsveçrə Federal hökumətinin nəzarəti
altında fəaliyyət göstərməyə başlayır. Məktəb
Lozanna Federal Politexnik Məktəbi adlandırılır.
Məktəbin missiyası mühəndis və alimlər
hazırlamaq, elm və texnologiyalar sahəsi üzrə
ölkədə birincilik əldə etmək, sənaye
müəssisələri ilə əməkdaşlıq qurmaqdan ibarət
olur. Məktəb İsveçrənin almandilli hissəsində
fəaliyyət göstərən İsveçrə Federal Texnologiya
İnstitutu, ETH Domen elmi-tədqiqat institutları,
Daxili İşlər Federal Şöbəsi ilə əməkdaşlıq edir.
1943-cü ildən Lozanna Federal Politexnik Məktəbi
Lozanna şəhərində Avenyu Kortda qədim Hotel
Savoy binasında yerləşir. 1971-ci ildə Ekublens
şəhərətrafı qəsəbəsində ali məktəbin yeni
binasının tikintisinə başlanılır. Binanın rəsmi
açılışı 1978-ci ildə baş tutur. Məktəbin bütün
bölmə və məktəbləri bu kampusa köçürülür. Ən
sonuncu buraya köçən müəssisə 2002-ci ildə
Memarlıq departamenti olur.
Lozanna
Federal Politexnik Məktəbi CROCUS, Tokamak
termonüvə reaktorlarını, P3 bioloji təhlükə
vasitələrini idarə edir. 2000-ci ildə Patrik
Abişer məktəbin prezidenti seçilir, həmin
vaxtdan burada həyat haqqında elmlər inkişaf
edir. 2004-cü ildə bu ali təhsil ocağında
Texnologiyanın İdarəolunması Kolleci açılır.
2008-ci ildə isə İsveçrə Eksperimental Xərçəng
Tədqiqatı İnstitutu (ISREC) Lozanna Federal
Politexnik Məktəbinə birləşdirilir.
Büdcə və təhsil haqqı
2010-cu ildə Lozanna Federal Politexnik
Məktəbinin illik büdcəsi 753000000 İsveçrə
frankı dəyərində olub.
Lozanna Federal Politexnik Məktəbində bakalavr
və magistr pillələrində təhsil alan tələbələrin
1 semestrlik təhsil haqqı 633 İsveçrə frankı
təşkil edir. Bundan əlavə, semestrin
başlanğıcında isveçrəli tələbələr 50, əcnəbi
tələbələr isə 110 İsveçrə frankı məbləğində
vergi ödəməlidirlər. Doktorantura pilləsində
təhsil almaq məktəbdə pulsuzdur. Doktorantlardan
sadəcə 1200 İsveçrə frankı məbləğində vergi
alınır. Təhsilin davam etdirilməsi pilləsində
uzunmüddətli proqramlar üçün 1160, qısamüddətli
proqramlar üçün isə 580 İsveçrə frankı ödəmək
lazımdır.
Lozanna Federal Politexnik Məktəbinin tələbələrə
ayırdığı təqaüdün məbləği ildə 5000-16000,
İsveçrə hökumətinin əcnəbi tələbələrə ayırdığı
təqaüdün məbləği isə ildə 16000-19200 (ölkələrin
sırasında Azərbaycan yoxdur, adı olmayan
ölkələrdən gələn tələbələrə bu təqaüd verilmir)
İsveçrə frankı arasında dəyişir. Bundan əlavə,
müxtəlif özəl fondlar tərəfindən də tələbələrə
təqaüd və qrantlar təklif edilir.
Universitet bu gün
Lozanna
Federal Politexnik Məktəbinin kampusu Ekublens
şəhərətrafı qəsəbəsində, Cenevrə gölünün
sahilində 55 hektar ərazidə yerləşir. Tələbə
şəhərciyi, təxminən, 65 binadan ibarətdir.
Burada 1970-1980-ci illərə aid Fundamental
Elmlər və Memarlıq, Vətəndaş və Ekologiya
Mühəndisliyi, Maşınqayırma və Elektrotexnika
məktəblərinin binaları, 1990-cı illərə aid
Mühəndislik Elmləri və Texnologiya, Kompüter və
Kommunikasiya Elmləri Məktəbləri institutlarının
binası, Elmi Park, 2002-2004-cü illərdə modern
üslubda tikilmiş Mikrotexnika, Kommunikasiya və
Memarlıq institutları, Dəqiq Elmlər Məktəbi və
Texnologiyanın İdarəolunması Kollecinin binaları
mövcuddur. Ali məktəbin kampusunda 250-dən çox
laboratoriya və tədqiqat qrupu var. Məktəbin
unikal quruluşu fənlərarası tədqiqatların
aparılması və müxtəlif müəssisə və təşkilatlarla
əməkdaşlıq əlaqələrinin yaradılmasına imkan
yaradır.
Lozanna Federal Politexnik Məktəbinin nəzdində
aşağıdakı akademik müəssisələr fəaliyyət
göstərir:
Fundamental Elmlər Məktəbi (SB) - kimya,
riyaziyyat və fizika elmləri üzrə ixtisaslaşıb,
dekanı Tomas Rizzodur, məktəb üçpilləli təhsil
təklif edir. Məktəbə Analiz və Elmi Hesablama,
Kimya Elmləri və Texnologiya, Riyaziyyat,
Həndəsə, Cəbr, Topologiya, Enerji və
Hissəciklər, Sıxlaşdırılmış Sistemlər Fizikası,
Bioloji Sistemlər Fizikası, Fiziki Elmlər, Kvant
Elektronikası və Fotonika, Nəzəri Fizika,
Sıxlaşdırılmış Sistemlər Hesablama Fizikası, B
Riyaziyyat (EHM) institutları, Fənlərarası
Elektron Mikroskopiya, Plazma Fizikası Sahəsi
üzrə Tədqiqatlar, Kvant Fotonikası mərkəzləri
daxildir.
Mühəndislik Məktəbi (STI) - elektrotexnika,
maşınqayırma, materialşünaslıq və mühəndislik,
mikrotexnologiya, biomühəndislik,
nanotexnologiya sahələri üzrə ixtisaslaşıb,
sənaye müəssisələri ilə əməkdaşlıq edərək
savadlı kadrlar hazırlayır, dekanı Demetri
Psaltisdir. Məktəbdə Elektrotexnika,
Maşınqayırma, Materialşünaslıq,
Mikroelektronika, Biomühəndislik institutları
fəaliyyət göstərir.
Memarlıq, İnşaat və Ekologiya Mühəndisliyi
Məktəbi (ENAC) - memarlıq, inşaat, ekologiya və
texniki elmlər sahəsi üzrə ixtisaslaşıb, dekanı
Mark Parleyncdir. Məktəbin əsas məqsədi
dövrümüzün ən mühüm məsələsi olan ekoloji
problemlərin innovativ həllini tapmaqdır.
Məktəbin Memarlıq, İnşaat-Mühəndislik, Şəhər və
Region Quruculuğu, Mühəndislik Ekologiyası
institutları var.
Kompüter və Kommunikasiya Elmləri Məktəbi (I&C)
- informasiya və telekommunikasiya sahələri üzrə
ixtisaslaşıb və Avropanın ən böyük informasiya
texnologiyaları mərkəzlərindən biridir. Məktəbin
dekanı Villi Jenepoeldir, lakin bu ilin
payızında dekanın dəyişdirilməsi nəzərdə
tutulur. Məktəbdə Kompüter Kommunikasiyaları və
Ərizələr, Qeyri-xətti Sistemlər, Təhlükəsizlik
və Kriptoqrafiya, Kriptologik Alqoritmlər
laboratoriyaları, Nüvə Hesablama Elmləri,
Hesablama və Multimedia Sistemləri,
Kommunikasiya Sistemləri, Mobil İnformasiya və
Kommunikasiya Sistemləri institutları, Qabaqcıl
Rəqəmsal Sistemlər, Neyron İnformasiyanın
İşlənməsi, Qlobal Hesablama mərkəzləri
mövcuddur.
Həyat Elmləri Məktəbi (SV) - biologiya, əsas
elmlər, tibb, informatika və maşınqayırma
elmlərinə əsaslanır, dekanı Didye Tronodur.
Məktəbin Beyin-Ağıl, Biomühəndislik, İsveçrə
Eksperimental Xərçənğ Tədqiqatları, Qlobal
Səhiyyə institutları fəaliyyət göstərir.
Sosial və Humanitar Elmlər Məktəbi (CdH) -
humanitar və sosial elmlərin intellektual,
tənqidi və praqmatik inkişafı məqsədlərinə
xidmət edir. Məktəbin dekanı Françesko
Panesedir. Son zamanlar burada regionşünaslıq
sahəsinə aid yeni proqramlar qəbul olunub.
2009-2010-cu tədris ilində məktəbdə tələbələrə
Asiyanın coğrafiyası, tarixi, mədəniyyəti,
sosial vəziyyəti ilə yaxından tanış olmağa imkan
verən Müasir Asiya Tədqiqatları Mərkəzi
yaradılıb.
Texnologiyanın
İdarəolunması Kolleci (CDM) - idarəetmə,
texnologiya və sahibkarlıq, marketinq, maliyyə
işlənməsi üzrə innovativ təhsil proqramları
həyata keçirir. Kollecin dekanı Martin
Vetterlidir. Kollecə Texnologiyanın
İdarəolunması, Texnologiya və Sahibkarlığın
İdarəolunması Proqramı, Sahibkarlıq və
Texnologiya Kommersiyalaşmaları, Logistika,
İqtisadiyyat və Texnologiyanın İdarəolunması
institutları daxildir.
Lozanna Federal Politexnik Məktəbində oxumaq
üçün abituriyentlər qəbul imtahanı vermir, tam
orta təhsil haqqında attestatın (İsveçrədə
matura, Almaniyada abitur) olması kifayətdir.
Məktəbdə maşınqayırma, əsas elmlər, kompüter və
kommunikasiya, vətəndaş cəmiyyəti quruculuğu,
həyat haqqında, ətraf mühit və memarlıq sahələri
üzrə bakalavr və magistr səviyyəsində 13 tam
tədris proqramı təklif olunur. Bu proqramlar
Boloniya prosesinin tələblərinə cavab verir və
bunun nəticəsi olaraq tələbələr mübadilə
proqramlarında iştirak etmək imkanı qazanır,
onların dərəcələri beynəlxalq səviyyədə tanınır.
Məktəb ERASMUS tələbə mübadiləsi proqramında
iştirak edir. Məktəbin doktorantları tədqiqatlar
aparmaqla yanaşı ideyaları ilə bölüşür,
bir-birlərinə qarşılıqlı kömək edir, yüksək
səviyyədə ixtisaslaşdırılmış kurslarla
təhsillərini bitirirlər. Doktorantlar burada
zəngin elmi təcrübə və infrastruktura əldə edir.
Bilik və bacarıqlarını möhkəmləndirmək və
təkmilləşdirmək arzusunda olan şəxslər üçün bu
ali təhsil ocağında Təhsilin Davam Etdirilməsi
Məktəbi fəaliyyət göstərir. Məktəbdə geniş
spektrdə mühazirə və seminar kursları mövcuddur.
Bu modul proqramlar tək fərdi şəxslər üçün
deyil, müxtəlif şirkətlər üçün də nəzərdə
tutulub.
Lozanna
Federal Politexnik Məktəbi İsveçrənin NEBIS
kitabxanalar şəbəkəsinin üzvüdür. NEBIS
kitabxana sisteminə 3 milyondan çox kitab, eləcə
də dövri nəşr, jurnal, qəzet, Çin nadir kitablar
kolleksiyaları, lüğət və ensiklopediyalar,
dərsliklər, elmi nəşrlər, verilənlər bazası, CD
və DVD disklər və s. daxildir. Lozanna Federal
Politexnik Məktəbinə Memarlıq, Müasir tikinti
arxivləri, LMS-LMR (qaya və torpaq mexanikası
laboratoriyası), ICOM (polad konstruksiyalar
laboratoriyası), LMH (hidravlik mexanizmlər
laboratoriyası), LITEP (intermodal daşınma,
nəqliyyat və planlaşdırma), CRPP (Plazma
Fizikası Tədqiqat Mərkəzi), Topometriya, LANOS
(qeyri-xətti sistemlər laboratoriyası), LTT
(tətbiqi termodinamika və turbomaşınlar
laboratoriyası), LASIQ (coğrafi informasiya
sistemləri laboratoriyası), Politexnik, BETON və
MCS kitabxanaları daxildir.
2000-ci ilin mart ayından Lozanna Federal
Politexnik Məktəbinin prezidenti vəzifəsini tibb
və neyrobiologiya üzrə professor Patrik Abişer
icra edir. O, həmçinin, 2004-cü ildən Federal
Politexnik Məktəbləri Şurasının üzvüdür.
Məktəbin akademik işlər üzrə vitse-prezidenti
Gillet Filipp, idarəolunması üzrə
vitse-prezidenti isə Vetterli Martindir.
Məktəbdə 4000 nəfər işçi çalışır.
Lozanna Federal Politexnik Məktəbində 7000-dən
çox tələbə təhsil alır. Onların 3700 nəfərini
bakalavr, 1600 nəfərini magistrantlar, 1700
nəfərini isə doktorantlar təşkil edir. Son beş
ildə qız tələbələrin sayı məktəbdə 30% artıb.
Məktəbin müəllim və tələbələrinin 50%-ni
əcnəbilər təşkil edir. Burada 107-dən çox
millətin nümayəndələrinə rast gəlmək olar.
Lozanna Federal Politexnik Məktəbi dünyanın ən
kosmopolit universitetlərindən biridir.
İsveçrə dünyanın ən bahalı ölkələrindəndir və
burada yaşamaq insanlara çox baha başa gəlir.
Lozanna Federal Politexnik Məktəbində
tələbələrin yataqxana ilə təmin olunması
məsələsi çətindir. Demək olar ki, burada tələbə
yataqxanaları yoxdur və tələbələr özləri Lozanna
şəhərində kirayə mənzil və otaqlar
tapmalıdırlar. Burada 1 otaqda 1 il qalmaq
tələbəyə 7000 İsveçrə frankına başa gəlir.
Əlil tələbələr üçün kampusda, eləcə də Vaud
kantonunda xüsusi şəraitli yataqxanalar, tədris
kabinetləri var və məktəb belə tələbələrə lazımi
dəstək göstərir.
Məktəbin
kampusunda tələbələrin qidalanması üçün tanınmış
Le Korbuzye, Le Parmentye, Le Vinçi, Le
Kopernik, La Table de Valloton restoranları və
çoxlu sayda kafelər var. Universitetin
yeməkxanalarında qidalanmaq üçün tələbəyə ayda
600 İsveçrə frankı lazım olur. Kitab, kompüter,
kalkulyator və s. dərs ləvazimatları üçün
tələbə, orta hesabla, 1200, geyim və şəxsi
əşyalar üçün ildə 2000, nəqliyyat, sığorta və
digər xərclər üçün isə ildə 3500 İsveçrə frankı
xərcləyir. Ümumilikdə təhsil haqqı və bütün
digər xərclər daxil olmaqla tələbəyə 1 ilə 22000
İsveçrə frankı lazımdır.
Lozanna Federal Politexnik Məktəbi tələbələrə
geniş palitralı mədəni və idman tədbirləri
təklif edir. Bu məqsədlə burada çoxlu sayda qrup
və assosiasiyalar yaradılıb. Məktəbdə tələbələrə
yüksək səviyyəli tibbi xidmət təklif olunur.
Kampusun ərazisində siqaret çəkmək qadağan
edilib.
Lozanna Federal Politexnik Məktəbinin məqsədi
bütün dünyadan ən savadlı tələbələri cəlb etmək,
məzunlarının əmək bazarına çıxışını
asanlaşdırmaqdır. Məktəbin məzunları arasında
çoxlu sayda dünya şöhrətli alim və iş adamlarına
rast gəlmək olar. Lozanna Federal Politexnik
Məktəbi dünyada ən aparıcı texnologiya
institutlarına çevrilmək üçün səylə çalışır.
Universitetin məşhur məzunları
|
Frank Ribud |
"Danone" şirkətinin direktoru |
|
|
Nelli Venger |
"Nestle" şirkətinin sabiq direktoru |
|
|
Otman Bencellun |
BMCE bankının icraçı direktoru |
|
|
Jan Daniel Nicoud |
"Smaky" personal kompüterinin ixtiraçısı |
|
|
Toni Konde |
alim, "PersonalCare" sisteminin
yaradıcısı |
|
|
Andre Kudelski |
"Canal +"-da ilk şifrləmə sisteminin
ixtiraçısı |
|
|
Daniel Borel |
"Logitech" kompaniyasının yaradıcısı |
|
|
Mark Burki, Paolo Buzzi |
"Swissquote" kompaniyasının yaradıcıları |
|
|
Jorj de Mestral |
yapışqanın (Velco lenti) ixtiraçısı |
|
|
Klod Nikolye |
astronavt |
|
|
Sarklo |
bəstəkar, ifaçı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |