İyunun 30-da - ölkəmizdə bir neçə ildən bəri
qeyd olunan sevgililər günündə Təhsil Nazirliyi
De-İnstitutlaşma və Uşaqların Müdafiəsi
İdarəsinin təşəbbüsü və "İnkişaf"
Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin
birgə təşkilatçılığı ilə paytaxtdakı "Neolit"
restoranında Sabunçu rayonunda yerləşən 1
nömrəli xüsusi internat-məktəbin məzunu Albina
Şirəliyeva üçün toy mərasimi keçirilib.
Xeyriyyəçilik məramlı toy məclisində Milli
Məclisin deputatları, Sabunçu Rayon İcra
Hakimiyyətindən, bir sıra dövlət qurumlarından
və YUNİSEF-in Azərbaycan nümayəndəliyindən
qonaqlar, 1 nömrəli xüsusi internat-məktəbin
müəllim və şagirdləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər yenicə ailə həyatı quran
gəncləri - Albina Şirəliyevanı və onun
sevib-seçdiyi Elçin Bağırovu təbrik edərək ən
xoş arzularını çatdırıb, gənclərin yaxınlarına
gözaydınlığı veriblər. Təbrik çıxışlarında
Təhsil Nazirliyi və "İnkişaf" İctimai Birliyinin
xeyriyyəçilik təşəbbüsü yüksək dəyərləndirilib,
dövlətimizin, Heydər Əliyev Fondunun kimsəsiz
uşaqlara göstərdiyi diqqət və qayğı xüsusi
vurğulanıb. Çıxış edənlər habelə toy mərasiminin
təşkilində böyük əməyi olan Təhsil Nazirliyi
De-İnstitutlaşma və Uşaqların Müdafiəsi
İdarəsinin rəisi Məlahət Hacıyeva və "İnkişaf"
Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin
sədri Gülnar İsmayılovaya minnətdarlıqlarını
ifadə ediblər.
Mərasimdə yeni ailə həyatı quranları təbrik edən
hər iki qurumun rəhbəri isə dəvətlərini qəbul
edib toy məclisinə gəlmiş qonaqlara
təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, təzə
bəylə gəlinin hər ikisi sərbəst güləş üzrə
respublika yığma komandasının üzvüdür və tez-tez
birlikdə müxtəlif ölkələrdə keçirilən yarışlarda
iştirak edirlər. Onlar məhz belə yarışların
birində tanış olaraq bir-birlərinə könül
veriblər. O da vurğulanıb ki, nümayəndələri
toyda iştirak edən bir sıra qurumların köməyi
ilə gəlin üçün yaxşı cehiz tədarük edilib.
Toya dəvət olunan tanınmış aparıcı və ifaçılar
öz çıxışları ilə mərasimə xüsusi rövnəq
veriblər.
Y.ƏLİYEV |