Azərbaycan Respublikası Prezidentinin 17 aprel
2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)"nın icrası ilə bağlı nazirliyin Fəaliyyət
planına (2.4 və 7.4-cü bəndlər) əsasən yerlərdə
riyaziyyat, fizika, kimya və biologiya fənləri
üzrə aşkara çıxarılmış istedadlı VIII-X sinif
şagirdləri arasından ən istedadlılarını
müəyyənləşdirmək məqsədilə 2010-cu ilin mayında
Bakı şəhərində tanınmış alim və mütəxəssislərin
iştirakı ilə təkrar seçim aparılmışdır.
Seçim prosesində riyaziyyat fənnindən 311,
fizika fənnindən 209, kimya fənnindən 171,
biologiya fənnindən 250 nəfər, cəmi 941 nəfər
şagird iştirak etmişdir. Yekun turunda 1 nəfər
IV (riyaziyyatdan Bakı şəhəri 76 nömrəli
məktəbin şagirdi Ömərov Faiq İlham oğlu), 6
nəfər XI sinif şagirdi də könüllü olaraq iştirak
etmişdir. Şagirdlərə riyaziyyat, fizika, kimya
fənlərinin hər birindən 50, biologiya fənnindən
60 test təklif olunmuş, nəticələr 100 ballıq
sistemlə qiymətləndirilmişdir.
287 nömrəli "Zəkalar" liseyinin X sinif
şagirdləri Şahlar Məmmədov, Faiq Hüseynov, Əli
Əliyev, Qoşqar Məmmədzadə (hər biri 95 bal),
Heydər Əliyev adına liseyin XI sinif şagirdləri
Eltun Mirzəzadə, Aqil Zeynallı (hər biri 90
bal), Şəmkir şəhər Füzuli adına orta məktəbin
VIII sinif şagirdi Kərəm Əsgərov, Bakı Avropa
Liseyinin VIII sinif şagirdi Vüsal İbrahimli,
Şəki şəhəri 5 nömrəli orta məktəbin X sinif
şagirdi Dərya Həkimzadə, bilavasitə nazirlik
nəzdindəki fizika-riyaziyyat və informatika
təmayüllü liseyin X sinif şagirdləri İzzət
Mansuroğlu, Aqşin Namazov (hər biri 86 bal),
Qəbələ rayonu Zarağan kənd 1 nömrəli orta
məktəbin X sinif şagirdi Rəsul Həmidli (85 bal)
riyaziyyatdan, Bakı şəhəri 312 nömrəli orta
məktəbin X sinif şagirdi Yusif Padarov (84 bal),
Biləsuvar rayonu Nərimankənd kənd orta
məktəbinin X sinif şagirdi Cavad Məmmədbəyli (80
bal), Bakı Avropa Liseyinin VIII sinif şagirdi
Vüsal İbrahimli, Bakı Dövlət Universitetinin
nəzdindəki "Gənc istedadlar" liseyinin X sinif
şagirdi Orxan Həsənli (hər biri 72 bal), Bakı
şəhəri 134 nömrəli Beynəlxalq Təhsil
Kompleksinin X sinif şagirdi Mikayıl Quliyev (70
bal) fizikadan, Heydər Əliyev adına liseyin X
sinif şagirdi Nərgiz Müştaqzadə (84 bal), Qusar
rayonu Yuxarı Zeyxur kənd orta məktəbinin IX
sinif şagirdi Canmirzə Ağacanov (82 bal), Ağdaş
şəhər S.Vurğun adına 1 nömrəli məktəb-liseyin X
sinif şagirdi Şəlalə Mustafazadə, 287 nömrəli
"Zəkalar" liseyinin X sinif şagirdi Kamran
Əliyev (hər biri 78 bal), Ağdaş rayonu təbiət,
texniki və humanitar fənlər təmayüllü liseyin IX
sinif şagirdi Əhmədiyyə Tağıyev (76 bal), Qəbələ
rayonu Nohurqışlaq kənd orta məktəbinin X sinif
şagirdi Zeynəb Hacıbəyli (74 bal) kimyadan,
Sumqayıt şəhəri təbiət və texniki elmlər
liseyinin müvafiq olaraq X, IX sinif şagirdləri
Fatimə Camalova (78,3 bal), Türkan Sultanlı
(71,6 bal), A.S.Makarenko adına humanitar fənlər
təmayüllü gimnaziyanın VIII sinif şagirdi Sevid
Məmmədzadə (71,6 bal), Bakı şəhəri akademik
Zərifə Əliyeva adına orta məktəbin X sinif
şagirdi Leyla Cəfərova, Qəbələ rayonu Vəndam
qəsəbə 1 nömrəli orta məktəbin IX sinif şagirdi
Elnarə Xeyrəddinli (hər biri 70,0 bal)
biologiyadan ən yüksək nəticə göstərmişlər.
Yekun seçim turunda ötən illə müqayisədə 321
nəfər, o cümlədən riyaziyyatdan 92, fizikadan
78, kimyadan 41, biologiyadan 110 nəfər artıq
şagird iştirak etmişdir. Əvvəlki illərlə
müqayisədə göstəriciləri yüksək olan şagirdlərin
sayı da xeyli artmışdır. Seçim turunda nazirlik
tabeliyindəki Heydər Əliyev adına, Bakı Avropa,
fizika-riyaziyyat və informatika təmayüllü
liseylərin, akademik Zərifə Əliyeva adına orta
məktəbin, Bakı şəhəri 134 nömrəli Beynəlxalq
Təhsil Kompleksinin, 287 nömrəli "Zəkalar"
liseyinin, 191, 312 nömrəli məktəblərin, Quba
rayonu texniki təmayüllü liseyin, Sumqayıt
şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın,
təbiət və texniki elmlər liseyinin, Qəbələ
rayonu Vəndam qəsəbə 1 nömrəli, Biləsuvar rayonu
Nərimankənd kənd, Şəmkir şəhər Füzuli adına,
Şəki şəhəri 5 nömrəli orta məktəblərin
şagirdlərinin göstəriciləri daha yüksək
olmuşdur.
Qeyd olunanlarla yanaşı, seçimin yekunlarına
dair hazırlanmış reytinq cədvəlindən aydın olur
ki, seçim turuna bir sıra rayonlardan
(Sabirabad, İmişli, Salyan, Ağsu, Lerik,
Daşkəsən, Yevlax, Xaçmaz), həmçinin BSU-nun
nəzdindəki humanitar, Memarlıq və İnşaat
Universiteti nəzdindəki fizika-riyaziyyat
təmayüllü liseylərdən və Odlar Yurdu
Universitetinin nəzdindəki "Britaniya
məktəbi"ndən bu tədbirdə iştirak üçün istedadı
ilə fərqlənənlər deyil, təsadüfi şagirdlər
göndərilmişdir. Həmin şagirdlərin cavabları
aşağı balla, bəziləri isə hətta "0" balla
qiymətləndirilmişdir. Belə hallar, ilk növbədə,
müvafiq təhsil şöbələrinin və məktəb
direktorlarının Dövlət Proqramında icrası
nəzərdə tutulan bu vacib məsələyə məsuliyyətsiz
və laqeyd münasibətlərinin nəticəsi kimi
qiymətləndirilməlidir.
Göstərilənləri nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Xüsusi istedada malik olan şagirdlərin aşkara
çıxarılması ilə bağlı 2010-cu ilin 26-27 may
tarixlərində Bakı şəhərində keçirilmiş yekun
seçim turunun nəticələri nəzərə alınsın (əlavə
olunur).
2. Seçimin yekunlarına görə I, II, III yerlər
tutmuş şagirdlər müvafiq diplomlarla təltif
edilsinlər.
3. Seçim keçirilmiş fənlər üzrə aparılan
qiymətləndirmənin nəticələri barədə məlumat
(reytinq cədvəli) müvafiq rayon (şəhər) təhsil
şöbələrinə (idarələrinə) və bilavasitə nazirlik
nəzdindəki təhsil müəssisələrinə göndərilsin.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər
Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri,
bilavasitə nazirlik nəzdindəki ümumtəhsil
müəssisələrinin direktorları:
4.1. Bu əmrin məzmununu pedaqoji kollektivlərə
çatdırsınlar, istedadı ilə fərqlənən şagirdlərin
aşkara çıxarılması və inkişafı sahəsində
məqsədyönlü tədbirlərin davam etdirilməsini
müntəzəm nəzarətdə saxlasınlar.
4.2. Hər bir məktəbdə ayrı-ayrı fənlər üzrə
istedadı ilə fərqlənən VI-X sinif şagirdlərini
müəyyən edib, məktəb, rayon (şəhər) üzrə
"İstedad bankı"na daxil etsinlər və onlar
haqqında məlumatı 2010-cu il dekabrın 15-dək
nazirliyə göndərsinlər.
4.3. Dövlət Proqramı çərçivəsində çap olunmuş və
yerlərə çatdırılmış "Elementar riyaziyyatın
əlavə fəsilləri və olimpiadalar. I kitab",
"Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200
variant", "Kimyadan olimpiada məsələləri",
"Uşaqlarda istedadın müəyyənləşdirilməsi və
inkişaf etdirilməsi", "İstedadlı uşaqların
psixoloji təminatı", "İstedadın psixoloji
diaqnostikası" və başqa ədəbiyyatlardan səmərəli
istifadə üçün zəruri tədbirlər görsünlər.
4.4. İstedadlı şagirdlərin rəğbətləndirilməsi,
onlara təqaüdlərin və barələrində dövri
mətbuatda yazıların verilməsi istiqamətində
lazımi tədbirlər həyata keçirsinlər.
4.5. "Kiçik Akademiyalar" vasitəsilə xüsusi
istedada malik şagirdlərin tədqiqatçılıq
qabiliyyətlərinin inkişaf etdirilməsi üçün
müxtəlif səviyyəli elmi-təcrübi konfransların,
kiçik olimpiadaların və digər bilik yarışlarının
keçirilməsini təşkil etsinlər.
4.6. Bu əmrin 3-cü bəndində qeyd olunan
məlumatları ətraflı təhlil edib, seçimin
yekunlarına görə şagirdlərin zəif nəticə
göstərmələrinin səbəblərini araşdırıb müvafiq
qərar qəbul etsinlər.
4.7. Əmrin yerinə yetirilməsinin gedişi
vəziyyəti barədə 2010-cu ilin dekabrında
nazirliyə ətraflı arayış göndərsinlər.
5. Aparatın rəhbəri (İ.Pirməmmədov), Kənd
rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov),
Ali və orta ixtisas təhsili şöbəsi
(İ.Mustafayev) birlikdə seçim tədbirlərində daha
yüksək nəticə göstərmiş şagirdlərin görkəmli
alimlərlə görüşlərinin təşkil olunması, onların
həmin alimlər tərəfindən elmi himayəyə
götürülməsi istiqamətində ardıcıl iş aparsınlar.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını təmin
etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
29 iyun 2010-cu il |