Bu məqalənin hazırlanması bir neçə məqsədə
xidmət edir. Məqsədlərdən ən əhəmiyyətlisi 21-ci
əsrin əsas prioriteti olan davamlı və insan
potensialına əsaslanan inkişafın təmin
edilməsində bilik və bacarığın, bunların əsasını
təşkil edən təhsilin qarşısında duran bəzi
müasir problemlərin və yeni çağırışların
müzakirəsidir. Müasir təhsilin vacib bir
istiqaməti biliyə, elm və qabaqcıl
texnologiyalara əsaslanan inkişafa xidmət edə
bilən və gələcək əmək bazarının tələblərinə
cavab verən peşəkarların hazırlanmasıdır. Məlum
olduğu kimi, müasir dünyada çağdaş nəsillərin
rifahını təmin edən, eyni zamanda gələcək
nəsillərin imkanlarını məhdudlaşdırmayan və
davamlı inkişaf kimi məlum olan tərəqqi yolu
bəşəriyyətin əsas prioriteti kimi qəbul
olunmuşdur. 2009-cu ilin sonunda keçirilmiş
qlobal iqlim dəyişmələrinə və bu proseslərlə
əlaqədar olan ekoloji və iqtisadi problemlərə
həsr edilmiş Dunya sammiti, beynəlxalq və milli
səviyyələrdə keçirilmiş digər tədbirlər və eyni
zamanda planetin müxtəlif hissələrində müşahidə
edilən təbii fəlakətlər göstərdi ki, Yer
kürəsində həyatın qorunması, uzunmüddətli
inkişafının təmin edilməsi insanın iqtisadi
fəaliyyətində və həyat tərzində yeni
prioritetlərin formalaşmasını tələb edir.
Onlardan ən əsasları ətraf mühit ilə harmoniyada
olan və uzunmüddətli müxtəlif nəsillərin
maraqlarını nəzərə alan davamlı inkişafı təmin
edən "yaşıl" iqtisadiyyat, "yaşıl" həyat tərzi
və "yaşıl" təfəkkürdür. Bu yanaşma həm ətraf
mühitin qorunmasını, həm də mövcud olan təbii
ehtiyatlara və müasir biliyə əsaslanan
uzunmüddətli inkişafın təmin edilməsinin yeganə
yoludur.
Qeyd etmək lazımdır ki, davamlı və insan
potensialına, onun bilik və bacarığına əsaslanan
inkişafın əsaslarının tədrisi, bu sahədə
məlumatların ali məktəblərin bütün
ixtisaslarının və orta ümumi təhsil
məktəblərinin kurikulumuna daxil edilməsi
dünyada ilk dəfə Azərbaycanda həyata
keçirilmişdir və bu, bizim ölkənin
prioritetidir. Azərbaycan Resrublikası Təhsil
Nazirliyi bu istiqamətdə ilk əmrini (N 964) 14
sentyabr 2001-ci ildə vermişdir və həmin sənəd
ilə ümumtəhsil orta məktəblərində davamlı insan
inkişafı kursunun tədrisinə başlamışdır. Pilot
layihə kimi başlamış bu təşəbbüsün müsbət
nəticələrini nəzərə alaraq, Təhsil Nazirliyi
tərəfindən 2003-cü ilin 25 fevralında verilmiş
175 nömrəli əmr ilə bu kursun tədris proqramı
(kurikulumu) təsdiq edilmişdir və 6 noyabr
2003-cü il tarixli 688 nömrəli əmr ilə dərs
vəsaiti dərc edilmişdir. Bu, dünyada ümumtəhsil
orta məktəbləri üçün davamlı inkişafa həsr
olunmuş ilk dərs vəsaiti idi. BMT-nin Baş
Qərargahı (Nyu-York) Azərbaycan Respublikası
Təhsil Nazirliyinin bu təşəbbüsünü innovativ
ideya və fəaliyyət kimi üzv olan ölkələr
arasında yaydı və bu məlumatı öz saytında
yerləşdirdi.
Qeyd etmək lazımdır ki, bu istiqamətdə
biliklərin formalaşmasının qlobal miqyasda
aktuallığını nəzərə alaraq, BMT və YUNESKO 1
mart 2005-ci il tarixli və təşkilatların Baş
Katibi (BMT) və Baş Direktoru (YUNESKO)
tərəfindən imzalanan qərar ilə (UNIS/INF/63, 28
fevral 2005) 2005-2014-cü illəri davamlı və
insan potensialına əsaslanan inkişaf sahəsində
tədris onilliyi elan etdi. Göründüyü kimi,
Azərbaycanda bu proses 4 il öncə başlamış və
2005-ci ildə dünyada ilk dəfə olaraq bu
məlumatlar artıq orta ümumtəhsil məktəblərinin
bütün şagirdlərinə "İnsan və cəmiyyət" fənni
çərçivəsində tədris edilmişdi.
Azərbaycanın bu istiqamətdə dünyada birinci
olması, ilk növbədə ümummilli lider Heydər
Əliyev tərəfindən təsdiq edilmiş ölkənin tədris
strategiyasından irəli gəlirdi. Bu innovativ
təşəbbüs, eyni zamanda ölkə Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə aparılan təhsil
islahatları və bu çərçivədə həyata keçirilən
yeni müasir məktəblərin tikilməsi, mövcud olan
tədris ocaqlarının yenidən qurulması, onların ən
müasir səviyyədə təchiz edilməsi, yeni
kurikulumların işlənilməsi və s. prosesinin bir
hissəsidir. Bu fəaliyyətin həyata keçirilməsində
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana
yeni məktəb" və digər proqramları, Fondun
rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin üzvü Mehriban Əliyevanın fəaliyyəti
olduqca əhəmiyyətlidir.
Hazırda davamlı və insan potensialına əsaslanan
inkişaf istiqamətində yeni tendensiyalar və yeni
çağırışlar əmələ gəlmişdir. Bunlar, qeyd
edildiyi kimi, "yaşıl iqtisadiyat" və "yaşıl
həyat tərzi", "yaşıl istehlak", yaxud "yaşıl
davranış" kimi səciyyələndirilə bilər. Yeni
istiqamət olduğundan bu barədə məlumatlar
kifayət dərəcədə yayılmayıb. Məsələn,
məruzələrimin birində dinləyicilərdən yaşıl
iqtisadiyyatın nə olduğunu soruşduqda, onlardan
biri əminliklə bildirdi ki, bu, çox güman ki,
ABŞ dolları ilə həyata keçirilən iqtisadi
fəaliyyətdir. Bir çox ölkələrdə və dillərdə ABŞ
dolları "yaşıl" adlandırıldığından, "yaşıl
iqtisadiyyat" mənası ekvivalent kimi qəbul
edilir. Bu jarqon ifadə olsa da, dünyada kifayət
dərəcədə geniş yayılmışdır. Dinləyicinin belə
bir reaksiyası da həmin jarqon anlayışına
əsaslanırdı. Amma yaşıl iqtisadiyat və yaşıl
istehsal dedikdə, ilk növbədə, təbiətin
qanunlarını nəzərə alan, ətraf mühitə heç bir
mənfi təsir göstərməyən və təbii ehtiyatlardan
səmərəli və yüksək qənaətlə istifadə edən
insanın sənayedə və kənd təsərrüfatında
fəaliyyəti nəzərdə tutulur.
"Yaşıl həyat tərzi" və "yaşıl davranış"
barəsində məlumatların kifayət dərəcədə
olmamasına dair digər bir misalı diqqətinizə
çatdırmaq istərdim. Xarici universitetlərin
birində təşkil edilmiş seminarda məruzə zamanı
dinləyicilərdən birindən müəyyən statistik
göstəricinin təhlil edilməsini xahiş etdim. Bu
göstərici ölkə əhalisinin neçə faizinin fərdi və
ictimai nəqliyyatdan istifadə edilməsinə aid
idi. Eyni zamanda bu göstəricinin ölkənin
inkişaf səviyyəsi ilə əlaqəsinin təhlil edilməsi
də dinləyicilərdən xahiş olundu. İnkişaf etmiş
ölkənin nümayəndəsi və ixtisasca iqtisadçı olan
dinləyicilərdən biri əminliklə bildirdi ki,
maddi imkan olan hallarda əhali bir qayda olaraq
fərdi avtomaşın və yaxud hərəkətin sıx olduğu
şəraitdə motosikllərdən istifadə edir. Maddi
imkanlar məhdud olduğu halda isə ölkə
vətandaşları ictimai nəqliyyata: metro, avtobus,
tramvay və s. üstünlük verirlər. Bu kifayət
dərəcədə yayılmış stereotipdir. Dinləyicilər
düşünməlidirlər ki, nəqliyyat vasitəsinin
seçiminə, maddi imkanlarla yanaşı, insanların
cəmiyyət və gələcək nəsillər qarşısında daşıdığı
sosial məsuliyyət də təsir göstərə bilər. Sosial
məsuliyyət hissinin yüksək olduğu bir cəmiyyətdə
fərdi nəqliyyatdan istifadə etmək imkanı olan
şəxslər bir çox hallarda içtimai nəqliyyatdan
istifadə edilməsinə üstünlük verirlər. Belə
sosial məsuliyyətli seçim, "yaşıl" təfəkkür
yollarda nəqliyyatın azalmasına, təbii
ehtiyatlardan qənaətlə istifadə edilməsinə və
ətraf mühitin qorunmasına yönəldilmiş "yaşıl
həyat tərzi" şəklində həyata keçirilə bilər.
Bu iki misaldan aydın olur ki, cəmiyyətdə yaşıl
iqtisadiyyat və yaşıl həyat tərzi haqqında
məlumatlar kifayət deyil. Belə məlumatların
yayılması zərurəti, bu istiqamətdə ən müasir
bilik və bacarıqların formalaşması təhsil
qarşısında yeni çağırışlar formalaşdırır. Bu,
tədrisin bütün sahələrinə və hər bir səviyyəsinə
aiddir. Lakin hazırkı mərhələdə "yaşıl" bilik və
bacarıqlar peşə təhsili üçün xüsusi əhəmiyyət
daşıyır. Gələcək əmək bazarı üçün hazırlanan
mütəxəssislər həm peşəkar, həm də vətəndaş kimi
bu çağırışlara cavab verməlidirlər. Çağdaş və
gələcək nəsillərin maraqlarına xidmət edən
davamlı və uzunmüddətli inkişaf yalnız bu
rrinsirlər əsasında hesablanmış sənətkarların
hazırlanması şəraitində təmin edilə bilər. Bu,
həmin istiqamətdə hazırlanan peşəkarların şəxsi
uğurları üçün də olduqca əhəmiyyətlidir, onların
daxili və xarici əmək bazarlarında rəqabət
qabiliyyətinin artırılmasına xidmət edir.
Yaşıl iqtisadiyata keçidin zəruriyyəti
və hətta qaçılmaz olması üç əsas səbəbdən irəli
gəlir. Onlardan birincisi ondadır ki, ərazisi
məhdud olan hər hansı bir yerdə, o cümlədən Yer
kürəsində, insanın ətraf mühitə təsirinin daimi
genişlənməsi və güclənməsi mümkün deyil. Kosmos
və okean dərinliklərinin hesabına təsir
imkanlarının artırılması da hazırkı mərhələdə və
yaxın gələcəkdə çox məhduddur. İkinci səbəb
ondadır ki, Yer kürəsində bərpa olunmayan təbii
ehtiyatlar tükənməz deyil. Əhalinin sayının
daimi artdığı, onların tələbatlarının
genişləndiyi şəraitdə, bu tələbatların
ödənilməsi və mövcud olan nemətlərin ədalətli
bölünməsi böyük problemə çevrilir. Eyni zamanda
nəzərə alınmalıdır ki, Yer kürəsində insanın
fəaliyyəti nəticəsində baş verən hər hansı bir
neqativ proses digər yerlərdə, o cümlədən uzaq
məsafələrdə də öz təsirini göstərir.
Beləliklə, aydın olur ki, bəşəriyyət muasir
dövrdə üzləşmiş ekoloji, sosial və iqtisadi
problemlərin həlli üçün yeni yanaşmalardan
istifadə etməlidir. Belə yanaşmalara hazırkı
məqalənin müəllifi tərəfindən təklif edilmiş
ekoloji sivilizasiya və yaxud ekosivil
konsepsiyasıdır. Yaşıl əmək fəaliyyəti, yaşıl
təfəkkür və yaşıl həyat tərzi ekoloji
sivilizasiyanın əsas komponentidir. Konsepsiya
bütövlükdə və onun ayrı-ayrı elementləri
dünyanın, o cümlədən ABŞ-ın, müxtəlif
universitetlərində müəllif tərəfindən tədris
edilir. Eyni zamanda bu istiqamətdə məruzə və
seminar bir sıra beynəlxalq təşkilatlarda, o
cümlədən Dünya Bankının, BMT-nin, Avropa
Yenidənqurma və İnkişaf Bankının baş
idarələrində, digər təşkilatlarda
keçirilməkdədir.
Yaşıl əmək fəaliyyətinin və bu sahədə bilik və
bacarığın hansı dərəcədə əhəmiyyətli olması, ilk
növbədə, təbii ehtiyatlardan səmərəli istifadə
edilməsinin təhlilindən aydın olur. Məsələn,
məlumdur ki, hər hansı bir ölkənin
iqtisadiyyatının vəziyyəti istehsal olunan
məhsul və xidmətlərin dəyəri ilə müəyyən edilir.
Bu, milli məhsul kimi çıxış edir və onun
həcminin yüksək olması ölkə iqtisadiyyatının
inkişafından xəbər verir. Məlum olduğu kimi,
bizim ölkədə ümumdaxili məhsul hər il
artmaqdadır. Azərbaycanda bu artım hətta dünyada
iqtisadi böhran sürən dövrdə belə müşahidə
edilmişdir. Ümumdaxili məhsulun həcmi adətən ABŞ
dolları ilə göstərilir. Bu, müxtəlif ölkələrdə
əldə edilmiş nəticələri müqayisə etmək imkanı
yaradır. Lakin bu mütləq göstərici ilə yanaşı,
milli məhsulun əldə edilməsi üçün sərf edilən
enerji də qiymətləndirilə bilər. Bu beynəlxalq
statistikada istifadə edilən göstərici
istehsalın nə dərəcədə qənaətlı olmasını, müasir
texnoloji nailiyyətlər əsasında qurulması və bu
səviyyədə çalışa bilən işçi quvvəsinin
peşəkarlığından xəbər verir. Belə müqayisələr
zamanı adətən bir kiloqram neftə olan enerjinin
istifadəsi nəticəsində istehsal olunan məhsulun
dəyəri qiymətləndirilir. Müqayisələrdən aydın
olur ki, bu göstərici müxtəlif ölkələr arasında
çox fərqlənir. Məsələn, Yaponiyada qiyməti
dəyişən və hazırda yarım dollar təşkil edən bir
kq neftdə olan enerji hesabına bu ölkədə
istehsal olunan məhsulun orta qiyməti 7 ABŞ
dolları təşkil edir. ABŞ-da bu rəqəm 4,6,
Kanadada - 4,3 ABŞ dollarına bərabərdir.
Norveçin göstəricisi olduqca maraqlıdır. Bu
ölkə, məlum olduğu kimi, neft və qaz
ixracatçısıdır. Buna baxmayaraq 1 kq neftə
ekvivalent olaraq istehsal olunan məhsulun
dəyəri 5,6 ABŞ dolları təşkil edir. Bu
müvəffəqiyyət şübhəsiz ki, iqtisadiyyatın
qeyri-neft sektorunun inkişafı nəticəsində əldə
edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda
qeyri-neft sektorunun inkişafı dövlət
siyasətinin əsas prioritetlərindəndir. Məlum
olduğu kimi, ən son statistik göstəricilərə
görə, ölkədə qeyri-neft sektorunun artımı neft
sektorunda müşahidə olunan artımdan daha
yüksəkdir. Beynəlxalq statistikaya görə, ölkədə
bir kq neftdə olan enerji hesabına istehsal
olunan məhsulun qiyməti orta hesabla 2,5 ABŞ
dolları təşkil edir. Bu, bir sıra digər neft
ixrac edən ölkələrdən yüksəkdir. Məsələn,
Küveytdə bu rəqəm 1,9, Ərəb Əmirliklərində 2,2,
Rusiyada 2,0 ABŞ dolları təşkil edir. Eyni
zamanda dünyada bərpa olunan enerjidən də
istifadə hər il artmaqdadır. Azərbaycanda da
bərpa olunan enerjidən istifadə edilməsi üçün
xüsusi təşkilat yaradılıb və bu istiqamətdə bir
sıra layihələr həyata keçirilir. Ölkədə
alternativ enerji istehsalının inkişafı üçün
geniş imkanlar yaradılmışdır. Ölkədə Günəş,
külək, geotermal və biokütlənin enerjisindən
istifadə etmək üçün böyük potensial var. Bu
istiqamətdə yaradılan iş yerləri dünyada "yaşıl"
iş yerləri adlandırılır və bu istiqamətdə peşə
hazırlığının keçirilməsi olduqca əhəmiyyətlidir.
Dünyada hazırda 2,5 milyon yaşıl iş yeri
mövcuddur. Bu gün bu əsasən alternativ enerjinin
istehsalı və xidməti sahəsində çalışanlardır.
Lakin bu göstərici daim artacaq, müxtəlif
sahələri əhatə edəcək. Bu istiqamətdə işçi
quvvəsinin peşə məktəblərində hazırlanması
olduqca vacibdir.
Təbii ehtiyatlardan qənaətlə istifadə edilməsi
istiqamətində hazırlanan yeni texnologiyalar
yaşıl iqtisadiyyatın mühüm bir istiqamətidir.
Misal üçün, qeyd etməliyik ki, hazırda yeni
təyyarələrin istehsalına başlanılıb ki, bu da
yanacaq sərfini 70 faiz azaldacaqdır. Bundan
əlavə, mövcud işıq lampalarının əvəzinə ancaq 20
faizə qədər enerji sərf edən yeni lampalar
yaradılmışdır və geniş istehsalına
başlanılmışdır. Bioloji yanacağın yeni mənbələri
tapılmışdır. Onlar qida kimi istifadə edilə
bilən bitki növlərinə aid deyil. Eyni zamanda bu
bitkilər kənd təsərrüfatı üçün yararlı olmayan
torpaqlarda yetişdirilə bilər. Bu isə həmin
bitki mənşəli bioyanacağa keçidin qida
təhlükəsizliyinə heç bir mənfi təsir
göstərmədiyinə dəlalət edir. İnşaatda da
enerjinin və digər mənbələrin qorunması üçün bir
sıra yeni texnologiyalar və yeni materiallar
istifadə olunmaqdadır. Məsələn, son illər bir
sıra hallarda ev üçün nəzərdə tutulmuş istilik
və soyutma sistemlərinin boruları yerə
basdırılır. Məlum olduğu kimi, yerdə, hətta bir
neçə metr dərinlikdə torpağın temperaturu az
dəyişir, qışda daha isti, yayda isə daha soyuq
olur. Bu xüsusiyyətin istifadə edilməsi kifayət
dərəcədə enerjinin qənaətini təmin edir və
"yaşıl" inşaatın bir istiqamətini təşkil edir.
Yaşıl inşaat üçün son zaman xüsusi sementlər
yaradılıb. Bu sementlər benzin buxarlarını,
karbon qazını udmaq və onları zərərsizləşdirmək
qabiliyyətinə malikdirlər. Yeni materialların
hazırda yaşıl inşaatda istifadəsi genişlənir və
bu barədə bilik və bacarığın formalaşması peşə
təhsili üçün xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq təşkilatların məlumatlarına görə
hazırda yaşıl inşaatda dünyada 100 minə yaxın
fəhlə çalışır. Lakin bu sənətkarların sayının
yaxın dövrdə sürətlə artması gözlənilir. Yaşıl
binaların tikintisi sürətlə artır və bir sıra
ölkələrin bu məqsədlərlə güzəştli "yaşıl"
kreditlərin ayrılması sahənin inkişafı üçün
olduqca əhəmiyyətlidir. Bu baxımdan resrublikada
fəaliyyət göstərən reşə təhsili müəssisələrində
"yaşıl iqtisadiyyata" aid bilik və bacarıqların
aşılanması gələcəkdə ölkəmizdə də bu növ
iqtisadiyyatın inkişafı üçün əsas yaradacaqdır.
"Yaşıl" iqtisadiyyatın inkişafı "yaşıl" bilik və
bacarığa malik olan peşəkarlar hazırlanmasından
keçir. Azərbaycan təhsili bu istiqaməti inkişaf
etdirən ilk ölkələrdən biri ola bilər. Təhsilin
bu istiqaməti bütün tədris üçün olduqca
əhəmiyyətlidir.
Urxan ƏLƏKBƏROV,
AMEA-nın akademiki, biologiya elmləri doktoru,
professor,
YUNESKO-nun "İnsan və Biosfer" Milli Komitəsinin
sədri |