Bakıdakı 69 nömrəli körpələr evi-uşaq bağçasında
"Əlvida, bağça, salam, məktəb" devizi altında
keçirilən mərasimdə hamıdan çox balaca məzunlar
sevinirdi. Axı onlar ilk dəfə əllərinə çanta
alıb, məktəbə yollanacaqlar. Geniş, işıqlı sinif
otaqlarında bağçada tərbiyəçilərdən
öyrəndiklərini müəllimlərinin qarşısında
nümayiş etdirəcəklər.
Budur, şarlarla,müxtəlif oyuncaqlarla,
gül-çiçəklə bəzədilmiz musiqi zalında
aparıcılar Lamiyə və Yusif balaca məzunları
məktəbə getməkləri münasibətilə təbrik edir və
onları nümunəvi olmağa çağırır. Rəngarəng
proqramla çıxış edən balaca fidanların sevinci
yerə-göyə sığmır. Tural və Turab qardaşlarının
söylədikləri "Ana" və "Vətən", Əsmərin,
Elnurun, Firdovsinin, Məhəmmədin, Ceyhunun,
Rzanın ifa etdikləri "Müəllimlərimiz",
"Azərbaycan", "Ana dili", "Günəş", "Təbiəti
sevək", "Uşaqların bayramı", "Əlifba bayramı",
"Əsgər gedirəm", "Mənim hüquqlarım", "Oxumaqdır,
adətim" adlı şeirlər və mahnılar, Nərminin,
Nigarın, Muradın nümayiş etdirdikləri milli
rəqslər maraqla qarşılandı. "Xeyir və Şər"
səhnəciyi iştirakçılarda xoş ovqat yaratdı.
Bağçanın müdiri Solmaz Quliyeva, tərbiyəçilər
Lalə Əliyeva, Səidə Salayeva, Zemfira Ağayeva və
valideynlər sevinclərini balaca məzunlarla
bölüşdülər. S.Quliyeva qeyd etdi ki, bağçada
məktəbəqədər, böyük, orta və kiçik yaş
qruplarının hərəsindən bir olmaqla 4 qrup
fəaliyyət göstərir. Bu il 25 uşaq məktəbə yola
salınır. Onların hamısı məktəb təliminə
hazırdır. Tərbiyəçi Zemfira Ağayeva "Ətraf
aləmlə tanışlıq" mövzusunda "açıq məşğələ"lər
keçirir. Tərbiyəçi Aida Əzizovanın iş
təcrübəsindən səmərəli istifadə olunur.
Bağçada keçirilən "açıq məşğələ"lərdən, sərgi
və müsabiqələrdən, əl əməyi üzrə məşğələlərin
təşkilindən, əqli tərbiyənin inkişafında
didaktik oyunların rolundan, musiqili-əyləncəli
tədbirlərin əhəmiyyətindən danışıldı.
Bildirildi ki, ildə iki dəfə valideynlər üçün
"açıq qapı" günü təşkil olunur. Valideyn
şurasının sədri Şəfəq Teymurova balacaları
tez-tez Şəhidlər xiyabanına, Milli parka,
Atəşgaha,şəhərin görməli və gəzməli yerlərinə
ekskursiyaya aparır.
Mərasim başa çatsa da, musiqidən, rəqsdən
doymayan balaca məzunlar meydanı tərk etmək
istəmirdilər...
Sifai SƏFƏROVA |