Məlum olduğu kimi, müasir dünyanın ən böyük
problemlərindən biri ekoloji problemdir.
Ekologiyanın pisləşməsi, ətraf mühitin
çirklənməsi bütün ölkələrdə olduğu kimi,
respublikamızda da ciddi narahatlıq doğurur. Elə
buna görə də Prezident İlham Əliyev 2006-cı il
sentyabrın 26-da Azərbaycan Respublikasında
ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair
2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı
haqqında sərəncam imzalamışdır. Habelə Prezident
sərəncamı ilə ölkəmizdə 2010-cu il "Ekologiya
ili" elan edilmişdir.
Bununla
əlaqədar rəhbərlik etdiyim 3 nömrəli "Səadət"
körpələr evi - Uşaq bağçasında "Təbiət, zaman və
biz" devizi altında "Fəaliyyət planı"
hazırlanmışdır.
Bağçada uşaqlara təbiəti, onun gözəlliklərini
görməyi, bu gözəlliklərdən həzz almağı
öyrətməklə onlarda təbiətə məhəbbət və
əməksevərlik tərbiyə edilir.
Bağçamızda uşaqlara canlı və cansız aləmlə
tanışlıq, təbiətin qanunauyğunluqlarını başa
salmaqla yanaşı, onlarda vətənpərvərlik,
canıyananlıq, mehribanlıq, tapşırıqlara əməl
etmək, təmizkarlıq, qətiyyətlilik, doğruçuluq,
dostluq, yoldaşlıq kimi mənəvi-əxlaqi
keyfiyyətlərin formalaşdırılması istiqamətində
ardıcıl iş aparılır.
Uşaqların təbiətlə tanışlığı məşğələ, gəzinti,
ekskursiya, həyətyanı sahədə və təbiət guşəsində
iş prosesində davam etdirilir. Həmin prosesdə
ətraf mühit barədə məlumatlar və praktik işlərin
uşaqların yaş və qavrama səviyyələrinə uyğun
olmasına xüsusi diqqət yetirilir.
Təcrübə göstərir ki, təbiətdə əmək uşaqların
əqli və sensor tərbiyəsi üçün böyük əhəmiyyət
kəsb edir. Bu məqsədlə tərbiyəçilər ekskursiyada
müşahidə metodundan geniş istifadə edirlər. Belə
müşahidələrin təşkili zamanı bitki və heyvanlar,
canlı və cansız təbiət, təbii hadisələr,
adamların təbiətdə əməyi, eləcə də əşyalar və
hadisələr arasında asılılıq və səbəb-nəticə
əlaqələri haqqında uşaqlara ətraflı məlumat
verilir. Bu məqsədlə canlı və cansız təbiət
nümunələrindən, "Yaxşı nədir, pis nədir?"
mövzusunda tablolardan, quşlar, ev heyvanları,
vəhşi heyvanlar haqqında albomlardan istifadə
edilir.
Bağçamızda tez-tez ekskursiyalar təşkil olunur.
Uşaqları Nəbatat bağına, zooparka aparırıq.
Onlara başa salırıq ki, biz heyvanları
qorumalıyıq, onlar təbiətin yaraşığıdır.
Təbiətin qoynunda məşğələlər zamanı öyrənmə hər
uşaq üçün daha maraqlı fəaliyyət sahəsinə
çevrilir, onların fəallığının artmasına zəmin
yaradır. Burada tərbiyəçilər təbiətin
gözəlliklərini duymaq üçün uşaqların diqqətini
quşların oxumasına cəlb edir. Azərbaycan
oyunları, milli xalq mahnıları və folklor
nümunələrindən istifadə edirlər. Uşaqlar mahnı
oxuyurlar. Təbiətdə bitkilərin forma və
rənglərini, spesifik cəhətlərini
fərqləndirirlər.
Təbiətdə müşahidə zamanı toplanmış faktlardan,
uşaqların əldə etdikləri əyani təsəvvürlərdən
riyaziyyat, rəsm, applikasiya, quraşdırma, əl
əməyi, musiqi məşğələlərində də yeri gəldikcə
istifadə olunur. Həmçinin uşaqlarda təbiətin,
vətənin hər qarış torpağı üçün məsuliyyət hissi,
ekoloji təfəkkür, mədəniyyət tərbiyə edilir.
Biz uşaqlarda bitkilərin işığa, istiyə, torpağa,
rütubətə tələbatı haqqında bilikləri də
formalaşdırırıq. Belə ki, məktəbəhazırlıq
qrupunda tərbiyəçi H.Sultanova bu mövzuda
uşaqlarla bir neçə müşahidə və təcrübə aparmış,
bitkilərin suya tələbatını əyani təcrübə ilə
onlara başa salmışdır. Bütün bunlar uşaqlara
təbiət guşəsindəki bitkilərə qulluq edərkən
lazım olur.
Təcrübələrin məqsədi məhz uşaqlara ekoloji
biliklərin verilməsindən ibarətdir. Bu zaman
uşaqlarda təbiətə qayğıkeş münasibət və onu
qorumaq cəhdi onların öz müşahidələri, aldıqları
biliklər əsasında formalaşır ki, bu da uzun
müddət onların yaddaşında qalır və ətraf aləmlə
münasibətlərində onlar həmin biliklərdən çıxış
edirlər.
Şahnaz ABDULLAYEVA,
Bakıdakı 3 nömrəli "Səadət"
körpələr evi-uşaq bağçasının müdiri |