İyunun 25-də Füzuli rayonunun Horadiz şəhərində
Azərbaycan Mətbuat Şurası və Təhsil Nazirliyinin
birgə təşkilatçılığı ilə "Təhsil və mətbuat"
mövzusunda regional konfrans keçirilmişdir.
Milli mətbuatın 135 illiyinə həsr olunmuş
silsilə tədbirlər çərçivəsində keçirilən
konfransda təhsil naziri Misir Mərdanov, Milli
Məclisin deputatı Aqil Abbas, respublikanın
aparıcı kütləvi informasiya vasitələrinin
rəhbərləri, Ağdam, Ağcabədi, Beyləqan, Xocavənd,
Biləsuvar, Cəbrayıl, Bərdə və Laçın rayonlarının
təhsil şöbələrinin müdirləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev
parkına gələrək ümummilli liderin abidəsi önünə
çiçək dəstələri qoymuş, xatirəsinə ehtiramlarını
bildirmişlər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi
Muxtarov tədbiri açaraq iştirakçıları salamlamış
və konfransın Horadiz şəhərində keçirilməsinə
görə təşkilatçılara minnətdarlığını
bildirmişdir.
Təhsil naziri Misir Mərdanov diqqəti müzakirə
edilən məsələnin əhəmiyyətinə çəkərək, təhsil
sistemində baş verən yeniliklər barədə
məlumatların obyektiv surətdə ictimaiyyətə
çatdırılmasının vacibliyini vurğulamışdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin
işğaldan azad olunmuş ərazidə keçirilməsinin
əhəmiyyətini yüksək qiymətləndirmişdir.
İctimai
televiziyanın Yayım Şurasının sədri Cahangir
Məmmədli, "Ayna" qəzetinin baş redaktoru Elçin
Şıxlı, "Səs" qəzetinin baş redaktoru Bəhruz
Quliyev, "İki sahil" qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə, "Xalq cəbhəsi" qəzetinin baş
redaktoru Elçin Mirzəbəyli, "Yeni Azərbaycan"
qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "525-ci
qəzet"in baş redaktoru Rəşad Məcid, Milli
Məclisin deputatı Aqil Abbas, Bərdə Rayon Təhsil
Şöbəsinin müdiri Rahilə İsmayılova, Füzuli Rayon
Təhsil Şöbəsinin müdiri Hafiz Tahirov konfransda
çıxış etmişlər, təhsil müəssisələri ilə media
qurumları arasında qarşılıqlı münasibətlər
mövzusu ətrafında müzakirələr aparılmışdır.
Çıxışlarda təhsildən yazan jurnalistlərin
ixtisaslarının artırılması, "reket" qəzetlərlə
mübarizə, bəzi mətbuat orqanlarında müəllim
nüfuzuna xələl gətirən materialların dərc
olunması və bunun ictimaiyyətə təsiri,
jurnalistika fakültələrinə qəbul zamanı
qabiliyyət imtahanlarının verilməsi,
jurnalistika fakültələrində təhsil alan
tələbələrin ixtisaslaşdırılması, təhsil və media
münasibətlərindən bəhs olunmuşdur.
Konfransda iştirak edən Milli Məclisin sədr
müavini Bahar Muradova sonda çıxış edərək,
Azərbaycan jurnalistikasının bugünkü durumu,
ölkədə söz və kütləvi informasiya vasitələri
azadlığından, ümummilli lider Heydər Əliyevin
müstəqil mətbuata verdiyi önəmdən danışmış,
KİV-lərdə dərc olunan yazılarda obyektivliyin və
həqiqətin əks olunmasının vacibliyini
vurğulamışdır.
Sonra tədbir iştirakçıları Zobucuq qəsəbəsindəki
orta məktəb və uşaq bağçasında yaradılmış
şəraitlə tanış olmuşlar.
AzərTAc |