Elmi-texniki tərəqqi əsri sayılan XXI yüzillikdə
informasiya cəmiyyətinə keçid,
informasiya-kommunikasiya texnologiyalarından
səmərəli istifadə özünü sivilizasiyalı dünyanın
ayrılmaz bir parçası hesab edən hər bir dövlətin
əsas prioritetlərindən biridir. Azərbaycan
xalqının ümummilli lideri, dünya şöhrətli siyasi
xadim Heydər Əliyev qloballaşma və inteqrasiya
proseslərinə qoşulmaq istiqamətində ölkəmiz üçün
böyük əhəmiyyətə malik olan, 2003-2012-ci illəri
əhatə edən "Azərbaycan Respublikasının inkişafı
naminə informasiya-kommunikasiya texnologiyaları
üzrə Milli Strategiya"nı təsdiq etmişdi.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı" respublikamızın Cənubi Qafqaz
və Transxəzər məkanında qabaqcıl ölkəyə
çevrilməsi, regionda informasiya cəmiyyətinin
formalaşması prosesini daha da
sürətləndirmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbovun rəhbərliyi ilə muxtar respublikada
informasiya texnologiyalarının geniş tətbiq
olunması, daha da inkişaf etdirilməsi və sürətli
İnternet şəbəkəsinin yaradılması istiqamətində
bir sıra dövlət əhəmiyyətli proqramlar
gerçəkləşdirilmişdir. Bu gün blokada şəraitində
yaşamasına baxmayaraq, Naxçıvan Trans
Asiya-Avropa fiber-optik kabel magistralı ilə
informasiya blokadasını yararaq dünyaya
bağlanır, Naxçıvanın tarixi keçmişi, bu günü
haqqında geniş məlumat bazasını özündə
cəmləşdirir.
Naxçıvan Dövlət Universitetinin ardıcıl dövlət
qayğısı, dünya universitetləri və beynəlxalq
təşkilatlarla sıx beynəlxalq əlaqələr saxlaması
nəticəsində müasir texnologiyalarla təmin
olunması, təhsilin informasiyalaşdırılması
istiqamətində mühüm nəticələr əldə etməsi ölkədə
aparılan siyasətin konkret bəhrələrindəndir.
Naxçıvan Dövlət Universiteti möhkəm milli
əsaslara malik olan, dövlətçilik yönlü, dünyaya
inteqrasiya edilmiş ali təhsil ocağıdır.
Universitetin 108 hektarlıq kampusa, çoxsaylı
klassik və ən müasir tipli tədris korpuslarına,
universitet şəhərciyinə malik olması bu ali
təhsil ocağını ölkəmizdəki digər
universitetlərdən fərqləndirir. Naxçıvan Dövlət
Universiteti çoxprofilli xarakterinə əsasən
klassik universitetdirsə, strukturuna, yeni
texnologiya ilə təchiz edilməsinə, beynəlxalq
əlaqələrinin genişliyinə görə inkişaf etmiş
çağdaş ali təhsil ocaqları sırasında dayanır.
Hazırda Avropa Rektorlar Klubunun və Asiya
Universitetləri Assosiasiyasının, Qara Dəniz
Universitetləri Birliyinin üzvü olan
universitetin dünyanın 30-dan çox ölkəsinin ali
təhsil ocaqları ilə geniş əlaqələri
formalaşmışdır. Bu ali təhsil ocağının 10
fakültəsində 46 ixtisas üzrə təhsil alan 4
mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul
olan 356 nəfərlik professor-müəllim heyətinin
böyük səyləri ilə universitetdə müstəqil
Azərbaycanın daha parlaq gələcəyinə uğurla
xidmət edə biləcək vətənpərvər və yüksək
hazırlıqlı mütəxəssislər hazırlanırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbovun böyük təşkilatçılığı və
qayğısı, Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil
Nazirliyinin, AMEA-nın yaxından iştirakı və
dəstəyi ilə Naxçıvan Dövlət Universitetində
2005-ci ildə gerçəkləşdirilmiş "Elektron
Naxçıvan" layihəsi "Elektron Azərbaycan" Dövlət
Proqramı çərçivəsində atılan ilk əhəmiyyətli
addımlardan olmuşdur.
"Elektron Naxçıvan - 1: Problemlər və həllər"
17-18 iyun 2005-ci il
Konfrans Azərbaycanda ilk dəfə Bakı - Naxçıvan
arası videokonfrans bağlantısının qurulması ilə
tarixi əhəmiyyət kəsb etmişdir. Ölkənin elm və
təhsil tarixində birinci dəfə olaraq Naxçıvan
Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər
Akademiyasının İnformasiya Texnologiyaları
İnstitutu arasında videokonfrans əlaqəsi
yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbov konfransda geniş
məruzə edərək Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi və inkişafından, bu sahədə ölkəmizin
Prezidenti cənab İlham Əliyevin ardıcıl qayğı və
diqqətindən danışmış, təhsil sistemində elektron
informasiya məkanının yaradılması, elmin,
təhsilin və sahibkarlığın inkişafı üçün bu
sahəyə yeni investisiyaların cəlb edilməsi
məsələlərinə xüsusi diqqət yetirilməsi
zərurətindən bəhs etmiş, Naxçıvandakı
məqsədyönlü inkişafdan söz açmış, konkret
vəzifələr irəli sürmüşdür.
Azərbaycan Respublikası rabitə və informasiya
texnologiyaları naziri, akademik Əli Abbasovun
informasiya cəmiyyətinin qurulması istiqamətində
dövlət siyasətinin əsas prioritetləri və
Naxçıvan MR-in sosial-iqtisadi inkişafında
informasiya-kommunikasiya texnologiyalarının
rolu problemlərinə həsr edilmiş məruzəsi
dinlənilmişdir. Təhsil naziri, professor Misir
Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti Mahmud Kərimov milli təhsilin daha da
inkişaf etdirilməsində, akademik elmi qurumların
müasir elmi-təşkilati vəzifələrinin həyata
keçirilməsində yeni informasiya
texnologiyalarından istifadənin üstünlükləri ilə
bağlı məruzələr etmişlər.
Naxçıvan Dövlət Universitetinin rektoru,
akademik İsa Həbibbəylinin, Azərbaycan Milli
Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri,
akademik İsmayıl Hacıyevin, İnformasiya
Texnologiyaları İnstitutunun direktoru,
akademiyanın müxbir üzvü Rasim Əliquliyevin
informasiya texnologiyaları: zaman və müasir
dövr məsələlərinə həsr olunmuş məruzələrində
geniş ümumiləşdirmələr aparılmışdır.
"Elektron Naxçıvan" Naxçıvan Muxtar
Respublikasında, ümumən ölkəmizin elm və təhsil
sistemində elektron hərəkatın başlanğıcı idi.
"Elektron Naxçıvan - 1"-də beynəlxalq
əməkdaşlığı yalnız Türkiyənin Qars Qafqaz
Universiteti təmsil edirdi. Konfrans zamanı
"Virtual İpək yolu" layihəsi çərçivəsində peyk
rabitəsi vasitəsilə Naxçıvan Dövlət Universiteti
və AMEA Naxçıvan bölməsi arasında qlobal
İnternet şəbəkəsinin açılması da mühüm tarixi
əhəmiyyət kəsb edirdi.
Konfransda qəbul edilən qərara əsasən, ölkə
başçısının sərəncamı rəhbər tutularaq "Elektron
Azərbaycan" Dövlət Proqramı tipində "Elektron
Naxçıvan" proqramı işlənmiş, informasiya
texnologiyaları sahəsində yüksəkixtisaslı
mütəxəssislərin hazırlanmasına diqqət
artırılmış, "Elektron Naxçıvan" adlı poçt
markası buraxılmış, Naxçıvanda informasiya
cəmiyyətinin qurulması istiqamətində görüləcək
işlər haqqında məlumatların ictimaiyyətə
çatdırılması məqsədilə www.nakhchivan.az saytı
yaradılmışdır.
"Elektron Naxçıvan - 2: Elmin və təhsilin
inkişafında informasiya və kommunikasiya
texnologiyalarının rolu və əhəmiyyəti"
24 iyun 2006-cı il
Bu beynəlxalq elmi-praktik konfrans
universitetin Tibb fakültəsində yeni yaradılmış
tədris laboratoriyalarının açılışı ilə öz işinə
başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov konfrans iştirakçılarını
təbrik etmiş, beynəlxalq elmi forumun işinə
uğurlar arzulamışdır.
Bu dəfə videokonfrans layihəsinin həyata
keçirilməsi çoxistiqamətli videobağlantı ilə
yadda qalmışdır. Videokonfransda Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Bakı və Lənkəran
Dövlət universitetləri, Azərbaycan Dövlət
İqtisad Universiteti, Türkiyə Cümhuriyyətinin
Qars Qafqaz və Kocaeli universitetləri və İsveç
Texnologiya Universiteti arasında videobağlantı
qurulmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının təhsil
naziri, professor Misir Mərdanov, rabitə və
informasiya texnologiyaları naziri, akademik Əli
Abbasov, Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik İsa Həbibbəyli, Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin
sədri, akademik İsmayıl Hacıyev, NATO-nun Qafqaz
üzrə müşaviri, Mərkəzi və Şərqi Avropa
Şəbəkələndirmə Assosiasiyasının baş katibi,
doktor Yacek Kajevski, İsveçrə Universitetinin
müəllimi, professor Bəhrəm Atabəyli, Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel
Məhərrəmov, AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Rasim Əliquliyev, Qars Qafqaz Universitetinin
rektoru, professor Necati Kaya, Azərbaycan
Texniki Universitetinin rektoru, professor Havar
Məmmədov və Lənkəran Dövlət Universitetinin
rektoru, fizika-riyaziyyat elmləri doktoru,
professor Asəf İsgəndərov məruzə ilə çıxış
etmişlər.
Beynəlxalq simpoziumun gedişinin univesitet
televiziyası ilə canlı olaraq yayımlanması və
elmi forumun materiallarının kitab halında çap
edilməsi də əvvəlki illə müqayisədə irəliyə
doğru addımlara çevrilmişdir.
"Elektron Naxçıvan-3: İnformasiya cəmiyyəti:
reallıqlar və perspektivlər"
22-23 iyun 2007-ci il
Regional elektron hərəkatın bu mərhələsi 40
illik yubileyini qeyd etmək ərəfəsində olan
Naxçıvan Dövlət Universitetində beynəlxalq CİSCO
Akademiyasının yaradılması, Elektron Avtomat
Telefon Stansiyasının fəaliyyətə başlaması,
Olimpiya İdman Kompleksinin açılış mərasimi ilə
tarixi əhəmiyyət kəsb etmişdir.
Beynəlxalq simpoziumda Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
təbrik nitqi ilə çıxış etmiş, Azərbaycan
Respublikası rabitə və informasiya
texnologiyaları naziri, akademik Əli Abbasov,
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov,
Naxçıvan Dövlət Universitetinin rektoru,
akademik İsa Həbibbəyli, NATO-nun Qafqaz üzrə
müşaviri, doktor Yacek Kajevski, Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel
Məhərrəmov, BMT-nin Təlim və Tədqiqatlar üzrə
İnstitutunun əməkdaşı Niko Barito, AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev
və Naxçıvan Dövlət Universitetinin elmi işlər
üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli
Hüseynovun məruzələri dinlənilmişdir.
Tədbirdə Azərbaycanın Pakistandakı fövqəladə və
səlahiyyətli səfiri Eynulla Mədətli, İsveçrə
İnformasiya Texnologiyaları Universiteti,
Novosibirsk Dövlət Universiteti, həmçinin 40
illik yubileyini qeyd etməkdə olan Naxçıvan
Dövlət Universitetinin məzunları olmuş, hazırda
ölkəmizdə və dünyanın bir çox dövlətlərində
Azərbaycanı layiqincə təmsil edən
mütəxəssislərlə videobağlantı təşkil olunmuşdur.
Beynəlxalq simpoziumda Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının
inkişaf perspektivləri - Azərbaycan həqiqətləri
və dəyərlərinin virtual məkanda təsbit edilməsi
məsələləri müzakirə olunmuşdur. İnternet
jurnalistikası sahəsində kadrlar hazırlanmasının
zəruriliyi, Azərbaycanın "Wikipedia" Ümumdünya
İnternet - ensiklopediyasinda geniş təmsil
olunması, Azərbaycan həqiqətləri və dəyərlərinin
virtual məkanda domen adları vasitəsi ilə təbliğ
edilməsi, İnternet mühitində milli təhlükəsizlik
konsepsiyasının həyata keçirilməsi məsələləri
kimi ciddi və aktual problemlər ön mövqeyə
çəkilmişdir. Həmçinin informasiyalı cəmiyyətə
keçid şəraitində regionda bu sahənin inkişafı
ilə bağlı görülən tədbirlərdən, ali təhsil ocağı
kimi Naxçıvan Dövlət Universitetinin müasir
texnologiyaların inkişafı sahəsində əldə etdiyi
nailiyyətlərdən də danışılmışdır.
Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan
Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi arasında qarşılıqlı
əməkdaşlığa dair protokol imzalanmışdır.
Naxçıvan Dövlət Universitetində yeni
texnologiyaların elmə, tədris prosesinə uğurla
tətbiqi istiqamətindəki səmərəli fəaliyyətinə
görə NATO-nun Qafqaz üzrə müşaviri, doktor Yacek
Kajevski bu ali məktəbin fəxri doktoru diplomu
ilə təltif olunmuşdur.
"Elektron Naxçıvan - 4: Uzaq regionlar üçün
səciyyəvi olan informasiya və kommunikasiya
texnologiyaları problemləri"
19-21 iyun 2008-ci il
Bu beynəlxalq simpozium Naxçıvan Dövlət
Universiteti, NATO, Şimali Atlantika Birliyi və
Polşadakı Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə
Assosiasiyasınn təşkilatçılığı ilə
gerçəkləşdirilmişdir. Simpoziumda Azərbaycanla
yanaşı, ABŞ, Kanada, Türkiyə, Polşa, Rusiya,
İsveçrə, Özbəkistan, Şimali Kipr Türk
Cümhuriyyəti kimi ölkələrin tanınmış
mütəxəssisləri iştirak etmişlər.
Azərbaycan Respublikası rabitə və informasiya
texnologiyaları naziri, akademik Əli Abbasov,
NDU-nun rektoru, akademik İsa Həbibbəyli,
AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Rasim Əliquliyev, ABŞ-ın Nyu-York
Universitetinin professoru Corc Sadovski,
Kanadanın Simon Freyzer Universitetinin
professoru Stella Atkins, Türkiyənin Kocaeli
Universitetinin rektoru, professor Sezər
Kamsuoğlu, Qars Qafqaz Universitetinin rektoru,
professor Əbamüslüm Güvən və başqaları siyasi və
coğrafi səbəblər üzündən ölkəsinin əsas
ərazisindən uzaq düşmüş regionların inkişaf
etdirilməsində informasiya-kommunikasiya
texnologiyalarının rolu, imkanları və əhəmiyyəti
ilə əlaqədar məruzələrlə çıxış etmişlər.
Simpoziumda Mərkəzi və Şərqi Avropa
Şəbəkələndirmə Assosiasiyasının baş katibi,
professor Yacek Kajevski, Şimal və Baltik
regionunda qabaqcıl telekommunikasiya şirkəti
olan TeliaSoneranın Polşadakı Beynəlxalq
ofisinin direktoru, doktor Robert Busz bu
sahədəki dünya təcrübəsindən danışmışlar.
Qırğızıstandakı AkNET şirkətinin təmsilçisi,
doktor Yuri Veliyçuk, Özbəkistanı təmsil edən,
məktəb kompüteri və İKT təlimi üzrə məsləhətçi,
dosent Sayyora Rəhmankulova, Lənkəran Dövlət
Universitetinin əməkdaşı Ülkər Bayramova yerüstü
telekommunikasiya şəbəkələrindən uzaqda olan və
hərəkət edən obyektlərlə rabitənin təşkilindən
söz açmışlar. Azərbaycan iqtisadiyyatının
diversifikasiyasında regional innovasiya
zonasının rolu, uzaq regionlardakı ali məktəblər
üçün kampus şəbəkə kommunikasiyaları və onların
problemləri, bu sahədəki dünya təcrübəsilə bağlı
müzakirələr aparılmışdır.
Videobağlantı vasitəsilə Bakıdan AMEA-nın
birinci vitse-prezidenti Arif Həşimov, Şimali
Kipr Türk Cümhuriyyətindəki Yaxın Doğu
Universitetinin rektoru, professor Ümüt Hasan
tədbirə qoşulmuşdular. Videokonfrans Naxçıvanın
dağlıq ərazisində yerləşən Batabat Astrofizika
Rəsədxanasının İnternet mərkəzinin açılış
mərasimi ilə də yaddaqalan olmuşdur.
"Elektron Naxçıvan - 5: Nəticələr və vəzifələr"
25-26 iyun 2010-cu il
Bu beynəlxalq simpozum Naxçıvan Dövlət
Universitetinin informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi istiqamətində mühüm
nailiyyətlər qazandığını bir daha
təsdiqləmişdir.
Tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif
Talıbovun və qonaqların iştirakı ilə "Wi-Fi"
kampus İnternet şəbəkə sisteminin təqdimatı
olmuşdur. Məlumat verilmişdir ki, CİSCO
texnologiyaları və NATO-nun qrant layihəsi
əsasında yaradılan, bu ilin yanvar ayından
fəaliyyətə başlayan bu simsiz İnternet şəbəkəsi
vasitəsilə nəinki universitetin bütün tədris
korpuslarında, struktur bölmələrində, eləcə də
108 hektarlıq ərazinin hər tərəfində İnternet
bağlantısından istifadə edilir ki, bu da dünya
elminə, təhsilinə inteqrasiya, beynəlxalq elmi
əlaqələrin inkişafı kimi mühüm problemlərin
həllinə uğurla xidmət edir. İndi universitetin
bütün ərazisində sürətli İnternet xidmətindən
istifadə etmək mümkündür. 2010-cu ildən
başlayaraq universitetdə 5 meqabit, yəni 50 min
kilobitdən çox İnternet resurslarından istifadə
olunur.
Sonra ölkədə ilk dəfə olaraq universitetlərarası
videotelefon bağlantısı gerçəkləşdirilmişdir.
Azərbaycan Tibb Universitetinin rektoru,
akademik Əhliman Əmiraslanov telefonla simpozium
iştirakçılarını salamlamış, Naxçıvan Dövlət
Universitetinin timsalında muxtar respublikada
elm, təhsil, informasiya texnologiyalarının
tətbiqi sahəsində qazanılan uğurları yüksək
qiymətləndirmişdir.
Simpoziumun plenar iclasında rektor, akademik
İsa Həbibbəyli ənənəvi "Elektron Naxçıvan"
layihəsinin əhəmiyyətindən, bir çox dünya
universitetləri ilə gerçək əməkdaşlıqları olan
bu ali təhsil ocağının virtual əlaqələrinin
inkişafında mühüm rol oynamasından danışmışdır.
Tədbirdə universitet televiziyasının hazırladığı
"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə"
sənədli filminin nümayişi bütün bunları əyani
şəkildə bir daha təsdiqləmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov simpozium iştirakçılarını
salamlayaraq vurğulamışdır ki, XXI əsrin inkişaf
göstəricisi dünya dövlətlərinin iqtisadi, hərbi
qüdrəti ilə yanaşı, onların yaradıcı elmi
potensiala malik olmaları, informasiya
texnologiyalarının ən son nailiyyətlərini,
informasiya ehtiyatlarını öz əllərində
cəmləşdirə bilmələri ilə də müəyyənləşir. Ali
Məclisin sədri Naxçıvan Muxtar Respublikasında
müasir informasiya-kommunikasiya
texnologiyalarının elm, təhsil və səhiyyədə,
iqtisadiyyatın ən müxtəlif sahələrində uğurla
tətbiqindən, bu sahədə qarşıda duran mühüm
vəzifələrdən danışmışdır.
Azərbaycan Respublikası rabitə və informasiya
texnologiyaları naziri, akademik Əli Abbasov
məruzəsində informasiya-kommunikasiya
texnologiyalarının inkişafı istiqamətində
məqsədyönlü dövlət siyasətindən bəhs etmişdir.
Simpoziumda Mərkəzi və Şərqi Avropa
Şəbəkələndirmə Assosiasiyasının baş katibi,
professor, doktor Yacek Kajevski, Ankara
Universitetinin rektoru, professor, doktor Camal
Taluq və Qars Qafqaz Universitetinin rektoru,
professor, Əbamüslüm Güvən, Azərbaycan Milli
Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü Rasim Əliquliyev, SİNAM şirkətinin
prezidenti, texnika elmləri namizədi, dosent
Elçin Əliyev, "Xalq kompüteri" layihəsinin
icraçı direktoru Rauf Həsənov çıxış etmişlər.
Simpoziumun gedişində Cənubi Koreyanın Kimçonq
Universitetinin prezidenti Kanq Sangi, Çin Xalq
Respublikasının Sias Beynəlxalq Universitetinin
prezidenti, doktor Şan Ken, Cənubi Rusiya
İdarəetmə Biznes və Hüquq Universitetinin
rektoru, iqtisad elmləri doktoru, professor
İmran Əkbərov və universitetin elmi işlər üzrə
prorektoru, fizika-riyaziyyat elmləri doktoru
Yuriy Daşko, Ankara Universitetinin professoru,
doktor Yasəmin Oğuzla videobağlantılar
qurulmuşdur.
Mükafatlandırılma mərasimində Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
"Tələbələr azad sahibkarlıq fəaliyyətində"
beynəlxalq tələbə proqramı üzrə V Respublika
çempionatının qaliblərinə, futbol üzrə III ölkə
çempionatının qalibi olmuş komandaya, Qars
Qafqaz Universitetində keçirilən yarışlarda
birincilik qazanan voleybolçulara kuboklar
təqdim etmişdir.
Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının
qərarı ilə universitetlərarası əlaqələrdəki
səmərəli fəaliyyətlərinə görə Ankara və Qars
Qafqaz universitetlərinin rektorları
universitetin fəxri diplomları ilə təltif
edilmişlər.
"Elektron Naxçıvan" layihəsinin uğurla həyata
keçirilməsində xidmətləri olan əməkdaşlar
Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin və Naxçıvan Dövlət
Universitetinin fəxri diplomları ilə
mükafatlandırılmışlar.
Simpozium bölmə iclasları ilə işini davam
etdirmişdir. Simpoziumun yekununda rektor,
akademik İsa Həbibbəyli, Ankara və Qars Qafqaz
universitetlərinin rektorları və digərləri çıxış
etmişlər. Simpoziumun sonunda qərar layihəsi
müzakirə olunmuşdur.
Regionda elmin, təhsilin, müasir texnologiyanın
inkişafının mühüm faktorlarından biri olan
beşillik "Elektron Naxçıvan" layihəsi
çərçivəsində konfrans iştirakçıları Naxçıvan
Muxtar Respublikasının qədim tarixi,
mədəniyyəti, bugünkü sürətli inkişafı haqqında
dolğun təsəvvür əldə etmişlər.
Beşillik tarixə malik "Elektron Naxçıvan"
proqramı XXI əsrin başlanğıcında blokada
şəraitində yaşayan Naxçıvanın haqq səsinin
dünyaya çatdırılması, dünya informasiya məkanına
qoşulması, muxtar respublikanın sosial-iqtisadi
inkişafına elmin və yeni texnologiyanın
dəstəyinin təmin olunması istiqamətində mühüm
rol oynamaqdadır.
İftixarla demək olar ki, Naxçıvan Muxtar
Respublikası blokadada yaşamasına baxmayaraq, bu
gün regionda əsas tranzit informasiya mübadiləsi
məkanına çevrilmişdir. Bütün bunlar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
qloballaşma, dünya informasiya mühitinə
inteqrasiya istiqamətində apardığı məqsədyönlü
siyasətinin, bu siyasətin Muxtar Respublika Ali
Məclisinin rəhbərliyi tərəfindən uğurla həyata
keçirilməsinin bəhrələridir. Əbədi və əzəli
Azərbaycan torpağı, insanlığın beşiyi sayılan
Naxçıvan qədimliyi qədər də müasir, sivil, geniş
inteqrasiya mühitində fəaliyyət göstərən bir
diyar, mütərəqqi ideyalar məskənidir.
Beşminillik tarixə malik qədim Nuh yurdunda
gerçəkləşdirilən beşillik "Elektron
Naxçıvan" layihəsi isə dünyaya açılan virtual
pəncərədir. Bu möhtəşəm pəncərədən qloballaşan
dünyanın, Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikasının, doğma
Naxçıvan Dövlət Universitetinin də bu günü
və sabahkı inkişafı bütün aydınlığı ilə görünür.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri, filologiya elmləri namizədi |