İyunun 30-da Bakı Dövlət Universitetində (BDU)
"Azərbaycan milli mətbuatı 135: tarixi yolu və
müasir inkişaf meyilləri" mövzusunda
elmi-praktik konfrans keçirilmişdir.
Prezident İlham Əliyevin "Azərbaycan milli
mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında" 2010-cu il 10 iyun tarixli Sərəncamı
ilə əlaqədar hazırlanmış müvafiq plana uyğun
olaraq təşkil edilmiş tədbirdə Prezident
Administrasiyasının, Azərbaysan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun, Mətbuat Şurasının nümayəndələri,
universitetin professor-müəllim heyəti,
tələbələr iştirak etmişlər.
Konfransı açan BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov bildirmişdir
ki, milli mətbuatın 135 illik yubileyinin qeyd
olunması mühüm əhəmiyyət kəsb edir. "Əkinçi"
qəzetinin nəşrə başladığı vaxtdan hesablanan
mətbuat tariximiz ötən dövrdə şərəfli yol
keçmişdir. Azərbaycan mətbuatının bu gün ən
böyük dinamika ilə inkişaf edən sahələrdən biri
olduğunu diqqətə çatdıran rektor, ölkə
jurnalistikasının inkişafında BDU-nun
özünəməxsus yeri olduğunu qeyd etmişdir. "Biz
jurnalistikaya verdiyimiz töhfələrə görə qürur
duyuruq", - deyə vurğulamışdır.
Tədbirdə Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsi müdirinin
müavini Ərəstun Mehdiyev "Müstəqillik illərində
demokratik mətbuatın formalaşması və inkişafında
ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda
məruzə ilə çıxış etmişdir. Ə.Mehdiyev qeyd
etmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli
maarifçi və publisist Həsən bəy Zərdabi
tərəfindən nəşr olunmağa başlayan "Əkinçi"
qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli
mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş,
cəmiyyəti düşündürən problemləri, dövrün
qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini
əks etdirmiş, xalqımızın maariflənməsində, milli
və bəşəri dəyərlərin təbliğində mühüm rol
oynamışdır. Mürəkkəb, lakin şərəfli inkişaf yolu
keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı
tarixinin güzgüsü olmuşdur. Azərbaycan mətbuatı
xalqımızın azadlıq arzularının gerçəkləşməsinə,
mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin
tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli
şüurun formalaşmasına böyük töhfələr vermişdir.
XX əsrin sonlarında müstəqilliyimiz bərpa
edildikdən sonra demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğunu özünün inkişaf modeli kimi
qəbul edən Azərbaycanda söz və məlumat
azadlığının təmin edilməsi, kütləvi informasiya
vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait
yaradılması prioritet vəzifə kimi
müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər
Əliyevin siyasi iradəsi və böyük səyləri
nəticəsində plüralizmi, söz və məlumat
azadlığını məhdudlaşdıran süni maneələr aradan
qaldırılmış, KİV-lərin fəaliyyətini tənzimləyən
qanunvericilik bazası təkmilləşdirilərək
beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Ulu
öndər Heydər Əliyevin fərman və sərəncamları ilə
mətbuatın maddi-texniki bazasının, iqtisadi
müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin
azad fəaliyyəti üçün əlverişli şəraitin təmin
edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata
keçirilmiş, mətbuat-dövlət münasibətlərində
mütərəqqi ənənələrin əsası qoyulmuşdur.
Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanının,
informasiya agentliyinin, teleradio
şirkətlərinin, sürətlə inkişaf edən İnternet
resurslarının vətəndaş cəmiyyəti quruculuğunun
fəal iştirakçısına çevrilərək cəmiyyətimizin
informasiyaya olan ehtiyacının ödənilməsində
əhəmiyyətli rolu vurğulanmışdır.
Şöbə müdirinin müavini qeyd etmişdir ki,
Azərbaycanın sürətlə inkişaf etdiyi,
demokratikləşmə prosesinin dərinləşdiyi,
cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi
müasir dövrdə kütləvi informasiya vasitələrinin,
o cümlədən milli mətbuatımızın qarşısında yeni
vəzifələr durur. Bu gün Azərbaycan mətbuatı
müasir informasiya cəmiyyəti quruculuğunda,
sosial ədalət və şəffaflığın təmin edilməsində,
milli həmrəyliyin və tolerantlığın
möhkəmləndirilməsində, demokratik özünüdərkin,
siyasi mədəniyyətin inkişafında, milli mənəvi və
ümumbəşəri dəyərlərin qorunub saxlanması və
təbliğində mühüm rol oynamalı, tədris və
maarifləndirmə sahəsində fəaliyyətini
gücləndirməlidir. Azərbaycan jurnalistikası
peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək
milli şüur və vətənpərvərlik prinsiplərinə
dönmədən əməl etməli, söz və məlumat
azadlığından sui-istifadənin qarşısı qətiyyətlə
alınmalıdır.
Azərbaycanda jurnalistikanın inkişafına dövlət
qayğısının özünü ən yüksək səviyyədə
göstərdiyini qeyd edən Ə.Mehdiyev vurğulamışdır
ki, təkcə Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondunun yaradılması və bu
qurumun həyata keçirdiyi layihələr deməyə əsas
verir ki, Azərbaycanda dövlət mətbuatın
inkişafında maraqlıdır.
Konfransda BDU-nun kafedra müdiri, professor
Şamil Vəliyev "Azərbaycan milli mətbuatı 135:
tarixi yolu və müasir inkişaf meyilləri"
mövzusunda məruzə etmişdir.
Tədbirdə iştirak edən alimlər və jurnalistlər
fikir və düşüncələrini bölüşmüşlər. Çıxışlarda
Azərbaycanda söz və məlumat azadlığının təmin
edilməsindən, kütləvi informasiya vasitələrinin
sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən
bəhs olunmuş, müstəqil mətbuatın inkişafında
ümummilli lider Heydər Əliyevin rolu, ulu
öndərin sərəncamları ilə mətbuatın maddi-texniki
bazasının, iqtisadi müstəqilliyinin
gücləndirilməsi, jurnalistlərin azad
fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq
tədbirlərin həyata keçirildiyi vurğulanmışdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş siyasi xəttin bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində digər sahələrdə olduğu kimi,
KİV-lərin müasirləşməsi və inkişafı
istiqamətində də mühüm nailiyyətlərin
qazanıldığı qeyd edilmişdir.
AzərTAc |