Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbəqədər
təhsil sektorunun baş məsləhətçisi Tamilla
Allahverdiyevanı tanıyanların onun haqqında
dedikləri iki sözdən biri bu olur. Doğrudan da,
Tamilla müəllim 60 illik həyatının 40 ilini həsr
etdiyi məktəbəqədər təhsilimizə tükənməyən arzu,
bitməyən həvəslə xidmət edib və indi də
etməkdədir. Tamilla Allahverdiyeva məktəbəqədər
təhsili bütün dərinliyi ilə bilən, onun
problemləri və çətinliklərindən xəbərdar olan,
var qüvvəsi ilə məktəbəqədər təhsil sisteminin
inkişafına çalışan bu sahənin çox az
mütəxəssislərindən biridir. Məhz buna görə də
məktəbəqədər təhsillə bağlı onun dediyi fikir,
verdiyi qiymət, söylədiyi rəy etibarlı,
ədalətli, obyektiv rəy, söz və fikir hesab
olunur. Obyektivliyinə, sözü düz və birbaşa
dediyinə, hətta tutduğu iradda belə qayğıkeşlik
duyulduğuna, yumoru çox sevdiyinə və yeri
düşdükcə fikirlərini ifadə zamanı yumordan
istifadə etdiyinə görə onu çox sevirlər.
İşlədiyi idarənin kollektivi də, xidmət etdiyi
sahənin təmsilçiləri də.
Bu
sevgi və diqqəti T.Allahverdiyeva bu günlərdə
bir daha görüb hiss etdi. Altmış yaşı bu
günlərdə tamam olan Tamilla Allahverdiyevanın
yubileyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
kollektivi, qohumları, rəfiqələri, onu
istəyənlər təntənə ilə qeyd etdilər.
Yubiley mərasimində Tamilla Allahverdiyevanın
həyat yoluna nəzər salındı, peşəkarlıq
keyfiyyətləri qeyd olundu, insani xüsusiyyətləri
sadalandı.
Allahverdiyeva Tamilla Məmməd qızı 1950-ci ildə
Bakı şəhərində anadan olub. Bakı Məktəbəqədər
Pedaqoji Texnikumunu əla qiymətlərlə başa
vurduqdan sonra 1971-ci ildə tərbiyəçi kimi
pedaqoji fəaliyyətə başlayıb, işləməklə yanaşı,
təhsilini Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda davam etdirib. 1976-cı ilin mart
ayında Bakı Xalq Maarif Şöbəsində yeni təşkil
olunmuş Bakı Şəhəri üzrə Məktəbəqədər metodiki
kabinetə müdir vəzifəsinə təyin olunub. Bu
kabinet o vaxt şəhərin 11 rayonunda fəaliyyət
göstərən məktəbəqədər təhsil müəssisələrində
aparılan metodiki işlərə istiqamət verir,
kadrların metodiki biliyini artırır, metodiki
işin məzmununa və keyfiyyətinə nəzarət edirdi.
Kabinet 10 il fəaliyyət göstərib.
T.Allahverdiyevanın rəhbərliyi altında qısa
müddət ərzində metodkabinetin nüfuzu xeyli
artmış, keçmiş sovet məkanında tanınmağa
başlamışdır. Metodkabinet SSRİ üzrə aparılan bir
neçə eksperimental layihəyə qoşulmuş, müxtəlif
seminarlar, treninqlər təşkil edib keçirmişdir.
1986-cı ildə rayon təhsil şöbələrində
metodkabinet təşkil olunduğundan şəhər
metodkabinetinin fəaliyyəti dayandırıldı.
Kabinetdə çalışan metodistlər rayon təhsil
şöbələrinə metodist, inspektor vəzifələrinə işə
qəbul olundular. Onda Tamilla xanım Bakı Baş
Təhsil İdarəsinə metodist, inspektor vəzifəsinə
qəbul olundu.
T.Allahverdiyeva 2006-cı ilin mart ayından yeni
yaradılmış qurum olan Bakı Şəhəri üzrə Təhsil
İdarəsində baş məsləhətçi vəzifəsində çalışır.
Son illər Tamilla müəllim bir sıra layihələrin,
o cümlədən "Məktəbəqədər təhsilin
standartları"nın hazırlanmasında yaxından
iştirak edir.
Çıxış edənlər onu yüksək peşəkarlıq səviyyəsinə
malik, təşəbbüskarlığı, səmimi, uzaqgörən,
sadəliyi, insanları dinləyə bilmək, onlara
düzgün yol göstərmək bacarığı ilə sevilən insan
kimi səciyyələndirdilər. Məhz bu keyfiyyətlərinə
görə hamı tərəfindən sevildiyi vurğulandı. Qeyd
olundu ki, T.Allahverdiyeva uğurları,
nailiyyətləri haqqında danışmağı sevmir. Onun
fikrincə, biz dünənimiz ilə deyil, bu günümüzlə
yaşamalı və hər gün yeniliyə doğru bir addım
atmalıyıq.
Bütün bunları nəzərə alan Təhsil Nazirliyi
T.Allahverdiyevanın əməyini yüksək
qiymətləndirərək onu Fəxri fərman və
"Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi" döş nişanı ilə təltif etmişdir.
Mükafat yubiley şənliyində T.Allahverdiyevaya
təqdim olundu. Biz də 60 illik yubileyi
münasibəti ilə Tamilla müəllimi təbrik edir,
cansağlığı və daha böyük uğurlar arzulayırıq.
Yusif ƏLİYEV |