Həyatda
hər kəsin öz yolu, hərənin öz tale payı var.
Biri yaşayış binası ucaldır, biri bağ salır,
başqa birisi elm yolunun yolçusuna çevrilir.
Sənət yolu fərqlidir, özəllikləri ilə seçilir,
"bədii yaradıcılıq bütövlükdə sənət ixtirasıdır,
novatorluqdur, poetik kəşflər sistemidir,
obrazlar dünyasıdır" (F.Əsgərli) və sənətkar bu
kəşflər sistemi ilə yaşayır, obrazlar
dünyasındakı surətlərin mənəvi-əxlaqi
xüsusiyyətlərində özünü təmsil edir. Bu baxımdan
uşaq yazıçısının həyatı və yaradıcılıq yolu bir
sıra özəllikləri ilə seçilir.
Zahid Xəlilin taleyinə ulu Tanrının payı ikiqat
düşüb: bir tərəfdən uşaq ədəbiyyatının lirik və
epik növlərində əsərlər yaratmaq, o biri
tərəfdən özünəqədərki Azərbaycan ədəbiyyatının
tədqiqatçısı olmaq. Beləcə elmi və bədii
yaradıcılıq qollarını bir yaradıcı şəxsində
birləşdirmək, üstəlik müəllim hazırlayan ali
məktəbdə alim-pedaqoq kimi çalışmaq özü böyük
bir xoşbəxtlikdir.
"Zahid Xəlilin sənət dünyası" adlı məqalələr
toplusu (elmi redaktoru, filologiya elmləri
doktoru, professor, AMEA-nın müxbir üzvü Nizami
Cəfərov, tərtib edən filologiya elmləri
namizədi, dosent Füzuli Əsgərlidir) şair,
yazıçı, publisist, ədəbiyyatşünas alim Zahid
Xəlilin elmi-pedaqoji və ədəbi fəaliyyəti
haqqında aydın təsəvvür yaradan oxunaqlı,
məzmunlu materiallar məcmuyudur.
Kitabda F.Əsgərli, Ə.Tanrıverdiyev, İ.Tapdıq,
B.Muradov, Ş.Nəbiyeva, Ə.R.Xələfli, M.Adilov və
V.Mərdanov, H.Ziya, D.Məmmədov, A.Hacıyev,
R.Yusifoğlu, Hidayət, F.Yusifov, B.Həsənli,
S.Əliyev, E.Əbdülov, Ş.Məmmədov, C.Məhərrəmova
və başqalarının müxtəlif zamanlarda qələmə
aldıqları yazılar verilmişdir.
Tərtibçi həm də İ.Motyaşov, M.Yampolskaya,
M.Vlasova, N.Filonova və b. rus
tədqiqatçılarının məqalələrini də kitaba daxil
etməklə Z.Xəlilin ədəbi-bədii əsərlərinin keçmiş
SSRİ məkanında maraq doğurması haqqında təsəvvür
yaradır.
Ümumilikdə məqalələr toplusu öz poetik dünyası,
püxtələşib sabitləşmiş üslubu, təkrarolunmaz
obrazlar yaradan, folklor və uşaq ədəbiyyatı
problemi və s. elmi mövzularda əsərləri ilə
ədəbiyyatşünaslıqda özünə mövqe qazanan Z.Xəlil
dünyası haqqında zəngin informasiya qaynağıdır.
Ş.MƏMMƏDOV,
E.ƏBDÜLOV |