(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə ümumi təhsil
sahəsində məni düşündürən bir sıra məsələlərlə
bağlı fikirlərimi, arzu və istəklərimi davam
etdirmək istərdim.
İlk
növbədə, müəllim amili barədə. Sirr deyil ki,
insanın şəxsiyyət kimi formalaşmasında, onun
təhsil və inkişafında müəllimin rolu
danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin
əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə
müdrik kəlamlar söylənmişdir.
Müqəddəs "Qurani-Kərim" biliyə yiyələnməyin ilk
yolunu oxuyub yazmaqda, öyrənməkdə görür.
Məhəmməd Peyğəmbər buyururdu ki, elm çöldə
dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə
yoldaşımız, xoşbəxtlik yolunu göstərənimiz,
dostlar arasında zinətimiz, düşmənlər arasında
isə silahımızdır. Elmi biliklərə yiyələnmək
Allahın yanında oruc tutmaqdan, namaz qılmaqdan,
Həccə getməkdən də üstündür. Başqa bir hədisində
Məhəmməd Peyğəmbər alimləri yer üzünün çırağı,
nuru adlandırır, biliyi bilməyənlər arasında
yaymağı ən böyük sədəqə hesab edir, bilikli
adamın üzünə baxmağı, onunla oturub - durmağı
ibadət sayır, bilik öyrədən və bilik öyrənən
arasında xoş münasibəti vacib hesab edirdi:
"Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin,
ona qarşı mehriban olun. Kimə bilik
öyrədirsinizsə, ona qarşı da mehriban olun".
Dünya fatehi Makedoniyalı İsgəndər öz müəllimi
Aristotel haqqında demişdir: "Valideynlərim məni
göydən yerə endirdi, müəllimim isə yerdən göyə
qaldırdı".
Dahi Nizamiyə görə, təhsilin köməyilə insanlar
təbiətin və insan mənəviyyatının sirlərini
öyrənə bilərlər. Elmin qüdrəti, insanın elmlə
üstünlük qazanması, qələbə çalması Nizami
dünyagörüşünün əsas məğzini təşkil edir:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət.
Görkəmli alim Nəsirəddin Tusi "Əxlaqi - Nasiri"
əsərində müəllim peşəsinə yüksək qiymət verərək
yazmışdır: "Varlıqları ən aşağı dərəcədən
kainatın ən şərəfli mərtəbəsinə qaldıran
sənətdən daha şərəflisi nə ola bilər?".
Zəmanəsinin dahi şəxsiyyəti Mustafa Kamal
Atatürk müəllim amilinə son dərəcə böyük önəm
verərək demişdir: "Milləti yalnız və yalnız
müəllimləri xilas edə bilər. Bir cəmiyyətin
millət ola bilməsi üçün mütləq müəllimlərə
ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət
halına gətirirlər".
Görkəmli fransız yazıçısı Viktor Hüqo "Müəllim
insanları aydınlığa çıxaran işığa bənzəyir"
deməklə bu peşənin nə qədər vacib olduğunu
vurğulamışdır.
Fransız filosofu Oqyüst Kant "Həyatda ən çox
güvəndiyim şəxs müəllimdir, çünki onun silahı
kitabdır və bu silahla istənilən düşməni
çökdürmək mümkündür" kəlamı ilə müəllimin
xalqın, millətin taleyində oynadığı rolu xüsusi
dəyərləndirmişdir.
Böyük rus pedaqoqu Konstantin Dmitriyeviç
Uşinski isə demişdir: "Müəllim nə qədər ki,
oxuyur, öyrənir o, yaşayır, oxumağı
dayandırdıqda ondakı müəllimlik ölür".
Ulu öndər Heydər Əliyev "Müəllim adı ən yüksək
addır. Mən yer üzündə müəllimdən yüksək ad
tanımıram" demişdir. O da təsadüfi deyil ki,
Heydər Əliyev Azərbaycanda ona təklif olunan
müxtəlif fəxri adlardan yalnız "Xalq müəllimi"
fəxri adını məmnuniyyətlə qəbul etmişdir.
Xalq arasında belə bir fikir də mövcuddur ki,
müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu,
onunla bağlıdır ki, insanların fikir və
düşüncələrinin, həyata baxışlarının
formalaşmasında, dəyişməsində müəllim müstəsna
rol oynamaqla bütün cəmiyyətin şüurunda
dəyişiklik yaratmaq gücünə malikdir.
Əlbəttə, tanınmış insanların, böyük alim və
mütəfəkkirlərin belə deyimləri kifayət
qədərdir, mən yalnız onlardan bəzilərini
diqqətə çatdırdım.
Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim
haqqında deyimləri göstərir ki, dövründən asılı
olmayaraq, həmişə əsl Müəllim milli sərvət kimi
qəbul edilmişdir. Cəmiyyətin gələcək inkişaf
mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul
ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını
indidən demək çətindir. Lakin bir şey aydındır
ki, müəllim və şagirdlər həmişə olub və
qətiyyətlə demək olar yeganə dəyərdir ki,
zamandan asılı olmayaraq, daim olacaqdır. Çünki
insan bilik və təcrübənin yeni nəsillərə
ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə
çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək
missiyası isə müəllimin üzərinə düşür, müəllim
gələcəyə yol açır.
Müəllim peşəsini digərlərindən fərqləndirən daha
bir cəhət ondan ibarətdir ki, bütün insanlar
müəllimdən öyrənirlər. Elə bir insan tapılmaz
ki, onun müəllimi olmasın. Dünyanı dəyişən,
idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də
müəllim yetişdirmişdir.
Yeri gəlmişkən, müəllimlik yeganə peşədir ki,
həyatda onun heç bir alternativi yoxdur.
Düşünürəm ki, zaman keçəcək, on illər, yüz illər
ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf
mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə
də bütün peşələrin zirvəsində dayanacaqdır.
İnsanlar nə üçün çox çətin olan müəllim peşəsini
seçirlər? Fikrimcə, bu sualın əsl müəllimlərin
sayı qədər cavabı vardır. Lakin aydın olan odur
ki, həmin insanlar müəllim kimi doğulurlar,
sonradan onu arzu edirlər və talelərini bu
peşəyə bağlayırlar. Təsadüfi deyildir ki, əsl
müəllimlər üçün başqa peşə olmur, onlar heç bir
zaman öz peşələrini dəyişə bilmirlər.
Uzun müddət təhsil sistemində çalışan bir şəxs
kimi müəllimlərlə tez-tez ünsiyyətdə oluram,
müxtəlif tədbirlərdə onları dinləyirəm, müxtəlif
məsələləri müzakirə edirəm, müəyyən problemlərlə
bağlı rəylərini öyrənirəm. Məktəbdə müəyyən
müddət işləmiş və təcrübə əldə etmiş müəllimlər
qeyd edirlər ki, pedaqoji fəaliyyətin əsasını
təşkil edən həlledici amil şagirdləri və öz
işini sevməkdir. Kimin ki, ürəyində uşaqlara
məhəbbət hissi yoxdur, o, müəllim işləməməlidir.
Düşünürəm ki, uşaqlara böyük məhəbbətlə yanaşı,
daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək
və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf
müəllimin əsas xüsusiyyətləri olmalıdır. Bu
baxımdan rus pedaqoqu Anton Rubinşteynin
fikirləri çox maraqlıdır: "Əgər bircə gün
öyrənmirəmsə - bunu özüm hiss edirəm, əgər iki
gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss
edirlər, əgər üç gün öyrənmirəmsə - bunu hamı
hiss edir".
Müəllimin əlində digər peşə sahiblərindən heç
birində olmayan bir imkan vardır, həyatın dərk
edilməsi və biliklərin əldə olunması yolunda öz
şagirdi ilə yanaşı getmək, onunla bərabər
öyrənmək və kamilləşmək.
Müəllim unutmamalıdır ki, onun qarşısında
ətrafdakı hadisələri öyrənməyə çalışan və bütün
bunları öz prizmasından keçirib dərk etmək
istəyən, geniş açılmış, alışıb - yanan gözlərini
müəllimə dikən balaca bir varlıq dayanmışdır.
Onun gələcək həyatı, fəaliyyəti, uğurları, hətta
taleyi də birbaşa müəllimdən asılıdır.
Məlumdur ki, pedaqoji konsepsiyada bütün
dövrlərdə "kimi öyrətmək", "nəyi öyrətmək" və
"necə öyrətmək" suallarına cavab axtarılmışdır
və bu gün də axtarılmaqdadır. Mənə elə gəlir ki,
hər şeydən əvvəl "kim öyrədir" sualına cavab
tapmaq lazımdır. Müəllim hansı keyfiyyətlərə
malik olmalıdır ki, onun şagirdləri öz ölkəsinə
və millətinə layiqli vətəndaşlar kimi
yetişsinlər. Zənnimcə, müasir müəllim şagirdi
potensial imkanlarını nəzərə almaqla
istiqamətləndirməyi bacarmalı, yaradıcı
olmalıdır. Bu cəhətdən obrazlı şəkildə desək,
müəllimlik yaradıcılıqdır, müəllim əməyindəki
yaradıcılıq yazıçının, bəstəkarın və rəssamın
əməyindəki yaradıcılıqdan heç də az deyil, bəlkə
də ondan daha ağır və məsuliyyətlidir. Müəllim
insan ruhuna bəstəkar kimi musiqi, rəssam kimi
boyalar vasitəsilə deyil, birbaşa müraciət edir.
Müəllimin sənət əsəri onun yetişdirdiyi
şagirdlər-tələbələrdir. Öz zəhmətinin bəhrəsini
görəndə, biləndə ki, biliklər verməklə yanaşı,
şagirdlərinin yaradıcılıq potensialını aşkar
edib, onlarda özünə inam yaradıb, müəllim
iftixar hissi keçirir ki, taleyi ona misilsiz
bir hədiyyə edib və o, Müəllim olubdur.
Tarixə nəzər yetirdikdə, öz həyatı, fəaliyyəti
və nümunəsi ilə insanların qəlbində iz qoymuş
müəllimləri yad etdikcə bir daha bu peşə
sahiblərinə qibtə edirsən, insanın
formalaşmasında, ümumilikdə cəmiyyətin
inkişafında müəllimin necə böyük rol oynadığını
duyaraq heyrət edirsən.
Belə müəllimlərdən bəziləri barədə fikirlərimi
oxucularla bölüşmək istərdim.
Qori Müəllimlər Seminariyasının məzunları
müəllim adını yüksək zirvələrə qaldırmaqla
yanaşı, maarifçilik hərəkatının inkişafında
xidmətləri ilə Azərbaycanın təhsil tarixində
özünəməxsus yer tutmuşlar. Onların arasında
Teymur bəy Bayraməlibəyov, Səfərəli bəy
Vəlibəyov, Mahmud bəy Mahmudbəyov, Firidun bəy
Köçərli, Əhməd ağa Mustafayev, Cəlil
Məmmədquluzadə, Süleyman Sani Axundov, Səməd bəy
Acalov, Fərhad Ağazadə və digərləri müəllim
adını əbədiləşdirmişlər.
Qori Seminariyasının daha bir məzunu Məmməd
Qarayev barədə bir qədər ətraflı məlumat vermək
istərdim. Məmməd Qarayev cəmi 26 il həyat
sürməsinə baxmayaraq, Azərbaycan maarifinin
tarixinə fədakar xalq müəllimlərindən biri kimi
daxil olmuşdur. Onun qısa müəllimlik fəaliyyəti
Dağlıq Qarabağın Malıbəyli kənd məktəbi ilə
bağlı olmuş, XX əsrin əvvəllərində, "oxutmuram,
əl çəkin" zamanında, cəhalət dövründə həmin
kənddə oğlanlar və qızlar üçün məktəblər açmış
və müəllimlik etmişdir.
Məmməd Qarayev öz müəllimi, məşhur pedaqoq və
ədəbiyyatşünas Firidun bəy Köçərlinin hələ
1905-ci ildə yazdığı: "Dövrün tələblərinə,
həyatın çağırışına həmişə hazır olmaq lazımdır.
Xalq müəllimi xalqın yalnız o vaxt məhəbbətini
və hörmətini qazanar, xalqın nəzərində məktəbin
o vaxt hörmətini qaldırar ki, o, öz əməyinin
həqiqi əhəmiyyətini işdə sübut etsin, camaatla
qaynayıb qarışsın, onlarla dərdləşə bilsin,
onların gözlərini işıqlı dünyaya açsın, maarifə,
ağıllı yaşayışa gedən həqiqi yolu onlara göstərə
bilsin" kimi qiymətli tövsiyəsini pedaqoji
fəaliyyətində əsas tutmuşdur. O nəinki
müəllimlik etmiş, öz qəlbinin hərarəti ilə
kənddə maarif, mədəniyyət ocağı yandırmış,
insanları elm, savad nuruna qərq etmişdi. Bütün
məhrumiyyətlərə, təhlükələrə, maneələrə sinə
gərərək, açdığı məktəblər "zülmət səltənətində"
nur kimi parlamışdı, sadə kənd camaatının
gözündə müəllimi hörmət və nüfuz sahibinə
çevirmişdi.
Məmməd Qarayevin məktəblilər arasında xüsusi
hörməti var idi. Ona olan sonsuz məhəbbətin
rəmzi kimi 1912-ci ildə qız məktəbinin
şagirdləri çox orijinal bir xalça toxuyub
sevimli müəllimlərinə hədiyyə vermişdilər.
Xalçanın üzərində bu sözlər yazılmışdı:
"Malıbəyli qız məktəbinin şagirdlərindən sevgili
müəllimimiz Məmmədbəy Qarayevə yadigardır". Bu,
xalq müəlliminin əməyinin öz şagirdləri
tərəfindən son dərəcə yüksək qiymətləndirilməsi
demək idi. Müəllim üçün isə bundan böyük mükafat
ola bilməz.
Sovet dövründə də öz fəaliyyəti ilə müəllim
adını zirvələrə yüksəldən şəxsiyyətlər olmuşdur.
Görkəmli maarif xadimi, akademik Mehdi Mehdizadə
müəllimlikdən elmin ən yüksək zirvəsinə, nazir
vəzifəsinədək yüksəlmişdir. Bütün ömürlərini
məktəbli gənclərin təlim-tərbiyəsinə həsr etmiş
Məsmə Atakişiyeva, Zərbəli Səmədov 60-cı illərdə
maarif sahəsində fədakar işlərinə görə əməkdar
müəllim, Sosialist Əməyi Qəhrəmanı fəxri
adlarına layiq görülmüşlər. Yevlax rayonu Xaldan
kənd məktəbinin müəllimi və direktoru Zahid
Şöyübov təhsilin inkişafındakı xidmətlərinə görə
SSRİ Xalq Müəllimi adını almışdır. Tovuz rayonu
Bozalqanlı kənd orta məktəbinin kimya müəllimi
Məhər Quliyev müəllimlik fəaliyyətinə görə
əməkdar müəllim və Sosialist Əməyi Qəhrəmanı
fəxri adlarını almışdır, hazırda Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Qürur hissi ilə demək lazımdır ki, bu gün də
məktəblərimizdə müəllim adını şərəflə daşıyan,
öz peşəsinin vurğunu olan, həqiqətən
şagirdlərinin qəlbində özünə əbədi abidə
ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən,
bacarıqlı, səriştəli müəllimlər az deyildir,
onlar indi də fədakarlıqla çalışırlar. Təhsilin
keyfiyyəti, aparılan islahatların uğuru da məhz
belə müəllimlərlə bağlıdır.
Doğrudan da uzun müddət ərzində müəllim
ideallaşdırılmış, həm şagirdlərdə, həm
valideynlərdə, həm də ümumilikdə cəmiyyətdə
müəllimə böyük hörmət olmuşdur. Müəllim sözü,
onun söylədiyi fikirlər, verdiyi məsləhətlər
birmənalı şəkildə qəbul edilmişdir. Cəmiyyətdə,
ailə və məişətdə bir çox çətin məsələlərin,
konfliktlərin həll edilməsi məqsədilə müəllimə
müraciət edilmiş, onun sözü həlledici olmuşdur.
Təsadüfi deyildir ki, hətta küçədə müəllimlə
rastlaşanda şagirdlər hörmət əlaməti olaraq onun
qarşısında təzim etmişlər. Müəllim şəxsiyyətinə
o qədər hörmət olub ki, onun adi insanlardan
fərqi olduğu barədə rəylər də yaranmışdır.
Əlbəttə, müəllim vəzifəsini belə nüfuza, hörmətə
çatdıran, zirvəyə ucaldan müəllimlər özləri
olmuşdur.
Bir faktı da hörmətli oxucuların diqqətinə
çatdırım ki, cəmi bir əsr əvvəl Azərbaycanda ana
dilində yazılmış bir məktubu oxumaq üçün bütöv
bir kənddə savadlı insan tapılmırdı, indi
ölkəmizdə yazıb-oxumağı bacarmayan yoxdur. Hamı
bilməlidir ki, xalqımızı bu səviyyəyə
çatdıranlar müəllimlər olmuşdur və biz hər zaman
fədakar əməklərinə görə onlara borcluyuq.
Bu gün dünyanın aparıcı universitetlərində
təhsil alan 10 mindən çox azərbaycanlı tələbə,
dünyanın aparıcı şirkətlərində yüksək
peşəkarlıqla fəaliyyət göstərən mütəxəssislər də
Azərbaycan müəlliminin yetirmələridir.
Məlumdur ki, müəllim hər bir millətin, xalqın
inkişafında həlledici simadır. Bütün bunlarla
yanaşı, indi cəmiyyətdə keçmiş dövrlərə nisbətən
müəllim nüfuzunun aşağı düşməsi barədə fikir və
mülahizələr səslənir. Hesab edirəm ki, bu
fikirlərin müəyyən əsası vardır. Ötən əsrin
60-70-ci illərindən başlayaraq təkcə ölkəmizdə
deyil, bütün dünyada tədricən müəllim nüfuzunun
aşağı düşməsi müşahidə edilməyə başlanmışdır.
Bunun bir sıra səbəbləri olmuşdur:
1.Müxtəlif obyektiv və subyektiv səbəblərdən
müəllimlərin sayının artması və beləliklə,
onların sırasına bu peşə üçün təsadüfi olan
insanların da daxil olması.
2.Müəllimlərin sosial müdafiəsi sahəsində
kifayət qədər təsirli tədbirlərin görülməməsi.
3.Müəllim hazırlığının kifayət qədər təkmil
olmaması, məktəblərdə pedaqoji fəaliyyətə
başlayan müəllimlərin ixtisası üzrə
biliklərinin, peşəkarlıq səviyyəsinin aşağı
olması.
4.Cəmiyyətin inkişafında təhsilin rolunun və
müəllimin missiyasının kifayət qədər
qiymətləndirilməməsi.
5.Müstəqilliyin ilk illərində məktəbə və təhsilə
münasibətin mənfi istiqamətdə dəyişməsi,
dağıdıcılıq meyillərinin ümumi təhsil sisteminə
də sirayət etməsi, bu səbəbdən müəllimlərin
kütləvi şəkildə digər sahələrə yönəlməsi.
6.İnformasiya cəmiyyətinin yaranması, bununla
əlaqədar müəllimə olan tələblərin dəyişməsi və
onların bu tələblərlə bəzən ayaqlaşa bilməməsi.
Müdrik insanlar, təhsil ekspertləri,
məktəbşünaslar həmin dövrdə şəxsiyyətin inkişafı
və formalaşmasında yaranmış problemləri də məhz
müəllim nüfuzunun aşağı düşməsi, bu səbəbdən
onlara inamın azalması amili ilə
əlaqələndirmişlər. Bununla əlaqədar ölkəmizin
gələcəyini dərk edən hər bir insan müəllim
nüfuzu ilə bağlı problemi doğuran səbəblər və
onların həlli yolları barədə düşünməli,
müəllimin cəmiyyətin inkişafında rolunun olduğu
kimi qəbul edilməsi üçün səy göstərməlidir.
Düşünürəm ki, müəlim nüfuzunun yüksəldilməsi
məqsədilə bu sahədə mövcud olan problemlərin
həlli istiqamətində ciddi tədbirlər görməyin
vaxtı çatmışdır. Onu da qeyd etmək vacibdir ki,
müəllim nüfuzunun bərpası bütün cəmiyyətin
diqqətində olmalıdır, Təhsil Nazirliyi isə
dövlət təhsil siyasətini həyata keçirən rəsmi
qurum kimi öz məsuliyyətini dərk edərək bu
istiqamətdə real addımlar atmalıdır.
İlk növbədə qeyd etmək lazımdır ki, müasir
dövrdə müəllimin rolu və ona olan tələblər
dəyişdiyindən bir çox müəllimlər yeni şəraitə
uyğunlaşa bilmirlər və ya uyğunlaşmaq
istəmirlər.
Ənənəvi olaraq uzun müddət ölkəmizdə, eləcə də
postsovet məkanında müəllimin rolu biliklərin
şagirdlərə ötürülməsi kimi başa düşülüb. O
müəllim yaxşı müəllim adlandırılıb ki,
şagirdlərinə daha çox məlumat aşılasın. İndi isə
müəllim daha çox bələdçi rolunu oynayır,
şagirdləri müxtəlif mənbələrdən müstəqil şəkildə
biliklər əldə etməyə istiqamətləndirir, başqa
sözlə, onlara öyrənməyi öyrədir. Belə şəraitdə
isə şagird şəxsiyyəti inkişaf edir, onun hər bir
hadisəyə öz baxışı və yanaşması olur, qərar
verməkdə çətinlik çəkmir.
Uzun müddət ərzində müəllimlər pedaqoji prosesi
ənənəvi təlim metodları üzərində qurub və
müəyyən uğurlar da qazanıblar. Lakin
inkişafetdirici aspektə, nəticəyönümlü təlimə,
bacarıqların formalaşdırılmasına diqqət
yetirilməyib. İndi isə müasir dərsi yeni təlim
strategiyaları olmadan təsəvvür etmək mümkün
deyil. Məlumdur ki, müasir təlim strategiyaları,
fəal/interaktiv təlim metodları şagirdlərin
təlim prosesində daha fəal iştirakına, həyati və
tətbiqi bacarıqlar əldə etməsinə, məntiqi və
tənqidi təfəkkürünün inkişafına yönəlmişdir.
Məhz bu amil nəzərə alınaraq, Təhsil
Nazirliyinin səyləri nəticəsində beynəlxalq
təşkilatlarla və yerli QHT-lərlə əməkdaşlıq
çərçivəsində ölkənin ümumtəhsil məktəblərində
çalışan 22 minədək müəllim müasir təlim
texnologiyaları üzrə treninqlərdən keçirilib.
Daha 18 min müəllim isə yeni kurikulumun tətbiqi
ilə əlaqədar treninqlərdən keçərək müvafiq
bacarıqlara yiyələnibdir. Lakin aparılan
monitorinqlər göstərir ki, müvafiq treninqlərdən
keçən bir sıra müəllimlər yeni məzmunun
tədrisində və yeni dərsliklərin tətbiqində
çətinlik çəkirlər. Bir çox hallarda məzmun
islahatlarını forma dəyişiklikləri ilə
eyniləşdirir, müasir təlim texnologiyalarının
tətbiqini sinifdə dərs prosesində şagirdlərin
qruplara bölünməsi və şagird masalarının
düzülüşünün dəyişdirilməsi kimi başa düşürlər,
mahiyyətcə isə ənənəvi yolla fəaliyyət
göstərməyə cəhd göstərirlər.
Bəs müvafiq treninqlərdən keçməyən çoxsaylı
müəllimlər nə etməlidir? Məlumdur ki, onların
əksəriyyəti müasir təlim metodlarını ya tətbiq
edə bilmirlər, ya da ki, etmək istəmirlər.
Birinci halda müəllimlərə bu sahədə bacarıqlar
aşılanmayıb, ikinci halda isə onlar yaradıcılığa
və təşəbbüskarlığa meyil göstərmirlər. Müasir
təlim metodlarının tətbiqi nəzərdə tutulan
dərslərə xüsusi hazırlaşmaq, əlavə mənbələr
axtarmaq, təlim materialları hazırlamaq, fərdi
tapşırıqlar müəyyənləşdirmək, müasir
qiymətləndirmə üsullarından istifadə etmək tələb
etdiyindən, bir çox hallarda çətinlikdən qaçır
və daha asan yolla getmək istəyirlər. Belə
halların olmaması üçün müəllimlərlə sistemli
işin aparılması, metodkabinetlərin bu prosesə
fəal cəlb olunması vacib məsələlərdəndir.
Yeni kurikulum son iki tədris ilində I və II
siniflərdə tətbiq edilib. Hər tədris ilində onun
tətbiq dairəsinin genişləndirilməsi, ümumi orta
və tam orta təhsil pillələrini əhatə etməsi
nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, ölkənin
bütün müəllimləri mərhələlərlə yeni kurikulum
üzrə treninqlərə cəlb edilməlidirlər.
Hazırda xüsusi aktuallıq kəsb edən məsələlərdən
biri də müəllimlərə yeni qiymətləndirmə
sisteminin tətbiqi sahəsində bacarıqların
aşılanmasıdır. Məlumdur ki, Təhsil Nazirliyi
2006-cı ildən başlayaraq dünya təcrübəsində
tətbiq edilən yeni məktəbdaxili, milli və
beynəlxalq qiymətləndirmə mexanizmlərini tətbiq
etməyə başlamışdır.
Müəllimlər üçün bilavasitə maraq doğuran və
yenilik kəsb edən məsələ məktəbdaxili
qiymətləndirmədir. Bu istiqamətdə artıq müəyyən
addımlar atılmış, təlimati sənədlər
hazırlanmışdır. I və II siniflərdə yeni
qiymətləndirmə qaydaları tətbiq edilməkdədir,
hətta sinif jurnallarının da forması
dəyişilmişdir. Diaqnostik, formativ, summativ
qiymətləndirmə sahəsində müəllimlər üçün metodik
vasitələr də hazırlanmışdır. İndiyədək gündəlik
qiymətləndirməyə alışmış müəllim üçün bunlar
tamamilə yeni yanaşmadır. Onu da qeyd edim ki,
yeni qiymətləndirmə sistemini mənimsəməyən
müəllim tədris prosesini səmərəli qura
bilməyəcək.
Fikrimcə, həm yeni kurikulumun, həm də yeni
qiymətləndirmə sisteminin tətbiqi hazırda Təhsil
Nazirliyi qarşısında duran ən məsuliyyətli
vəzifələrdir. Həmin vəzifələrin uğurlu həlli isə
bu mexanizmləri mənimsəyən və müəllimlərə
mənimsədə bilən kifayət qədər "öyrədənlərin"
hazırlanmasıdır.
Hazırda ölkəmizin ümumtəhsil məktəblərində
fəaliyyət göstərən 170 min müəllimin müasir
tələblərə uyğun fəaliyyət göstərməsi üçün daha
hansı addımlar atılmalıdır? Hesab edirəm ki,
belə addımlardan biri hər bir məktəbdə
müəllimlərin fəaliyyətinin monitorinqinin
aparılması, qiymətləndirilməsi, ehtiyacların
müəyyənləşdirilməsi və müvafiq inkişaf
proqramının hazırlanmasıdır. Təqdirəlayiq haldır
ki, belə tədbirlər Sumqayıt şəhərində, Qobustan
rayonunda, Bakı şəhərinin bir sıra
məktəblərində, eləcə də nazirliyin birbaşa
tabeliyində olan ümumtəhsil məktəblərində həyata
keçirilmişdir. Lakin bu işin ölkənin bütün
təhsil müəssisələrində aparılması zəruridir. Bu
tədbirlərin bir sıra müsbət cəhətləri göz
qabağındadır. Bir tərəfdən hər bir müəllim öz
potensial imkanlarının hansı səviyyədə olduğunu
aşkar edir, reytinq cədvəlində yerini öyrənir,
təkmilləşdirməyə ehtiyacı olan sahələri
dəqiqləşdirir, digər tərəfdən isə öz vəzifəsinin
öhdəsindən gəlməyən, fəaliyyətini
təkmilləşdirməyə səy göstərməyən müəllimlər
gələcək perspektivləri ilə bağlı düşünməyə
məcbur olurlar. Daha bir əhəmiyyətli cəhət isə
ondan ibarətdir ki, məktəblərdə müəllimlərin
inkişafı ilə bağlı sistemli iş aparmaq imkanları
yaranır, başqa sözlə, məktəbdaxili, rayondaxili
ixtisasartırma və təkmilləşdirmə mümkün olur.
Ötən məqalələrimizdə də qeyd etmişdik ki,
müəllimlərin peşəkar inkişafını yalnız
ixtisasartırma təhsili müəssisələrinin öhdəsinə
buraxmaq düzgün olmazdı və bu, heç də həmişə
səmərəli nəticələrə gətirib çıxarmır.
Müasir informasiya cəmiyyəti şəraitində müəllimi
xarakterizə edən əsas keyfiyyətlərdən biri də,
şübhəsiz ki, İKT-nin tətbiqi ilə bağlı
bacarıqlardır. Bəs bu sahədə vəziyyət necədir və
necə olmalıdır? Hazırda ölkəmizdə təhsilin
informasiyalaşdırılması sahəsində əhəmiyyətli
addımlar atılır. Elektron məktəblər yaranır,
elektron tədris resursları hazırlanır və
müəllimlərin istifadəsinə verilir, təhsil
müəssisələri genişzolaqlı sürətli İnternet
şəbəkəsinə qoşulur, İKT tədris prosesinin
ayrılmaz tərkib hissəsinə çevrilir və
keyfiyyətli tədrisə zəmin yaradır.
Qeyd edim ki, beynəlxalq təşkilatların da
imkanlarından istifadə etməklə indiyədək 40
mindən çox müəllim İKT üzrə treninqlərə cəlb
olunmuş və müəyyən bacarıqlar əldə etmişlər,
onların bir çoxu fəaliyyətində İKT-nin
imkanlarından kifayət qədər bəhrələnirlər. Lakin
ümumilikdə ölkənin ümumtəhsil məktəblərində
çalışan bütün müəllim heyətinin İKT
bacarıqlarına yiyələnməsi ciddi bir problem kimi
qarşıda dayanmışdır. Bu gün müəllimlərin İKT-dən
istifadə səviyyəsi, əlbəttə, bizi qane edə
bilməz. Elə etməliyik ki, hər bir müəllim
İKT-dən tədris prosesində səmərəli istifadə
etsin, tədrisin keyfiyyətini yüksəltsin. Axı
müasir dünyada "savadlılıq" anlayışı həm də İKT
sahəsində bacarıqları özündə ehtiva edir. Hesab
edirəm ki, yaşadığımız informasiya dövründə
müəllimlər nəinki İKT-dən istifadəni, eyni
zamanda müxtəlif auditoriyalar qarşısında
təqdimatlarla (prezentasiya) çıxış etməyi də
bacarmalıdırlar.
Düşünürəm ki, bununla əlaqədar ölkə Prezidenti
tərəfindən təsdiq olunmuş Dövlət Proqramı
çərçivəsində həyata keçirilən tədbirlərlə
yanaşı, əlavə imkanlardan da istifadə edilməli,
müəllimlərin İKT bacarıqlarına yiyələnməsini
təmin edən xüsusi proqram hazırlanmalıdır.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor |