|
Yerləşir: |
ABŞ, İllinoys ştatı, Çikaqo şəhəri,
Evanston |
|
|
Yaranma tarixi: |
1851-ci il |
Tipi: |
Özəl
|
İşçi heyəti: |
7000 nəfər |
Tələbələrin sayı: |
16337 nəfər |
İllik gəlirləri: |
1605752000 ABŞ dolları |
İllik xərcləri: |
1588143000 ABŞ dolları |
Rəsmi saytı: |
www.northwestern.edu |
Şimal-Qərb Universiteti (Northwestern
University) ABŞ-ın İllinoys ştatının Çikaqo
şəhərindən şimalda Evanston adlanan şəhərətrafı
qəsəbədə yerləşir. Böyük Britaniyanın "Times
Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə
əsasən, Şimal-Qərb Universiteti 100 ən yaxşı ali
məktəb arasında 32-ci yerə layiq görülüb.
Universitet 1917-ci ildən Amerika
Universitetləri Assosiasiyasının üzvüdür.
Şimal-Qərb Universiteti ABŞ-da texnologiya və
kommunikasiya sahələrinin sürətli inkişafına
görə tanınır.
Tarixi
Şimal-Qərb
Universitetinin tarixi 31 may 1850-ci ildən
başlayır. Həmin gün Çikaqo şəhərinin doqquz
biznesmeni Uest-Leyk küçəsində yerləşən vəkillik
kontorunda toplaşaraq yeni ali təhsil müəssisəsi
yaradılmasını müzakirə edir. Həmin dövrdə Çikaqo
natamam post idi və burada kampus salmaq
əlverişsiz görünürdü. Universitetin
yaradılmasında Çikaqo ticarət birjasının
yaradıcısı Orrinqton Lant və dəmiryol maqnatı
Con Evansın da müstəsna xidmətləri olub. C.Evans
ilk olaraq Çikaqonun şimalında bataqlıq ərazini
qurudaraq özünə ev tikdirir. Həmin əraziyə onun
şərəfinə Evanston adı verilir.
28 yanvar 1851-ci ildə C.Evans və O. Lantın
birgə səyi nəticəsində İllinoys ştatının Baş
Assambleyası Şimal-Qərb Universitetinin
yaradılması haqqında qanun qəbul edir və
Şimal-Qərb Universiteti İllinoys ştatında təsdiq
edilən ilk ali təhsil müəssisəsi olur. 1853-cü
ildə C.Evans universitet üçün Miçiqan gölünün
yaxınlığında 25000 dollara geniş ərazi alır.
Universitetin ilk prezidenti Klark Hinman
Evanston ərazisində universitetin binalarının
tikintisinə başlayır.
Şimal-Qərb Universitetinin rəsmi açılışı 5
noyabr 1855-ci ildə baş tutur. Elə həmin tarixdə
ali məktəbin ilk binası-Qədim Kollec istifadəyə
verilir və Uilyam Cons tərəfindən Şimal-Qərb
Universitetinin Qızlar Kolleci yaradılır.
1873-cü ildə Evanston Qızlar Kolleci Şimal-Qərb
Universitetinin Qızlar Kolleci ilə birləşdirilir
və təhsil müəssisəsinin dekanı qadınların
hüquqlarının müdafiəsi ilə tanınan Frensis
Uillard təyin edilir.
1870-80-ci illərdə Şimal-Qərb Universitetində
Hüquq, Tibb və Stomatologiya məktəbləri
yaradılır. 1882-ci ildə ilk olaraq burada
universitetlərarası futbol oyunu keçirilir və
sonradan Şimal-Qərb Universiteti Böyük Onluq
Konfransının təşkilatçılarından olur. 1890-cı
ildə universitetdə təhsil alan tələbələrin sayı
xeyli artır. Universitetin prezidenti Henri Ueyd
Rocers tədrisin tədqiqatlarla birgə aparılması
haqqında proqram qəbul edir. 1917-ci ildə
Amerika Universitetləri Assosiasiyası Şimal-Qərb
Universitetini öz üzvlüyünə dəvət edir.
1920-1939-cu illərdə universitetin prezidenti
Valter Dill Skottun rəhbərliyi altında, Dayç
stadionu və Dirinq kitabxanası daxil olmaqla,
təhsil ocağının geniş kampusu tikilir. 1933-cü
ildə Şimal-Qərb Universitetinin Çikaqo
Universiteti ilə birləşdirilməsi təklifi hər iki
ali məktəb tərəfindən rədd edilir.
II Dünya müharibəsi dövründə, Amerikanın digər
ali təhsil ocaqları kimi, Şimal-Qərb
Universiteti də dəyişikliyə məruz qalır.
1939-1949-cu illərdə 50000-dən çox əsgər
Evanston və Çikaqo kampuslarında təlimlər keçir.
Müharibədən sonra universitetin prezidenti
G.Bill təyin edilir və onun rəhbərliyi altında
hər iki kampus genişləndirilir. 1948-ci ildə
tanınmış antropoloq Melvill Herskovits
Şimal-Qərb Universitetində Amerika
universitetləri arasında birinci olaraq Afrika
Tədqiqatları bölməsini yaradır. 1949-1970-ci
illərdə universitet sürətlə inkişaf edir,
müəllim və tələbələrin sayı artır, yeni-yeni
tədris proqramları qəbul edilir, fakültələr
yaradılır, kampuslar genişlənir. 1978-ci ildən
başlayaraq Şimal-Qərb Universiteti və Evanston
şəhər bələdiyyəsi arasında vergilərlə bağlı
gərginlik yaşanır və iş federal məhkəməyə qədər
gəlib çatır, lakin 2004-cü ildə məsələ
məhkəməsiz həll olunur.
1970-1980-ci illərdə ABŞ dövləti un
iversitetlərə edilən yardımların məbləğini xeyli
azaldır. Buna baxmayaraq, Şimal-Qərb
Universitetinin prezidenti Arnold Veber
rəhbərlik etdiyi təhsil ocağının maliyyə
işlərinə nəzarət edir və stabil qalmasına nail
olur. Hazırda Şimal-Qərb Universiteti ABŞ-ın
sürətlə inkişaf edən özəl ali məktəblərindən
birinə çevrilib.
Büdcə və təhsil haqqı
2009-2010-cu dərs ilində Şimal-Qərb
Universitetinin illik gəlirləri ümumilikdə
1605752000 ABŞ dollarına bərabər olub. Həmin
məbləğin 690817000 ABŞ dolları təhsil haqqı,
421324000 ABŞ dolları qrant və sazişlər,
69625000 ABŞ dolları göstərilən xidmətlər,
30964000 ABŞ dolları yardımlar, 354858000 ABŞ
dolları müxtəlif əməliyyatlar, qalanları isə
digər vasitələr hesabına əldə olunan gəlirlərdir.
Ötən
il universitetin ümumi xərcləri 1588143000 ABŞ
dolları olub. Belə ki, bu vəsaitin 574231000 ABŞ
dollarını müxtəlif proqramlar, 391481000 ABŞ
dollarını tədqiqatlar, 176266000 ABŞ dollarını
akademik dəstək, 137906000 ABŞ dollarını
universitet tərəfindən tələbələrə göstərilən
xidmətlər, 18574000 ABŞ dollarını universitetə
göstərilən xidmətlər, qalanlarını isə digər
xərclər təşkil edib.
2009-cu ildə Şimal-Qərb Universitetinin ianə
fondunun malik olduğu vəsait ümumilikdə
4398200000 ABŞ dollarına bərabər olub.
2009-2010-cu tədris ilində Şimal-Qərb
Universitetində oxuyan tələbələrin təhsil haqqı
orta hesabla 38088 ABŞ dolları təşkil edib (bakalavr
və magistrantlar üçün). Hüquq Məktəbində təhsil
haqqı 47202 ABŞ dolları, Kelloq İdarəetmə
Məktəbində 49074 ABŞ dolları, Feynberq Tibb
Məktəbində 42974 ABŞ dolları, Bienen Musiqi
Məktəbində 38088 ABŞ dolları, Medill
Jurnalistika Məktəbində 33492 ABŞ dolları,
Kommunikasiya Məktəbində isə 31830 ABŞ dolları
məbləğində olub.
Dünyanın digər məşhur universitetlərində olduğu
kimi, Şimal-Qərb Universitetində də tələbələrə
müxtəlif məbləğdə çoxlu sayda kredit və
təqaüdlər təklif olunur (Federal Pell, SEOG,
Debt Cap, No-Loan Pledge, Fermi və s.). Həmin
təqaüd və kreditlərin verilməsi üçün tələbələrin
qarşısında bir sıra şərtlər qoyulur (çətin
maliyyə durumu, xüsusi istedada malik olan,
əlaçı, seçilən, tədris ilində ümumi 3 bal
toplayan tələbələrə verilir, xüsusilə tələbənin
ailə büdcəsinə diqqət yetirilir). 2009-2010-cu
tədris ilində Şimal-Qərb Universitetinin
tələbələrə verdiyi təqaüdün məbləği orta hesabla
14750 ABŞ dolları olub.
Universitet bu gün
Şimal-Qərb Universiteti Evanston və Çikaqo
kampuslarından ibarətdir. Universitetin Qətərin
Doha şəhərində də filialı yerləşir.
Evanston kampusu Miçiqan gölündən başlayaraq
şimaldan cənuba - Sentral Stritə doğru uzanır və
240 akrlıq ərazini əhatə edir. Kampusun şimal
hissəsində Henri Kraun İdman pavilyonu və digər
idman kompleksləri, Texnologiya İnstitutu,
Dirborn Rəsədxanası və s. yerləşdiyi "Qardaşlıq
kvadratı" şəhərciyi mövcuddur. Cənub hissədə isə
humanitar elmlərin öyrənildiyi təhsil mərkəzləri,
Pik Ştaqer musiqi zalı, qadın klubu yerləşir.
Kampusun cənub hissəsi Evanston şəhərinin
mərkəzinin yaxınlığındadır.
Çikaqo kampusu Çikaqo şəhərinin Sritervill
ərazisində 25 akrlıq sahədə yerləşir. Burada
hospitallar, Tibb, Hüquq, Biznes, Təhsilin davam
etdirilməsi məktəbləri fəaliyyət göstərir. Bu
məktəblər Çikaqo şəhərinin "CTA Red Line"
stansiyasından 4 kvartal şərqdədir.
Şimal-Qərb Universitetinin Qətərin Doha
şəhərində yerləşən filialı 2008-ci ildə
yaradılıb. Medill Jurnalistika və Kommunikasiya
məktəbləri burada tələbələrə bakalavr dərəcəsi
üzrə təhsil təklif edir. Qətər Təhsil, Elm və
İctimai İnkişaf Fondu filialın inkişafı üçün
maliyyə yardımı göstərir.
Şimal-Qərb Universitetinin nəzdində Veynberq
İncəsənət və Elmlər, Kommunikasiya, Təhsil və
İctimai Siyasət, Makkormik Mühəndislik və
Tətbiqi Elmlər, Medill Jurnalistika, Hüquq,
Kelloq İdarəetmə, Feynberq Tibb, Bienen Musiqi,
Fasiləsiz Təhsil, Ali (magistr və doktorantlar
üçün) məktəbləri, eləcə də Qarret-Yevangelist
İlahiyyat Seminariyası fəaliyyət göstərir.
Veynberq İncəsənət və Elmlər Məktəbi
universitetin tərkibində fəaliyyət göstərən 11
məktəbin arasında xüsusi çəkiyə malikdir. Məktəb
1851-ci ildə yaradılıb və 25 bölmədən ibarətdir.
Təhsil müəssisəsinin dekanı Sara Mangelsdorfdur.
Burada tələbələrə bakalavr, magistr və doktorluq
dərəcələri təklif edilir. Məktəbdə 15
fənlərarası proqram mövcuddur (Amerika, Avropa
tədqiqatları, birləşdirilmiş elmlər,
hüquqşünaslıq, riyazi təcrübə, siyasi elmlər
sahəsində riyazi metodlar və s.). Bu
proqramların hər birinin xüsusi qəbul tələbləri
var. Veynberq İncəsənət və Elmlər Məktəbində
çoxlu sayda əcnəbi tələbə təhsil alır. Burada
qadın və kişi nisbəti bərabərdir, tələbələrin
ümumi sayı 5903 nəfərdir.
Kommunikasiya Məktəbi 1878-ci ildə yaradılıb və
Evanston kampusunda yerləşir. Məktəbin dekanı
Barbara OTKifdir. Məktəbdə kommunikasiya elmləri
və pozulmalar; kommunikativ tədqiqatlar; media,
texnologiya və cəmiyyət; texnologiya və sosial
davranış; radio, televiziya, film; teatr; teatr
və dram; ekran üçün yazı (ssenari) və səhnə
fakültələri mövcuddur. Məktəbdə 1595 nəfər
tələbə oxuyur.
Təhsil və İctimai Siyasət Məktəbi 1926-cı ildə
yaradılıb. Təhsil müəssisəsinin dekanı Penelopa
Petersondur. Məktəb mövcud təhsilin tədqiqatı
ilə məşğuldur. Burada ümumilikdə 540 tələbə
təhsil alır.
Makkormik Mühəndislik və Tətbiqi Elmlər Məktəbi
1909-cu ildə yaradılıb. Məktəbin dekanı Julio
Ottinodur. 1996-cı ildə məktəbdə bütün tələbələr
üçün məcburi tədris edilən Texniki Layihə və
Kommunikasiya (EDC) mühəndislik proqramı qəbul
edilib və Texniki Analiz proqramı mövcuddur. Bu
proqram çərçivəsində məktəbdə xətti cəbr,
sabitlik və dinamika, sistemlər dinamikası və
diferensial tənliklər, MATLAB kompüterin
proqramlaşdırma dili öyrədilir. Məktəbdə səkkiz
departament fəaliyyət göstərir: biotibbi
mühəndislik, kimya və biologiya mühəndisliyi,
vətəndaş və ekologiya mühəndisliyi,
elektrotexnika və kompüter elmləri, mühəndislik
elmləri və tətbiqi riyaziyyat, sənaye
mühəndisliyi və idarəetmə, material elmləri və
texnika, maşınqayırma. Məktəbdə təhsil alan
tələbələrin sayı 2364 nəfərə bərabərdir.
Medill Jurnalistika Məktəbi 1921-ci ildə
yaradılıb. Məktəbdə 1049 nəfər tələbə oxuyur.
2002-ci ildə burada McKormik Tribune adlı
peşəkar televiziya studiyası və çoxsaylı
multimedia auditoriyaları açılıb. Məktəbin
dekanı Con Levindir. Məktəb jurnalistika sahəsi
üzrə bakalavr və magistr dərəcələri təklif edir.
Məktəb xüsusilə tələbələrinə kütləvi informasiya
vasitələrinə yalnız doğru məlumatı çatdırmağı
öyrədir. Burada "Medill F" proqramı həyata
keçirilir. ABŞ-ın bir çox KİV nümayəndələri bu
proqramda iştirak ediblər.
Hüquq Məktəbi universitetin Çikaqo kampusunda
yerləşir və 1859-cu ildə yaradılıb. Təhsil
müəssisəsinin dekanı Devid Van Zanditdir.
Şimal-Qərb Universitetinin Hüquq Məktəbi ABŞ-ın
mükəmməl hüquq təhsili verən məktəblərindən
biridir və reytinqlərdə əksərən yuxarı pillələri
tutur. Məktəb tələbələr üçün 6 elmi jurnal nəşr
edir. Jurnala əməkdaşlar yazılı müsabiqə ilə
götürülürlər. Məktəb bakalavr, magistr,
doktorluq (Juris Doktor -JD), JD-MBA dərəcələri
verir. Burada ümumilikdə 992 tələbə təhsil alır.
Kelloq İdarəetmə (Menecment) Məktəbi 1908-ci
ildə yaradılıb və Çikaqo kampusunda yerləşir.
Məktəbin dekanı Selli Blountdur. Kelloq
İdarəetmə Məktəbi Çin, Hindistan, Honkonq,
İsrail, Almaniya, Kanada və Taylandın ali təhsil
müəssisələri ilə əməkdaşlıq proqramları həyata
keçirir. Burada analitik konsaltinq, maliyyə,
beynəlxalq biznes, menecment və təşkilatçılıq,
idarəçilik iqtisadiyyatı, insan resurslarının
idarəolunması, sahibkarlıq və innovasiya,
mühasibat və informasiyanın idarəolunması,
marketinq və s. fakültələr mövcuddur. Məktəb
MBA və PhD dərəcələri təklif edir. Məktəbdə
təhsil alan tələbələrin sayı 1880 nəfərə
bərabərdir.
Feynberq Tibb Məktəbi Çikaqo kampusunda yerləşir
və 1859-cu ildə yaradılıb. Məktəbin dekanı Larri
Cemessondur və burada 1226 tələbə təhsil alır.
Bu təhsil ocağı ABŞ-ın qabaqcıl tibb
müəssisələrindən olan Şimal-Qərb Universitetinin
MakQo Tibb Mərkəzinin bir hissəsidir.
Təhsillərinin ilk iki ilində tələbələrə insan
orqanizmini, mədə-bağırsaq traktı, anatomiya,
fiziologiya, biokimya, farmakologiya və
histologiya öyrədilir. Üçüncü ildən başlayaraq
ixtisas fənləri tədris edilir. Məktəbdə daxili
təbabət, pediatriya, ginekologiya, cərrahiyyə və
ilkin tibbi yardım, oftalmologiya,
otolarintologiya, urologiya, anesteziologiya və
s. fakültələr fəaliyyət göstərir. Feynberq Tibb
Məktəbi bakalavr, səhiyyə magistri - MPH, tibb
doktoru -MD/PhD dərəcələri təklif edir. 1990-cı
ildən burada müasir biotibbi elmlərin
fənlərarası hazırlığı məqsədi ilə Kompleks
Magistratura Proqramları (IGP) həyata keçirilir.
Henri Li Bienen musiqi məktəbi 1895-ci ildə
yaradılıb (musiqi məktəbi adı ilə). Təhsil
müəssisəsinin dekanı Toni-Mari Mantqomeridir.
2008-ci ildə Şimal-Qərb Universitetinin
prezidenti Henri Bienen və onun xanımı Li
Bienenin şərəfinə məktəbə hazırkı adı verilib.
Burada orkestr musiqiləri, caz tədqiqatları,
musiqişünaslıq, musiqinin tarixi, tərbiyəvi
musiqi, musiqi texnologiyaları, musiqi
nəzəriyyəsi və digər fakültələr mövcuddur.
Hazırda məktəb 16 kollektivdən ibarətdir:
simfonik orkestr, kamera orkestri, xor kapellası,
barokko musiqisi ansamblı, caz orkestri və s.
Məktəbin Regenstein musiqi zalı Miçiqan gölünün
yanında yerləşir və buradan gölün əsrarəngiz
görünüşü canlanır. Burada müxtəlif konsert və
tədbirlər keçirilir. Məktəb çox zəngin musiqi
kitabxanasına malikdir. Hazırda məktəbdə 643
tələbə oxuyur.
Fasiləsiz Təhsil Məktəbi 1933-cü ildə yaradılıb
və Çikaqo kampusunda yerləşir. Məktəbin dekanı
Tomas Gibbonsdur. Məktəb tələbələrə,
doktorantlara, ixtisas artırmaq istəyən şəxslərə
fasiləsiz təhsil vermək məqsədi daşıyır. Burada,
əsasən, işləyən şəxslər təhsil aldığından,
dərslər axşam saatlarında və həftə sonları
keçilir. Məktəb bakalavr səviyyəsi çərçivəsində
fəlsəfə bakalavrı, ümumi tədqiqatlar üzrə elmlər
bakalavrı, kommunikasiya sahəsi üzrə fəlsəfə
bakalavrı, magistr səviyyəsi çərçivəsində isə
kompüter informasiya sistemləri üzrə elmlər
magistri, ədəbiyyat sahəsi, humanitar elmlər,
tibbi informatika, dövlət siyasəti və idarəetmə,
eləcə də digər sahələr üzrə elmlər magistri
dərəcələri təklif edir.
Ali (magistr və doktorantlar üçün) Məktəb
1910-cu ildə yaradılıb və Evanston kampusunda
yerləşir. Təhsil müəssisəsinin dekanı Endryu
Uoçteldir və burada 1000-dən çox alim fəaliyyət
göstərir. Məktəb 70 sahə üzrə elmi dərəcələr
təklif edir.
Qarret-Yevangelist İlahiyyat Seminariyası
Evanston kampusunda yerləşir və 1853-cü ildə
yaradılıb. Seminariyanın prezidenti Filipp
Emerson, dekanı isə Lallen Rektordur. Seminariya
ilahiyyat sahəsi üzrə magistr və doktorluq
dərəcələri təklif edir.
Şimal-Qərb Universitetində dünya elminə
yeni-yeni nailiyyətlər bəxş edən Kompleks
Sistemlər İnstitutu, Nanoölçülü Elmlər və
Texnika, Materiallar Tədqiqatı, Günəş Enerjisi,
Müqayisəli Tədqiqatlar mərkəzləri, Siyasi
Tədqiqatlar, Beynəlxalq Nanotexnologiyalar
institutları fəaliyyət göstərir.
Şimal-Qərb Universitetinin kitabxana sisteminə
4,9 milyon cild kitab, 4,6 milyon mikroforma,
98000 dövri nəşr, eləcə də 700 verilənlər bazası
və 6000 elektron jurnal daxildir. Universitetin
Evanston kampusunda, əsas kitabxana daxil
olmaqla dörd, Çikaqo kampusunda üç,
Qarret-Yevangelist və Seaburi-Vestern
seminariyaları ilə əlaqəli iki kitabxanası
mövcuddur. Universitetdə Afrika mədəniyyətinə
aid dünyada ən zəngin kolleksiyaya malik Melvill
Herskovits adına Afrika Tədqiqatları Kitabxanası
yerləşir. Burada qədim əlyazmalar, müxtəlif
əsrlərə aid incəsənət nümunələri, musiqi
əsərləri və s. resurslar saxlanılır.
Universitetin kitabxanası kolleksiyalarını
"Google" kitab axtarış sistemi vasitəsilə
İnternetdə oxucuların istifadəsinə verib.
Şimal-Qərb Universitetinin Meri və Li Blok
İncəsənət Muzeyi Çikaqonun əsas incəsənət
mərkəzlərindən biridir. Burada 4000-dən çox
sənət nümunələri qorunur və bu rəqəmlər mütəmadi
artmaqdadır.
31 avqust 2009-cu ildən Şimal-Qərb
Universitetinin prezidenti Morton Şapirodur.
Daniyel Linzer isə 2007-ci ildən Şimal-Qərb
Universitetinin rektorudur. Prezidentin 21
vitse-prezident köməkçisi var. İndiyədək
universitetdə 16 prezident fəaliyyət göstərib.
Universitet 70 üzvdən ibarət Qəyyumlar Şurası
tərəfindən idarə olunur. Şuranın sədri Patrik
Rayandır. Universitetdə 7000-ə yaxın işçi heyət
çalışır. İşçilərin 2500 nəfərini professor-müəllim,
qalanlarını isə inzibati heyət təşkil edir.
Müəllimlərin arasında çoxlu sayda Toni mükafatı
laureatları, Makartur Fondu təqaüdçüləri, ABŞ
Milli Elmlər Akademiyası, Amerika İncəsənət və
Elmlər Akademiyası, Amerika Elmi Cəmiyyət
Birliyinin üzvləri, fəxri professorlar var.
Hazırda Şimal-Qərb Universitetində ümumilikdə
ABŞ-ın 50 ştatından və dünyanın 50-dən çox
ölkəsindən olan 16337 tələbə təhsil alır.
Onların 8497 nəfəri bakalavr, 7880 nəfəri isə
magistr və doktorantdır. Tələbələrin 51,6
faizini qızlar təşkil edir.
Şimal-Qərb Universitetində idmana böyük diqqət
yetirilir. Burada 19 idman komandası (11
qızlardan və 8 oğlanlardan ibarət komandalar),
çoxlu sayda idman klubları, fitnes mərkəzləri
fəaliyyət göstərir. Universitet "Widcats" milli
çempionatında 2008-2009-cu illərdə ölkə çempionu
olub. Bu ali məktəbin müəllim və əməkdaşları da
idman klublarının üzvləridir.
Şimal-Qərb Universitetində, Amerikanın digər
universitetlərində olduğu kimi, tələbələr hər
bir şəraitlə təmin edilmiş yataqxanalarda
qalırlar. Bunlardan İst Ferçayld, Hobart, Şepart,
Hinman, Elder, Bobb, Uillard və digər çoxlu
sayda yataqxanaların adlarını çəkmək olar.
Şimal-Qərb Universiteti innovativ tədris və
novator tədqiqatları özündə cəmləşdirərək
ənənəvi akademik çərçivədən kənara çıxır.
Universitet Çikaqonun zəngin mühiti əsasında
tələbə və müəllimlərin şəxsi, intellektual və
peşəkar yüksəlişi üçün müstəsna imkanlar
yaradır.
Universitetin məşhur məzunları
|
Emos Soyyer |
Liberiyanın sabiq prezidenti |
|
|
Ram Emanuel |
Ağ Evin ştab rəisi |
|
|
Corc Boll |
ABŞ dövlət katibinin sabiq müavini |
|
|
Corc MakQovern |
Sabiq senator və prezidentliyə namizəd |
|
|
Edli Stivenson |
ABŞ-ın BMT-də sabiq səlahiyyətli səfiri |
|
|
Artur Cozef Holdberq |
ABŞ-ın BMT-də sabiq səlahiyyətli səfiri |
|
|
Con Pol Stivens |
ABŞ Ali Məhkəməsinin hakimi |
|
|
Den Kronin |
İllinoys ştatının senatoru |
|
|
Eduardo Mondlane |
Mozambikin inqilabi hərəkatının rəhbəri |
|
|
Uindli Çemberlin |
ABŞ-ın Pakistanda sabiq səlahiyyətli
səfiri |
|
|
Edvard Ueyler |
NASA-nın administratoru, astrofizik
|
|
|
Devid Skorton |
Kornell Universitetinin prezidenti |
|
|
Qrem Spenyer |
Pensilvaniya Ştatı Universitetinin
prezidenti |
|
|
Duqlas Konant |
"Campbell Soup" kampaniyasının
prezidenti |
|
|
Corc Stiqler |
İqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Saul Bellou |
Yazıçı, Nobel mükafatı laureatı |
|
|
Çarlton Heston |
Aktyor, "Oskar" mükafatı laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |