Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Aprel 2010 - ¹14

 

Azərbaycan məktəbi doğru yoldadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə söhbət

Bookmark and Share

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə müsahibə yazmağa hazırlaşanda xalqımızın iki görkəmli ziyalısının hamımıza böyük örnək olacaq ifadələri yadıma düşdü. Birincisi, cəmi 50 il ömür sürmüş, fəqət, Azərbaycan maarifinin tarixində möhtəşəm izlər qoymuş Məhəmməd Tağı Sidqinin elm, maarif adamlarının haqsız hücumlara məruz qalmasını özündə əks etdirən ifadəsidir: "Bar verən ağaca daş atan çox olduğu kimi, elm, maarif, mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur". İkinci ifadənin müəllifi isə böyük azadlıq mücahidi, tribun şairimiz Xəlil Rza Ulutürk idi. 90-cı illərin əvvəllərində Səbail rayonunda keçirilən tədbirdə ardıcıl olaraq iki natiqin məktəb və müəllimlərin üzərinə allahsızcasına hücum etməsi ulu şairi hədsiz dərəcədə narahat etdi və o, ikinci dəfə söz alaraq mikrofona yaxınlaşdı: - "Mən sizi (üzünü özündən əvvəlki natiqə tutub danışırdı - İ.M.) savadlı, qeyrətli və vətənpərvər bir ziyalı kimi tanıyıram. Onu da bilirəm ki, sizi bu səviyyədə yetişdirən məhz məktəb, müəllim, aldığınız təhsil olub. Ona görə də xahiş edirəm, cənablar, gəlin, bir az ehtiyatlı olaq, biz məktəbdən, müəllimdən danışırıq..."

Haqqında söz açdığımız idarənin cəmiyyətimizdəki rolu, xalqımızın həyatında tutduğu mövqe barədə əhatəli danışmağa qətiyyən ehtiyac yoxdur. Məktəb və müəllim haqqında hansı şərhə ehtiyac var ki? Ancaq bu şərhə ehtiyac olmasa da, paytaxt müəlliminin üzərinə düşən vəzifələrin gündən-günə artması, həmin vəzifələrin layiqincə yerinə yetirilməsi üçün həyata keçirilən genişmiqyaslı tədbirlər, müəllim - şagird, məktəb - ailə, təhsil ictimaiyyəti - cəmiyyət münasibətlərində yeni formalaşan məqamlar barədə söz açmağa böyük ehtiyac vardır. Təhsil ictimaiyyətinin fikrincə, dünyanın bütün ölkələrinin mətbuatında olduğu kimi, Azərbaycan qəzetçiliyində də yaranmış dedi-qoduya, mənbəyi olmayan "faktlara", populizmə geniş meydan verildiyi indiki zamanda belə yazılara daha böyük ehtiyac vardır. Ona görə də yuxarıda qeyd etdiyimiz məsələləri əhatə edən suallarla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, respublikanın əməkdar müəllimi Nailə xanım Rzaquliyevaya müraciət etdik:

- Nailə xanım, təxminən 90-cı illərin ortalarında belə bir tezis gündəliyə gəlirdi ki, təhsilə münasibət dəyişməlidir. Həmin tezisi təhsil ictimaiyyəti ilə birlikdə valideynlər də şüar etmişdilər. Təhsilə dövlətin münasibəti dəyişdi və bu sahənin inkişafı hamının gözü qabağındadır. Maraqlıdır ki, bu gün də həmin tezis gündəliyə gətirilir, fəqət, təkcə təhsil ictimaiyyəti tərəfindən...

- Suallarınızın birincisi elə birbaşa bizi narahat edən məsələ barədə oldu. Amma həmin suala cavab verməzdən əvvəl ulu öndərimiz Heydər Əliyevin bilavasitə bu məsələyə aid olan bir ifadəsini sitat kimi yada salmaq istəyirəm. Böyük dövlət qurucusu və təhsil himayədarı deyirdi: "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq". Yəni Prezidentdən tutmuş sıravi müəllimə, texniki işçiyə qədər hamımızı məktəb, müəllimlər ərsəyə gətirib. Ona görə də siz mərhum şair Xəlil Rzanın həmin ifadəsini yada salanda çox incə bir məqama toxundunuz... gəlin, bir az ehtiyatlı olaq. Bu gün Azərbaycanda elə bir insan tapılmaz ki, ailəsindən və ya yaxın qohumlarından kimsə təhsillə, pedaqoji ictimaiyyətlə bağlı olmasın. Eyni zamanda ölkəmizdə elə bir adam tapılmaz ki, ailə üzvləri və ya qohumları barədə söylənilən haqsız ittihamları sakitliklə qəbul etsin. Çox təəssüf ki, həmin təzadların şahidiyik. Hamını məktəblə bağlayan tellər var və məktəb haqqında, müəllim barədə absurd ittihamlar səslənməkdədir. Məhz ona görə də sizin yada saldığınız "təhsilə münasibət dəyişməlidir" - tezisi gündəliyə gəlir. Özü də bilavasitə təhsil ictimaiyyəti tərəfindən. İndi mən soruşmaq istəyirəm: bu gün Azərbaycan təhsilinin səviyyəsini bəyənməyən - qeyd edim ki, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ekspertləri bizim təhsil sistemimizin səviyyəsini yüksək qiymətləndirirlər - müəllimlərimizin ünvanına müxtəlif ittihamlar səsləndirən, məktəbi az qala təhsilə dəxli olmayan bir qurum kimi qələmə verməyə çalışan şəxslər məktəbin və təhsilin strateji sahə olduğunu bilirlərmi? Yaxud məktəbin gözdən salınmasının nə ilə nəticələnəcəyini başa düşürlərmi? Sanki hansısa qara qüvvələr dünya təhsil sisteminə inteqrasiyanı uğurla davam etdirən milli təhsil sistemimizə qara yaxmaq barədə yarış elan edib. Həmin yarışda qalib gəlmək üçün Azərbaycan təhsilinin keyfiyyətsizliyini sübut etməyə çalışanlara adamın yazığı gəlir. Təsəvvür edin, 8 mart bayramı ərəfəsində ölüm yatağında olan bir məktəb direktorunun ünvanına necə hədyanlar yazırdılar. Direktor məhz həmin gün dünyasını dəyişdi. Bilmirəm yalan püskürən həmin adamların vicdanı narahat oldu, ya yox. Təbii ki, həmin cəhdlər faktlara əsaslanmadığına və hansısa maraqlar xatirinə cəmiyyətə sırındığına görə normal insanlar bu ittihamları qətiyyən qəbul etmirlər. Daha doğrusu, geridə qalan illərin təcrübəsi Azərbaycan insanına elə bir dərs verib ki, o, artıq populist fikirlərə, ajiotaj yaradan yazılara qətiyyən inanmır. Ona görə də ittihamların yeni variasiyaları düşünülür. Düşünürəm ki, belə variantları axtarıb tapanlara cavab vermək baxımından deyil, cəmiyyətə həqiqəti söyləmək, səmimi informasiya vermək baxımından qəzet səhifələrində bəzi yazılara ehtiyac vardır.

- Bəlkə məsələni bir az konkretləşdirək?

- Təhsilə münasibəti özü bildiyi şəkildə dəyişmiş insanlar və özünü təhsil eksperti adlandıranların əksəriyyəti üçün sevimli mövzu olan təhsilin keyfiyyəti hansı meyarlarla ölçülür? Həmin adamlar bu meyarların nədən ibarət olduğunu bilirlərmi? Bilmirlər. Ona görə də gah nala, gah mıxa döymək məcburiyyətində qalırlar. Təhsili idarəetmə orqanlarını tənqid edənlər yeri gəldi-gəlmədi, ali məktəbə qəbul olunanların sayının azlığını bayraq edirlər. Ancaq özləri də yaxşı bilirlər ki, təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün lazım olan əsas meyarlar ali məktəbə qəbul olan məzunların say göstəricisi ilə qurtarmır. Çünki orta məktəbin əsas məqsədi ali məktəblər üçün tələbə hazırlamaq yox, əsl vətəndaş yetişdirməkdir. Ölkədə 110-120 min nəfər məzun varsa və ali məktəblərə qəbul planı cəmi 25-30 min nəfərdirsə, bütün məzunların ali məktəbə qəbul olunmasını necə mümkün saymaq olar? Deməli, belə bir sadə məntiq üzərində cavabı məlum olan məsələni şişdirib ajiotaj yaratmaq təcrübəsizlikdən deyil, qərəzçilikdən qaynaqlanır. Bir də ki, cəmiyyət həyatının müxtəlif sahələrindəki proseslər öz nəticəsini dərhal verirsə, təhsil sahəsindəki proseslərin nəticəsi 10-15 ildən sonra özünü göstərir. Yəni, bugünkü Azərbaycan məktəbi sabah və ya gələn ay üçün deyil, ümumilikdə gələcək üçün fəaliyyət göstərir.

- Məktəbin ünvanına səsləndirilən ittihamlar əsasən nədən ibarətdir?

- Hər şeydən. İstənilən islahat və ya eksperiment böyük səs-küylə, top-tüfənglə qarşılanır. Uzun müddət ittihamlar eşidirdik ki, orta məktəblərdəki buraxılış imtahanlarında çoxlu sayda neqativ hallara yol verilir. Həmin neqativ halların qarşısının alınması üçün Təhsil Nazirliyi dünya təhsil təcrübəsində böyük uğurla sınaqdan çıxmış mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsini məqsədəuyğun saydı. Növbəti səs-küy dalğası da məhz həmin imtahanlardan sonra başlandı ki, ay haray, məzunların filan qədəri attestat ala bilmədi. Deməli, özləri də bilmədən dünən söydükləri şəxsin - buraxılış imtahanında neqativ hallara yol vermiş məktəb direktorunun ucuz müdafiəçisinə çevrilmiş oldular. Əslində dünya təcrübəsindən xəbərsiz olduqlarını ortaya qoyurlar. Çünki beynəlxalq aləmdə orta məktəbin hamını attestatla təmin etməsi daha çox qeyri-adi hal kimi qəbul edilir. Əksər ölkələrdə hətta məzunların cəmi 50-60 faizinin orta təhsil barədə sənəd alması tam təbii qarşılanır. Bizdə isə kiminsə attestat ala bilməməsini təhsilin tamamilə çökməsi kimi qələmə verirlər. Bu isə şəxsi mənafelərə xidmət etməkdən başqa bir şey deyildir. Həmin tendensiya isə təhsilin inkişafına az da olsa mane olur. Yəni ən xırda, əhəmiyyətsiz, ümumi nəticəyə təsir etməyən hadisələri də böyük fəlakət kimi qəbul etməyə və ya qəbul etdirməyə çalışırlar. Ancaq bütün bunlara baxmayaraq, zaman sübut edir ki, dərin təhsil islahatları aparan Azərbaycan dövləti də, Azərbaycan məktəbi də doğru yoldadır.

Biz məhz dövlətin iradəsini və qətiyyətini əsas tutaraq təhsil islahatlarını daha da dərinləşdiririk. Məzmunca mütərəqqi, gələcəyə hesablanmış islahatlar sonda hamı tərəfindən qəbul olunur. Əminəm ki, bizim islahatlar öz müsbət nəticələrini verəndə bugünkü opponentlərimiz səhv etdiklərini başa düşəcəklər.

- Ancaq bütün bunlar o demək deyil ki, məktəblərdə neqativ hallar yoxdur və ya olmayıb...

- Heç biz də o iddiada deyilik. Nöqsan da, neqativ hal da olur. Lakin milçəkdən fil düzəltməyin ustaları da çoxdur. İndi bu məqamda bizə ən yaxın olan sahə, daha doğrusu, həmsöhbətimiz siz olduğunuza görə məsələni mətbuat müstəvisinə gətirmək istəyirəm. Belə ki, ölkədə yüzlərlə qəzet çıxır. Onların 70-80-nin adı həm Mətbuat Şurasının qara siyahısındadır, həm də cəmiyyətin qınaq ünvanında. Həmin 70-80 qəzetə görə mindən çox qəzetin hamısına pis demək mümkündürmü? Əsla yox. Bu gün halal zəhmətlə yaşayan, gözünün nurunu, canını, sağlamlığını mətbuatın inkişafı üçün əsirgəməyən, minlərlə öz peşəsinə, dövlətinə və xalqına sədaqətli qələm sahibi var. Eyni zamanda həmin keyfiyyətlərin tamamilə əksini özü üçün həyat amalı seçən jurnalistlərin olması da həyatımızın reallığıdır. İndi nə deyirsiniz, bu "azsaylı" mətbuat təmsilçilərinə görə o boyda jurnalistlər ordusu barədə pis düşünəkmi? Bu mümkün deyil. Yaxud bəzi nazirliklərin illik kollegiya iclaslarının qərarında göstərilir ki , 70, 80, hətta bəzən 100-dən çox əməkdaş öz fəaliyyətindəki neqativ hallara görə tutduğu vəzifədən kənarlaşdırılıb. Bizdə də belə hallar olur. Yeri gəlmişkən, burada da bir məntiqsizliklə üzləşirik. Bir çox "ekspertlər" və ya qəzetlər vay-şivən qaldırırlar ki, filan məktəbdə filan neqativ hal var. Təbii ki, dərhal araşdırma aparılır və fakt təsdiqlənərsə, kimsə cəzalandırılır. Vəssalam. Səs-küyün yeni dalğası qalxır ki, Təhsil Nazirliyi və ya təhsil idarəsi filan məktəbin direktorunu tamamilə haqsız yerə cəzalandırır. Unutmaq lazım deyil ki, təcrübəli və peşəkar kadrların hazırlanması xeyli vaxt tələb edir. Onları yetişdirmək, təcrübəli mütəxəssisə çevirmək idarəetmə orqanlarının işidir. Ona görə də tutduğu mövqeyə görə bilavasitə müəllimə borclu olan insanın onu araya-ərsəyə gətirən insana qənim kəsilməsi, əlbəttə, günahdır. Ömrünü maarifə, müəllimliyə həsr etmiş insanın ləyaqətini alçaltmağın nadanlıq olduğunu söyləyənlər tamamilə haqlıdırlar. Başqa bir məsələyə münasibət bildirək. Bəzən belə fikirlər dolaşır ki, guya təhsil idarəsi illər uzunu heç bir müsbət işi olmayan direktorları vəzifədə saxlayır və sairə. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarananda bizim elan etdiyimiz prioritetlərdən biri də qabaqcıl işi ilə fərqlənən, həqiqi pedaqoji təcrübəsi və idarəetmə qabiliyyəti olan müəllimlərdən ibarət  "Ehtiyat kadr bankı"nın yaradılması idi. Öz fəaliyyəti ilə zamanın tələblərinə cavab verməyən məktəb direktorları məhz həmin bankdakı kadrlar hesabına dəyişdirilir. Bu isə yuxarıda qeyd etdiyim kimi, yeni "ekspert" şərhlərinə səbəb olur ki, daha onlar barədə danışmaq istəmirəm.

- Yeri gəlmişkən, bu il orta məktəblərdə ümumi məktəbli formasına keçid məsələsi başa çatmalıdır. Belə formalar hansı ərazini əhatə edəcək? Hər rayon, hər məktəb, yoxsa hər sinfi?

- Nəzərdə tutulan forma Bakı şəhərinin ümumtəhsil məktəblərinin hamısını əhatə edəcək. Eyni formanı bütün şagirdlərimiz geyinəcək və heç bir istisna nəzərdə tutulmur. Bu təklifin gündəmə gətirilməsində əsasən dörd məqsədimiz var idi. Əvvəla, bütün məktəblərdə eyni forma tətbiq edildiyindən şagird il ərzində bir məktəbdən digərinə keçərkən formanı dəyişmək məcburiyyətində qalmayacaq. İl ərzində Bakı şəhərində yüzlərlə şagird bir məktəbdən digərinə keçir. Deməli, biz bu qərarla yüzlərlə valideyni təkrar forma almaq məcburiyyətindən xilas etmiş olacağıq. İkinci, məktəbli formasının seçilməsinə valideyn və məktəb rəhbərlərinin, sinif rəhbərlərinin müdaxiləsinin qarşısı alınacaq. Üstəlik fərqli qiymətlər və fərqli mövqelər də olmayacaq. Üçüncü, bütün valideynlər də, şagirdlər də biləcəklər ki, vahid məktəbli forması hansı qiymətədir. Bu zaman kiminsə əlavə qiymət diqtə etmək, monopoliya yaratmaq imkanı olmayacaq. Tikiş fabrikləri vahid formada paltar tikəcək və əlbəttə, valideyn də keyfiyyətli geyimə üstünlük verəcək. Dördüncü, məktəblərin, ayrı-ayrı siniflərin, eləcə də şagirdlərin arasında geyim fərqi olmayacaq. Beləliklə, sosial mahiyyət kəsb edən həmin məsələ də öz həllini tapacaqdır.

- Nailə xanım, daha bir mühüm məsələni yada salaraq qeyd edək ki, cəbhədə atəşkəs davam etsə də, Azərbaycan hələlik müharibə şəraitində yaşayır. Ona görə də orta ümumtəhsil məktəblərinin üzərinə düşən vəzifələrdən biri də hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir.

- Mən yuxarıda qeyd etdim ki, biz ali məktəb üçün tələbə yox, müstəqil Azərbaycan üçün həqiqi, kamil vətəndaş hazırlamağı daha üstün tuturuq. Həqiqi vətəndaşın ən mükəmməl keyfiyyətlərindən biri isə məhz onun hərbi-vətənpərvərlik tərbiyəsi ilə böyüməsi, ərsəyə gəlməsidir. Ona görə də biz bütün orta məktəblərdə ibtidai hərbi hazırlıqla yanaşı, hərbi-vətənpərvərlik tərbiyəsinə də böyük önəm veririk. Ali Baş Komandanımızın ciddi səyləri və dövlətin ayırdığı vəsait nəticəsində gündən-günə inkişaf edən Azərbaycan ordusu barədə həqiqətlər, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi zərurəti gənc nəslə hər gün təlqin edilir. Qeyd olunur ki, hamının bilavasitə əlinə silah alaraq orduya getməsi ilə deyil, hamının Vətənə sədaqətlə xidmət etməsilə daha qüdrətli, daha firavan Azərbaycan yarada bilərik. Bu bir həqiqətdir və mən çox məmnunam ki, bu gün düşmənin atəşkəsi pozmaq cəhdlərinin qarşısını alan Azərbaycan əsgərləri arasında Bakı məktəblərinin məzunları minlərlədir. Məktəblərimizin ünvanına hərbi hissələrdən gələn minnətdarlıq və təqdir məktubları sanki bir mənəvi sərvət kimi bizim üçün əzizdir. Tam əminliklə deyirəm ki, yetişən gənclik bizim fəxrimizdir və onlardakı vətənpərvərlik ruhu, müstəqil Azərbaycan dövlətinə, onun atributlarına hörmət, sevgi və sədaqət hissləri kifayət qədər yüksəkdir. Bu tərbiyənin, ilk növbədə, məktəbdə formalaşdığını isə heç kəs inkar edə bilməz. Hətta məktəbə, müəllimə haqsız hücumların başında dayananlar da.

- Həmin tərbiyənin formalaşdırılması üçün məktəblərdə əlamətdar günlərin və bayramların təntənəli şəkildə qeyd edilməsinin də xüsusi əhəmiyyəti vardır.

- Elə paradoks da buradan yaranır. Bizi tənqid edənlər həm vətənpərvərlik tərbiyəsindən danışır, həm də belə tərbiyənin formalaşmasında, yüksək səviyyədə təmin olunmasında mühüm əhəmiyyəti olan tədbirlərin, şənlik və müsamirələrin keçirilməsinə gərəksiz iş kimi baxırlar. Nəticədə mahiyyəti və məzmunu müstəsna əhəmiyyətə malik olan tədbirlər şübhə altına alınır. Əlbəttə, təhsil müəssisəsində hansısa ziyafətin və ya qonaqlığın təşkil edilməsi yolverilməzdir və biz buna yol vermirik. Ancaq elə tədbirlər var ki, mütləq təşkil edilməlidir. Məsələn, 11 il təhsil almış şagird orta məktəbdən ayrılıb müstəqil həyata qədəm qoyursa, biz "son zəngi" necə gündəlikdən çıxara bilərik? Təəssüf ki, həmin tədbirə də bir həftə, on gün qalmış mətbuatda allahsızcasına bir hay-küy qaldırılır. "Son zəngi" gözdən salmağa çalışan insanlar unudurlar ki, bu tədbir valideynlərdən və məktəbdən daha çox şagirdlərin özlərinə lazımdır. Çünki bu "uşaqlar" əsgər yoldaşları ilə cəmi il yarım, institut yoldaşları ilə isə dörd il bir yerdə olacaqlar. Ona görə də 11 il eyni sinifdə, eyni məktəbdə oxuduqları yoldaşlarından yaddaqalan formada ayrılmaq istəyirlər. Bəs onların bədxahları neyləyirlər? Məktəbdə keçirilən hər bir tədbirin bir qayəsi və məqsədi var: gənc nəslin hərtərəfli tərbiyəsini təmin etmək, dünyagörüşünü formalaşdırmaq və onu müstəqil həyata hazırlamaq.

- Bütün bunlara - yəni məruz qaldığınız ünvansız və məzmunsuz təzyiqlərə baxmayaraq, bu gün Bakı təhsilinin dinamik inkişafda olması həm ölkədə, həm də beynəlxalq aləmdə birmənalı şəkildə qəbul edilir və təqdir olunur.

- Başqa cürə ola da bilməz. Çünki Azərbaycan təhsili həm dövlətin, həm də dövlət başçımız cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Cənab Prezident milli təhsilimizin tərəqqisi üçün heç nəyi əsirgəmir. Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafına göstərdiyi qayğı, yetişməkdə olan gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi üçün həyata keçirdiyi çoxsaylı layihələr bizim ümumi işimizə böyük təkan verir. Biz, eyni zamanda səmimiyyətlə etiraf edirik ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əldə etdiyi çoxsaylı uğurlarda Təhsil Nazirliyinin, xüsusən nazir Misir Mərdanovun Bakı təhsilinə göstərdiyi qayğının, ayırdığı diqqətin əhəmiyyəti çox böyükdür.

- Təhsilin idarə edilməsindəki yeniliklər, bu sahədə həyata keçirdiyiniz tədbirlər barədə nə deyərdiniz?

- Yarandığı gündən bəri BŞTİ-də təhsilin keyfiyyətli idarə edilməsi məsələsi daim diqqət mərkəzində olub. Bu proses getdikcə daha da təkmilləşdirilir. İdarəetmənin təkmilləşdirilməsi son nəticədə təhsilin inkişafına, bu sahəyə demokratik prinsiplərin daha əhatəli şəkildə tətbiq edilməsinə zəmin yaradır. Təhsil idarəsində seminar, treninq, "dəyirmi masa" və konfransların keçirilməsi idarəmizin gündəlik fəaliyyətinin bir istiqaməti kimi yüksək qiymətləndirilir və müsbət nəticələrini verir. Maarifləndirmə xarakteri daşıyan, keyfiyyətli idarəetmənin təmin olunmasına imkan yaradan belə tədbirlərdən biri də "Əmək qanunvericiliyinin yerinə yetirilməsi sahəsində müəssisə rəhbərlərinin vəzifələri" adlı treninqin keçirilməsi olmuşdur. Bu treninqlərdə tələbkarlıq və öyrədici funksiya yüksək səviyyədə olmaqla bərabər, təhsil ictimaiyyətində ciddi maraq doğurmuşdur. Bu treninqlər o vaxta qədər davam etdirilir ki, hər hansı müəssisə rəhbəri burada öyrəndiklərini təcrübədə lazımi səviyyədə tətbiq edə bilsin. Biz rəhbər işçilərin maarifləndirilməsini, bütün təhsil və tərbiyə müəssisələrinin rəhbərlərinin hazırlığının artırılmasını davam etdiririk. Bu tədbir müəssisə rəhbərinin zamanın tələblərinə cavab verən səviyyədə hazırlanmasınadək davam edir və sonra növbə başqa müəssisə rəhbərlərinə çatır. Direktorların təyin edilməsinə gəlincə isə, onların hamısı idarəetmədə fərqlənən, təcrübəli, qabaqcıl müəllimlər sırasından seçilir. Bu zaman biz Təhsil Nazirliyi və yerli icra orqanları ilə razılaşdıqdan sonra müəssisə rəhbəri ilə əmək müqaviləsi bağlayırıq. 

- Arzu edirik ki, qarşıdakı illərdə uğurlarınız daha çox, nailiyyətləriniz daha böyük olsun.

- Təşəkkür edirəm. İnanıram ki, xalqın və dövlətin böyük dəstəyi ilə təkcə Bakı təhsili deyil, bütövlükdə Azərbaycan təhsil sistemi beynəlxalq aləmdə öz layiqli yerini tutacaqdır. 

"Xalq qəzeti",
10 aprel 2010-cu il
 

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Aprel 2010 - ¹14
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Yaponiya hökuməti azərbaycanlı tələbələrə təqaüd ayıracaq
 
"Mən fransızca danışıram" müsabiqəsinin birinci seçmə turu keçirilib
 
Türkiyənin ölkəmizdəki səfiri Bakı Dövlət Universitetində olub
 
Koreya Respublikasının təhsil ocağında Azərbaycana həsr olunmuş tədbir
 
Moskva Dövlət Universitetində gənclərin "Lomonosov-2010" elmi forumu açılıb
 
Şərurda uşaq bağçası istifadəyə verilib
 
Azərbaycan Dillər Universitetində bədii yaradıcılıq festivalı
 
Auditoriyadan sınaq meydanına
 
İnformatika üzrə olimpiadanın birinci mərhələsi başa çatdı
 
Qambiya Respublikası ölkəmizlə təhsil sahəsində əlaqələr yaradılmasında maraqlıdır Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyində görüş
 
Nazir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rəhbərliyini cəzalandırdı
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda konfrans
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirildi
 
ABU-da elmi-praktik konfrans
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan məktəbi doğru yoldadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə söhbət
 
ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən
 
Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
 
"İngilis dilini öyrənirik" mövzusunda "açıq dərs"
 
Həmyerlimizə Avropa Təbiət Elmləri Akademiyasının akademiki adı verilib
 
"Mənim ömür nəğmələrim"
 
"İstedadlı şagirdlərin üzə çıxarılmasında müəllimlərin rolu"
 
Dünya universirtetləri: Şimal-Qərb Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov