| 
								
								Aprelin 10-da 1 nömrəli orta məktəbdə "Məktəbli 
								gənclər Heydər Əliyev zəkasının işığında" 
								mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri 
								şagirdlərinin yaradıcılığına həsr olunan 
								konfrans keçirildi. 
								
								Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə 
								Rzaquliyeva, respublikanın tanınmış alim və 
								pedaqoqları, paytaxt məktəblərinin şagirdləri 
								iştirak edirdilər. 
								
								Konfransı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								müdiri Nailə Rzaquliyeva açaraq ölkə başçısı 
								cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Xüsusi 
								istedada malik olan uşaqların (gənclərin) 
								yaradıcılıq potensialının inkişafı üzrə Dövlət 
								Proqramı (2006-2010-cu illər)"nın icrası ilə 
								əlaqədar təhsil müəssisələrində silsilə 
								tədbirlərin keçirilməsinin rəhbərlik etdiyi 
								qurum tərəfindən daim diqqətdə saxlanıldığını 
								söylədi. Qeyd etdi ki, son illər məktəblilər 
								arasında müxtəlif mövzularda bilik yarışlarının, 
								olimpiadaların, inşa, rəsm, plakat 
								müsabiqələrinin, baxış-sərgilərin, idman 
								yarışlarının keçirilməsi artıq bir ənənəyə 
								çevrilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								fəaliyyət planına əsasən cari dərs ilində də bu 
								istiqamətdə xeyli işlər görülüb. Həyata 
								keçirilən tədbirlər haqqında geniş məlumat verən 
								Nailə Rzaquliyeva bugünkü konfransın da növbəti 
								tədbirlərdən biri olduğunu dedi. Bildirdi ki, 
								konfransda şagirdlər  13 bölmə üzrə ayrı-ayrı 
								fənlər, o cümlədən Azərbaycan tarixinin müxtəlif 
								dövrləri, respublikamızın beynəlxalq aləmdə 
								mövqeyi, onun siyasi-iqtisadi, sosial-mədəni 
								həyatı, görkəmli tarixi şəxsiyyətləri, ədəbiyyat, 
								incəsənət xadimləri, cəmiyyətdə gənclərin rolu, 
								dünya dövlətləri, ekoloji problemlər və digər 
								məsələlərlə bağlı hazırladıqları yaradıcılıq 
								işlərinin təqdimatını edəcəklər. Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin müdiri tədbirin 
								keçirilməsində əsas məqsədin xüsusi istedada və 
								yaradıcılığa malik şagirdləri aşkar etmək, bu 
								istiqamətdə aparılacaq işlərin səmərəli 
								yollarını müəyyənləşdirmək, forma, məzmun və 
								innovasiya fəaliyyəti baxımından daha da 
								təkmilləşdirməkdən ibarət olduğunu dedi. 
								
								Çıxışının sonunda Nailə Rzaquliyeva konfransda 
								iştirak edən şagirdlərə uğurlar dilədi. 
								 
								
								 Sonra 
								çıxış üçün söz  təhsil naziri Misir Mərdanova 
								verildi. Nazir  iştirakçıları salamlayaraq 
								onları bu  konfransda görməyindən məmnunluq 
								hissi keçirdiyini bildirdi. Müstəqil  Azərbaycan 
								dövlətinin banisi və  qurucusu  ümummilli 
								liderimiz Heydər Əliyevin hər zaman təhsilə, 
								gənclərə xüsusi diqqət və qayğı göstərməsindən 
								danışan nazir hazırda onun layiqli davamçısı, 
								ölkə Prezidenti  cənab İlham Əliyev tərəfindən 
								də bu məsələlərə həssaslıqla yanaşıldığını qeyd 
								etdi. Ölkə başçısı cənab İlham Əliyevin  elmin, 
								təhsilin inkişafı, istedadlı gənclərin aşkar 
								edilməsi istiqamətində gördüyü işləri yüksək 
								dəyərləndirən nazir bu haqda ətraflı söz açdı. 
								Qeyd olundu ki, ölkə başçısı tərəfindən təsdiq 
								edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) 
								yaradıcılıq potensialının inkişafı üzrə Dövlət 
								Proqramı (2006-2010-cu illər)" çərçivəsində bir 
								sıra məqsədyönlü tədbirlər həyata keçirilir. 
								Ölkəmizin orta ümumtəhsil məktəblərində kifayət 
								qədər istedadlı və qabiliyyətli uşaqların 
								olduğunu deyən təhsil naziri Misir Mərdanov 
								onlarla aparılan işlərin davamlı olacağını qeyd 
								etdi. 
								
								İstedadlı və bacarıqlı uşaqların üzə 
								çıxarılmasında, onların yaradıcılıq 
								potensialının inkişaf etdirilməsində belə 
								tədbirlərin müstəsna rolundan danışan nazir 
								bütövlükdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								fəaliyyətini də müsbət qiymətləndirdi. Konfrans 
								iştirakçılarına bir sıra tövsiyələr verən təhsil 
								naziri Misir Mərdanov sonda şagirdlərə 
								müvəffəqiyyətlər arzuladı. 
								
								Konfransda iştirak edən millət vəkili Məlahət 
								İbrahimqızı son illər ölkə təhsilinin, elminin 
								uğurla inkişaf etdiyini, bu sahədə müsbət 
								nəticələrin əldə olunduğunu bildirdi. Millət 
								vəkili ölkə Prezidenti cənab İlham Əliyevin 
								təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı. 
								
								Sonra konfrans öz işini bölmələrdə davam etdirdi. 
								Paytaxtın 110 məktəbindən 180-ə qədər şagird 13 
								bölmə üzrə  müxtəlif mövzularda  hazırladıqları 
								məruzə və təqdimatları etmək üçün xüsusi 
								ayrılmış sinif otaqlarına getdi. 
								
								Bölmələr üzrə müəyyənləşdirilmiş ayrı-ayrı sinif 
								otaqlarında olan  nazir Misir Mərdanov 
								məktəblilərin hazırlıq səviyyəsi ilə maraqlandı,  
								onlara  nailiyyətlər  arzu etdi.  
								
								
								Samirə KƏRİMOVA |