| 
								
								Qonaqları Təhsil Nazirliyində görməkdən 
								məmnunluğunu bildirən Misir Mərdanov öncə 
								Azərbaycanın təhsil sistemi və görülən işlər 
								barədə məlumat verib. Son 6 ildə ölkə 
								Prezidentinin və Heydər Əliyev Fondunun 
								təşəbbüsü ilə 2 mindən çox yeni məktəbin, tədris 
								ocaqları üçün əlavə korpusların tikildiyini, 
								əsaslı təmir olunduğunu nəzərə çatdıran nazir 
								ölkəmizdə təhsil sahəsində əldə edilən 
								nailiyyətləri ümummilli liderimiz Heydər 
								Əliyevin və onun layiqli davamçısı, dövlətimizin 
								başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin 
								nəticələri kimi dəyərləndirib. Təhsilimizin 
								keçdiyi inkişaf yolundan, qazanılan uğurlardan 
								söz açan Misir Mərdanov ölkəmizin qarşılaşdığı 
								problemlər - Dağlıq Qarabağ münaqişəsi, 
								torpaqlarımızın 20%-nin işğal olunması, 
								azərbaycanlıların doğma torpaqlarından didərgin 
								düşmələri, buradakı təhsil müəssisələrinin 
								dağıdılması barədə də məlumat verib. Nazir 
								təhsil müəssisələrinin İKT ilə təminatı 
								sahəsində həyata keçirilən tədbirlərdən bəhs 
								edərək 1000-dən çox orta məktəbin genişzolaqlı 
								internet şəbəkəsinə qoşulduğunu bildirib.
								 
								
								Misir Mərdanov qonaqlara ölkəmizdə fəaliyyət 
								göstərən ali məktəblər, dünya təhsil sisteminə 
								inteqrasiya yolunda aparılan islahatlar, 
								Azərbaycanın Boloniya prosesinə qoşulması və bu 
								istiqamətdə atılan addımlar haqqında söhbət 
								açaraq qeyd edib ki, hazırda 10 mindən çox 
								azərbaycanlı gənc dünyanın müxtəlif nüfuzlu 
								universitetlərində, 7 minə yaxın əcnəbi tələbə 
								isə ölkəmizin ali təhsil müəssisələrində təhsil 
								alır. Nazir "Azərbaycan gənclərinin xarici 
								ölkələrdə təhsili üzrə Dövlət Proqramı 
								(2007-2015-ci illər)" çərçivəsində gənclərimizin 
								müxtəlif ixtisaslar üzrə dünya 
								universitetlərində təhsil aldıqlarını da 
								vurğulayıb. 
								
								Hələ Sovet dövründə Azərbaycanın dünya ölkələri 
								ilə təhsil sahəsində yaratdığı əlaqələrdən, 
								müxtəlif ölkələrdən olan mütəxəssislərin burada 
								çalışmalarından bəhs edən Misir Mərdanov 
								bildirib ki, Qambiya ilə Azərbaycan arasında 
								təhsil sahəsində əlaqələrin qurulması xalqların 
								bir-birini yaxından tanımasına, təhsil və elm 
								sahəsində yeni nailiyyətlər qazanılmasına səbəb 
								ola bilər. 
								
								Səmimi qəbul üçün təşəkkür edən Qambiya 
								Respublikasının xarici işlər, beynəlxalq 
								əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri 
								Usman Cammeh Azərbaycana səfərindən məmnun 
								olduğunu bildirib. U.Cammeh Qambiya ilə 
								Azərbaycan arasında təhsil sahəsində əlaqələrin 
								yaradılmasına böyük önəm verdiklərini açıqlayıb 
								və son illərdə öz ölkəsində bu sahədə görülən 
								işləri diqqətə çatdırıb. Ali təhsil sahəsində 
								əməkdaşlığın qurulması istiqamətlərindən söz 
								açan qonaq qambiyalı gənclərin Azərbaycanın 
								universitetlərində, xüsusilə Azərbaycan Dövlət 
								Neft Akademiyasında, Milli Aviasiya 
								Akademiyasında təhsil almalarında maraqlı 
								olduqlarını qeyd edib. U.Cammeh iki ölkə 
								arasında təhsil sahəsində səmərəli əməkdaşlığın 
								təşəkkül tapacağına əmin olduğunu ifadə edib. 
								
								Sonra Qambiya Respublikasının ali təhsil, 
								tədqiqatlar, elm və texnologiyalar naziri Mamadu 
								Tanqara öz ölkəsinin təhsil sistemi, yeni 
								yaradılan universitetlər və digər məsələlərdən 
								söz açıb. 
								
								Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən 
								görüşdə Azərbaycan Respublikasının Qambiyadakı 
								fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov 
								da  iştirak edib. |