Bu ilin martında Təhsil Nazirliyinin "Qaynar
xətt" xidmətinə Azərbaycan Müəllimlər
İnstitutunun Ağcabədi filialının III kurs
tələbəsi tərəfindən müraciət daxil olub. Həmin
müraciətdə tələbələrə yanvar ayı üçün ödənilməli
olan təqaüdlərin gecikdirilərək martın 12-də
ödənildiyi və belə halların filialda mütəmadi
olaraq baş verdiyi bildirilib.
Təhsil Nazirliyində tələbənin müraciəti
araşdırılıb və məlum olub ki, Azərbaycan
Müəllimlər İnstitutunun Ağcabədi filialına
yanvar ayı üçün müvafiq xərc maddələri üzrə
kredit açılışı həmin ayın sonuncu ongünlüyündə
həyata keçirilib və ayrılmış vəsait filialın
xəzinə hesabına vaxtında köçürülüb. Lakin filial
rəhbərliyinin, tədris hissəsinin və
mühasibatlığın səhlənkarlığı, laqeydliyi
nəticəsində burada təhsil alan tələbələrə
təqaüdlər vaxtında ödənilməyib.
Göstərilən məsələdə nöqsanları olan şəxslər
barəsində müvafiq tədbirlər görülməsi, gələcəkdə
belə hallara yol verilməsinin qarşısının
alınması məqsədilə təhsil naziri Misir Mərdanov
əmr imzalayıb. Əmrə uyğun olaraq işlərində yol
verdikləri nöqsanlara və əmək funksiyalarını
keyfiyyətsiz yerinə yetirdiklərinə görə
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi
filialının direktoru Xəqani Məmmədova töhmət,
tədris və elmi işlər üzrə direktor müavini
Mətanət Fərzəliyevaya və baş mühasib Qnyaz
Abbasova isə sonuncu xəbərdarlıqla şiddətli
töhmət verilib. Eyni zamanda filialın
direktoruna burada təhsil alan tələbələrə
təqaüdlərin, işçilərə əməkhaqlarının və digər
sosial ödəmələrin vaxtlı-vaxtında ödənilməsinə
nəzarətin artırılmasının təmin edilməsi, bu
sahədəki nöqsanların gələcəkdə təkrarlanmaması
məqsədilə mövcud qanunvericiliyə uyğun müvafiq
tədbirlərin görülməsi barədə tapşırıqlar
verilib. |