| 
								
								Aprelin 12-də Bakıdakı "Ləndmark" otelinin 
								"Rotunda" zalında uşaq və yeniyetmələrin 
								elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun 
								sərgisi və qaliblərin mükafatlandırılması 
								mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir 
								Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, 
								hər iki nazirliyin və Azərbaycan Həmkarlar 
								İttifaqları Konfederasiyasının rəhbər işçiləri, 
								millət vəkilləri, bir sıra dövlət qurumlarının 
								təmsilçiləri və KİV nümayəndələri iştirak 
								edirdilər.
								 
								
								Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov 
								açaraq qonaqları və sərgi iştirakçılarını səmimi 
								salamlayıb, keçirilmiş müsabiqə barədə ətraflı 
								məlumat verdi. Nazir müavini bildirdi ki, yekun 
								tədbirinə yığışdıqları uşaq və yeniyetmələrin 
								elmi-texniki yaradıcılıq müsabiqəsi Təhsil 
								Nazirliyi, Gənclər və İdman Nazirliyi və  
								Azərbaycan Həmkarlar İttifaqları 
								Konfederasiyasının birgə qərarı ilə keçirilib. 
								Müsabiqədə məqsəd uşaq və yeniyetmələrin 
								elmi-texniki potensialının üzə çıxarılması, 
								onların yaradıcılığının inkişaf etdirilməsi üçün 
								stimulların yaradılması və şagirdlər arasında 
								təcrübə mübadiləsinin təşkil olunmasıdır. 
								Texniki yaradıcılıq mərkəzlərində məşğul olan 8 
								yaşından 18 yaşadək uşaq və yeniyetmənin iştirak 
								etdiyi müsabiqənin 3 mərhələdə təşkil olunduğunu 
								deyən Elmar Qasımov onun I mərhələsinin bu ilin 
								fevralında rayon və şəhərlər üzrə, II 
								mərhələsinin isə fevral-mart aylarında 9 zonada 
								keçirildiyini söylədi. Qeyd etdi ki, Quba-Xaçmaz 
								zonası üzrə Dəvəçi  (Şabran) rayonunda, Gəncə 
								zonası üzrə Göygöl rayonunda, Şəki-Zaqatala 
								zonası üzrə Şəki rayonunda, Şirvan zonası üzrə 
								İsmayıllı rayonunda, Lənkəran-Astara zonası üzrə 
								Cəlilabad rayonunda, Aran zonası üzrə Şirvan 
								şəhərində, Qarabağ zonası üzrə Mingəçevir 
								şəhərində, Naxçıvan MR üzrə Naxçıvan şəhərində 
								və Bakı şəhəri üzrə paytaxtda keçirilən II 
								mərhələsində 300 nəfərə yaxın məktəbli iştirak 
								etmişdir. Bu mərhələdə I və II yerlərə layiq 
								görülən işlər respublika mərhələsinə təqdim 
								olunmuşdur. 
								
								Nazir müavininin verdiyi məlumatdan aydın oldu 
								ki, respublika mərhələsində ölkənin 45 rayon və 
								şəhərindən 195 məktəbli iştirak etmiş, onların 
								45 nəfəri qalib adına layiq görülmüşdür. 
								
								Elmar Qasımov tədbir iştirakçılarının diqqətinə 
								onu da çatdırdı ki, müsabiqə texniki 
								yaradıcılığın aviamodel, kosmik raket modeli, 
								avtomodel, gəmi modeli və radiotexnika kimi 5 
								növü üzrə 15 nominasiyada keçirilmiş və 
								münsiflər heyəti tərəfindən hər nominasiya üzrə 
								I, II, III yerləri tutan iştirakçılar 
								müəyyənləşdirilmişdir. 
								
								E.Qasımov müsabiqənin əhəmiyyətini xüsusi qeyd 
								edib, onun şagirdlərin texniki yaradıcılıq 
								sahəsində böyük istedad və qabiliyyətlərə malik 
								olduqlarını üzə çıxardığını, bütün dövlət 
								qurumlarının istedadlı uşaq və yeniyetmələrin 
								inkişafına qayğı göstərməsinin vacibliyini 
								vurğuladı. 
								
								Nazir müavini çıxışının sonunda müsabiqənin 
								təşkilatçılarına minnətdarlığını bildirib, 
								qalibləri təbrik etdi, onlara daha böyük uğurlar 
								arzuladı.  
								
								Sonra qaliblərə mükafatlar - diplomlar və 
								hədiyyələr təqdim olundu.  
								
								Mükafatlandırma mərasimindən sonra təhsil naziri 
								Misir Mərdanov, gənclər və idman naziri Azad 
								Rəhimov və digər rəsmi şəxslər sərgidə nümayiş 
								etdirilən eksponatlara baxdılar. Gördüklərinin 
								onu sevindirdiyini bildirən təhsil naziri Misir 
								Mərdanov son illər məktəbdənkənar təhsil 
								müəssisələrinin inkişafına ciddi fikir 
								verildiyini söylədi. Qeyd etdi ki, bu 
								müəssisələr uşaq və yeniyetmələrin yaradıcılıq 
								qabiliyyətini inkişaf etdirmək, asudə vaxtlarını 
								səmərəli keçirmək üçün çox vacibdir. Boş vaxtı 
								və imkanı olan uşaqlar bu müəssisələrdə müxtəlif 
								sahələrlə məşğul ola bilirlər. Bu müəssisələr 
								həm də uşaq və yeniyetmələri cəmiyyətdə 
								arzuolunmayan fəaliyyətlərdən çəkindirməkdə 
								mühüm rol oynayırlar.  
								
								Yusif ƏLİYEV |