Aprelin 13-də Azərbaycan Beynəlxalq
Universitetində görkəmli dövlət xadimi, məşhur
pedaqoq, həkim, dramaturq, nasir, publisist
Nəriman Nərimanovun anadan olmasının 140-cı
ildönümünə həsr olunmuş elmi-praktik konfrans
keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Beynəlxalq
Universitetinin rektoru, hüquq elmləri doktoru,
professor Elşad Abdullayev açaraq konfransın
əhəmiyyəti haqda danışdı.
Sonra "N.Nərimanov tədqiq edildikcə yüksələn
şəxsiyyətdir" mövzusunda məruzə edən akademik
Hüseyn Əhmədov bildirdi ki, XIX əsrin sonu, XX
əsrin əvvəllərində yaşayıb - yaratmış Nəriman
Nərimanov xalqın maariflənməsi və milli
dirçəlişində mətbuatın roluna böyük əhəmiyyət
verirdi. Sözün əsl mənasında da N.Nərimanov
Azərbaycanın məktəb və pedaqoji fikir tarixində
özünəməxsus orijinal fikirlərə malik bir sima
idi.
BDU-nun professoru, filologiya elmləri doktoru
Alxan Bayramoğlu "Nəriman Nərimanov və
azərbaycanlıların mart soyqırımı məsələsi",
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının dosenti
Firdovsiyyə Əhmədova "N.Nərimanov ictimai-siyasi
xadim kimi", ABU-nun professorlarından İslam
Zeynalov "Görkəmli dövlət xadimi" və Xəlil
Köçərli "N.Nərimanovun publisistikasında milli
oyanış problemləri" mövzularında məruzələr
etdilər.
Sonra konfrans öz işini ayrı-ayrı bölmələr üzrə
davam etdirməklə başa çatdırdı.
Şakir CƏFƏROV |