2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli
dramaturgiyamızın banisi, görkəmli ictimai xadim
və maarifçi Mirzə Fətəli Axundzadənin anadan
olmasının 200 illiyi tamam olur.
Bütün həyatı boyu doğma vətəninin və xalqının
tərəqqisi yolunda yorulmadan çalışaraq yeni
dövrün irəli sürdüyü mühüm elmi, mədəni və
ictimai-siyasi məsələlərə daim fəal münasibət
ifadə edən və zamanın qabaqcıl ideyalarından
bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan
mədəniyyətinin inkişafı tarixində parlaq səhifə
açan Mirzə Fətəli Axundzadənin 200 illik
yubileyinin təntənəli surətdə keçirilməsini
təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə,
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla, Mirzə Fətəli Axundzadənin 200
illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il |